Qazaxın qış qayğıları

Qazax ilin bütün fəsillərində gözəldir, füsunkardır. Özü də son 6-7 ildə bu cazibə adamı özünə daha çox cəlb edir. Çünki gəzməyə, baxmağa, getməyə o qədər yerlər yaradılıb ki, sadalamaqla qurtaran deyil. Bəli, səhv etmədik, məhz yaradılıb. Qəzetimizin səhifələrində vaxtaşırı olaraq bu işlər haqqında məlumat vermişik. Qeyd etmişik ki, Qazaxda təməli qoyulan kiçik bulağın belə zövqlə, milli üslubda, ornamentli inşası üçün əvvəlcədən hazırlıq görülür, rayon icra hakimiyyətində yaradılmış komissiya tərəfindən baxılır, dönə-dönə müzakirə olunur, rəy verilir. Bu illərdə məhz belə işlərin gedişində o qədər mütəxəssis yetişib ki, hətta onları bəzən başqa şəhər və rayonlara da dəvət edir, məsləhət alırlar.
Bu yaxınlarda "Sınıq körpü" nəzarət-keçid məntəqəsinə getmişdik. Məntəqədə giriş yolun böyük bir hissəsini rayonun daxili imkanları hesabına yerli inşaatçılar və layihəçilər qurublar. Tayı-bərabəri yoxdur. Müxtəlif qala divarları, şəbəkələr, qazonlar valehedicidir. Qazaxa daxil olan hər bir qonaq elə ilk andan gözəlliklə, özünəməxsusluqla qarşılaşır və artıq hiss edir ki, bura Azərbaycandır. Ölkə Prezidenti İlham Əliyev hələ bir neçə il qabaq Qazaxda olarkən tapşırmışdı ki, elə etmək lazımdır ki, Azərbaycan sərhədini keçən hər bir qonaq qədim bir torpağa qədəm qoyduğunu duysun.
Sərkərdələr, şairlər, yazıçılar, böyük sənətkarlar yetişdirən Qazaxın bu günü indi məhz belədir. İndiyədək dediklərimizi təkrarlamaq niyyətində deyilik və konkret mövzuya keçirik. Qazax qışa necə hazırlaşıb? Problemlər hansılardır? Rayonun müvafiq qurumları, əlaqədar nazirlik və şirkətlər nə iş görürlər?
Rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov gileylənən adam deyil. Çalışır ki, problemləri həll olunsun. Qışa hazırlıqla bağlı görülən işlər barədə söhbət edərkən dedi:
- Hər hansı bir mənzildə, sinif otağında və ya xəstəxanada istilik yoxdursa bu, ilk növbədə bizi, yəni rayon icra hakimiyyətini, onun müvafiq strukturlarını narahat etməlidir. Buna görə də hələ isti yay günlərində bu barədə düşünürük, müzakirə edirik, tədbirlər hazırlayırıq. Təbii ki, bu işi yalnız qaz, işıq idarələrinin üzərinə atmaq olmaz. Burada əlbir, birgə işdən söhbət gedir. Hər həftə ayrı-ayrı məsul şəxslərin hesabatlarını dinləyirik, vəziyyəti öyrənirik. Rayon icra hakimiyyətinin xüsusi komissiyası var. Elə gün yoxdur ki, bizə yerlərdən, kəndlərdən məlumat gəlməsin.
İcra hakimiyyətinin başçısı deməsə də bir qədər sonra rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyevlə söhbət edərkən öyrəndik ki, Rauf Hüseynov özü bütün məktəbləri, uşaq bağçalarını bir-bir gəzir, vəziyyətlə tanış olur, yerli strukturların rəhbərlərinə tapşırıqlar verir, əlaqədar nazirlik, şirkət və baş idarələrlə müntəzəm əlaqə saxlayır.
- Dünən Rauf müəllim uşaq bağçalarının əksəriyyətinə baş çəkdi, deyə Ə.Dərgahquliyev bildirir, - çalışırıq ki, vəziyyəti daim nəzarətdə saxlayaq. Rayon rəhbərliyinin bu işə diqqəti bizim məsuliyyətimizi qat-qat artırır. Təhsil şöbəsinin müdiri ilə birlikdə biz də ayrı-ayrı məktəblərə, uşaq bağçalarına, xəstəxanalara, hətta mənzillərə baş çəkdik.
Son illər Qazaxda çoxlu sayda yeni məktəb binaları tikilib, əsaslı təmir olunub. Müasir, işıqlı, səliqəli məktəblər az deyil. Dövlət xətti hesabına tikilmiş Qazax şəhər 3 nömrəli, Ağköynək, Qaymaqlı, Birinci Şıxlı orta məktəbləri, Heydər Əliyev Fondu hesabına inşa olunmuş Hüseynbəyli, Aşağı Salahlı, Dəmirçilər, Fərəhli məktəbləri, eləcə də daxili imkanlar hesabına tikilmiş Quşçu Ayrım, Çaylı, Orta Salahlı, Bala Cəfərli məktəbləri hər cür avadanlıqla təchiz olunmuş, təhsil üçün lazımi şərait yaradılmışdır.
