Azərbaycan Televiziyasının Heydər Əliyevin anım günlərindəki verilişləri haqqında düşüncələr
{nl}
Milyon illərdir tarix öz gərdişindədir. Ancaq bu tarix o zaman əbədiyyət qazanır ki, zaman ötdükcə onun ictimai-siyasi, mənəvi-əxlaqi dəyərləri yeni-yeni möhtəşəmlik zirvəsi qazanır. Heydər Əlirza oğlu Əliyev belə bir tarix yaratmış insandır! Tarixi şəxsiyyətin qeyri-adiliyini ehtiva edən ölməzlik abidəsi illər keçdikcə daha əzəmətli, daha vüqarlı görünür. Heydər Əlirza oğlu Əliyevin kamil şəxsiyyət abidəsi barmaqla saylıan dünya dahiləri arasında öz füsunkarlığı və qüdrəti ilə seçilir. Tarixi şəxsiyyət onu anan insanların xatirələrində əbədi yaşayır, bu zirvədə millətə qürur örnəyi olur. Heydər Əlirza oğlu Əliyev bu gün təkcə Azərbaycan vətəndaşları, xaricdə yaşayan milyonlarla soydaşımız tərəfindən deyil, dünyanın bütün tərəqqipərvər insanları tərəfindən ehtiramla yad edilən, xatirəsi uca tutulan kamil siyasi-ictimai xadimdir.
Ötən həftə bütün Azərbaycan ulu öndərin anım gününü ehtiramla yad etdi. Ölkəmizin paytaxtında milyonlarla insan Heydər Əliyevin məzarı önündə baş əyib, onun dağ əzəmətli abidəsinə təzə gül-çiçək dəstələrindən naxışlar vurdu. Milyonlarla soydaşımız rayon mərkəzlərində, xarici ölkələrin yarlı-yaraşıqlı meydanlarında, parklarında Heydər Əliyevin tuncdan tökülmüş, qranitdən yonulmuş, mərmərdən naxışlanmış abidəsini ehtiram və məhəbbətlə ziyarət etdi.
Təbii ki, bütün bunlar yurdunu, xalqını, dövlətini sevən hər bir azərbaycanlıda fərəh, iftixar və qürur hissləri oyadır. Bu baxımdan mən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin ulu öndərə, ümumilli liderə həsr etdiyi silsilə verilişlər barədə ürək sözlərimi deməyə mənəvi ehtiyac duydum. Bəri başdan onu deyim ki, el arasında AzTV kimi tanınıb sevilən televiziyanın müxtəlif xarakterli verilişləri həmişə ideya aydınlığı, siyasi kamilliyi, mənəvi dəyərlərə ehtiramı, mövzunun fəlsəfi-psixoloji dərinliyinə müdaxiləsi, təsvirlərin əlvanlığı, seçilən formaların orijinallığı ilə göz oxşayır. Bütün bu dediklərim və demədiyim digər yaradıcılıq göstəriciləri AzTV-nin Heydər Əliyevə həsr olunmuş verilişlərində özünün parlaq ideya-bədii, fəlsəfi-estetik təcəssümünü tapmışdı.
Haqqında söhbət gedən verilişlərin mövzusu ümumi olsa da, onların təqdimat formaları, janrları bir-birindən cazibədar təsir bağışlayırdı. Verilişlər informatik yükünün sanbalına, Heydər Əliyev şəxsiyyətinə, Heydər Əliyev dühasının zəngin irsinə yanaşma tərzlərinə görə fərqli, bitkin və dərin mənalı idi.
Həftənin hər günündə "Əbədiyyət" telesalnamə silsiləsinin bir verilişi göstərilirdi. "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", "Heydər Əliyev və milli-mənəvi dəyərlər", "Heydər Əliyev və xarici siyasət", "Heydər Əliyev və neft strategiyası", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti","Heydər Əliyev və tarix" verilişləri, göründüyü kimi, tamamilə fərqli mövzulara həsr olunub. Ancaq yaradici heyət Heydər Əliyevin zəngin və hərtərəfli fəaliyyətinə yüksək ehtiramla yanaşması, mövzuya bələdlik, hər silsiləyə aid yüzlərlə kadrın arasından son dərəcə dəyərlilərini seçməsi, yüksək montaj mədəniyyəti ilə əsl peşəkarlıq və yüksək zövq nümayiş etdirib. Bunlar silsilə kimi verildikcə tamaşaçılar Heydər Əliyev şəxsiyyətinin müxtəlif əbədiyyət səhifələri ilə daha dərindən tanış ola bilirdilər.
