Media və Dağlıq Qarabağ mövzusu

Avrasiya Beynəlxalq Mətbuat Fondunun Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun himayəsi ilə Tərtərdə keçirdiyi konfransda "Media və Dağlıq Qarabağ" mövzusu ətrafında geniş diskussiya aparıldı, ictimaiyyətin marağına və narahatlığına səbəb olan bir sıra məsələlərə cavab axtarıldı.
Toplantını giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev 23 ildən bəri xalqımızın ən ağrılı bəlasına çevrilmiş Dağlıq Qarabağ münaqişəsi və müharibəsinin tərtərlilər üçün də faciəsiz ötürmədiyi, ciddi sınaq və hünər nümunələri ilə tarixə çevrildiyini söylədi. O qeyd etdi ki, münaqişənin ən qaynar nöqtələrindən birində yerləşən Tərtər rayonu hərbi əməliyyatlar zamanı bir qarış da torpaq itirməmiş, əksinə, Ağdərə istiqamətində strateji mövqeyini bir az da gücləndirmişdir.
Atəşkəs dövründə bu bölgədə düşmənin təxribat və hücumlarının qarşısı qətiyyətlə alınmış, milli ordumuzla yerli əhalinin bir-birinə arxa-dayaq olması Tərtərdə dinc həyata, geniş quruculuq işlərinə, ciddi sosial-iqtisadi uğurlarla təminat yaratmışdır. Dağlıq Qarabağ münaqişəsinin canlı salnaməsini yaradan, bu yöndə ictimai rəyi formalaşdıran, xalqı daim məlumatlandıran ölkə mediasının fəaliyyəti, çıxışları bu gün tərtərlilərin də diqqət mərkəzindədir. Bu taleyüklü mövzu ilə bağlı irili-xırdalı bütün yazılar, çıxışlar adamlarda fikir və düşüncə aydınlığı yaradır, onları problemin həlli yolunda ümummilli mübarizədə ayıq-sayıq və mübariz olmağa səfərbər edir.
Avrasiya Beynəlxalq Mətbuat Fondunun rəhbəri Ümid Rəhimoğlu Dağlıq Qarabağ və media mövzusu ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi, münaqişənin ilk günlərindən jurnalistlərin söz və hərbi döyüş meydanında öndə getdiklərini, siyasi-diplomatik dairələrdə dövlətimizin apardığı ardıcıl, qətiyyətli mübarizəyə ümumxalq dəstəyi qazandırdığını vurğuladı. Natiq bu həssas və taleyüklü mövzunun mediada işıqlandırılmasında yol verilmiş naşılıqlara, nöqsanlara da toxunaraq bildirdi ki, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə kifayət qədər dolğun çatdırmaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, xalqımızın və milli ordumuzun vətənpərvərlik ruhunu yüksəltmək üçün kütləvi informasiya vasitələri hazırda çox təsirli mənəvi-siyasi bir gücə çevrilmişdir.
Ü.Rəhimoğlu daha sonra bildirdi ki, dövlətimizin və Prezident İlham Əliyevin KİV-ə göstərdiyi diqqət və qayğı jurnalistlərin ümummilli mövzuları daha geniş işıqlandırması üçün əlavə imkanlar yaratmışdır. Dövlət başçısının bu günlərdə media qurumları tərəfindən jurnalistlərin dostu elan edilməsi Qarabağ münaqişəsinin ədalətli həlli yolunda Prezident İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasətə də verilən yüksək qiymət kimi səslənir.
Konfransda çıxış edən Bakı Dövlət Universitetinin professoru, İctimai Teleradio Yayımları Şurasının sədri Cahangir Məmmədli, müstəqil hüquq eksperti Aydın Kərimli, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Ağdam" qəzetinin baş redaktoru Baxşeyiş Abbasoğlu, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Yeni Tərtər" qəzetinin baş redaktoru Tofiq Yusifli və digər media təmsilçiləri Qarabağ mövzusunun yüksək professionallıqla, xalqımızın arzu və istəklərinə, dövlətimizin köklü maraqlarına uyğun işıqlandırılması üçün rəy və təkliflərini söylədilər. Bildirildi ki, Qarabağ münaqişəsinin istər sülh, istərsə də hərbi yolla həllinin indiki həlledici mərhələsində jurnalistlər bütün təcrübə və bacarıqlarını, qeyrət və səylərini ikiqat artırmalıdırlar.
Tərtər rayonu ictimaiyyəti nümayəndələri adından çıxış edənlər Qarabağ mövzusunu daim gündəmdə saxlayan jurnalistlərin işini dəyərləndirməklə yanaşı, cəbhə bölgələri və milli ordu həyatının daha geniş işıqlandırılması ilə bağlı arzu və mülahizələrini də söylədilər. Konfrans belə bir məramla sona yetdi: Qarabağın azad edilməsi uğrunda mübarizədə söz çox güclü mənəvi silahdır və o, həmişə düşməni hədəfə almalıdır.{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında