Şriftin ölçüsü:
28.12.2010 01:38 | Oxunma sayı: 432
"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı dekabrın 1-dən 20-dək kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələri artıq məlumdur. Xəbər verildiyi kimi, "2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz" sualına sorğuda iştirak edənlərin 81 faizi Azərbaycan Prezidenti İlham Əliyevi ən layiqli namizəd hesab edib.
Jurnalistlərin bu seçimi heç də təsadüfi deyildir. Çünki son illər mətbuata dövlət qayğısı yüksəlmiş, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar beynəlxalq aləmdə yüksək dəyərləndirilən sərəncamlar imzalanmışdır.
Xatırldaq ki, 1997-ci ildə təsis edilən "Jurnalistlərin dostu" nominasiyası əsasən mətbuatın inkişafına diqqət və qayğı göstərən, kütləvi informasiya vasitələrinin maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsində, jurnalistlərin qarşılaşdıqları problemlərin aradan qaldırılmasında, habelə bu sahədə çalışanların həyat səviyyəsinin yaxşılaşdırılmasında rolu olan insanlara verilir. 2002-ci ildə bu mükafat ümummilli lider Heydər Əliyevə təqdim olunmuş səkkiz il sonra isə ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev bu mükafata layiq görülmüşdür.
Azərbaycanda müstəqil mətbuatın demokratik prinsiplərə uyğun inkişafı üçün ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişindən sonra ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə əlverişli şərait yaradılmışdır. Ulu öndərin həyata keçirdiyi tədbirlər sayəsində kütləvi informasiya vasitələrinin işini tənzimləyən qanun qəbul olundu və bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı bir-birindən əhəmiyyətli tədbirlər həyata keçirildi. Beynəlxalq standartlar səviyyəsində hazırlanan qanunvericilik aktları müstəqil mətbuatın sərbəst fəaliyyəti üçün geniş imkanlar yaratdı. Dahi siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə mətbuat üzərindən senzura götürüldü və bununla da bir daha bəyan edildi ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin demokratik dəyərlərə uyğun fəaliyyəti üçün hər cür şərait yaradılıb. "Kütləvi informasiya vasitələri haqqında "Qanuna edilmiş əlavə və dəyişikliklər isə Azərbaycanda qəzet və jurnalların təsis edilməsi işini təkmilləşdirdi. Bunun ardınca həyata keçirilən bir sıra əhəmiyyətli tədbirlər bir daha təsdiqlədi ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu sahədə məqsədyönlü və ardıcıl siyasət aparmışdır. Konstitusiya ilə təsbit olunmuş söz və mətbuat azadlığının təmin olunması, müstəqil mətbuata geniş imkanlar yaradılması Azərbaycanda demokratik dəyərlərin inkişafına xüsusi önəm verildiyini təsdiqləyirdi. Bütün bunlar məhz ulu öndər Heydər Əliyevin dövlət idarəçiliyində zəngin təcrübəsinin, ölkəmizin inkişafında, beynəlxalq aləmə inteqrasiyasında demokratik prinsiplərə böyük üstünlük verməsinin nəticəsi idi. Onu da qeyd edək ki, Azərbaycanda milli mətbuatın yubileylərinin böyük təntənə ilə keçirilməsinin əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun 2000-ci ilin martında imzaladığı fərmana əsasən milli mətbuatımızın 125 illiyi təntənəli şəkildə qeyd edildi.
Tarixi şəxsiyyət Heydər Əliyevin siyasi xəttini böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-rifah halının yaxşılaşdırılması, onların əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir. Qeyd edək ki, 2005-ci ildən bu vaxta qədər 300-ə yaxın kütləvi informasiya vasitəsinin əməkdaşına dövlət mükafatları və fəxri adlar verilmişdir. Elə həmin il 30 qəzet redaksiyanın hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasına 10 min manat məbləğində dövlət tərəfindən yardım ayrılmışdır.
Azərbaycan milli mətbuatının 135 illik yubileyində isə Prezident İlham Əliyevin imzaladığı sərəncamla kütləvi informasiya vasitələrinə ayrılan birdəfəlik maliyyə yardımının məbləği daha da artırılmışdır. Belə ki, 32 qəzet redaksiyanın hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılmışdır. Bununla yanaşı 38 jurnalistə "Əməkdar jurnalist", 15 jurnalistə "Əməkdər mədəniyyət işçisi" fəxri adları verilmiş, 38 jurnalist isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Dövlət başçımızın 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamı isə xüsusi qeyd olunmalıdır. Onu da qeyd edək ki, dövlət başçımızın bu sərəncamı beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla qarşılanmışdır. Çünki həmin sərəncam Azərbaycanda mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə verilmişdir və bu işin yerinə yetirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılmışdır.
Göründüyü kimi, dövlətimizin başçısı prezidentlik fəaliyyəti dövründə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir-birinin ardınca sərəncamlar imzalamış, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Jurnalistlər üçün yaşayış evlərinin tikilməsi ona görə xüsusi qeyd edilməyə layiqdir ki, bu vaxta qədər dünyanın heç bir ölkəsində belə bir tədbir olmayıb. Bu, ondan xəbər verir ki, Azərbaycanın iqtisadi qüdrəti getdikcə artır, əhalinin həyat səviyyəsi yüksəlir və ölkəmizin beynəlxalq aləmdəki mövqeləri daha da möhkəmlənir.
Azərbaycanda fikir, söz və mətbuat azadlığı ölkə Prezidenti İlham Əliyevin siyasi kursunun və əldə olunan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı Mətbuat Şurasının yeni binasının açılışı zamanı çıxışında bu məsələni xüsusi vurğulayaraq dedi ki, bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik.
Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinə və bu sahədə çalışanlara dövlət qayğısının gücləndirilməsi istiqamətində atdığı qətiyyətli addımlar hər bir mətbuat işçisinin diqqət mərkəzindədir. Ona görə də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı keçirdiyi sorğuda iştirak edənlərin böyük əksəriyyəti bu mükafatın əsl sahibinin Azərbaycan Prezidenti İlham Əliyev olduğunu bildirdi.{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.