Şriftin ölçüsü:
06.01.2011 06:07 | Oxunma sayı: 440
Dövlət Sosial Müdafiə Fondu tərəfindən son bir il ərzində aparılan məqsədyönlü iş onu deməyə əsas verir ki, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsi daha da gücləndirilmiş, pensiya islahatlarının təmin edilməsi siyasəti uğurla gercəkləşdirilmişdir.
Ötən ildə cənab Prezidentin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 4 sərəncamı Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən icra olunmuşdur. Belə ki, "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncama əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun artım tətbiq edilmişdir. Belə ki, 2010-cu il yanvarın 1-dən etibarən Böyük Vətən Müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılmışdır. Prezidentin başqa bir sərəncamı (22 aprel 2010-cu il tarixli) ilə 1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına 500 manat, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 200 manat birdəfəlik maddi yardım edilmişdir. Bundan başqa "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" sərəncamla 2010-cu il sentyabrın 1-dən etibarən əmək pensiyalarının baza hissəsi 13,3 faiz artırılaraq 75 manatdan 85 manata qaldırılmışdır. İl ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi vaxtında həyata keçirilmiş, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunmuşdur.
Ötən il həmçinin "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün müvafiq addımlar atılmışdır. Əldə edilmiş nəticələr ölkəmizin sığorta-pensiya modelinin 2010-cu ildə də müxtəlif beynəlxalq uğurlar qazanması ilə müşahidə edilmişdir. 2010-cu il mart ayının 3-dən 5-dək Polşanın paytaxtı Varşava şəhərində keçirilmiş Avropanın Birinci Regional Sosial Təminat Forumunda DSMF "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin qalibi elan olunmuş və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) fəxri fərmanı ilə təltif edilmişdir. Ötən il, noyabrın 29-dan dekabrın 4-dək Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda BSTA-nın MDB və türkdilli ölkələr üzrə regional koordinasiya mərkəzinin Azərbaycanda yaradılması qərara alınmışdır. 2010-cu ilin dekabr ayında isə BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xətti ilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır. 2011-ci il ərzində də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi siyasəti davam etdiriləcəkdir. Bu baxımdan DSMF-nin 2011-cu il üçün büdcəsi Azərbaycan Respublikası Prezidentinin xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətinin reallaşdırılmasına mühüm töhfə verəcəkdir. Növbəti ildə əhaliyə ödənişlər DSMF-nin xərclərinin 97,2 faizi səviyyəsində və ya 1916,98 milyon manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulmuş proqnozu 2010-cu ilə nisbətən 200 milyon manat və ya 11,7 faiz çoxdur. 2011-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 milyon manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4 faiz və ya 189,9 milyon manat çoxdur. Əmək pensiyalarının baza hissəsi üzrə xərclərin proqnozu əlavələrlə birgə 1317,13 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 12,8 faiz və ya 149,6 milyon manat çoxdur. Pensiyanın sığorta hissəsinin əmək pensiyalarının ödənişi xərclərində xüsusi çəkisi 2011-ci ildə 29 faiz təşkil edəcəkdir.
2011-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilin təsdiq olunmuş proqnozuna nisbətən 18,7 faiz və 10,2 milyon manat çoxdur.
Bu il "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahat tədbirləri davam etdiriləcəkdir. Buraya sığorta-pensiya sisteminin perspektiv inkişafının aktual modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədi ilə tədbirlərin həyata keçirilməsi, dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi, DSMF-nin aparatı və yerli orqanları arasında elektron məlumat mübadiləsini təmin edən korporativ şəbəkənin qurulmasının başa çatdırılması, fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində işlərin yerinə yetirilməsi, sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin həyata keçirilməsi və digər mühüm vəzifələr daxildir.{nl}
Z. BƏŞİRQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.