Əsaslı təmir olunan məktəblər də çoxdur. Şəhərdəki 1, 2, 5 nömrəli orta məktəblər, məktəb liseyi, Alpout, Daş Salahlı, İkinci Şıxlı kənd tam orta məktəbi və digər təhsil ocaqları öz görkəmini tamamilə dəyişmişdir. Bəs məktəblərin qızdırılması? Baş çəkdiyimiz məktəblərdə sinif otaqlarının qızdırılması qənaətbəxşdir. O məktəblərin ki, özünün qazanxana sistemi var, orada ciddi problem yoxdur.
Şəhərdəki 3 nömrəli məktəbdə olduq. Sinif otaqları, laboratoriyalar isti idi. Məktəbin direktoru Vüqar Carçiyev dedi ki, şərait olan yerdə təhsilin səviyyəsi də yüksəlir.
Amma Ağköynək məktəbində tamamilə başqa bir mənzərə ilə qarşılaşdıq. Müasir, yaraşıqlı, gözoxşayan məktəb binası duru yanacağın ümidinə qalıb. Halbuki müasir qazanxana tikilib. Lakin son anda məktəb binasının qarşısından keçən qaz xəttinin qazanxanaya çəkilməsi "unudulub". İndi məktəb duru yanacaqla qızdırılır. Bu isə həm baha başa gəlir, həm də istilik o istilik deyil. Məktəbin direktoru Səfurə Rəhimova çox təəssüflənir. Deyir ki, indi müvafiq təşkilatların razılığını almaq müşkül məsələyə çevrilib, əlavə xeyli vəsait tələb olunur. Xəttin birləşdirilməsi, sayğacın alınıb quraşdırılması və sair.
Hazırda Qazaxda məktəblərin əksəriyyəti odun peçi və duru yanacaqla qızdırılır. Təhsil şöbəsindən bildirdilər ki, icra nümayəndəlikləri vəsait keçiriblər və lazımi tədarük görülüb.
Uşaq bağçası - körpələr evlərində də qış aylarında problemlər yaranır. Əvvəla, məktəbəqədər müəssisələrin demək olar ki, hamısı uyğunlaşdırılmış binalarda yerləşir və təbii ki, onların qazanxanaya olan ehtiyacları ödəmək hələlik mümkün deyil. Digər tərəfdən uşaq bağçalarının bir çoxu özəlləşdirilməyə verildiyindən bu iş ləngiyir. Qəribədir ki, rayonda yeganə müasir tipli uşaq bağçası - körpələr evi də özəlləşdirilməyə verilib. Söhbət şəhərdəki 6 saylı uşaq bağçası - körpələr evindən gedir. Təxminən 40 il əvvəl tikilmiş bağçanın 1 hektara yaxın ərazisi var. İkimərtəbəli binada hər cür şərait yaradılıb. Lakin istilik yoxdur. Bağçanın müdiri Şəfiqə Əmiraslanova güc-bəla ilə qızdırdıqları otaqları bizə göstərdi. Qeyd etdi ki, 75 uşaq var və onlardan 15-i körpədir. Özəlləşdirən şəxs isə yoxa çıxıb.
Bir məsələni də qeyd etmək lazımdır ki, qaydaya görə özəlləşdirilməyə çıxarılan uşaq bağçaları bir müddət yalnız təyinatı üzrə fəaliyyət göstərməlidir. İşin uzanması onu göstərir ki, əsas məqsəd bağçanın ərazisini ələ keçirməkdir. Belə olmasaydı bu üç il müddətinə yiyəsi gəlib çıxardı.
...Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qazaxda da uğurla həyata keçirilir. Lakin bəzi nazirlik və şirkətlər 2009-2010-cu illərdə Qazax rayonunda Dövlət Proqramında nəzərdə tutulmuş səhiyyə və təhsil müəssisələrinin istilik təchizatı sisteminin bərpası ilə bağlı heç bir iş görməmişlər. Rayon mərkəzi xəstəxanası, rayonlararası ruhi xəstəxana, doğum evi, uşaq xəstəxanası, şəhər 4 nömrəli tam orta məktəb, Qaratel adına ümumi orta məktəb, xüsusilə şəhər 2 nömrəli körpələr evi - uşaq bağçası, eləcə də 1, 2, 3 və 4 nömrəli uşaq bağçalarında istilik təchizatının bərpasına böyük ehtiyac var. Məhz istiliyin olmaması bir sıra problemlər yaradır, müəssisələrin fəaliyyətinə pis təsir göstərir.
Qazaxda daxili imkanlar hesabına çox iş görülüb. Rayon sakinləri ölkə Prezidenti İlham Əliyevin bu sərhəd rayonuna xüsusi diqqət və qayğı göstərməsini daim qiymətləndirir və minnətdarlıqlarını bildirirlər. Lakin atalar demişkən "tək əldən səs çıxmaz". Gərək hər bir nazirlik, şirkət, birlik, cəmiyyət və digər əlaqədar qurumlar bu işə xüsusi qayğı ilə yanaşsınlar.

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında