Yaşı altmışı haqlasa da, doğulub boya-başa çatdığı Qalayçılar kəndində və bütövlükdə doğma Ağdamda (indinin özündə də) çoxları onu ziyalılığı ilə sayılıb-seçilən, hörmət-izzət sahibi olan, uzun illər rus dilini şagirdlərə həvəslə öyrədən, rəhmətlik Seyid Əzim kimi, bu dili bilməyin çox qapılara "açar" olacağını inadla təlqin eləyən İdris Məmmədovun oğlu kimi tanısa da, o bundan narahat deyil, xeyli məmnunluq duyur. Atasından danışanda üzünə qəribə bir təbəssüm qonur. İkinci Dünya müharibəsində Macarıstan uğrunda gedən döyüşlərdə rəşadət göstərdiyinə görə Budapeştin fəxri vətəndaşı adına layiq görülməsini də iftixarla söyləyir.
... Mübariz Məmmədov 1951-ci il yanvar ayının 2-də Ağdam rayonunun Qalayçılar kəndində anadan olub. 1967-ci ildə kənd orta məktəbini bitirib. 70-72-ci illərdə ordu sıralarında xidmət edib. Özünün dediyi kimi, ömrünün ən gözəl çağlarını Bakı Qazan Mexaniki Zavodunda keçirib, şöbə rəisi, direktor müavini vəzifələrində çalışıb. Daha sonra Bakı Şəhər Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində işləyib. 2003-cü ildən isə Şamaxı şəhər 1 saylı ixtisaslaşdırılmış ruhi-əsəb internat evinin direktorudur.
... Hər dəfə Şamaxıya gələndə burada baş verən yeniliklər istər-istəməz diqqəti cəlb edir. Bu yeniliklər isə, şübhəsiz ki, öz-özünə deyil, konkret zəhmət bahasına başa gəlir. Rayonun yeniləşməsində, abadlaşmasında, sosial-iqtisadi cəhətdən güclənməsində ölkə başçısı möhtərəm İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına təminat yaradan dövlət proqramlarını qəbul etməsi xüsusi rola malikdir. Burada fəaliyyət göstərən müəssisələrdən birinin rəhbəri kimi Mübariz Məmmədov da hesab edir ki, bu prosesdə iştirak etmək, bacarığını və imkanlarını sərf etmək, vəzifə bir yana qalsın, ən azı vətəndaşlıq borcudur.
Onun fikirlərinə nümunə kimi, özünün rəhbərlik etdiyi internat evini göstərmək olar. Heç vaxt "düzə-düz, əyriyə-əyri" deməkdən çəkinməyən şamaxılılar bunu təsdiqləyirlər ki, Mübariz müəllim bu təşkilata rəhbər təyin olunana kimi burada vəziyyət, doğrudan da, acınacaqlı olub. Ancaq onun dövründə əsaslı dəyişiklik baş verib, sağlamlıq baxımından müxtəlif durumlarda olan insanların özlərinə "doğma ocaq" saydıqları internat evində sözün əsil mənasında sağlam ab-hava yaranıb.
Söhbət əsnasında Mübariz müəllim dedi ki, ruhi xəstələrin, əlillərin, qocaların, atılmışların, bir sözlə, qayğıya ehtiyacı olanların hamısı burada yüksək səviyyədə qayğı ilə əhatə olunub. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın 2005-ci ildə internat evinə baş çəkməsini isə bu "evin sakinləri" və əməkdaşları indi də həyəcanla xatırlayırlar. Bu gəliş hər şeyi əsaslı surətdə dəyişdi - diqqətlər bura yönəldi, təminat məsələsi xeyli gücləndirildi.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun diqqət və qayğısından da həvəslə danışan internat evinin direktoru xüsusi vurğuladı ki, nazir bizi xüsusi diqqətdə saxlayır. Bu isə, heç bir problemlə üzləşməməyimiz və rahat fəaliyyət göstərməyimiz üçün əlavə stimul verir. Təkrar olsa da bir fikri xatırlatmaq istəyirəm: insan ömrünün mənası neçə il yaşamaqla deyil, necə yaşamaqla ölçülür. 2011-ci ilin 2 yanvarında ömrünün altmışıncı qışına gülə-gülə "əlvida" deyib, eyni ahənglə növbəti illəri salamlayacaq Mübariz Məmmədov bu mənada özünü xoşbəxt sayır. İki oğlu, bir qızı, səkkiz nəvəsi olsa da, rəhbərlik etdiyi internat evinin sakinlərinin onu özlərinə doğma (kiminə dost, kiminə qardaş, kiminəsə ata) saymasını məhz altmış ilinə yekun vurmağa hazırlaşdığı ömrünün mənası sayır və o insanların üzlərindəki təbəssümü də ən böyük mükafat kimi qəbul edir. Ürəyində sızlayan bir arzunun gerçəkləşəcəyi günü isə həyatının ən xoşbəxt günü kimi intizarla gözləyir. O gün isə, əlbəttə, doğma Ağdam da daxil olmaqla ərazi bütövlüyü təmin olunmuş Azərbaycan Respublikasını görəcəyi gündür. Heç vaxt ümidini itirməyən Mübariz müəllim inanır ki, o gün uzaqda deyil.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.