Yeddi il öncə xalqımız öz doğru və dürüst seçimini edərək ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçmişdir.
Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına and içən İlham Əliyev ötən müddət ərzində ümummilli liderimizin axıra çatdıra bilmədiyi taleyüklü məsələlərin, planların həyata keçirilməsi üçün ciddi fəaliyyət göstərmişdir. Ölkəmizdə iqtisadi artım yüksək səviyyəyə qalxmış, sosial məsələlərin həllinə böyük diqqət yetirilmiş, əmək haqları artırılmış, quruculuq-abadlıq işləri yeni vüsət almış, böyük layihələr həyata keçirilmişdir.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi reallaşmış, energetika sektoru möhkəmlənmiş, yüzlərlə təhsil, səhiyyə, mədəniyyət, idman ocaqları istifadəyə verilmiş, yollar çəkilmiş, körpülər salınmış, regionlar öz simasını dəyişmiş, beynəlxalq aləmdə müstəqil dövlətimizin nüfuzu xeyli artmışdır.
İlham Əliyevin Prezident kimi fəaliyyətində ordu quruculuğu məsələləri əsas prioritetə çevrilmişdir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz çıxış və nitqlərində dəfələrlə vurğulayır ki, "Güclü ordu güclü dövlət deməkdir. Bizim məqsədimiz güclü ordu yaratmaqdır. Biz bunu edirik, yaradırıq və daha da möhkəm orduya malik olmalıyıq".
Müdafiə Nazirliyi Tərbiyə İşləri İdarəsinin şöbə rəisi-idarə rəisinin müavini, əməkdar İncəsənət xadimi polkovnik Abdulla Qurbaninin "Güclü ordu - güclü dövlət" kitab-albomu da məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı müstəsna xidmətlərinə həsr olunmuşdur.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən təqdimat mərasimində dövlətimizin başçısının Cənubi Qafqazın ən güclü və peşəkar ordusunun formalaşmasındakı xidmətlərindən söhbət açılmışdır. Tərbiyə İşləri İdarəsinin rəisi polkovnik Vaqif Məmmədov qeyd etmişdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ümummilli liderimiz Heydər Əliyevin irsini yaşadır, bu siyasəti davam və inkişaf etdirir. Azərbaycan Silahlı Qüvvələrinə ardıcıl olaraq diqqət yetirir, dövlət qayğısını gücləndirir, onun günbəgün möhkəmlənməsi və sıralarının mətinləşməsi üçün əlindən gələni əsirgəmir. Bu diqqət və qayğı Müdafiə Nazirliyinin rəhbərliyini, eləcə də Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini dövlət müstəqilliyinin, ölkəmizin ərazi bütövlüyünün qorunmasında yeni-yeni nailiyyətlərə ruhlandırır.
Tez-tez hərbi hissələrə, tədris müəssisələrinə, təlim meydanlarına səfər edən, vəziyyətlə yerindəcə tanış olan, əsgər və zabitlərlə görüşən Ali Baş Komandanın hərbçilərin hazırlıq səviyyəsi ilə maraqlanmasından, onlara yeni tapşırıq və əmrlər verməsindən danışan polkovnik V.Məmmədov daha sonra demişdir ki, təqdim etdiyimiz "Güclü ordu - güclü dövlət" adlı kitab-albomda Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 7 ildə ordu quruculuğu sahəsində gördüyü fundamental işlərdən, həyata keçirdiyi məqsədyönlü tədbirlərdən bəhs olunur. Oxucular "Prezident kimi mənim fəaliyyətimin əsas prioriteti ordu quruculuğu məsələsidir", - deyən möhtərəm Prezidentimizin hərbi hissələrə, hərbi tədris ocaqlarına, təlim meydanlarına səfərlərinin iştirakçısına çevriləcək, proqram əhəmiyyətli nitqlərini, çıxışlarını dinləyəcək, təntənəli mərasimlərdə, görüşlərdə onun Azərbaycan uğrunda mübarizəyə çağıran inamlı səsini eşidəcək, kitab-alboma daxil edilmiş Silahlı Qüvvələrin hərbi paradının elektron versiyasını izləyəcək, memarı ulu öndər Heydər Əliyev olan müasir Azərbaycan ordusunun daha da qüdrətlənməsi naminə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirərək iftixarla deyəcəklər: Mənim güclü ordum, güclü dövlətim vardır!
Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə təqdimat mərasimində çıxış edərək kitab-albomun əhəmiyyətini yüksək qiymətləndirmiş, müəllifə bundan sonrakı yaradıcılığında uğurlar arzulamışdır.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bu il fərqlənmə diplomu ilə bitirmiş leytenant Kənan Şirinov çıxışında təqdim edilən kitab-albomu hərb tariximizə daxil olan qiymətli əsər kimi qiymətləndirmiş və qeyd etmişdir ki, mütəxəssislər bu mənbəyə müraciət etdikdə son 7 ilin ordu quruculuğu məsələləri ilə bağlı xeyli material əldə edə biləcəklər.
Kitab-albomun müəllifi polkovnik A.Qurbani kitabın nəşr olunmasında göstərdiyi dəstəyə görə müdafiə naziri general-polkovnik Səfər Əbiyevə minnətdarlığını bildirmişdir.
Mərasimin sonunda təlimdə, təhsildə və döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya kitab-albomun ilk nüsxələri təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezidentlik fəaliyyətinin 7 illiyinə həsr olunmuş kitab-albom dövlətimizin başçısının rəsmi saytı (www.president.az), AzərTAc, Müdafiə Nazirliyinin arxivi, eləcə də Ali Baş Komandanın səfər, görüş, çıxış və qəbullarının materialları əsasında hazırlanmışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.