Azərbaycanın gömrük və sərhəd xidməti əməkdaşları sloveniyalı həmkarlarının iş təcrübəsi ilə tanış olmuşlar

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarından ibarət nümayəndə heyəti Sloveniyada təlim səfərində iştirak etmişlər. Məqsəd Avropa İttifaqı çərçivəsində sərhədlərin idarə edilməsi sahəsində qabaqcıl təcrübə, nailiyyətlər, inkişaf ilə tanışlıq və təcrübəyə yiyələnmək olmuşdur.
DGK-nın mətbuat xidmətindən bildirmişlər ki, Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan bu səfər BMT İnkişaf Proqramının "Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək" layihəsi çərçivəsində həyata keçirilmişdir.
Nümayəndə heyətinin rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev bildirmişdir ki, layihə Azərbaycanda sərhədlərin idarə olunması sahəsində qurumlararası, həmçinin, Azərbaycan, Gürcüstan, Avropa İttifaqına (Aİ) üzv olan dövlətlər, digər müvafiq beynəlxalq təşkilatlar arasında ikitərəfli və regional əməkdaşlıq səviyyəsinin artırılması, insanların və malların transsərhəd hərəkətinin asanlaşdırılması, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərinə yönəlmişdir.
Tanışlıq Sloveniya Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsində görüşlə başlamış və Sloveniyanın Baş Polis İdarəsi rəisinin müavini Robert Furman açılış nitqi ilə iştirakçıları salamlamışdır. Rza Həsənəliyev çıxış edərək səfərin təşkil olunmasına görə minnətdarlığını bildirmiş və Azərbaycanda gedən inkişaf prosesləri haqqında, o cümlədən Dövlət Gömrük Komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat vermişdir. O, öz çıxışında qeyd olunan layihənin Cənubi Qafqaz regionunda inteqrə edilmiş şəkildə bütün ölkələrdə tətbiqinin nəzərdə tutulduğuna baxmayaraq, Azərbaycan Respublikasının Ermənistan tərəfindən 20 faiz torpaqlarının işğal olunduğu üçün bu layihənin regionda yerləşən ölkələrə münasibətdə tam şəkildə tətbiq edilməsinin mümkün olmadığını vurğulamışdır.
Robert Furman inteqrə edilmiş sərhəd idarəçiliyi konsepsiyası barədə danışmışdır. Həmçinin, Sloveniyanın Daxili İşlər Nazirliyi haqqında ümumi məlumat təqdim edilmiş və bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin səlahiyyətinə dövlət təhlükəsizliyi, daxili inzibati işlər, miqrasiya və sərhəd təhlükəsizliyi məsələləri daxildir. Polis xidməti müstəqil qurum kimi Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərir.
Daha sonra Sərhəd Polis Şöbəsinin kompensasiya tədbirləri bölməsinin rəhbəri Piter Skerbis Sloveniyanın dövlət sərhədi barəsində məlumat vermiş və Sloveniya Polis İdarəsinin strukturu ilə iştirakçıları tanış etmişdir.
Səfər zamanı Sloveniyanın Gömrük Administrasiyasında da görüş keçirilmişdir. Administrasiya rəhbərinin müavini bildirmişdir ki, Gömrük Administrasiyası Sloveniya Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir. Maliyyə Nazirliyinə Gömrük Administrasiyasından başqa, Vergi Administrasiyası, Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə İdarəsi, Oyun Biznesinə Nəzarət İdarəsi, İctimai Ödəmələr İdarəsi və Büdcə Nəzarəti İdarələri daxildir. Gömrük Administrasiyasında 10 gömrük idarəsi fəaliyyət göstərir və onların daxilində 29 ofis mövcuddur.
Daha sonra Sloveniya Gömrük Xidmətinin xarici münasibətlər sahəsində fəaliyyətindən danışılmış və sərhəd idarəçiliyi sahəsində müxtəlif dövlət orqanları arasında imzalanmış müqavilələr və əməkdaşlıq istiqamətləri barəsində məlumat verilmişdir. Qeyd edilmişdir ki, dövlət orqanları arasında əməkdaşlıq mərkəzi, regional və lokal şəkildə həyata keçirilir. Bundan başqa, beynəlxalq səviyyədə koordinasiya məsələləri, məlumat mübadiləsi, operativ əməliyyatların birgə idarə olunması, milli polis informasiya mərkəzində gömrük əlaqələndirmə zabitinin iştirakı, birgə təlimlərin keçirilməsi, sərhədlərdə fəaliyyətin koordinasiyası və s. kimi fəaliyyət növləri barəsində məlumat verilmişdir. O da vurğulanmışdır ki, yerli bölmələr səviyyəsində polis və gömrük əməkdaşlığının səmərəli aparılmasına ciddi nəzarət olunur.
Azərbaycan nümayəndə heyəti Lyublyana Polis Akademiyasında da olmuşdur. Burada Akademiyanın rəhbərliyi ilə görüş keçirilmiş və onlara təhsil ocağının fəaliyyəti haqqında məlumat verilmişdir.
Nümayəndə heyəti Sloveniya Kinoloji Mərkəzinə də baş çəkmiş, burada saxlanılan xidməti itlərə tibbi qulluq və təlim keçmək üçün yaradılan şəraitlə tanış olmuşdur. Xidməti itlərin axtarış vərdişləri əyani olaraq nümayiş etdirilmişdir.
Sonra nümayəndə heyəti Maglern Beynəlxalq Polis Əməkdaşlığı Mərkəzində olmuşdur. Burada bildirilmişdir ki, qonşu dövlətlərin polis xidmətləri üç mərhələdə - hökumət, regional və yerli səviyyədə əməkdaşlıq edirlər. Bu cür əməkdaşlığın hüquqi-normativ bazasını hökumətlərarası müvafiq saziş təşkil edir və əsas məqsəd transsərhəd cinayətlər və qanunsuz miqrasiyanın qarşısının alınmasıdır. Belə əməkdaşlığın əsas vəzifələrinə isə cinayətlərin qarşısının alınması və aradan qaldırılması üçün məlumat mübadiləsini həyata keçirmək və s. daxildir.
Qonaqlar Lyublyana şəhərinin Brnik Hava Limanında hava limanı polisi və gömrük bölmələrində görüş keçirmişlər. Hava limanında sərhəd polisi və gömrük xidməti arasında əməkdaşlıq "Gömrük xidməti və polis arasında qarşılıqlı əməkdaşlıq Saziş"i əsasında həyata keçirilir və bura - sərhəd nəzarətinin effektiv həyata keçirilməsi, hər iki xidmətin səlahiyyətlərinə aid olan cinayət hərəkətlərinin müəyyən edilməsi və qarşısının alınması (fırıldaqçılıq, sənədlərin saxtalaşdırılması, insan alveri, silah və partlayıcı maddələr, kütləvi qırğın silahları, təhlükəli tullantılar, qaçaqmalçılıq, dövlət sərhədindən qanunsuz keçid, narkotik vasitələrin aşkarlanması, korrupsiya və s.) kimi birgə fəaliyyət aiddir. Nümayəndə heyəti polis və gömrük xidmətinin fəaliyyətinə dair bir sıra statistik göstəricilərlə, eləcə də gömrük xidmətinin gömrük nəzarət zonasındakı iş yerləri ilə tanış olmuşdur.
Nümayəndə heyəti Obrezje Sərhəd Keçid Məntəqəsinə, Koper limanına səfərdən sonra sərhədi qeyri-leqal şəkildə keçən xarici vətəndaşlar üçün nəzərdə tutulan mərkəzin fəaliyyəti ilə tanış olmuşdur.
Səfər çərçivəsində DGK sədrinin müavini Rza Həsənəliyev və Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Emil Həsənov Böyük Vətən müharibəsinin iştirakçıları olan yerli veteranlarla birgə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında