AHİK-in III məclisində əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri müzakirə edilmişdir

Dekabrın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) III məclisinin növbəti iclası keçirilmişdir.
Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin "Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri haqqında" məruzəsi dinlənilmişdir.
S.Mehbalıyev qeyd etmişdir ki, miqrasiya prosesləri milyonlarla insanların mənafeyini əhatə edən mühüm qlobal problemlərdən biridir, bir çox ölkələrin əmək bazarına, onların iqtisadi, sosial və demoqrafik göstəricilərinə təsir edir, bərabər və dayanıqlı inkişafın əsasını təşkil edir.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) cari ilin dekabrında açıqlanmış "Azərbaycanda miqrasiya və inkişaf. Ölkə üzrə tədqiqat" adlı hesabatına görə, hər il yüz minlərlə azərbaycanlı əmək miqrantı xaricdə əmək fəaliyyəti ilə məşğul olur. 1989-2007-ci illərdə Azərbaycanı 418 min nəfər tərk etdiyi halda, buraya 425 min nəfər gəlmişdir. Bu isə miqrasiya saldosunun müsbət olduğunu göstərir. Azərbaycan əmək miqrasiyası (həm mənşə, həm də təyinat) ölkəsi kimi tanınır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasyası BƏT, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası, hökumət qurumları və üzv təşkilatlarının iştirakı ilə "Miqrasiya və İnkişaf" mövzusunda silsilə seminarlar keçirmiş, həmkarlar ittifaqlarının qarşısında duran vəzifələri müzakirə edərək fikir mübadiləsi aparmışdır.
Keçirilən tədbirlərdə birmənalı təsdiq edilmişdir ki, miqrasiya faktik olaraq insanların hərəkətindən ibarət olduğu üçün, onun əsas məzmunu dinamik xarakter daşıyacaq, prosesin təsir sahələri və isitqamətləri dəyişməkdə davam edəcəkdir. Bu tendensiya milli səviyyədə də muşahidə olunur.
S.Mehbalıyev bildirmişdir ki, müstəqillik qazanmış ölkələr üçün miqrasiya yeni problemdir. Xüsusilə Azərbaycanın geosiyasi mövqeyi, buradakı ictimai-siyasi sabitlik, iqtisadi inkişaf dinamikası, xarici investisiya və xarici işçi qüvvəsi üçün onu cəlbedici ölkəyə çevirmişdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu aktual məsələyə toxunaraq respublikamızda gözlənilən immiqrant axınının tənzimlənməsinə ciddi hazırlıq görülməsi ilə bağlı mühüm vəzifələr irəli sürmüşdür.
Təsadüfi deyildir ki, Azərbaycanda miqrasiya məsələlərinə aid 20-dən artıq sənəd, o cümlədən "İmmiqrasiya haqqında" və "Əmək miqrasiyası haqqında" qanunlar qəbul edilmişdir. Azərbaycan BMT-nin "Bütün əməkçi miqrantlar və onların ailələrinin hüquqlarının qorunması haqqında" beynəlxalq konvensiyasına qoşulmuşdur.
Ölkədə miqrasiya siyasəti konsepsiyasını gerçəkləşdirən Dövlət Proqramları, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlər həyata keçirilir. "Bir rəncərə" sistemi tətbiq edilmişdir. Miqrasiya məsələləri ilə bağlı xüsusi xidmətlər və ictimai təşkilatlar fəaliyyət göstərir.
Konfederasiya sədri daha sonra bildirmişdir ki, biz hələ AHİK-in III qurultayının hesabat məruzəsində və əsas istiqamətlərdə getdikcə genişlənən miqrasiya proseslərinin effektiv şəkildə idarə edilməsi üçün fəaliyyət proqramımızı müəyyən etmişdik. Həmkarlar ittifaqlarının mövqeyi xarici işçilərlə müvafiq əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasından, dövlət orqanlarının bu məsələyə təsirini artırmaqdan ibarətdir.
Əmək miqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə və razılaşdırılmış fəaliyyətin davam etdirilməsi, əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi, dövlət sosial proqramlarının dəstəklənməsi haqqında tədbirlərin Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə 2010-2011-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişə daxil edilməsi ölkəmizdə miqrasiya məsələlərinin tənzimlənməsinə xidmət edir.
