Şriftin ölçüsü:
25.12.2010 08:50 | Oxunma sayı: 524
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyindən verilən məlumata görə, ölkənin aparıcı ingilisdilli "States Times", "Daily Herald Tribune" və "Daily İttehad" qəzetlərində Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən "Azərbaycan Prezidentinin siyasi portreti" adlı geniş məqalələr dərc olunmuşdur.
Məqalələrdə Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olduğu bildirilərək, dövlətimizin başçısının həm müstəqil Azərbaycanın, həm də dünya azərbaycanlılarının lideri və bütün dünya ölkələri tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimi olduğu vurğulanmışdır. Yazılarda İlham Əliyevin beynəlxalq ictimaiyyətdə böyük hörmətə və nüfuza malik olduğu, siyasi portretinin bütün dünyada tanındığı qeyd edilmiş, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı olduğu vurğulanmışdır. Müəllifi ümummilli lider Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində İlham Əliyevin fəal iştirak etdiyi qeyd edilərək, Azərbaycana investisiya axınında mühüm rol oynadığı xüsusilə vurğulanmışdır. Məqalələrdə dövlətimizin başçısının iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə bağlı müqavilənin imzalanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycanın dünyaya inteqrasiyasında mühüm xidmətləri olduğu bildirilmişdir. Prezident İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində Azərbaycanın neft sektorunda 30 mindən artıq yeni iş yerinin açıldığı diqqətə çatdırılmışdır. Məqalələrdə İlham Əliyevin ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak etdiyi ifadə olunaraq, partiya fəaliyyəti haqqında da geniş məlumat verilmişdir. İlham Əliyevin Milli Məclisin deputatı olduğu dövrə də toxunulan məqalələrdə, onun geniş və çoxşaxəli fəaliyyət göstərdiyi və daim xalqla birgə olduğu bildirilmişdir. Onun Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri və Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərdiyi vurğulanmış, AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışlarının Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərdiyi ifadə edilmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarlarının Avropa Şurasında ifşa olunduğu, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə dünyada obyektiv rəy formalaşdığı qeyd olunmuşdur. Bunlarla yanaşı, Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin tranzit məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin böyük xidmətləri olduğu vurğulanmışdır. Məqalələrdə onun ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirdiyi ifadə edilmişdir. Prezident İlham Əliyevin sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün sahələrdə uğurla müdafiə edərək, ölkənin beynəlxalq və regional problemlərin həllində də rolunun və nüfuzunun artırdığı nəzərə çarpdırılmışdır. Məqalələrdə dövlətimizin başçısının bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görüldüyü və AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunduğu bildirilmişdir. Qəzetlərdə İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyi xüsusilə vurğulanmışdır.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.