Davamlı insan inkişafı kontekstində informasiya təhlükəsizliyi siyasəti
Torpaqlarının iyirmi faizi təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş və hazırda müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu səbəbdən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında informasiya təhlükəsizliyi siyasətinə xüsusi diqqət yetirilmişdir. Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmizin informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsini nəzərdə tutur.
Hazırkı şəraitdə cəmiyyətin bütün sahələrində gedən qloballaşma prosesi davamlı insan inkişafında informasiyanın mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Bu baxımdan hər hansı bir cəmiyyətin informasiyalaşdırılması səviyyəsi davamlı insan inkişafının göstəricilərindən biri kimi çıxış edir. Buna görə də indiki dövrdə qarşıda duran mühüm vəzifələrdən biri cəmiyyətimizin informasiyalaşdırılması və ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
Cəmiyyətin informasiyalaşdırılması dedikdə, informasiya ehtiyatlarından istifadə etməklə hər bir fərdin informasiya tələbatının ödənilməsi, bu sahədə vətəndaşların informasiya almaq hüquqlarının təmin edilməsi və informasiyanın qəbulu, emal edilməsi, ötürülməsi və cəmiyyətdə insanlar üçün normal məlumat imkanlarının yaradılması kimi başa düşülür. Elmi ədəbiyyatın təhlili və müşahidələrimiz göstərir ki, informasiyalaşdırma, nəinki cəmiyyətin, hətta hər bir fərdin ümumi dünyagörüşü səviyyəsinin, onun sosiomədəni inkişaf dərəcəsini, bütövlükdə davamlı insan inkişafının göstəricilərindəndir.
Mütəxəssislər informasiyalaşdırmanı cəmiyyətin inkişaf atributlarından biri hesab edirlər. Çünki, hər hansı bir cəmiyyətdə informasiyanın genişlənməsi, informasiya texnologiyalarının inkişaf etdirilməsi, həmin cəmiyyətdə vətəndaşların dünyagörüşü səviyyəsinin yüksəlməsinə və mənəvi cəhətdən formalaşmasına xidmət edir. Bu baxımdan Azərbaycan cəmiyyətinin informasiyalaşdırılmasının sürətləndirilməsi, bir tərəfdən xalqımızın qabaqcıl dünya sivilizasiyasına qoşulmasına xidmət edir, digər tərəfdən insanların hər birinin fərdi inkişafına, onların dünyagörüşü səviyyəsinin yüksəlməsinə şərait yaradır ki, bütün bunlar da davamlı insan inkişafına müsbət təsir edən göstəricilərdəndir.
İnformasiyalaşmış cəmiyyətdə internet vasitəsilə bütün coğrafi sərhədlər aradan qalxır və bunun əvəzində bütün insanlara xidmət edən vahid informasiya məkanı yaranır. Bu informasiya məkanından istifadə etməkdə hamı bərabər hüquqa malik olur, insanlar internet vasitəsilə ayrı-ayrı xalqlar, ölkələr haqqında müvafiq bilgilər alaraq öz dünyagörüşlərini və bilik dairələrini genişləndirirlər.
İnformasiyalaşdırılmış cəmiyyətin göstəriciləri müxtəlifdir. Mütəxəssislər əhalinin 50 faizdən çoxunun informasiya xidmətindən istifadə edə bilməsini informasiyalaşdırılmış cəmiyyətin əsas göstəricisi hesab edirlər. Azərbaycanda informasiyalaşdırılmış cəmiyyətin formalaşması üçün mühüm işlər görülməkdədir. Lakin bunun üçün hər şeydən əvvəl cəmiyyətdə informasiyalaşdırılma və kompyuterləşdirmə mədəniyyətinin formalaşdırılmasına diqqət yetirilməlidir. Digər tərəfdən qlobal informasiya şəbəkəsinə (İnternetə) qoşulmuş şəxsi kompyuterlərin sayı getdikcə artırılmalı və insanlar informasiya məkanından sərbəst istifadə etmək imkanına malik olmalıdırlar.