Miqrant işçilərin hüquqlarının qorunması məqsədi ilə AHİK xarici ölkələrin həmkarlar təşkilatları ilə əməkdaşlıq əlaqələri yaradır. Bu məqsədlə Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində görüşlər keçirilmiş, ölkəmizdən olan əmək miqrantlarını Rusiya həmkarlar ittifaqı üzvlüyünə cəlb etməklə onların qanuni hüquqlarının qorunması barədə razılıq əldə edilmişdir. Həmçinin Gürcüstan Həmkarlar İttifaqları Konfederasıyası ilə geniş əməkdaşlıq qurmaq, miqrasiya proseslərinə diqqət yetirmək haqqında memorandum imzalanmışdır.
Konfederasiya beynəlxalq miqyasda əmək miqrasiyası proseslərinin hərtərəfli təhlilinə, əmək miqrasiyasını tənzimləyən və əməkçi miqrantların müdafiəsinə yönələn dövlətlərarası qərarların qəbul olunmasına səy göstərməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə işəgötürən təşkilatlarla konstruktiv dialoq aparılmasını davam etdirmək əzmindədir.
Sözsüz ki, miqrasiya problemlərinin həllində beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə birgə həyata keçirdiyi "Azərbaycanda insan alverinə qarşı cavab mexanizmlərinin inkişafı", "Rusiya Federasiyasında işçi miqrantların müdafiəsinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması" layihələri bu əməkdaşlığın məhsuludur. Layihələr uzunmüddətli tədbirlərin həyata keçirilməsini, qanuni miqrasiyanın dəstəklənməsini, Milli Fəaliyyət Planı və müvafiq normativ-hüquqi sənədlərin hazırlanmasını nəzərdə tutur.
Xeyli müddətdir ki, həmkarlar ittifaqları orqanları BƏT-in dəstəyi ilə məqsədəuyğun tədbirlər, sosial tərəfdaşlarla birgə silsilə seminarlar və treninqlər həyata keçirir. Digər ölkələrə qazanc dalınca getmiş Azərbaycan vətəndaşları, həmçinin respublikada olan miqrantların vəziyyəti və istismar hallarının səviyyəsi barədə məlumatlar əldə edilir. Məqsədimiz uzunmüddətli siyasətin müəyyənləşdirilməsi və zəruri proqramların işlənib hazırlanmasıdır.
AHİK-in sədri vurğulamışdır ki, görülən işlərin nəticəsi olaraq, Azərbaycanda əmək miqrantlarının ölkə daxilində və xaricində əmək hüquqlarının müdafiəsi prosesləri canlanmaq üzrədir.
Bu gün həmkarlar ittifaqlarının iştirakı olmadan işçilərlə işəgötürənlər arasında dialoq mümkün deyildir. İşçini təmsil etmək, onun sosial əmək hüquqlarını və maraqlarını müdafiə etmək həmkarlar ittifaqlarının fəaliyyətinin əsas məqsədidir.
Əmək miqrantları üçün elə şərait yaradılmalıdır ki, onlar ölkəyə giriş-çıxış qaydaları və hüquqları barədə məlumat almaq imkanı əldə edə bilsinlər, həmkarlar ittifaqı üzvlüyünə cəlb olunsunlar və təşkilatın imtiyazlarından istifadə etsinlər.
Biz əməkçi miqrantları da həmkarlar ittifaqlarına cəlb etməli, onların qanuni hüquqlarının müdafiəsində dayanmalıyıq. Bunun üçün əlimizdə kifayət qədər qanunvericilik aktları, normativ sənədlər mövcuddur. Onlar bizə imkan verir ki, Azərbaycanda miqrasiyanın səmərəli inkişafını gücləndirək, tərəfdaşlarımızla əməkdaşlığımızı davam etdirərək bu sahədə həmkarlar ittifaqlarının uğurlu fəaliyyətini təmin edək.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III məclisində təşkilatı məsələlərə də baxılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında