Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasını hazırda onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlət başçımızın rəhbərliyilə həyata keçirilən islahatlar Azərbaycanın qüdrətini artırmaqla yanaşı, dünya miqyasında onun mövqelərinin daha da möhkəmlənməsinə, beynəlxalq hüququn güclü müstəqil subyektlərindən birinə çevrilməsinə müsbət təsir göstərir. Azərbaycanın sürətli iqtisadi tərəqqisində mühüm rol oynayan amillərdən biri, şübhəsiz ki, inkişafın hər bir rayon və şəhəri əhatə etməsi, qeyri-neft sektorunun getdikcə canlanması, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, infrastrukturun yeniləşdirilməsidir.
Sosial-iqtisadi inkişaf ölkənin rayonları ilə yanaşı, paytaxtda, onun ətraf kənd və qəsəbələrində də aydın nəzərə çarpır. Belə ki, son illər Bakıətrafı yaşayış məntəqələrinin infrastrukturu əhəmiyyətli dərəcədə yeniləşdirilmiş, əhalinin qaz, elektrik enerjisi, su və istilik təminatı yaxşılaşdırılmış, yeni yollar salınmış, tikinti-quruculuq işləri geniş vüsət almış, minlərlə iş yeri açılmışdır. Etiraf olunmalıdır ki, uğurların əldə edilməsində "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı" da mühüm önəm daşımışdır.
Sözügedən direktiv sənəd, eyni zamanda, dövlət başçımızın sosial-iqtisadi inkişafa kompleks şəkildə yanaşdığını, regionlarla bərabər, paytaxt ətrafı yaşayış məntəqələrinin də tərəqqisinə xüsusi diqqət yetirdiyini göstərir.
Azərbaycanda həyatın bütün sahələrində müşahidə edilən inkişaf, tərəqqi Bakının Suraxanı rayonunda da aydın nəzərə çarpır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sosial-iqtisadi inkişaf proqramlarından, mühüm fərman və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər rayonda əsaslı yüksəlişə möhkəm zəmin yaratmışdır. Elə son günlərini yaşadığımız 2010-cu ildə rayon üzrə görülən genişmiqyaslı abadlıq-quruculuq işləri də bu qənaətə gəlməyə əsas verir. Həmin işlərin bir qisminə diqqət yetirək. Bülbülə gölünün səviyyəsinin aşağı salınması üçün 4,2 min metr uzunluğunda kanalizasiya şəbəkəsi qurulmuş, "Dədə Qorqud" və Yeni Günəşli "V" yaşayış sahələrinin yaxınlığında su anbarları kompleksinin tikintisi, anbarlara su xətlərinin çəkilməsi işləri davam etdirilmiş, 110 saylı su anbarından Hövsan qəsəbəsinə birbaşa 14 kilometr uzunluğunda su xətti çəkilmiş, qəsəbənin su təchizatı qismən yaxşılaşdırılmışdır.
Bülbülə qəsəbəsinin İlqar Məmmədov küçəsində 850 metr uzunluğunda yeni kanalizasiya xətti çəkilmiş, həmin ərazidə yerləşən fekal nasosxana ləğv edilmiş, ətrafda yerləşən yaşayış evləri və sənaye müəssisələri üçün dayanıqlı kanalizasiya şəbəkəsi yaradılmışdır. Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində 500 metr, Əmircan qəsəbəsinin, Zeynal Zeynalov küçəsində 500 metr, Qasımbəy Zakir küçəsində 200 metr, Atamoğlan Rzayev küçəsində isə 80 metr uzunluğunda kanalızasiya xətti çəkilmişdir.
Əmircan qəsəbəsindəki 114 saylı məktəbin həyətində yeni modul tipli istilik qazanxanası tikilmiş, məktəbin daxili istilik sistemi yenidən qurulmuş, Hövsan qəsəbəsindəki 126 saylı və Yeni Günəşli "Q" yaşayış sahəsində yerləşən 280 saylı uşaq bağçalarının daxili istilik sistemləri əsaslı təmir olunmuşdur.
