Horadizin erməni işğalından azad olunmasından 16 il ötür

Füzuli rayonunun Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsindən 16 il keçir.
1994 -cü ilin yanvarın 6-da Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini erməni işğalından azad edərək, bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini nəzarət altına almışlar.
Qeyd edək ki, 1993-cü ilin avqust ayında cəbhənin bütün istiqamətlərində əks-hücuma keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb Füzuli şəhərini işğal etmişlər. Bundan sonra düşmən qüvvələri bir neçə istiqamətdə Arazboyu yaşayış məntəqələrinə doğru irəliləyərək regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi Horadiz qəsəbəsini ələ keçirmişdir. Bununla da, Əhmədbəyli kəndi istiqamətində "Dörd yol" deyilən əraziyə çıxan düşmən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalına zəmin yaratmışdır. O zaman Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. Bu məqsədlə Prezident Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etmiş, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün olmuşdur.
Prezident Heydər Əliyevin göstərişi ilə əraziyə Azərbaycan Ordusunun əlavə qüvvələri dislokasiya olunmuş, noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırılmışdır. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələri Araz boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks hücum təşkil etmişdir. Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edilmişdir. Çiçəkli dağı və başqa strateji yüksəkliklər ələ keçirilmiş, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alınmışdır.
Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi bu ciddi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də təşvişə salmışdır. Ermənistanın himayəçilərinin onu hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi xətti daha da gücləndirilmişdir. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzalamışdır. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olunmuşdur. Bu gün Horadizin işğaldan azad olunmasından 16 il ötür.
Azərbaycan Respublikasının hər bir vətəndaşı erməni işğalı altında olan digər ərazilərimizi də azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında