Şriftin ölçüsü:
30.12.2010 00:06 | Oxunma sayı: 547
Başa çatmaqda olan 2010-cu il Azərbaycan Respublikası üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. İl ərzində ölkənin sosial-iqtisadi həyatında bir sıra mühüm hadisələr baş vermiş, ümummilli proqramların reallaşdırılması istiqamətində vacib addımlar atılmış, yeni infrastruktur obyektləri istifadəyə verilmişdir. Azərbaycanın yeni müstəqillik tarixinin ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi isə ölkəmizin, xalqımızın həyatında son dərəcə vacib bir hadisədir.
Azərbaycan paytaxtını təmiz, keyfiyyətli su ilə təmin edən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Belə ki, 2002-ci ildə Bakı şəhərinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmasının vacibliyini bildirən ümummilli lider ölkəmizin Oğuz-Qəbələ bölgəsinin yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. Ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü bu nəcib təşəbbüs onun siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən gerçəkliyə çevrildi. Məhz 2005-ci ilin sentyabr ayında paytaxtın keyfiyyətli su ilə təmin edilməsi üçün tikiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi hazırlandı. 2007-ci ilin mart ayında isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni su kəmərinin təməli qoyuldu. Bununla da, "Bakıya bol-bol su gətirəcəyik", - deyən ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzularından birinin də həyata keçirilməsinə başlanıldı.
Oğuz-Qəbələ-Bakı su kəməri XXI əsrdə müstəqil Azərbaycanın öz gücü, daxili imkanları hesabına reallaşdırıldığı ən böyük layihədir. Məlum olduğu kimi, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış yeni neft strategiyası 16 ildən çoxdur ki, ölkəmizin iqtisadi qüdrətinin artmasına, xalqımızın firavan yaşayışının təminatına xidmət edir. Elə yeni - 2011-ci ili qarşılamağla hazırlaşdığımız bu günlərdə açılışını böyük sevinc və iftixar hissi ilə qeyd etdiyimiz Oğuz-Qəbələ-Bakı su kəməri də Azərbaycanın neft strategiyasının təntənəsi, ölkəmizin iqtisadi qüdrətinin parlaq təccəssümüdür. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyev 1999-cu ilin sonlarında Azərbaycan Respublikasının Dövlət Neft Fondunu təsis edərkən qarşıya belə bir vəzifə qoyulmuşdu ki, neftdən əldə olunan gəlirlərin bir hissəsi gələcək nəsillərə saxlanılmaqla yanaşı, həmin vəsaitlər hesabına həm də ölkəmizdə bir sıra vacib sosial və infrastruktur layihələr həyata keçirilsin. Möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə Dövlət Neft Fondundan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə də kifayət qədər vəsait ayrıldı. Bu da kəmərin inşasının uğurla başa çatdırılmasına imkan yaratdı.
Oğuz-Qəbələ-Bakı su kəməri, qeyd etdiyimiz kimi, xalqımızın, ölkəmizin həyatı üçün mühüm əhəmiyyət daşıyır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, adı çəkilən kəmərin istifadəyə verilməsi bir daha sübut etdi ki, son illər iqtisadi gücü getdikcə artmaqda olan Azərbaycan Respublikası istənilən layihəni reallaşdırmağa qadirdir. Digər tərəfdən, kəmər paytaxtın illərdən bəri davam edən su probleminin həllinə mühüm töhfə verməklə yanaşı, sakinlərin ekoloji cəhətdən təmiz, saf su ilə fasiləsiz təminatına imkan yaradır. Uzunluğu 262 kilometr olan, özündə böyük bir suötürücü qurğular kompleksini birləşdirən yeni su kəməri paytaxt əhalisinin 75 faizinin təmiz, keyfiyyətli su ilə fasiləsiz təminatına imkan yaradır.
Su həyat mənbəyi olmaqla insan sağlamlığının və gümrahlığının başlıca vasitəsidir. Bu baxımdan Oğuz-Qəbələ-Bakı su kəməri şəhər əhalisinin sağlamlığının təminatına, ekoloji mühitin qorunmasına mühüm töhfə verməklə yanaşı, ən böyük sosial problem olan su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına imkan yaradacaq.
Təsadüfi deyil ki, dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində iştirak edən dövlətimizin başçısı İlham Əliyev bu barədə geniş danışdı. Möhtərəm Prezidentimiz bir daha sübut etdi ki, o, ölkə əhalisinin sosial problemlərinin həllinə, vətəndaşların sağlamlıqlarının qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərir.
Su həm də paklıq, saflıq, aydınlıqdır. Qoy, üzümüzə gələn növbəti illərdə xalqımız əmin-amanlıq, firavanlıq və aydınlıq içində yaşasın.
{nl}
Ramiz BUDAQOV, Yasamal Rayon Ağsaqallar Şurasının sədri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.