Heydər Əliyev prospektinin və Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun Suraxanı rayonunun ərazisindən keçən hissələrinin kənarlarının abadlaşdırılması, yolun hər iki tərəfində dekorativ səsqoruyucu divarların tikilməsi, yaşıllıq guşələrinin və parkların salınması işləri davam etdirilmişdir.
Əmircan qəsəbəsi, 10-cu dairənin ətrafındakı qeyri-yaşayış obyektlərinin 710 kvadratmetrlik dam örtüyü dəyişdirmiş, 410 kvadratmetrlik sahə fasad alkopanla üzlənmiş, Yeni Günəşli yaşayış sahəsində mərkəzi yolun kənarlarının abadlaşdırılması işləri davam etdirilmiş, qeyri-yaşayış obyektlərində 3200 kvadratmetr sahədə divarlar emulsiya ilə, 530 kvadratmetr sahədə isə fasadlar alkopanla üzlənmişdir.
Qaraçuxur qəsəbəsində "Vətən şəhidləri unudulmur" xatirə kompleksinin yerləşdiyi ərazi və Əmircan qəsəbə nümayəndəliyinin qarşısındakı park yenidən qurulmuş sahəsi 36 kvadratmetr olan "Veteranlar guşəsi" tikilmiş, Hövsan qəsəbəsinin Hafiz Quliyev küçəsində 23 saylı binanın qarşısında əkiz qardaşlar Samir və Seymur Nuriyevlərin "Şəhid xatirə bulağı" əsaslı təmir olunmuş Qaraçuxur qəsəbəsində "Şəhid-xatirə" kompleksi tikilmişdir. Ümumiyyətlə, rayon ərazisində 10 məhəllədaxili həyət abadlaşdırılmış, 1 idman meydançası, 1 yeni park salınmış, 1 mərasim binası tikilmişdir.
"Atəşgah məbədi" dövlət tarix-memarlıq qoruğunun yenidənqurulması, Heydər Əliyev prospektini "Atəşgah" məbədi ilə birləşdirən S.Bəhlulzadə küçəsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin dam örtüklərinin dəyişdirilməsi, fasadlarının təmir olunaraq rənglənməsi işləri davam etdirilmişdir.
Zığ qəsəbəsi, "Bahar bağları" yaşayış sahəsində ATS binası tikilmiş, süd emalı zavodunun tikintisi isə başa çatmaq üzrədir.
Rayonun küçə və yollarında cari təmir işləri davam etdirilmiş, yollara və məhəllədaxili ərazilərə 170 min kvadratmetr asfalt salınmışdır.
Yeri gəlmişkən, burada bir məqama da diqqət yetirmək istərdik. Suraxanıda aparılan hər bir abadlıq-quruculuq və yenidənqurma tədbiri son nəticədə paytaxtımızın simasının daha da gözəlləşməsinə, yeniləşməsinə səbəb olur. Məhz buna görə də rayonda həyata keçirilən bu qəbildən olan tədbirlərə xüsusi diqqət və həssaslıqla yanaşılır, bütün işlər yüksək keyfiyyətlə görülür. Paytaxtın mərkəzi aidiyyatı qurumları tərəfindən rayon ərazisində həyata keçirilmiş müxtəlif infrastruktur layihələri ilə yanaşı, daxili imkanlar hesabına da burada lazımi abadlıq-quruculuq işləri aparılmışdır. Xüsusən də 2010-cu ildə bu sahədə böyük canlanma müşahidə olunmuşdur.
Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyevin bütün icra strukturlarının qarşısına qoyduğu mühüm vəzifələrdən biri də abadlıq-quruculuq işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlıdır. Məhz bu amil rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun yanında keçirilən şura iclaslarında geniş müzakirə olunur, abadlıq-quruculuq işlərinin keyfiyyətlə aparılmasına diqqət artırılır.
Abadlıq-quruculuq işlərindən danışarkən ulu öndərimizin adını daşıyan parkın ən gözəl guşəsində orijinal layihə əsasında inşa edilmiş üçmərtəbəli Heydər Əliyev Mərkəzi barədə də qısaca bəhs etmək istərdik. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan bu mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.
