Qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir

Son iki əsr ərzində azərbaycanlılar ermənilərin etnik təmizləmə siyasətinə məruz qalaraq öz doğma yurdlarından, ata-baba torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər.
Erməni separatçılarının "Böyük Ermənistan" dövləti yaratmaq iddiası nəticəsində XX əsrin 80-90-cı illərində azərbaycanlılara qarşı yenidən etnik təmizləmə siyasəti həyata keçirilmiş, 250 min nəfər soydaşımız öz ev-eşiklərindən zorla köçürülmüş və qaçqına çevrilmişdir.
Azərbaycan torpaqları hesabına zaman-zaman Ermənistan dövləti yaratmaq istəyən erməni şovinistləri beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq öz təcavüzkar siyasətlərini davam etdirərək bu dəfə Dağlıq Qarabağ və ona bitişik rayonlara diş qıcadılar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasından əl çəkməyən işğalçı dövlət 1988-ci ildə yenidən azərbaycanlılara qarşı hərbi təcavüzə başladı.
1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olundu, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Öz doğma ev-eşiklərindən, yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın bütün problemləri ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ulu öndər qaçqın və məcburi köçkünlərin problemlərini öz problemi hesab edərək demişdir: "...İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Qüdrətli şəxsiyyət, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də öz doğma yurdlarından didərgin salınmış soydaşlarımızın problemlərinin aradan qaldırılmasını, sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır.
Hələ 2003-cü ildə keçirilən seçkilər ərəfəsində prezidentliyə namizəd cənab İlham Əliyev öz platformasını açıqlayarkən ölkəmizin vacib problemləri ilə bərabər qaçqın və məcburi köçkünlərin də problemlərinin aradan qaldırılmasını prioritet məsələ kimi qarşıya qoymuşdu. Bu sahədə zəruri məsələlərdən biri məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərinin ləğv edilməsi, onlarda yaşayan insanların bütün infrastrukturla təmin olunmuş yeni qəsəbələrdə məskunlaşdırılması idi. Seçkilər ərəfəsində prezidentliyə namizəd kimi ilk görüşünü 2003-cü il oktyabrın 1-də Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev o vaxt bildirmişdi ki, əgər o, prezident seçilərsə, ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaqdır.
Möhtərəm Prezidentimiz 2003-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması istiqamətində bir-birinin ardınca fərman və sərəncamlar imzaladı, mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu.
Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsi və məşğulluğunun artırılması ilə əlaqədar 2003-2008-ci illərdə 19 fərman və sərəncam imzalamışdır. Bu istiqamətdə hüquqi bazanın daha da təkmilləşdirilməsi məqsədiylə mühüm əhəmiyyətli qanunvericilik aktları hazırlanmışdır. Möhtərəm Prezidentimiz Dövlət Proqramı və əlavələri təsdiq etməklə qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi yönündə qətiyyətli addımlar atdı. Dövlət Proqramının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 65 qərar və sərəncamı verilmiş, Milli Məclisdə bir qanun qəbul edilmiş, Azərbaycan Prezidentinin iştirakı ilə qaçqın və məcburi köçkünlərin probleminə həsr olunmuş beynəlxalq konfrans və geniş müşavirələr keçirilmişdir. Dövlətimizin başçısı doğma torpaqlarından didərgin salınmış soydaşlarımızla mütəmadi görüşmüş, onların problemləri ilə yerində tanış olmuş və problemlərin aradan qaldırılması üçün müvafiq təşkilatlara tapşırıqlar vermişdir.
Ümumiyyətlə, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Ermənistan prezidenti ilə, ATƏT-in həmsədrləri və xarici ölkələrə səfərləri zamanı müxtəlif dövlətlərin rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər zamanı Azərbaycanın mövqeyini birmənalı şəkildə bildirərək münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, ölkələrin ərazi bütövlüyü pozulmadan həllinin mümkün variant olduğunu bəyan etmişdir. Ermənistan prezidentinin qeyri-konstruktiv münasibəti, dövlət başçısına xas olmayan qeyri-ciddi hərəkətləri münaqişənin nizama salınmasını, qaçqın və məcburi köçkünlərin isti ocaqlarına qayıtmalarını ləngidir. Əgər Ermənistan prezidenti öz mövqeyini davam etdirərsə, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mümkün variantlardan istifadə olunacaq.
Azərbaycan Prezidenti qaçqın və məcburi köçkünlərlə keçirdiyi görüşlərdə bu məsələni diqqətə çatdıraraq deyib: "Yəni, sadəcə olaraq, Ermənistan rəhbərliyi öz vəziyyətini dərindən təhlil edərək, cəsarətli və müdrik addım atmalıdır. Bu da ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün torpaqlardan qeyd-şərtsiz çıxarılmalı, bizim soydaşlarımız o torpaqlara qayıtmalıdırlar, bölgənin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görülməlidir".
Ermənistan tərəfinin qeyri-konstruktivliyinə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsinə baxmayaraq, Azərbaycan dövləti prinsipial siyasət yürüdür, iqtisadi, siyasi və hərbi gücünün artırılması istiqamətində bütün imkanlardan səmərəli istifadə edir. Bu da işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində ciddi tədbirlər görülməsinə imkan verəcək.
Azərbaycan torpaqlarının işğalı nəticəsində doğma ev-eşiklərindən, yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər bu kateqoriyadan olan insanların gələcəyə olan inamını xeyli artırıb. Qaçqın və məcburi köçkünlərin sosial həyatında baş verən müsbət dəyişikliklər, yaşayış səviyyəsinin getdikcə yüksəlməsi onları dövlət başçımızın ətrafında daha da sıx birləşdirib. Öz ata-baba torpaqlarından didərgin salınmış soydaşlarımız inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev siyasi kursu Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarını, orada rahat yaşamalarını yaxın zamanlarda reallaşdıracaq.
Zəmanəmizin əvəzolunmaz şəxsiyyəti, ulu öndər Heydər Əliyevin öz yurdlarından didərgin salınmış soydaşlarımıza dövlət qayğısı və himayədarlıq siyasəti bu gün də layiqincə davam etdirilir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında