Şriftin ölçüsü:
16.12.2010 00:12 | Oxunma sayı: 480
"Azərbaycan", "Xəzər" və "Kəlamın sirli dünyası"...
Təxminən 70 il dünyanın ən güclü və mötəbər ədəbi mərkəzlərindən olan SSRİ Yazıçılar İttifaqının dağılmasından sonra bilavasitə həmin təşkilatın hüquqi varisi rolunu oynayacaq bir ədəbi qurum formalaşdırılmışdı. Belə ki, 1992-ci ilin iyun ayında SSRİ Yazıçılar İttifaqının IX qurultayında Yazıçılar Birliklərinin Beynəlxalq İttifaqı adlı yeni təşkilat yaradılması barədə qərar qəbul edilmiş, orada Rusiyanın və postsovet ölkələrinin 37 yaradıcı təşkilatının təmsil olunmasına imkan yaradılmışdı. Hazırda bu təşkilatın İcraiyyə Komitəsinə Müstəqil Dövlətlər Birliyi ölkələrini təmsil edən 41 yazıçı daxildir. Təşkilatın "Ümumyazıçılar Ədəbiyyat qəzeti" ("Obşepisatelskaya literaturnaya qazeta") və "Xəbərlər almanaxı" adlı iki mətbuat vasitəsi işıq üzü görür. İndi haqqında söz açacağımız Xaydar Bedretdinov da həm təşkilatın İcraiyyə Komitəsinin üzvü, həm də adı çəkilən mətbuat vasitələrinin ən fəal müəlliflərindən biridir.
Xaydar Süleymanoviç Bedretdinov türk əsilli şair-tədqiqatçı olduğuna görə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tatarıstan və Türkiyə ilə bağlı çoxsaylı ədəbi-təhlili materialların və şeirlərin müəllifidir. Təsadüfi deyildir ki, onun çoxsaylı kitablarından biri də məhz "Türk motivləri" adlanır. Moskva ədəbi ictimaiyyətinin üzvləri Xaydar Bedretdinovun hərbçi kimi Əfqanıstanda olduğu illərdə qələmə aldığı şeirlərdən ibarət "Əfqan gündəliyi" və sonradan türk dünyasını dolaşaraq yazdığı "Türk motivləri" kitablarını daha yüksək qiymətləndirirlər.
Bu günlərdə isə şairin həm təmsil etdiyi təşkilatın internet səhifəsində, həm də yuxarıda adını çəkdiyimiz "Ümumyazıçılar Ədəbiyyat qəzeti"ndə Azərbaycanla bağlı bir sıra materialları verilmişdir. Bedretdinov Rusiya Federasiyası Yazıçılar İttifaqının göndərişi ilə Bakıda - böyük rus şairi Sergey Yeseninin anadan olmasının 115 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etdikdən sonra qələmə aldığı "Azərbaycan" şeirini "Salam, xoşbəxt, gözəl diyar, dostlar üçün açıq süfrə" - ifadələri ilə başlayır. "Xəzər" şeirində isə bu diyarın qanlı-qadalı tarixini yada salaraq belə bir ümid ifadə edir ki, Xəzər daha silahların deyil, neftçilərin, balıqçıların və ... dənizçilərin dənizi olacaqdır. "Bazarda" və "Şair" şeirləri də başdan-başa Azərbaycan koloriti üzərində qurulmuş, dostluq, qardaşlıq tellərinin zənginləşdirilməsinə xidmət edən sətirlərdən ibarətdir.
Tədqiqatçı şairin "Ümumyazıçılar Ədəbiyyat qəzeti"ndə verilmiş "Kəlamın sirli dünyası" adlı növbəti bədii yazısı da Azərbaycanla bağlıdır. Azərbaycan, Türkiyə və Rusiya Federasiyası Yazıçılar Birliklərinin və Avrasiya Yazıçılar Liqasının üzvü, yazıçı-filosof Hacı Fərhad Mirzənin Moskvada nəşr edilmiş "Kalamı" ("Kəlamlar") kitabına yazılmış geniş ressenziya Moskva ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır. "Kəlamlar" kitabını sevərək oxuduğunu qeyd edən şair yazır: "Bu bir həqiqətdir ki, Tanrı yer üzünə öz mənəviyyat müəllimlərini göndərərkən sosial yeniləşməni və ya texniki tərəqqini deyil, cəmiyyətin əxlaqi qüdrətini dirçəltmək məqsədi daşıyır. Çünki cəmiyyət üçün ən vacib məsələ məhz əxlaqi dəyərlərin aşınmasının qarşısının alınmasıdır... Belə müəllimlərdən biri olan Hacı Fərhad Mirzə öz ana dilindən əlavə üç dildə dünyanı gəzən "Kəlamlar" kitabını ərsəyə gətirmək üçün titanik bir əmək sərf etmişdir".
Azərbaycanlı filosof-mütəkəllimin kəlamlarının bədii-fəlsəfi mahiyyəti, müasir dünya, xüsusən, insanları beynəlxalq aləmdə baş verən mənfi çalarlı ictimai-siyasi proseslərdən, eləcə də təbii kataklizmlərdən daha az itki ilə xilas etmək üçün söylənilən çağırışların əhəmiyyəti barədə geniş söz açan Bedretdinov bu kitabı rus dilində oxumaq imkanından da məmnunluq ifadə edir. Onun fikrincə, tərcüməçi "Kəlamlar"ı rus dilinə çevirərkən orijinaldakı sözlərin sehrini, müəllifin özünü ifadə etmək istəyini, fikirlərin söz və musiqi əhəmiyyətini saxlamağa nail olmuşdur: "Dil mədəniyyətinin, şeir ənənəsinin, bu məqamda şeirin enerjisinin - insanlarda vicdanın oyanmasına, mənəvi gücün hərəkətə gəlməsinə səbəb olan gücün saxlanması - bütün bunlar tərcüməçinin ustalığıdır". Qeyd edək ki, "Kəlamlar" kitabını rus dilinə fəlsəfə elmləri doktoru, professor Əli Abbasov tərcümə etmişdir.
Yazıçılar Birliklərinin Beynəlxalq İttifaqının internet səhifəsində bildirilir ki, Xaydar Bedretdinov Azərbaycanlı yazıçının kitabı haqqında resenziyanı Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva şəhər təşkilatının sifarişi ilə yazmışdır. Ölkəmizin və xalqımızın dostu olan Xaydar Bedretdinovun 65 illik yubileyi Moskva ədəbi ictimaiyyəti tərəfindən təntənə ilə qeyd edilir və biz də həmin təbriklərə qoşuluruq.
{nl}
Natəvan İSMAYILLI
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.