Mərkəzin birinci mərtəbəsində ulu öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillər yerləşdirilmişdir. Burada eyni zamanda mültimedia və rəsm studiyaları, elektron kitabxana fəaliyyət göstərir. İkinci mərtəbədəki geniş sərgi salonunda əməkdar rəssam Rəfael Abbasovun 2008-ci ildə yağlı boya ilə yaratdığı "Ulu öndər" əsəri ilə yanaşı, ümummilli liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzi ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədilə məşğələlər keçirilməsi üçün üç elektron auditoriya yaradılmışdır. Üçüncü mərtəbədə "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron sərgi nümayiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş konfrans zalı - lektoriya fəaliyyət göstərir.
Mərkəzdə toplanmış materiallar həyatının mənasını xalqına və Vətəninə xidmətdə görən ulu öndərin zəngin və çoxşaxəli fəaliyyəti, ümumən Azərbaycan tarixinin bütöv bir qərinəsi barədə dolğun təsəvvür yaradır.
Suraxanıda rayon sakinlərinin və qonaqların ən sevimli istirahət guşələrindən biri də ulu öndərin adını daşıyan yeni mədəniyyət və istirahət parkıdır. Əmircan qəsəbəsinə xüsusi yaraşıq verən bu parkda 15 min müxtəlif ağac və gül kolları əkilmiş, bütün ərazi yaşıl çəmənlə örtülmüş, əyləncə, ən müasir tələblərə cavab verən idman qurğuları, kölgəliklər quraşdırılmış, uşaq meydançası və qumluq sahə düzəldilmişdir. Parkda müxtəlif formalı 100-ə qədər oturacaq, ən müasir işıqlandırma sistemi quraşdırılmış, musiqili fəvvarələr və "Su teatrı" yaradılmışdır. Fəvvarələrin ətrafında amfiteatrı olan meydanda kütləvi tədbirlər keçirilməsi üçün hər cür şərait vardır.
Parkda diqqət çəkən ən mühüm cəhətlərdən biri hündürlüyü 26 metr olan bayraq qülləsidir. Bu qüllədə Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. "Bayraq meydanı" adlanan bu guşədə "Günəş saatı" da vardır. Gənc heykəltaraşların əl işlərindən ibarət heykəltaraşlıq guşəsi isə parka xüsusi yaraşıq verir.
Bu ilin ötən aylarında ayrı-ayrı xidmət sahələri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. Bunu əhalinin istilik, elektrik enerjisi, qaz və içməli su ilə təminatı sahəsində görülmüş işlər də sübut edir. Belə ki, il ərzində istilik sistemləri istismar sahəsi tərəfindən müxtəlif diametrli borular dəyişdirilmiş və korroziyaya qarşı izolyasiya qatı çəkilmiş, köhnə istilik xətləri təmir olunmuşdur. Bundan əlavə, köhnə siyirtmələr dəyişdirilmiş və ya təmir edilmiş, nasos mühərrikləri və qazanlar işlək vəziyyətə gətirilmişdir. Eyni zamanda, yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərində təmir işləri aparılmışdır.
Qəsəbələrdə qəza vəziyyətində olan qaz, elektrik və su xətlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilməsi davam etdirilmiş, 165 min metr qaz xətti çəkilmiş, 720 ədəd qaz sayğacı həyətdən kənara çıxarılmış, "Bakıelektrikşəbəkə" ASC-nin investisiya proqramına uyğun 0,4 kilovoltluq şəbəkənin yenidən qurulması işləri həyata keçirilmişdir. Bundan başqa, 17 ədəd 630 kva və 1 ədəd 1000 kva Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 28329 metr elektrik kabeli çəkilmiş, 1528 ədəd SİP elektrik dirəyi basdırılmışdır.
Rayonda "Ekologiya ili" çərçivəsində də xeyli iş görülmüşdür. Ayrı-ayrı idarə və müəssisələrin iştirakı ilə qəsəbələrdə 31,4 min, o cümlədən Heydər Əliyev prospektinin sağ tərəfindəki ərazidən köçürülmüş "Binə" ticarət mərkəzinin yerində 18 min müxtəlif növ ağac əkilmişdir.Bu ilin noyabr ayından başlayaraq rayon ərazisində ağac əkini davam etdirilir.
Cari ilin may ayında Kür və Araz çaylarının daşması ilə əlaqədar fəlakət zonasına rayon icra hakimiyyəti tərəfindən beton və iri daşla doldurulmuş 150 yük maşını göndərilmiş, rayon profilaktik dezinfeksiya şöbəsi Sabirabad rayonunun su altında qalmış 4 kəndində 2 milyon kvadratmetr ərazini yoluxucu xəstəliklərə qarşı dezinfeksiya etmişdir.
Hər il olduğu kimi, əlamətdar tarixi günlər, rəsmi dövlət bayramları ilə əlaqədar təsdiq edilmiş plana uyğun olaraq rayonda ictimai-siyasi və mədəni-kütləvi tədbirlər keçirilmiş, elmi-praktiki konfranslar və dəyirmi masalar təşkil olunmuşdur.
Ölkə rəhbərinin tövsiyəsini rəhbər tutan Suraxanı Rayon İcra Hakimiyyəti rayon əhalisinin dispanserizasiyasını keçirmək üçün Səhiyyə Nazirliyinə etdiyi müraciət müsbət qarşılanmışdır. Ötən ilin sonlarından başlayaraq rayon icra hakimiyyətinin və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Suraxanı rayonunun 210 minlik əhalisinin tibbi müayinəsinə start verilmişdir. Bu işə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin aparıcı mütəxəsisləri də cəlb olunmuşdur.Əhalinin dispanserizasiyası üçün rayon üzrə dörd tibb müəssisəsi müəyyənləşdirilmişdir: Bülbülə qəsəbəsində 24 saylı, Hövsan qəsəbəsində 23 saylı, Yeni Günəşli yaşayış sahəsində 31 saylı şəhər poliklinikaları və Qaraçuxur qəsəbəsində 10 saylı tibbi sanitar hissə. Rayon sakinləri bu tibb ocaqlarında terapevt, nevropotoloq, okulist, lor, cərrah, dermatoloq, allerqoloq, ginekoloq, endokrinoloq tərəfindən müayinə olunmuş, lyuqrafik, EKO, USM, laborator müayinələrdən keçmişlər.
Ölkəmizdə dövrün, zamanın tələblərinə görə, müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və fənn kurikulumlarının yaranması və s. kimi təhsil tariximizdə yadda qalacaq mühüm uğurlar əldə edilmişdir. Son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Məhz fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son illərdə 226 yeni məktəb tikilmiş, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir olunmuşdur.
Azərbaycanın təhsil sistemində özünü biruzə verən davamlı inkişaf, nəzərə çarpan uğurlar Suraxanı rayonunun timsalında özünü aydın göstərir. Bununla əlaqədar bir neçə fakta diqqət yetirək. Ötən tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin yekunlarına əsasən rayon ərazisində yerləşən 114 saylı orta ümumtəhsil məktəbi qalib adını qazanmışdır. "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında isə 3 müəllim - 285 saylı məktəbin müəllimləri İlhamə Abdullayeva, Yeganə Qiyasi və 290 saylı məktəbin müəllimi Ruhəngiz Məmmədova yer almışlar. Xarici dillər təmayüllü gimnaziyanın direktoru Məmmədəli Abbasova isə "Əməkdar müəllim" fəxri adı verilmişdir.
Ötən tədris ilində rayonun məktəblərini 2185 şagird bitirmiş, onlardan 870 nəfəri tələbə adını qazanmışdır. Abituriyentlərdən 53 nəfəri 600-dən yuxarı, 6 nəfəri isə 650-dən çox bal toplamış, hər biri 690 bal toplayan 275 saylı məktəbin məzunu Səbuhi Əlihəsənli və 282 saylı məktəbin məzunu Nizami Əliyev Prezident təqaüdçüsü adına layiq görülmüşlər.
Rayon Məşğulluq Mərkəzinə ötən dövr ərzində 1200 nəfər müraciət etmiş, onlardan 881 nəfəri işaxtaran kimi qeydiyyata götürülmüş, 286 vətəndaş işlə təmin olunmuşdur. Eyni zamanda, 37 nəfərə işsizlik müavinəti müəyyənləşdirilmiş, 53 nəfər isə peşə hazırlığına cəlb edilmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ötən aylar ərzində 418 yeni sosial müavinət və 1449 doğulmuş uşağa birdəfəlik müavinət təyin edilmiş, 2,98 milyon manat məbləğində sosial müavinət ödənilmişdir. Bundan başqa, sosial-məişət xidməti sektorunda 297 nəfər tənha ahıl və əlil vətəndaşlara evlərində sosial-məişət xidməti göstərilmiş, 17 nəfər putyovka ilə təmin edilmiş, 7 nəfər internat evinə və pansionata göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 26536 təqaüdçüyə 33,7 milyon manat vəsait ödənilmişdir.
Rayon icra hakimiyyətində daxili idarəetmənin, işlərin planlaşdırılmasının və icraya nəzarət mexanizmlərininin təkmilləşdirilməsi kimi yeni yanaşma formalarının və müasir iş üslub və metodlarının tətbiqi davam etdirilmiş, Mərkəzləşdirilmiş İnformasiya Təminatı Sistemi və "Elektron icraçı" proqramı daha da təkmilləşdirilmişdir.
Ötən dövr ərzində rayon icra hakimiyyəti başçısı tərəfindən 1069 nəfər vətəndaş qəbul edilmişdir. Rayon icra hakimiyyətinin iş planına əsasən 11 ay ərzində 1995 nəfər sakinin iştirak etdiyi 32 səyyar görüş keçirilmiş, qaldırılan məsələlərin həlli yolları birgə müzakirə edilərək aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Dövlət proqramlarının, fərman, sərəncam və qərarların icrası ilə əlaqədar görülmüş və görüləcək işlər, mövcud problemlər və onların həlli yolları barədə sakinlərə ətraflı məlumat verilməsi üçün kütləvi informasiya vasitələrindən, televiziya kanallarından, rayon ərazisində quraşdırılmış məlumat lövhələri, stendlər, müasir informasiya köşklərindən geniş istifadə edilir, rayon icra hakimiyyətinin internet saytında operativ şəkildə xəbər və məlumatlar yerləşdirilir. Xatırladaq ki, bu günə kimi 160 mindən artıq internet istifadəçisi rayonun saytı ilə tanış olmuşdur.
YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu Azərbaycan xalqının düşüncə sistemində əlahiddə yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə istinad etmiş, cəmiyyətin mənəvi saflaşmasına hesablanmış addımları ilə insanların dərin rəğbətini qazanmışdır. Fond ötən illərdə milli mədəniyyətin dünya miqyasında qorunması, təbliği, nəcib mənəvi dəyərlərin ictimai şüurda möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, elm, təhsil, səhiyyə sahəsində problemlərin həlli məqsədinə xidmət edən çoxsaylı layihələr hazırlayaraq uğurla həyata keçirmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə rayonda yerləşən 2 saylı uşaq evi üçün müasir tələblərə cavab verən yeməkxana tikilmiş və avadanlıqla təchiz olunmuşdur.104 saylı orta ümumtəhsil məktəbi üçün əlavə tədris korpusu inşa edilmişdir.Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Yeni Günəşli yaşayış sahəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi tikilmişdir.
Göründüyü kimi, 2010-cu il ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı çox mühüm tədbirlər həyata keçirilmiş və heç şübhəsiz, bütün görülmüş işləri bir yazıda tam əhatə etmək imkan xaricindədir. Bununla belə, həyat dəyişir, cəmiyyət yeniləşir, tələbat artır. Bu da qarşıya yeni-yeni vəzifələr qoyur. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun belə bir fikri ilə yazıya nöqtə qoymaq qərarına gəldik. O dedi: - Suraxanı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin sosial-iqtisadi strategiyasının uğurla yerinə yetirilməsi üçün imkanlar bundan sonra da səfərbər ediləcək, rayon sakinlərinin getdikcə artan sosial və mənəvi tələbatının ödənilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir...
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.