Dekabrın 15-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının onlayn fəaliyyəti təqdim edilmişdir.
Birliyin və İKGF-nin təşkil etdikləri tədbir İnsan Hüquqları Bəyannaməsinin ildönümünə həsr olunmuşdu.
İctimai birliyin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbir iştirakçılarını və qonaqları, o cümlədən Qətər, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Fələstin səfirliklərinin rəhbərlərini və təmsilçilərini, Litva Respublikası Seyminin üzvü Mantas Varaşkanı salamlamışdır.
B.Səfərov demişdir ki, beynəlxalq hüquq norma və prinsiplərini kobud surətdə pozan Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətində qalmış, ağır mənəvi sarsıntılar keçirməyə məruz qalmışlar. Azərbaycan xalqının öz torpaqları uğrunda erməni işğalçılarına qarşı mübarizəsində bir çox faciələr olmuşdur. Bunların içərisində ən qanlı və dəhşətlisi Xocalı soyqırımıdır. Xocalı faciəsi erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərin ağır miqyasından xəbər verir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qatillərinin törətdikləri kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Bu qanlı faciə nəticəsində 487 nəfər Xocalı sakini yaralanmış, 150 nəfər itkin düşmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Erməni təcavüzkarları bir gecədə bu şəhəri yer üzündən silmişlər.
Natiq vurğulamışdır ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində xeyli iş görülür. İslam Konfransı Təşkilatı Gənclər Forumu Xocalı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər nəticəsində xüsusi fəaliyyəti ilə seçilir. "Xocalıya ədalət" kampaniyası Forumun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Kampaniyaya 2008-ci il mayın 8-də, Şuşanın işğalı günü start verilmişdir. İndiyə qədər təxminən 75 ölkədən 130 min nəfər bu kampaniyanı dəstəkləmişdir. Beynəlxalq informasiya və təbliğat kampaniyası iki il ərzində 50-dən çox ölkədə tədbirlər və aksiyalar keçirmiş, Xocalı soyqırımı haqqında həqiqi məlumatların dünyada 500 milyondan artıq insan arasında yayılmasına nail olmuş, ermənilərin törətdiyi bu vəhşi əməllər bəşəriyyətə qarşı cinayət kimi təbliğ edilmişdir.
B.Səfərov BMT, Avropa Parlamenti, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarda müxtəlif dövrlərdə əsl həqiqəti əks etdirən qətnamə və qərar qəbul olunduğunu xatırlatmış, lakin bütün beynəlxalq hüququn norma və prinsiplərini pozan təcavüzkar Ermənistanın bu qətnamə və qərarlara əhəmiyyət vermədiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, Xocalı soyqırımının miqyası barədə həqiqətləri dünyaya tanıtmaq, bu soyqırımı faktına beynəlxalq hüquqi qiymətin verilməsinə nail olmaq üçün hamımız fəal vətəndaş mövqeyi nümayiş etdirməli, haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni əsirgəməməliyik.
İKGF-nin Baş katibi Elşad İskəndərov 2008-ci ildən bəri kampaniya çərçivəsində görülən işlərdən söz açmış, Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanınması ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi sənədlərin əhəmiyyətini diqqətə çatdırmışdır. O, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə əməkdaşlığın perspektivlərindən danışmış, İKGF-nin fəaliyyətinə qarşı ermənilərin əks kampaniyalarını xatırlatmışdır. Məlumat vermişdir ki, "Xocalıya ədalət" sənədli filminin çəkilişinə başlanmışdır.
Kampaniyanın əlaqələndiricisi Nicat Məmmədli yeni internet saytı, onun Facebook, Twitter və Youtube kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə geniş məlumat vermişdir.
Milli Məclisin deputatları Elman Məmmədov, Aqil Abbas, Fuad Muradov, Ceyhun Osmanlı, birliyin idarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış etmiş, təkliflərini irəli sürmüşlər. Xüsusi vurğulanmışdır ki, beynəlxalq ictimaiyyətlə onun başa düşdüyü dildə "işləmək" lazımdır. "Xocalıya ədalət, Qarabağa azadlıq" kampaniyası bu dillərdən biridir. Dünyada haqq səsimizi eşitmək istəməyən "karlarla" bərabər vicdanlı insanlar da vardır. Təklif edilmişdir ki, www.justiceforkhojaly.org saytının domeni (org) hökumət domeninə (gov) dəyişdirilsin. Saytda materiallar həm də türk və ərəb dillərində yerləşdirilsin. Bakının müxtəlif yerlərində paytaxtdan işğal altındakı rayonlarımıza qədər məsafəni diqqətə çatdıran göstəricilər olsun.
ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınmış Toni Bləkmanın və Azərbaycanın "Dəyirman" qrupunun ifasında rep üslublu "Xocalıya ədalət" mahnısı səsləndirilmişdir.
Tədbir iştirakçıları kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədi ilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyasında iştirak etmiş və sənədi imzalamışlar.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.