Son illərdə respublikamızda informasiya texnologiyalarının inkişafı ilə əlaqədar dövlət səviyyəsində müəyyən işlər görülmüş və bir çox dövlət proqramları hazırlanmışdır. Bunlardan aşağıdakıları misal göstərmək olar:
-"Azərbaycan Respublikasının İnkişafı naminə informasiya və kommunikasiya texnologiyarı üzrə Milli Strategiya (2003-2012)". Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli, 1146 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Həmin strategiyanın həyata keçirilməsi cəmiyyətin informasiya tələblərini, mütərəqqi dünya təcrübəsini nəzərə alaraq Azərbaycanın dünya birliyinə inteqrasiyasına müsbət təsir edəcəkdir;
-Ölkəmizdə davamlı insan inkişafı ilə əlaqədar ulu öndərimiz Heydər Əliyev tərəfindən həyata keçirilən bütün tədbirlərin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev idarəetmədə varislik prinsipinə əməl edərək ölkəmizdə informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirməkdədir. Belə ki, son illərdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üçün dövlət başçısının rəhbərliyi altında təhsil müəssisələrinin kompyuterləşdirilməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən biri Prezidentin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramıdır". Bu proqramın həyata keçirilməsi milli təhlükəsizliyin dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratmaqla yanaşı, respublikamızda informasiyalaşmış cəmiyyətin formalaşması prosesində mühüm əhəmiyyət kəsb edəcəkdir.
Hazırda Azərbaycan Respublikasının informasiya məkanı geniş inkişaf etməkdədir. Həm ölkədaxili, həm də xarici informasiya mənbələri ilə mübadiləni təmin edən yeni informasiya-telekommunikasiya strukturları yaranır, mobil rabitə şəbəkələri, televiziya inkişaf edir, digər informasiya infrastrukturlarının tərkib hissələri genişlənir. Internet şəbəkələrindən istifadə edənlərin sayı günbəgün artır. Azərbaycanda bu gün, demək olar ki, bütün dövlət orqanlarının rəsmi internet səhifələri fəaliyyət göstərir. Bütün bunlar vətəndaşları informasiya əldə etmə və yayma hüquqlarını realizə etmək üçün geniş imkanlar yaradır ki, bu da şəxsiyyət və cəmiyyətin inkişafına, eləcə də, dövlət idarəçiliyi mexanizminin təkmilləşməsinə zəmanət verir.
Digər tərəfdən, dövlət idarəçiliyi sahələrinə informasiya texnologiyalarının intensiv müdaxiləsi, eləcə də açıq informasiya-telekommunikasiya sistemlərindən geniş istifadə və Ermənistanla olan müharibə şəraiti Azərbaycanın informasiya infrastrukturuna qarşı "informasiya silahından" istifadə etmək təhlükəsini artırmışdır. İnformasiya təhlükələri həm obyektiv, həm də subyektiv amillərlə bağlı olur. Obyektiv amillərə təbii fəlakətlərin, ekoloji və ya texnogen qəzaların fəsadları aiddir. Subyektiv amillərə isə, daha çox informasiya mübadiləsi iştirakçılarının qərəzli və ya qeyri-qərəzli hərəkətləri nəticəsində yaranan təhlükələri aid etmək olar.
İnformasiya təhlükələri əsasən ölkələr arasında yaranan informasiya müharibəsi nəticəsində meydana gəlir və reallaşır. İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfi səhv addım atmağa sövq edərək siyasi, hərbi, iqtisadi, psixoloji, sosioloji və s.sahələrdə qələbə qazanmaqdır. Mübarizə aparan tərəflər öz istəklərini həyata keçirmək məqsədi ilə biri digərinin informasiya və intellektual sahələrinə təsir göstərə biləcək hər vasitədən istifadə edir.
Terminoloji cəhətdən "informasiya müharibəsi" (yaxud "informasiya mübarizəsi") anlayışı son zamanlar informasiya resurslarının, informasiya və telekommunikasiya texnologiyalarının, elektron kütləvi informasiya vasitələrinin (KİV-lərin) sürətli inkişafı ilə əlaqədar geniş istifadə olunmağa başlamışdır. İnformasiya müharibəsində mühüm rol oynayan bu vasitələr indiki dövrdə cəmiyyətin qeyri-texniki, hərbi, siyasi, iqtisadi, sosial və mənəvi sahələrində müəyyən nailiyyətlər əldə olunması üçün səmərəli vasitələr sayılır. İlk dəfə informasiya müharibəsi anlayışından ABŞ və Yaponiyada istifadə olunmağa başlamışdır. Belə ki, ilk dəfə bu ölkələr onların informasiya sistemlərinə müdaxilələr nəticəsində yaranan böyük problemləri hiss etmiş və buna qarşı tədbirlər görməyə başlamışlar. Məhz bundan sonra informasiya proseslərinə təsir göstərən məqsədyönlü şəkildə aktiv metod və vasitələr inkişaf etməyə başlamış, digər dövlətlərin informasiya məkanına müdaxilə halları isə kütləvi xarakter almışdır.
