Prezidentin əfv sərəncamı icra olundu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 29 dekabr 2010-cu il tarixli sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 71 şəxs, azadlığın məhdudlaşdırılması cəzası almış 15 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş 1 şəxs və cərimə cəzası almış 5 şəxs isə cəzadan azad edilmişlər. Beləliklə, dövlət başçısının növbəti humanist addımı ilə 92 nəfər cinayət törətmiş şəxs Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində əfv olunaraq azad həyata qovuşmuşlar.
Respublika Prezidentinin məhkum olunmuş bir sıra şəxslərin və ailə üzvlərinin ona ünvanlanan müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzaladığı əfv haqqında sərəncam əvvəllər olduğu kimi, bu dəfə də dərhal icra olundu. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi əlaqədar qurumların və kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı ilə ayrı-ayrı cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanan əfv olunmuş şəxslərin Prezident sərəncamının imzalanmasının səhərisi günü azadlığa buraxılmasını həyata keçirdi.
Səhər tezdən Penitensiar Xidmətin qarşısına gələn jurnalistlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə ombudsmanı Elmira Süleymanovanı şad xəbəri eşidib buraya gəlmiş əfv olunmuşların ailə üzvlərinin əhatəsində gördülər. Prezidentin növbəti humanist addımına əfv olunmuşların doğmalarından heç də az sevinməyən ombudsman bildirdi ki, gərək bu aksiyanı azadlığa çıxanlar düzgün anlasınlar. Dövlət başçısı onlara vaxtından əvvəl azadlığa çıxmaq imkanı yaratmışdır. Bu, ölkəmizdə gedən quruculuq, yüksəliş prosesində iştirak etmək, ailəsindən kənarda olduğu vaxtın da əvəzini çıxaraq həyatını normal axara salmaq fürsətidir. Belə bir mərhəmətə layiq görülən insanlar gərək bir də heç vaxt cinayət yoluna qədəm basmayalar.
Əfv olunanların ailə üzvləri onların dərin minnətdarlıqlarını Prezident İlham Əliyevə çatdırmağı insan hüquqları müvəkkilindən xahiş etdilər. Bildirdilər ki, ölkə başçısının bu yüksək humanizmi onların ailələrinə ikiqat bayram sevinci gətirmişdir.
Sonra jurnalistlər ayrı-ayrı qruplarda cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına yola düşdülər. Ədliyyə Nazirliyi Penitensiar Xidməti rəisinin müavini Nizaməddin Cəlilovun rəhbərlik etdiyi qrupda "AzTV" və "Lider" televiziyalarının, "Xalq qəzeti"nin və "lent.az" saytının əməkədaşları 16 saylı Binə cəzaçəkmə müəssisəsində 8 məhkuma və 3 saylı Şüvəlan istintaq təcridxanasında 2 məhkuma əfv olunmaq barədə arayışların təqdimolunması mərasimində iştirak etdilər.
Hər iki müəssisədə polkovnik-leytenant Nizaməddin Cəlilov, Azərbaycan Respublikası ədliyyə naziri yanında ictimai komitənin üzvü İradə Cavadova, Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyin baş məsləhətçisi Nazim Nərimanov ölkə Prezidentinin əfvetmə sərəncamı barədə məlumat verdilər, azadlığın astanasında olanları təbrik etdilər, onlara bundan sonrakı həyatlarında uğurlar arzuladılar.
Əfvetmə arayışını alanlarla ayaqüstü söhbətlər apardıq, onların sevincinə qoşulduq. Xarici ölkə vətəndaşlarından banqladeşli Məhəmməd Kövsər və Fazil Kərim, pakistanlı Nəvvaz Rab və Hənif Məhəmməd Azərbaycan sərhədlərini qanunsuz keçdiklərinə görə 2 il azadlıqdan məhrum olunmuşdular. Onlar cəzalarının yerdə qalan 9 və 4 ayını çəkməkdən azad edildiklərinə sevinirdilər. Hər 4 əcnəbi cəzalarının ədalətli olduğunu, sevdikləri Azərbaycana qaçaq gəlişin onlara baha başa gəldiyini söylədilər. Prezident İlham Əliyevin onları əfv etməsini dövlət başçımızın alicənablığı, qanunlarımızın humanistliyi kimi dəyərləndirən xaricilər bundan sonra ölkəmizə gələsi olsalar, bütün qayda-qanunlara əməl edəcəklərini bildirdilər.
Əfv olunanlardan Kürdəmir sakini Tural Məhərrəmov aldığı cəzanın 9 ayını, Bakı sakini Mübariz İbrahimov 10 ayını, Vüsal Məmmədov 2 il 6 ayını, Xaçmaz sakini Zaur Fudayev 6 ayını, Şirvan sakini Gülbəniz Abuzərova 1 il 9 ayını, Samux sakini Ehtiram Hüseynov 1 il 7 ayını çəkməkdən azad edildiklərinə görə ölkə başçısına sonsuz minnətdarlıqlarını ifadə etdilər. Onların 6-sı da bildirdi ki, məhkumluq dinc həyatın qədrini bilmək üçün yetərlidir. Əfv olunmaqları isə onlarda qanunlarımıza dərin ehtiram hissi doğurur. Çalışacaqlar ki, bir də barmaqlıq, hündür hasar arxasına düşməsinlər, ölkəmiz üçün layiqli vətəndaşlar olsunlar.
Beləliklə, jurnalistlərin şahidliyi ilə 6 Azərbaycan, 4 xarici ölkə vətəndaşı əfvolunma arayışlarını alıb cəzaçəkmə müəssisələrinə əlvida dedilər. Qoy azad həyat onlara xoşbəxtlik gətirsin!
Sonda Penitensiar Xidmətin qeydiyyat şöbəsindən aldığımız bir statistikanı oxucuların diqqətinə çatdırırıq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətin amnistiya və əfvetmə aksiyalarının 14 illik tarixində 50 minədək məhkuma Milli Məclisin amnistiya aktı maddələri şamil edilmiş, 5 mindən çox məhkum Prezident sərəncamları ilə əfv olunmuşlar. Bu, Azərbaycan dövlətinin qanunla cəza almış vətəndaşlarını islah etmək, vaxtından əvvəl dinc həyata qaytarmaq üçün atdığı humanist addımların, cəmiyyətdə bərqərar olan demokratik şəraitin parlaq göstəricilərindən biridir.{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında