Artıq bəşəriyyət iqlim dəyişmələrinin və digər geofiziki proseslərin yaratdığı dağıdıcı təbii fəlakətlərlə üz-üzə qalmışdır. Həmişə olduğundan daha sürətlə dəyişən dünyamızın ekoloji problemləri çox ciddi narahatlıqlar doğurur.
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, dünyada baş verən təbii fəlakətlərin 80-85 faizi məhz hidrometeoroloji proseslərlə bağlıdır. Təbii ki, son dövrlərdə planetdə baş verən müxtəlif mənşəli təbii fəlakətlərin dinamikasının kəskin artması ilk növbədə Yer atmosferində gedən istiləşmənin təsirinin nəticəsi kimi qlobal iqlim dəyişmələri ilə bağlıdır.
Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bu gün iqlim dəyişmələrinin törətdiyi təbii fəlakətlərdən xilas yollarını arayırlar. Təsadüfi deyil ki, bu yaxınlarda Bakıda keçirilmiş "BakıTel-2010" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "İKT və iqlim dəyişikliyi" mövzusunda təşkil olunan beynəlxalq konfrans da bu narahatlığın nümunəsi idi.
Konfransda müxtəlif mövzularda çıxışlar bir məsələyə diqqəti çəkirdi ki, sürətlə dəyişən dünyamızı xilas etmək üçün ciddi proqramlar hazırlanıb sürətlə reallaşdırılmalıdır. Bəs reallıq nədən ibarətdir?
Tədqiqatlar göstərib ki, Yerin nüvəsi daxildən onu qızdırır, istilik seli sürətlə səthə çıxır. Ona görə də sürəkli leysan yağışlar, qasırğa və dolu anomaliya deyil, adi iqlim mənzərəsinə çevriləcək. Bu gün bəşəriyyəti ciddi narahat edən əsas məsələ qlobal iqlim dəyişmələrinin törətdiyi fəlakətlərdir. Doğrudanmı bizi qarşıda amansız fəlakətlər gözləyir? İndi dünyanın məşhur ekoloq alimləri, böyük elm mərkəzləri bu suala cavab axtarır və müxtəlif proqnozlarla çıxış edirlər. Əslində, ətrafımızda baş verən ciddi dağıntılar, təbii fəlakətlər, daşqınlar, torpaq sürüşmələri, meşə yanğınları, qasırğalar və s. bəşəriyyətin haqlı narahatlığına səbəb olub. İndi artıq beynəlxalq təşkilatlar da bu problemlə bağlı narahatlıq ifadə edən məlumatlar yayırlar. Məsələn, BMT-nin iqlim dəyişmələri ilə bağlı hazırladığı hesabatda qeyd olunurdu ki, 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlmişdir. Bu yüksəliş əsasən son 25 il ərzində baş vermişdir.
Ekspertlərin fikrinə görə, əgər istiləşmə bu templə davam edərsə, 2050-ci ilə qədər hərarət 2-2,5, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Doğrudan da, qlobal iqlim dəyişməsi Yer kürəsində böyük fəlakətlər yaradır, insanlar öz yurd-yuvalarını itirir, xəstəliklər artır və s. Müqəddəs kitabımız Qurani-Kərimdə də bu barədə çox aydın fikirlər var: "İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr ki, Allah (bununla) onlara etdiklərinin bir qismini daddırsın və bəlkə onlar tövbə edib, pis yoldan qayıtsınlar"(Ər-Rum, 30:41). Müqəddəs kitabımızda oxuduğumuz bu cümlələr qlobal istiləşmədən əsrlər öncə xəbər verib.
