Bakı şəhərində içməli su itkilərinin azaldılmasına dair pilot layihə icra ediləcək

“Azərsu” ASC-də “Suez Environnement” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Söhbətdə Fransanın Azərbaycandakı səfiri Orelya Buşes, Dünya Bankının, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bildirib ki, bu sahədə dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunur. O, həmçinin Fransanın “Suez Environnement” şirkəti ilə geniş əməkdaşlıq edildiyini, kadr hazırlığı, təcrübə mübadiləsi sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Fransanın Azərbaycandakı səfiri Orelya Buşes iki ölkə arasında  bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirərək  Fransa şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndirib, yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.

“Suez Environnement” şirkətinin layihə rəhbəri Kristian Monset Fransa İqtisadiyyat Nazirliyinin FASEP layihəsi üçün 700 min avro qrant ayırdığını bildirib. Xatırladaq ki, bu layihə su sızmalarının aşkarlanması və lildən enerjinin əldə olunmasından ibarətdir. FASEP çərçivəsində Bakı şəhərində içməli su itkilərinin azaldılmasına dair pilot layihə icra ediləcək. Eyni zamanda, Hövsan Aerasiya Stansiyasında lildən enerjinin əldə olunması üçün metanlaşdırma qurğusunun texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Layihənin icrası 2018-ci ilin aprelində başa çatacaq.

Xatırladaq ki, 2014-cü il mayın 12-də “Azərsu” ASC və “Suez Environnement” şirkəti arasında  “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” imzalanmışdır. Müqaviləyə əsasən,  beş il ərzində 38 ixtisas üzrə 4500 nəfərin kadr hazırlığı prosesinə cəlb olunması, 250 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulmuşdur.

Ötən müddətdə “Azərsu” ASC-nin əməkdaşları müştəri xidmətləri, nəzarət ölçü cihazları, şəbəkələrin istismarı, sızmaların aşkarlanması, kommersiya itkilərinin azaldılması və s. istiqamətlər üzrə təlimlərə cəlb olunublar. Eyni zamanda, mütəxəssislərin bir qismi Böyük Britaniya, Fransa, Əlcəzair, Mərakeş, İspaniya və Çində təşkil edilmiş tədris ekspedisiyalarına  göndəriliblər.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında