“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Aprelin 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının böyük akt zalında 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin yekunlarına və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən irəli sürülmüş “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” devizinə həsr edilmiş tədbir istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev giriş sözü ilə çıxış edib. Məlumat verib ki, Ümumdünya Əməyin Mühafizəsi Günü ilk dəfə 1989-cu ildə ABŞ və Kanadada istehsalatda həlak olmuş işçilərin xatirəsini yad etmək üçün anım mərasimi kimi keçirilib. Azad Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası və Dünya Həmkarlar İttifaqları Konfederasiyaları layiqli əmək şəraiti yaradılması işinə diqqəti cəlb etmək məqsədilə həmin günü ümumdünya tədbiri günü elan ediblər. Azərbaycanda bu tədbir 2004-cü ildən etibarən hər il qeyd olunur.

BƏT-in məlumatına görə, dünyada hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstəliklər nəticəsində 5 mindən çox insan həlak olur. Hər il istehsalatda 2,0-2,3 milyon insan həyatını itirir, onlardan 300 min nəfəri istehsalat xəsarəti nəticəsində, 1,7-2,0 milyon nəfəri isə müxtəlif xəstəliklərdən ölürlər.

Bildirib ki, MDB üzrə statistik məlumatlara əsasən hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində iki min insan həlak olur. Peşə xəstəliklərindən həlak olanların sayı isə bədbəxt hadisələrdən ölənlərin sayından altı dəfə çoxdur. İstehsalat zədələnməsi ilə əlaqədar respublikada yaranmış vəziyyətə nəzər salsaq görərik ki, 2015-ci ilə nisbətən həmkarlar ittifaqının əhatə dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalat xəsarəti alanların sayı 33,8 faiz (71 nəfərə qarşı 95 nəfər), istehsalat xəsarəti nəticəsində həlak olanların sayı 48,5 faiz (33 nəfərə qarşı 49 nəfər), artıbdır. Respublika üzrə istehsalatda xəsarət alanların ümumi sayının 55,6 faiz (160 nəfərə qarşı 249 nəfər), istehsalat xəsarətindən ölənlərin sayının isə 71,4 faiz (49 nəfərə qarşı 84 nəfər) artmasına səbəb olubdur. Keçən il ərzində 26 sahə həmkarlar ittifaqı orqanının xidmətlərinə daxil olan müəssisə və təşkilatlarda texniki əmək müfəttişliyi tərəfindən 643 müəssisə və təşkilatlarda 2015-ci ilə nisbətən 25,3 faiz yoxlamaların sayı (513 müəssisəyə qarşı 643 müəssisədə) artıb. Əməyin mühafizəsinə, istehsalın sanitar-gigiyenası və əməyin təhlükəsizliyinə dair aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq qaydada tövsiyələr verilib. Aşkar edilən pozuntuların aradan qaldırılmasına nəzarətin gücləndirilməsi nəticəsində bu pozuntuların 92,4 faizi müəyyən edilmiş müddətlərdə aradan qaldırılıb. Texniki əmək müfəttişlərimizin 2016-cı ildə həyata keçirdiyi yoxlamaların nəticəsi olaraq 1885 işçi əlverişsiz əmək şəraitindən, 59 ağır fiziki işə məruz qalmış işçilər iş yerlərindən çıxarılmış və 713 texnoloji avadanlıqlar təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

S.Mehbalıyev diqqətə çatdırıb ki, aparılan profilaktik nəzarətin nəticəsi olaraq yoxlanan müəssisələrdə hər 14 işçinin həyatı üçün risk faktorları aradan qaldırılıb. Keçirilən bütün bu tədbirlər və aparılan ardıcıl iş əməyin mühafizəsi və işçilərin zədələnmə və ölüm göstəricilərinə təsir edib. Cari ilin birinci rübünün nəticələrinə görə 2016-cı ilin analoji dövrü ilə müqayisədə həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 71,5 faiz (7 nəfərə qarşı 2 nəfər) azalıbdır.

AHİK sədri vurğulayıb ki, əməyin mühafizəsi AHİK-in daima diqqət mərkəzində saxladığı prioritet məsələlərindən biridir. Bu həm də ondan irəli gəlir ki, həmkarlar ittifaqlarının üzvlərinin əksəriyyəti əhalinin işləyən təbəqəsinə aiddir. Hər bir həmkarlar ittifaqı üzvünün layiqli iş şəraitində çalışmasının təmin olunmasına ictimai nəzarəti də əsasən həmkarlar ittifaqları təşkilatları gündəlik olaraq həyata keçirirlər. Hər bir işçinin əmək şəraitinin maksimum təhlükəsizliyinin təmin olunması işəgötürənin məsuliyyətinə aiddir. Amma onu da qeyd etmək lazımdır ki, bir çox hallarda işçilər öz hüquqlarını lazımi səviyyədə bilmədiyindən xəsarət alır, həlak olurlar. Əmək Məcəlləsinin 230-cu maddəsinə görə “İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və həyati üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu halda işçi hər hansı məsuliyyət daşımır”.

Həmkarlar ittifaqları üzvləri arasında maarifləndirmə işləri həmişə diqqət mərkəzindədir. Bu məqsədlə respublika miqyasında keçirilən seminarlar, müşavirələr, müsabiqələrə minlərlə işçi cəlb olunur. 

S.Mehbalıyev daha sonra deyib ki, əməyin mühafizəsi işinin yaxşılaşdırılması məqsədilə AHİK 2017-ci il üçün Beynəlxalq Əmək Təşkilatının tövsiyəsinə uyğun olaraq “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” devizi altında tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən bu günə kimi 18 bölgə üzrə tematik seminarlar keçirilib. Seminarlarda regionlar üzrə dövlət əmək müfəttişləri və rayon icra hakimiyyətinin nümayəndələri, 114 şəhər və rayon müəssisə və təşkilatlarının həmkarlar ittifaqı komitələrinin və əməyin mühafizəsi mütəxəssislərinin 1985-dən artıq nümayəndəsi iştirak edib.

AHİK sədri tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar və müsabiqələr keçirilib. 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi və təşkilatı” adı uğrunda müsabiqə keçirilir. Keçirilən bütün müsabiqələrdə ümumilikdə yeddi il ərzində 9 min 328 müəssisə iştirak edib, onlardan 297 qalib hesab ediliblər və fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Bu o deməkdir ki, 9 mindən çox müəssisənin işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs və fəallıq göstərib, müvafiq tədbirlər həyata keçirib, müəssisələrində işçilərə sağlam və təhlükəsiz iş şəraiti yaratmağa çalışıblar. S.Mehbalıyev məmnuniyyətlə qeyd edib ki, həqiqətən də xeyli müsbət nəticələr əldə edilib. Amma bunların arasından 297 müəssisə qalib elan edilibsə, deməli həmin müəssisələr bizim müsabiqənin tələblərinə, standartlara cavab verə biləcək bir səviyyəyə çatıblar.

S.Mehbalıyev “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə, həmçinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyəv çıxış etdilər.

Sonda 20 sahə həmkarlar ittifaqını təmsil edən 46 müəssisə, təşkilat, sex və sahə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olundu.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında