Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən birləşmə və hissələrinin birgə taktiki təlimi keçirilmişdir.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Sərhəd Qoşunlarının bölmələrində istifadə edilən atıcı silahlar, optik və gecəgörmə cihazları, Azərbaycanın hərbi sənaye müəssisələrində modernləşdirilmiş silahlar və beş min metrədək gecə və gündüz düşmənin zirehli texnikasını məhv etmək qabiliyyətinə malik olan "Kornet" tipli idarə olunan raket kompleksi nümayiş etdirilmişdir.
Ali Məclisin sədri xüsusi təyinatlı bölmələrin şəxsi heyətinin döyüş hazırlığı ilə maraqlanmış, səfərbərlik dövrü üçün nəzərdə tutulan şəxsi heyətin qəbul məntəqəsinə baxmışdır.
Təlimdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin texnikası və xüsusi vasitələri də nümayiş etdirilmişdir.
Ali Məclisin sədri qərargah çadırında Fövqəladə Hallar Nazirliyi ilə Naxçıvan Qarnizonunun hərbi hissələri arasındakı qarşılıqlı əlaqə planı ilə tanış olmuş, müxtəlif təyinatlı xüsusi texnika və qurğulara baxmışdır.
Hərbi əməliyyatı maddi-texniki vasitələrlə təmin etmək üçün hərbi korpusun motoatıcı briqadasının arxa cəbhəsində səhra əşya, ərzaq, raket, artilleriya silahları anbarları, 100 nəfərlik səhra tibb məntəqəsi, səhra hamamı və camaşırxanası, çörək zavodu, ərzaqla təminat, yanacaqdoldurma məntəqələri yaradılmışdır.
Zədələnmiş texnikanı, döyüşdə sıradan çıxan texnika və silahları təmir-bərpa etmək üçün səhra emalatxanaları fəaliyyət göstərir.
Təlimə cəlb olunmuş rabitə bölmələri ən müasir açıq və qapalı rejimdə işləyən rəqəmsal vasitələrlə təchiz olunmuşdur. Təlimdə ordu korpusunun artilleriya qrupunun döyüş imkanları nümayiş etdirilmişdir. Tədbir iştirakçıları xüsusi təyinatlı bölmənin döyüş maneə zolağından keçməsini maraqla izləmişlər.
Daxili Qoşunların tabeliyində olan müasir texnikanın döyüş imkanları nümayiş etdirilmiş, müxtəlif çaplı silahlardan atəş açılmış, təyin olunmuş şərti hədəflər məhv edilmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikanın ərazisində yerləşən birləşmə və hərbi hissələrinin silahlanmasında mövcud olan döyüş və xüsusi texnikanın taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilmişdir.
Baxış zamanı qeyd edilmişdir ki, hərbi hissələr motoatıcı və artilleriya bölmələrinin manevr imkanlarını artırmaq üçün "KamAZ" və "MAZ" markalı avtomobillərdən istifadə olunur.
Xüsusi təyinatlı və kəşfiyyat bölmələri ən müasir lazer, optik gündüz və gecəgörmə cihazları, uzaq və yaxın məsafələrə yüksək dəqiqliklə atəş açmağa imkan verən səssiz silahlarla, dağ şəraitində etibarlı rabitə əlaqəsi yaradan fərdi rabitə vasitələri, müxtəlif iqlim şəraitində istifadə olunan geyim formaları ilə təchiz edilmişdir.
Sonra motoatıcı briqada ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas mərhələsinə başlanmışdır.
Xüsusi təyinatlı bölmələrin taktiki hava desantının paraşütlə atılması və qarşıya qoyulan tapşırığın dəqiq yerinə yetirilməsi onların əsl peşəkarlığını göstərmişdir. Artilleriya bölmələrinin şəxsi heyəti təlim sahəsindəki hədəflərə sərrast atəş açmaqla peşəkarlıq nümayiş etdirmişdir. Tank və piyadanın döyüş maşını heyətləri idarə etdikləri texnikanın manevr və atəş gücündən tam istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişlər. Ümumiyyətlə, təlimə cəlb olunan bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirmişdir. Təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur. Azərbaycanın dövlət bayrağının rənglərinin əks olunduğu paraşütlə desantın vertolyotdan atılması ilə təlim başa çatmışdır.
Ali Məclisin sədri təlimin uğurla başa çatmasına görə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrini təbrik etmiş, şəxsi heyətə təşəkkürünü bildirmiş, ulu öndərimiz Heydər Əliyevin bu kəlamını xatırladaraq demişdir: "Naxçıvan Muxtar Respublikasının yerləşdiyi coğrafi vəziyyət Azərbaycan torpaqlarının bu ərazidə daha möhkəm qorunmasını tələb edir". Bunun üçün isə ordu quruculuğuna diqqət yetirmək, təlimlərə üstün istiqamət vermək lazımdır. Bugünkü təlim onu göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən hissə və birləşmələri ümummilli liderimizin tövsiyə və tapşırıqlarını uğurla yerinə yetirə bilərlər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev muxtar respublikadakı hərbi hissələrlə tanış olarkən demişdir: "Naxçıvanın hərbi potensialı çox yüksək səviyyədədir. Naxçıvanın müdafiəsi üçün hər şey edilib və Naxçıvan özünü istənilən hücumlardan tam şəkildə müdafiə etməyə və eyni zamanda, istənilən hərbi vəzifəni icra etməyə qadirdir".
Ali Məclisin sədri dövlət başçısının verdiyi qiymətin keçirilən təlimdə öz əksini tapdığını bildirmişdir.
Ali Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 iyun tarixli sərəncamı ilə təltif olunmuş 1 nəfərə "Vətən uğrunda", 1 nəfərə "İgidliyə görə", 2 nəfərə "Hərbi xidmətlərə görə" medallarını, döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.
Təlimdə fərqlənən 60 hərbi qulluqçu Ali Məclisin sədri tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Ali Məclisin sədri şəxsi heyətlə xatirə şəkli çəkdirmiş, onlarla səmimi söhbət etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələri uğurlu inkişaf yolu keçmişdir. Təlimlər getdikcə təkmilləşdirilir, hərbçilərin peşəkarlığı artır, texnikadan, silahlardan lazımi səviyyədə istifadənin qaydaları mənimsənilir. Zabit və gizirlərin, əsgərlərin təlimdə ruh yüksəkliyi ilə iştirakı onu deməyə əsas verir ki, Azərbaycan əsgəri Ali Baş Komandanın istənilən tapşırığını yerinə yetirməyə hazırdır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan "Xalq-ordu" birliyi ənənəsinin bu gün də davam etdirildiyini vurğulayan Ali Məclisin sədri bildirmişdir ki, bölgələrdə yerli orqanlarla ordu birləşmələri arasındakı əlaqələr, ordu quruculuğuna göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək, Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən birləşmə və hissələri ən yüksək təlim keçmiş formada hazırlığa gətiriləcək, şəxsi heyətin yaşayış səviyyəsinin yaxşılaşdırılması, silah-sursatla təminatı daim diqqət mərkəzində saxlanılacaqdır.
Ali Məclisin sədri birləşmə və hissələrin şəxsi heyətlərinə Azərbaycan torpaqlarının qorunmasında ruh yüksəkliyi, mərdlik və mübarizlik arzulamışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.