Əslində, Günəşdən aldığı enerjinin miqdarına görə Yer kürəsi səthində 20 dərəcə selsi şaxta olmalıdır. Məlumdur ki, Yer səthində orta hesabla müsbət 20 dərəcə hərarət var. Bunun səbəbi isə yer atmosferində su buxarı, karbon, metan, ozon və s. qazlardan ibarət təbəqənin mövcud olmasıdır. Bu təbəqə Yer atmosferinin təxminən 25 kilometr yüksəkliyində yerləşir. Adıçəkilən atmosfer təbəqəsi Günəşin istilik şüalarını Yerə doğru maneəsiz buraxır, yəni bu istilik şüaları Yer atmosferinə udulmadan keçirlər. Həmin şüalar Yer səthindən əks olunub qeyd edilən təbəqəyə çatanda elə bil ki, möcüzə baş verir. Bu təbəqədə yerləşən həmin qazlar şüaları əks etdirərək yenidən Yerə qaytarır. Proses eynilə insanların yerdə yaratdığı süni istixanalarda (parniklərdə) baş verən proseslərə bənzəyir. Bu səbəbdən planetimizin səthində hərarət 39 dərəcə selsiyə yüksəlir. Belə bir tənzimləmə hesabına Yer səthində orta illik hərarət +18-20 dərəcə selsi olur. İstixana effektinin mahiyyəti belədir. Əgər bu təbəqə olmasaydı, onda Yerdə 20 dərəcə selsi şaxta olardı. Yerin də səthi Mars planeti kimi buzla örtülər, su maye halında deyil, buz halında olardı. Belə olan halda, insanlar üçün Yer səthində yaşamaq mümkün olmazdı. Allahın qoyduğu bu gözəl nizamı bəşər övladı öz əməli ilə pozmaq üzrədir. Bu məsələ isə yuxarıdakı Quran ayəsində insana əvvəlcədən açıq şəkildə bildirilib.
Alimlər son 50 ildəki istilik artımının insan həyatına gözə çarpacaq dərəcədə təsir etdiyinin fikrindədirlər. Üstəlik, artıq geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşırıq. Heç bir tədbir görülməzsə, bu əsrin sonunda qlobal istiliyin orta hesabla 2 dərəcə artacağı təxmin edilir.
Həmçinin, son tədqiqatlarda bildirilib ki, son 150 illik dövr içində 2007-ci il ən isti il idi. Yaxşı, bu istilik artımı, yəni qlobal istiləşmə nələrə gətirib çıxarır, həyatımıza necə təsir edir?
Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir. Qütblərdəki buzlaqlar əriyir, dəniz suyunun səviyyəsi yüksəlir və sahil seqmentlərdə torpaq itkiləri artır.
Məsələn, 1960-cı illərin sonlarından bu yana Şimal yarımkürəsində qar örtüyündə 10 faiz azalma olub. XX əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyən olunub. Qlobal istiləşməylə bağlı dünyanın bəzi bölgələrində qasırğalar, sellər və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar baş verir. Qışda istilik artır, yaz erkən gəlir, payız gecikir, heyvanların köç dövrləri dəyişir. Yəni, iqlim dəyişir. Bunun nəticəsində dəyişikliklərə dözə bilməyən bitki və heyvan növləri ya azalır ya da tamamilə yox olur.
Qlobal istiləşmə insan sağlamlığına ciddi təsir göstərir. Alimlər, iqlim dəyişikliklərinin ürək, tənəffüs yolu, yoluxucu, allergik və bəzi digər xəstəliklərin sayının artacağına təsir göstərəcəyi fikirindədirlər.
Qlobal istiləşmənin təsir göstərəcəyi amillərdən biri də su ehtiyatlarının azalmasıdır. İsveçin paytaxtı Stokholmda "Dünya su həftəsi forumu"nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan "İqlim dəyişiklikləri və su" adlı hesabatına görə, dünyadakı iqlim dəyişiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, 2050-ci ildə dünyada iki milyard insan sudan məhrum olacaq, 30 il sonra da 3 milyard insan istifadə edə biləcəyi su ehtiyatlarını itirəcək. Qlobal istiləşmə ölkəmizdə də müəyyən təbii fəlakətlərin baş verməsi ilə müşayiət olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fəlakətlərin aradan qaldırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlərin həyata keçirilməsini təmin etmək üçün mühüm sərəncamlar imzalamışdır. Təsadüfi deyildir ki, Prezidentin təşəbbüsü ilə 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir.
Azərbaycan həqiqətən qlobal istiləşmənin bilavasitə təsiri altındadır. Ekoloqların proqnozuna görə, qlobal istiləşmə nəticəsində Azərbaycanda daşqın, quraqlıq və yaxud digər təbii fəlakətlər, həmçinin onların nəticəsi kimi su ehtiyatlarının çatışmazlığı kimi problemlərlə üzləşilə bilər. Artıq ölkəmizin müxtəlif bölgələrində baş verən ilkin təbii fəlakətlər bizə siqnaldır və bunun qarşısının alınması üçün görülən tədbirləri də qənaətbəxş hesab etmək olar. Ölkəmizdə həyata keçirilən davamlı ekoloji siyasət, qəbul olunan dövlət proqramları bu fəlakətlərin daha yüngül fəsadlarla ötüşməsinə imkan yaradır. Ümumiyyətlə, insanlar indiki və gələcəkdə baş verəcək hadisələrlə bağlı məlumatlandırılmalıdır. Və bildirilməlidir ki, bu problem hər kəsin, hər birimizin problemidir və onun həlli üçün heç kəs öz səylərini əsirgəməməlidir. İqlimşünas Olqa Paxalyuk deyib ki, temperatur artdıqca leysanlar daha davamlı olacaq. Qlobal istiləşmənin səciyyəvi xüsusiyyətlərindən biri ekstremal hava təzahürlərinin intensivliyi və tez-tez təkrar olunmasıdır. Məsələn, Volqa çöllərinin üzərində güclü istilik zonası formalaşıb. Avropa və Atlantikadan isə soyuq hava kütlələri irəliləyir. Ukraynanın şərqində formalaşmış istilik ocağının yay-qış hərəkət etmədiyini sezən alimlərin fikrincə, bu hal atmosfer hadisəsi deyil. İstilik Yerin təkindən gəlir.
Tədqiqatlar göstərir ki, Azərbaycanda qlobal iqlim dəyişmələrinin regional təsirləri əsasən 1980-ci illərdən özünü büruzə verir və son 20 ildə bu təsir daha aydın görünür. Yəni iqlim dəyişmələri ilə bağlı müxtəlif mənşəli təbii fəlakətlərin sayı və onların iqtisadiyyata vurduğu ziyanlar artmaqda davam edir. Prezident İlham Əliyevin 2010-cu ili Azərbaycanda "Ekologiya ili" elan etməsi də məhz bu problemlərlə bağlıdır.
"BakuTel-2010" sərgi və Konfransı çərçivəsində keçirilən "İKT və iqlim dəyişikliyi" konfransında da iqlim dəyişmələrinin yaratdığı aktual problemlərə münasibət, eyni zamanda, İKT-nin ekologiyaya təsiri məsələləri müzakirə olundu. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov konfransdakı çıxışında Azərbaycan hökuməti tərəfindən tam dəstəklənən Smart-2020 qlobal proqramından danışıb. O qeyd edib ki, bu proqram yeni texnologiyalardan istifadə etməklə atmosferə zəhərli tullantıların azaldılması məqsədini daşıyır. Azərbaycan hökumətinin dünya çağırışları çərçivəsində reallaşdırdığı siyasət iqlim dəyişikliyi probleminin həllinə yönəlib.
Plenar iclaslarda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, BMT-nin Azərbaycandakı rezident - əlaqələndiricisi Fikrət Akçura, Beynəlxalq Telekommunikasiya İttifaqının departament rəhbəri Artur Levin iqlim dəyişməsinin törətdiyi təbii fəlakətlərin qarşısının alınmasında İKT-nin rolundan danışmışlar.
Bəli, dünyamız doğrudan da bu gün qaçılmaz təbii fəlakətlərdən böyük əziyyət çəkir. Ondan xilas olmağın yeganə yolu isə bu fəlakətlərlə mübarizəyə hamılıqla qoşulmaqdır.{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.