Şriftin ölçüsü:
25.12.2010 03:08 | Oxunma sayı: 447
Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat institutlarının birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvi, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Kamal Abdullanın 60 illik yubileyi qeyd edilmişdir.
Tədbirdə akademiklər Ağamusa Axundov və Bəkir Nəbiyev K.Abdullanın elmi və bədii yaradıcılığı ilə bağlı fikirlərini söyləmiş, onun alim və yazıçı kimi ədəbiyyatımızın tədqiqi, təbliği istiqamətində gördüyü əvəzsiz işlərdən danışmışlar.
Mərasimdə professorlar Məsud Mahmudov "Kamal Abdullanın dilçilik baxışları" və Məhərrəm Qasımlı "Görkəmli yazıçı-ədəbiyyatşünas" mövzularında məruzələrlə çıxış etmişlər.
Bildirilmişdir ki, 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya göz açmış Kamal Abdullanın atası müəllim, anası isə həkim olmuşdur. 190 nömrəli orta məktəbi bitirən K.Abdulla 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil almışdır.
Keçmiş SSRİ-nin dilçilik institutunun türk dilləri şöbəsinin əyani aspirantı olan Kamal Abdulla 1977-ci ildə Moskvada "Sintaktik paralellizm ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, müxtəlif illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.
Gənc alimin Azərbaycan Televiziyasında 1983-cü ildən başlayaraq müəllifi və aparıcısı olduğu "Azərbaycan dili", "Qoşma", "Dəfinə" kimi aylıq ədəbi-bədii, elmi-publisistik verilişləri ona geniş tamaşaçı sevgisi qazandırmışdır.
Gərgin elmi axtarışlarla məşğul olan alim 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur.
Bildirilmişdir ki, 2000-ci ildən Bakı Slavyan Universitetinin rektoru kimi fəaliyyət göstərən alim gənc kadrların yetişdirilməsi, püxtələşməsi istiqamətində də əsl vətənpərvər kimi bilik və bacarığını əsirgəməmişdir.
Məruzəçilər Kamal Abdullanın ədəbiyyat və dilçilik üzrə tanınmış mütəxəssis olduğunu, onun türk xalqlarının qədim epik ədəbiyyatı sahəsində dəyərli araşdırmalar apardığını diqqətə çatdırmışlar.
Qeyd edilmişdir ki, 100-dən çox məqalə və 30-dan çox kitab müəllifi olan Kamal Abdulla 2007-ci ildə Rusiya Federasiyasının Prezidenti tərəfindən "Puşkin" medalı ilə, 2009-cu ildə isə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunmuşdur. Onun haqqında Azərbaycanda, Rusiyada, Fransada, Türkiyədə elmi və gündəlik mətbuatda onlarca məqalə çap edilmiş və əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.
Vurğulanmışdır ki, istər elmi, istərsə də bədii əsərlərində o, daim öz yeni sözü, obrazı, tapıntısı ilə oxucunun görüşünə gəlmişdir. "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" romanları, "Unutmağa kimsə yox", "Ruh", "Bir, iki, bizimki" pyesləri və çoxsaylı hekayələri öz orijinallığı, yeni üslubu ilə daim diqqəti cəlb etmişdir.
Kamal Abdullanın "Yarımçıq əlyazma" əsəri ədəbiyyat tariximizdə ilk dəfə olaraq məşhur əcnəbi ədib tərəfindən Nobel mükafatına təqdim olunaraq namizədlərin rəsmi siyahısına düşmüşdür.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov və başqaları yubilyar haqqında xoş sözlər demiş, ona uğurlar arzulamışlar.
Tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirən Kamal Abdulla bundan sonra da Azərbaycan dilinin tədqiqi, ədəbiyyatımızın inkişafı istiqamətində inamla yazıb-yaradacağını və gənc kadrların yetişdirilməsi istiqamətində səylə çalışacağını söyləmişdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.