Xalqa xidmət nümunəsi

Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi
Ölkəmiz üçün uğurlar, nailiyyətlər ili kimi səciyyələndirilən 2010-cu il başa çatır. Yola saldığımız ildə ölkəmizin dinamik inkişafı öz axarı ilə davam etmiş, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində vacib addımlar atılmış, mühüm əhəmiyyət kəsb edən bir sıra sosial layihələr həyata keçirilmişdir.
Azərbaycanın iqtisadi gücünün bir qədər də artması, büdcə imkanlarının xeyli dərəcədə genişlənməsi, ölkədə çoxsaylı infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaratmışdır. Heç şübhəsiz, bütün sosial və infrastruktur layihələrinin həyata keçirilməsi son nəticədə ölkəmizin iqtisadi qüdrətinin artmasına, vətəndaşların həyat şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. Bütün bu işlər bir daha sübut edir ki, ulu öndərimiz Heydər Əliyev siyasəti Azərbaycanı əbədi və firavan gələcəyə doğru aparır. Bu siyasəti uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bütün proqramlar, layihələr Azərbaycan xalqının rahat, firavan yaşayışının təminatına yönəldilmişdir və bu gün nəzərdə tutulmuş bütün işlər vaxtında və uğurla icra olunur.
Artıq bir neçə ildir ki, ölkə vətəndaşları dövlət başçısının iştirakı ilə çoxsaylı obyektlərin açılışının şahidi olur. Yola saldığımız 2010-cu il də bu baxımdan çox əlamətdar oldu. Dekabrın 28-də Azərbaycanda ən böyük infrastruktur layihələrindən sayılan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi isə, heç şübşəsiz, ilin ən böyük, son dərəcə əlamətdar bir hadisəsi kimi yaddaşlarda qalacaqdır. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, yeni su kəmərinin açılışı paytaxt sakinlərinin böyük bir sevincinə səbəb oldu, onların bayram əhval-ruhiyyəsinə əlavə rəng qatdı. Bu da təsadüfi deyildi. Çünki su təchizatındakı fasilələr uzun illər idi ki, Bakı sakinlərini narahat edən ən böyük sosial problemlərdən sayılırdı. Bunu vaxtilə ümummilli lider Heydər Əliyev də dönə-dönə vurğulayır, yaxın illərdə paytaxtımızın su təchizatı üçün mühüm işlərin görüləcəyini bəyan edirdi. Yaxşı xatirimdədir: 2002-ci ilin dekabr ayında ulu öndər Heydər Əliyev Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını və bunun üçün Oğuz-Qəbələ zonasının yeraltı sularının ən əlverişli mənbə olduğunu bildirdi. Bu, Azərbaycanın böyük neft ehtiyatlarının dünya bazarına çıxarılması üçün vacib olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ideyasının müəllifi olan Heydər Əliyevin uzaqgörənliyinin daha bir sübutu idi. Zaman keçdikcə bu ideyaların hər biri layihəyə, daha sonra isə gerçəkliyə, real fəaliyyət sahəsinə çevrildi. Həmin layihələrin reallaşdırılması kimi vacib, şərəfli missiyanı isə ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev yerinə yetirdi.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ümummilli proqramlar, infrastruktur layihələri ölkəmizin sürətli inkişafına səbəb olmuşdur. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində şəhər və kəndlərimizin siması əsaslı şəkildə yaxşılaşmış, gözlləşmişdir. Həyata keçirilən geniş quruculuq işləri nəticəsində müstəqil Azərbaycanımızın paytaxtı, hər birimizin qürur mənbəyi olan doğma Bakımız müasir Avropa şəhərinə çevrilmişdir. Heç şübhəsiz, belə bir şəhərin bütün infrastrukturu, bütün xidmət sahələrinin işi də Avropa standartlarına uyğun səviyyədə qurulmalıydı. Ötən illər möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf və tərəqqi yolu keçmiş Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ən müasir yol-nəqliyyat infrastrukturu yaradılmış, bir-birindən gözəl, yaraşıqlı park və xiyabanlar salınmışdır.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi isə paytaxtın ən vacib xidmət sahələrindən sayılan su təsərrüfatının işində ciddi dönüşə səbəb olacaqdır. Artıq, şəhərin su sektorunun infrastruktur imkanları tamamilə yenidən qurulur, ən müasir su anbarları, yeni kəmərlər çəkilir. Bu da paytaxtın su şəbəkəsinin tamamilə yenidən qurulmasına gətirib çıxaracaq. Kəmərin paytaxt sakinləri üçün son dərəcə böyük əhəmiyyəti olacaqdır. Hər şeydən əvvəl, uzunluğu 262 kilometr çox olan bu kəmər şəhər əhalisinin 75 faizini təmiz, keyfiyyətli su ilə təmin etməyə imkan yaradacaqdır. Bununla da paytaxtın mərkəzi hissəsi fasiləsiz olaraq su ilə təchiz ediləcək. Digər tərəfdən həmin su keyfiyyət parametrlərinə görə bütün normalara tam cavab verdiyindən əhalinin sağlamlığının qorunması baxımından əvəzsiz rola malikdir. Təsadüfi deyil ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimində iştirak edən dövlətimizin başçısı cənab İlham Əliyev demişdir: "... Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir... Təmiz içməli su, təmiz hava, təmiz ekologiya - bunlar da sağlamlıqdır. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar".
Oğuz-Qəbələ-Bakı su kəməri ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının bəhrəsidir. Məlum olduğu kimi, ümummilli liderimiz Heydər Əliyev neftdən gələn gəlirlərin səmərəli istifadəsi üçün 1999-cu ilin dekabrın son günlərində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması ilə bağlı fərman imzalamışdır. Ötən illərdə fondun vəsaitləri hesabına ölkəmizdə bir sıra sosial və infrastruktur layihələri reallaşdırılmışdır. Oğuz-Qəbələ-Bakı su kəməri də məhz Dövlət Neft Fondunun maliyyə vəsaiti hesabına inşa olunmuşdur. Bu, bir daha sübut edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, sözün həqiqi mənasında, bugünkü və gələcək nəsillərə məxsusdur. Xalqımız neft kəmərlərindən bundan sonra da daha artıq faydalanacaqdır. Sonda mən paytaxt sakinlərinə ən böyük yeni il töhfəsi hədiyyə etmiş möhtərəm Prezident İlham Əliyevə minnətdarlığımı bildirir, ölkəmizin iqtisadi qüdrətinin artırılması, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi mühüm işlərdə ona yeni-yeni uğurlar arzulayıram.{nl}

Kərim KƏRİMOV, geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında