Şriftin ölçüsü:
29.12.2010 02:14 | Oxunma sayı: 628
Dünən paytaxtda yerləşən "Ambassador" otelinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın respublikamızda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə görüşü keçirilmişdir. Tədbirin məqsədi komissiyanın fəaliyyəti və dövlət qulluğu sahəsində aparılan islahatlar barədə görüş iştirakçılarına məlumat vermək və bu qurumlarla gələcək əlaqələri inkişaf etdirmək idi.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli "Dövlət qulluğunu tənzimləmə institutları" adlı məruzə ilə çıxış etmişdir.
Natiq çıxışında ölkəmizdə dövlət qulluğu sisteminin qurulmasında beynəlxalq təcrübədən istifadə edildiyini, dövlət qulluğuna qəbulun iki mərhələdə aparıldığını və bu zaman şəffaflıq və obyektivlik prinsiplərinə ciddi əməl olunduğunu diqqətə çatdırmışdır.
Xatırladaq ki, ulu öndərimiz Heydər Əliyevin 1998-ci ilin dekabrında imzaladığı fərman əsasında dövlət idarəçiliyi sistemində islahatların aparılması üzrə dövlət komissiyası yaradılmışdır. Ötən müddətdə komissiya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə sərbəst bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşdırılması sahəsində kompleks tədbirlər görmüşdür. Nəticədə vətəndaşların dövlət idarəetmə strukturlarında işə qəbul olunmasında bəzi məmurların yaratdığı süni əngəllərin aradan qaldırılması, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparılması reallaşmışdır.
Həyata keçirilən düzgün islahat, məqsədyönlü tədbirlər 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" qanunun qəbul olunması ilə nəticələndi. Dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyərək, kadr siyasətinin əsas prinsiplərini, onların hüquq və vəzifələrini müəyyənləşdirən bu qanun eyni zamanda dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar işçi korpusunun formalaşdırılmasını stimullaşdırır.
Respublikamızda dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədilə ölkə Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Xatırladaq ki, adı çəkilən komissiya bilavasitə dövlət başçısına tabedir və onun qarşısında hesabat verir.
2006-cı ilin oktyabr ayından fəaliyyətə başlayan komissiya dövlət qulluğu və kadr məsələləri üçün tələb olunan normativ hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir, vətəndaşların dövlət qulluğuna qəbulunu mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında reallaşdırır. Bütün bunlarla bərabər komissiya həmçinin dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını gücləndirir.
Natiq çıxışında bu məqamları xatırlatmaqla yanaşı, həmçinin bildirdi ki, bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır, dövlətlə vətəndaş arasında inam və etimad güclənir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlət qulluğu siyasəti qanunçuluq və hesabatlılıq, şəffaflıq və müsabiqə, bərabərlik və cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin formalaşdırılmasına xidmət göstərir. Bu prinsiplər dövlət qurumlarının və bu qurumlarda çalışan dövlət qulluqçularının qərar və fəaliyyətlərinin normativ-hüquqi aktlara söykənməsini, bu barədə ictimaiyyətə ətraflı məlumat verilməsini, görülən işlərin nəticəsinin keyfiyyətə görə qiymətləndirilməsini, dövlət qulluğuna qəbulun şəffaflıq və müsabiqə əsasında aparılmasını şərtləndirir.
Məruzə dinlənildikdən sonra müzakirələrə başlanıldı, qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin sualları cavablandırılmışdı.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.