Ümummilli liderə həsr olunmuş verilişlərdən biri "Liderlik missiyası" adlanır. Hər bir dövrdə bütün ölkələrin rəhbərləri, başçıları olub və əsrlər boyu da olacaq. Bu, tarixi qanunauyğunluqdur. Lakin lider titulunu yüzlərlə rəhbərin arasından bir-iki şəxsiyyət ancaq qazana bilir. Heydər Əliyev məhz liderlik missiyası üçün doğulmuş və o missiyanı ilahi fəhmi, coşqun enerjisi, nadir düşüncə tərzi, dönməz qətiyyətlə reallaşdırmış dühadır. Tamaşaçılar bunu bir-birindən maraqlı kadrlarla və aparıcı mətnin dolğunluğu ilə görür, eşidir, və ehtiramla qavrayırdılar.
Bax, budur sənətdə əsl peşəkarlığının təntənəsi!
Bax, budur televiziyanın milyonlara açdığı idrak pəncərəsi!
Bax, budur xalqın övlad-lider qədirbilənliyini bütün dünyaya bir daha çatdırmaq!
Vaxtilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm"də istehsal olunmuş kino lentlərinin çəkilmə tarixlərini izlədikcə insanın qəlbi fərəhdən qanad açır. Necə qürur duymayasan ki, "Nəsimi", "Dədə Qorqud", "İstintaq", "Nizami" kimi bədii filmlərimiz məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində çəkilib.
Bədii-publisist kamilliyi, məzmun dərinliyi ilə seçilən "Heydər Əliyev və Naxçıvan", "Vətənə, xalqa həsr edilən ömür", "XXI əsrin nur qapısı", "Böyük ömrün anları" filmləri və müxtəlif mövzulu digər verilişlər bir neçə cəhətdən son dərəcə maraqlıdır.
Birincisi, filmlər və verilişlər yüksək sənət nümunələridir, həm bədii, həm bədii-sənədli, həm də xronika janr səciyyələrinin ahəngdarlığı ilə seçilirlər.
İkincisi, filmlərin və verilişlərin yaradıcı heyətlərinin - ssenari müəlliflərinin, redaktorların, rejissorların, operatorların, musiqi tərtibatçılarının məram və məqsədləri monumental-fundamental şəkildə, monolit ideya halında bir qayə ətrafında birləşib.
Üçüncüsü, filmlərdə və verilişlərdə Heydər Əliyevin müxtəlif yaş dövrlərindəki fəaliyyətinin ən mühüm məqamlari, ön plana çəkilib. Bu, filmlərin yaradıcılarına min ömrə sığmayan nəhəng işlərin bir şəxsiyyət tərəfindən görüldüyünü heyrət və qürurla səsləndirməyə imkan vermişdir.
Dördüncüsü, filmlərin və verilişlərin ana xəttində Heydər Əliyev şəxsiyyətinin bəşəri əzəməti, siyasi xadim kimi dünyəvi dəyəri, mərdliyi, ləyaqəti, şərəfi, cəsurluğu, haqqa çıraq tutması, millətinə sevgisi, xalqına inam və ehtiramı yüksək bədii təcəssümünü tapmışdır.
Beşincisi, filmlərdə və verilişlərdə Heydər Əliyev fenomeni dönə-dönə təsdiqlənir. Şəxsən mən heyran qaldım. Bir insan həm siyasəti və dövlətçiliyi, həm teatrı və kinonu, həm memarlığı və rəssamlığı, həm heykəltaraşlığı və ədəbiyyatı, həm də musiqini nə qədər dərindən bilərmiş!
Bax, budur lider qüdrəti!
Bax, budur dühanın parlaq nuru!
Bax, budur xalq tarixinin salnaməsinə qoyulan əbədiyyət imzası!
Ulu öndərimizin ölməz ruhu qarşısında bir daha ehtiramla baş əyirəm. Elə bu ehtiramla, bu məhəbbətlə, bu könül xoşluğu ilə də Azərbaycan Televiziyasının əməkdaşlarına minnətdarlığımı bildirmək istəyirəm. Onu da demək istəyirəm ki, Azərbaycan Televiziyası digər telekanallardan fərqli olaraq, bir həftə əsas verilişlərini məhz sistemli şəkildə qüdrətli sima Heydər Əliyevin zəngin həyatına, misilsiz ictimai-siyasi fəaliyyətinə həsr etmişdi. Verilişlərin təqdimatında məntiqi ardıcıllıq, ahəngdarlıq və poetik-publistik təravət vardı. Bu bir daha onu göstərir ki, Azərbaycan Televiziyasının yaradıcı kollektivi və texniki heyəti yüksək peşəkarlardan ibarətdir. Bütün bunlar dövlətçiliyə sadiqliyin, onun qorunması uğrunda mübarizliyin bariz nümunəsidir.
Azərbaycan Respublikasının, onun müasir dövrünün qurucusu olan Heydər Əliyevin gördüyü əzəmətli və möhtəşəm işlərin yeni-yeni tarixi salnamələrini yaratmaqda Azərbaycan Televiziyasının kollektivinə uğurlar diləyirəm!
{nl}
Bəkir NƏBİYEV, akademik
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.