İnformasiya müharibəsinin xarakterik xüsusiyyətlərindən biri də mübarizə aparan tərəflərin bütün fəaliyyətlərini planlaşdırmaqdan ibarətdir. İnformasiya müharibəsinin gedişində tərəflər taktiki, operativ və strateji məsələlərə müdaxilə edə bilirlər. İnformasiya müharibəsi öz xarakter xüsusiyyətlərinə görə psixoloji müharibəyə daha çox yaxındır. Belə ki, informasiya müharibəsində əsas zərbə obyektləri informasiya sistemləri, dövlət və cəmiyyətin informasiya və intellektual ehtiyatları, eyni zamanda insan psixikasıdır.
İnformasiya müharibəsinin əsas məqsədi qarşı tərəfi səhv addım atmağa sövq edərək siyasi, hərbi, iqtisadi, psixoloji və sosioloji sahələrdə qələbə qazanmaq, rəqibdən üstün olmaqdır. Öz istəklərini həyata keçirmək məqsədi ilə mübarizə aparan tərəflər bir birinin informasiya və intellektual sahələrinə təsir göstərə biləcək hər vasitələrdən istifadə edirlər. Burada informasiya müharibəsinin üç əsas məqsədini qeyd etmək olar:
1. İnformasiya məkanına nəzarət edərək ondan səmərəli istifadə etmək və eyni zamanda öz informasiya funksiyalarımızı qarşı tərəfin addımlarından müdafiə etmək (kontrinformasiya);
2. informasiya məkanını nəzarətdə saxlayaraq rəqibə qarşı informasiya hücumlarından istifadə etmək;
3. hər bir şəraitdə olan informasiya funksiyalarından istifadə edərək hərbi güvvələrin ümumi effektliyini yüksəltmək.
Qeyd edək ki, informasiya müharibəsi açıq (aydın şəkildə) və gizli xarakter daşıyır. İnformasiya müharibəsi prosesləri, bir qayda olaraq, "adi müharibə" şəraitində açıq, aqressiv xarakter alır və müharibənin məqsədinin gizli saxlanılmasına xidmət edir. Dinc dövrdə informasiyanın təsiri, adətən, uzunmüddətli olur və informasiyaların qarşıdurmasında gizli xarakter daşıyır.
İnformasiya müharibəsinin aparılmasının müxtəlif metod və üsulları mövcuddur. Bunlar adi reklamdan tutmuş, ən çətin riyazi proqram-vasitələrin hazırlanmasına kimi bir çox metodları əhatə edir. İnfromasiya təsirinin metod və üsullarının seçilməsi konkret məqsəd, təsir obyektinin xarakteri, əlaqə dərəcəsi və müdafiə üsulları ilə müəyyən olunur. İnformasiya müharibəsinin tərkib hissəsinə aşağıdakılar daxildir: psixoloji əməliyyat, elektron müharibəsi, əks-təbliğat və dezinformasiya üzrə əməliyyat, təhlükəsizliyin təmin edilməsi və əks-təsir üzrə tədbirlər, birbaşa informasiya hücumları, informasiya ehtiyatı elementlərinə fiziki təsir və s.
İnformasiya müharibəsində istifadə edilən əməliyyatların səmərəliliyi qarşı tərəfin mümkün informasiya hücumlarının zəiflədilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsində, daha doğrusu informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən təşkilati-texniki tədbirlərin məzmun və keyfiyyətindən asılıdır. İnformasiya mübarizəsinin nəticələri tərəflər üçün müxtəlif ola bilər. Məsələn, informasiya müharibəsi şəraitində olan ölkələrdən biri digəri üzərində siyasi, iqtisadi, maliyyə, hərbi və s.sahələrdə üstünlük əldə edib faydalana bilir. İnformasiya müharibəsi aparan ölkələr biri digəri üzərində əsasən aşağıdakı istiqamətlərdə uğur qazana bilərlər:
-ictimai şüurun transformasiyası sahəsində;
-siyasi-iqtisadi və s.aksiyaların informasiya təminatı sahəsində;
-şəxsiyyət, cəmiyyət və dövlətin informasiya təhlükəsizliyinin pozulması sahəsində;
-dövlətin maliyyə və kommunikasiya şəbəkəsinin və informasiya sistemlərinin fəaliyyətinin pozulması sahəsində və s.
Qloballaşma dövründə dünya informasiya məkanında gedən prosesləri nəzərə alaraq respublikamızda informasiya təhlükəsizliyi siyasətinin aşağıdakı prioritetlərinə diqqət yetirilməlidir:
-Respublikamızda yeni informasiya texnologiyalarının inkişafının sürətləndirilməsi;
-informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması üçün ölkədə dövlət informasiya ehtiyatlarının mübadiləsi sahəsində milli sistemlərin və informasiya infrastrukturunun inkişafı və möhkəmləndirilməsi;
-dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və mühüm məlumatların toplanması;
-kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətinin uzlaşdırılmasının və səmərəliliyinin artırılması məqsədilə məxfi informasiyanın mühafizə olunmasının koordinasiya edilməsi;
-informasiya təhlükəsizliyini tənzimləmək məqsədilə dövlət sirri təşkil edən məlumatların mühafizəsinin hüquqi mexanizminin təkmilləşdirilməsi və s.
Əminliklə demək olar ki, ermənilərin bir əsr ərzində xalqımıza qarşı yalan və böhtanlar yağdıran təbliğat mexanizmini dağıtmaq, passiv müdafiədən çıxıb aktiv təbliğat mübarizəsinə başlamaq üçün hazırda respublikamızda geniş imkanlar yaradılmışdır.
Bu imkanlardan istifadə edərək Ermənistanın Azərbaycana qarşı uzun illər apardığı böhtan dolu informasiya mübarizəsinin qarşısını almaq və ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:
1. Erməni informasiya - təbliğat maşınının effektivliyini azaltmaq üçün respublikamızın sosial-iqtisadi sahədə qazandığı uğurları beynəlxalq miqyasda təbliğ etmək;
2. dünya ictimaiyyətində ermənilərin böhtan və yalanlarını ifşa etmək, onların regionda (dünyada) hansı fəsadlar törətdiklərini göstərmək (məs. erməni terrorunun coğrafiyası, məqsədləri)
3. inkişaf etmiş ölkələrdə erməniləri dəstəkləyən siyasi xadimlərin (deputat, konqresmen, senator və s.) seçicilərinə erməniliyin mahiyyəti haqqında məlumatlar çatdırmaqla onların reytinqlərinin aşağı düşməsinə çalışmaq;
4. regionda iqtisadi maraqları olan dövlətlər və iqtisadi qurumlar üçün ermənilərin bu maraqlara təhlükə olması haqqında analitik yazı hazırlamaq və yaymaq;
5. azərbaycanlıların regionda aborigen, ermənilərin isə gəlmə olması ilə bağlı tarixi tədqiqatları genişləndirmək;
6. Qarabağın tarixi haqqında maddi sübutların və faktların qorunub saxlanılacağı Qarabağ Muzeyini təşkil etmək.
Zənnimizcə, Azərbaycanda informasiya müharibəsinin bu şəkildə qurulması və fəaliyyəti yaxın gələcəkdə ölkəmizin siyasi, hərbi, iqtisadi sahədə müvəffəqiyyətli addım atması üçün əlverişli şərait yarada bilər.
Digər tərəfdən, respublikamızda informasiya təhlükəsizliyini təmin etmək məqsədilə informasiya texnologiyaları sahəsində çalışanların bilik səviyyəsini artırmaq, onları daim maarifləndirmək, informasiya sistemində çalışan tərtibatçıların, ekspertlərin və xidmət personallarının iş təcrübəsini vaxtaşırı müasir tələbata uyğun şəkildə təkmilləşdirmək lazımdır. Respublikamızın Ermənistanla müharibə şəraitində olmasını və digər geosiyasi amilləri nəzərə alaraq informasiya sahəsində yaranacaq təhlükələri düzgün dəyərləndirməyə və onlara müvafiq reaksiya göstərməyə imkan verən metod və vasitələrin təkmilləşdirilməsinə çalışmaq qarşıda duran vacib məsələlərdən biridir. Unutmaq olmaz ki, qloballaşma dövründə ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən amillərdən biri də informasiya təhlükəsizliyinə nail olmaqdır.{nl}
Sakit HÜSEYNOV, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, Elvin TALIŞİNSKİ, institutun elmi işçisi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.