Azərbaycanda insan hüquqlarının müdafiəsi Heydər Əliyevin qurduğu müstəqil dövlətin əsas məqsədlərindəndir

Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız - bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Tarixdə öz əməli, müdrikliyi və uzaqgörən siyasəti ilə əbədi iz qoymuş şəxsiyyətlər çox olub. Təbii ki, onları bir-biri ilə müqayisə etmək düzgün olmazdı. Çünki belə şəxsiyyətlər gördükləri işlərə görə seçilirlər. Həyatda elə şəxsiyyətlər, elə siyasi xadimlər var ki, onlar ömrünü xalqının firavanlığına, ölkəsinin inkişafına, qüdrətlənməsinə, dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə qoşulmasına sərf edir. Türk dünyasının böyük öndəri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev belə müdrik şəxsiyyətlərdəndir. Min illər keçsə də, dünya şöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevi xalq qəlbində yaşadacaq, xatirəsini əziz tutacaq, onun ideyalarına, siyasi kursuna sadiq qalacaq. Çünki Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutması, qüdrətlənməsi və beynəlxalq aləmə inteqrasiyası məhz ulu öndərin düzgün müəyyənləşdirdiyi strategiyanın məntiqli nəticəsidir. Heydər Əliyevin ideyaları Azərbaycana, azərbaycançılığa, türkçülüyə və bəşəriyyətə xidmət edən amallarla zəngindir.
Azərbaycanda inkişafın, azərbaycançılıq ideyasının düzgün istiqamətləndirilməsinin əsası 1969-cu il iyulun 14-də böyük siyasi xadim Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra başlandı. Həmin vaxtdan ölkənin bütün həyatında əsaslı dönüş yaradıldı. Bununla yanaşı, azərbaycanlılara qarşı münasibət kökündən dəyişdi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri, zəruri islahatlar nəticəsində Azərbaycan tədricən İttifaq miqyasında tanındı. Azərbaycanlı gənclərin elmin, təhsilin, hüquqi biliklərin dərinliklərinə yiyələnməsi və gələcək üçün peşəkar kadr bazası yaratmaq məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları təmin edildi. Uzun illərdən bəri əldə edilməsi mümkün olmayan nailiyyətlər tədricən gerçəkləşdirilirdi. Bütün bunları həyata keçirməyə Heydər Əliyevin Vətənə, xalqa, elə-obaya, millətinə olan hədsiz sevgi və məhəbbəti, sədaqət hissi, qurub-yaratmaq amalı kömək etdi. Sonradan Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrdə də ümummilli lider Heydər Əliyev doğma Azərbaycanı, xalqını, millətini bir an da olsun unutmadı. Respublikanın çiçəklənməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün bütün imkanlarından səmərəli istifadə etdi. Tarixi şəxsiyyət Heydər Əliyevin qurub-yaratmaq amalı, görkəmli dövlət xadimi kimi böyük nüfuz qazanması SSRİ-nin hüdudlarını aşırdı. Bu da SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovu çox ciddi narahat edirdi. O, Heydər Əliyevi Kremldə vəzifəsindən uzaqlaşdırmaq üçün minbir hiyləyə əl atırdı. SSRİ-nin sabiq prezideti M.Qorbaçovun milli ədavəti qızışdırmasını, millətlər arasına ayrı-seçkilik toxumu səpməsini, yanlış siyasətini kəskin tənqid edən ulu öndər Heydər Əliyev vəzifəsindən istefa verməyə məcbur oldu. Lakin Moskvada ciddi nəzarət altında olmasına baxmayaraq, ürəyi xalqının, millətinin yanında idi.
Azərbaycanın ən yeni tarixinə "qanlı şənbə" kimi yazılmış 1990-cı il yanvarın 19-dan 20-nə keçən müdhiş gecədə azadlıq, istiqlaliyyət arsuzunda olan insanlara qanlı divan tutulanda, yüzlərlə günahsız Azərbaycan vətəndaşı qətlə yetiriləndə xalqının başına gətirilən müsibətə dözməyən ümummilli lider Heydər Əliyev susmadı, haqq səsini ucaltdı. Qüdrətli şəxsiyyət ilk olaraq Moskvada Sovet imperiyasının bu qanlı cinayətkar siyasətinə açıq şəkildə etirazını bildirdi.
Doğma Vətəninin, xalqının xoşbəxt gələcəyi üçün çalışan ulu öndər Heydər Əliyev Azərbaycana gəldikdən sonra da, Naxçıvanın Ali Məclisinin sədri olanda da həmişə Azərbaycanın müstəqilliyi barədə düşünmüşdür. Ölkədə vəziyyət getdikcə gərginləşir, xaos, anarxiya və özbaşınalıq həddini aşırdı. Belə bir şəraitdə, SSRİ dağıldıqdan sonra müstəqilliyini əldə etmiş Azərbaycan okeanda qalmış kapitansız gəmiyə bənzəyirdi. Müstəqilliyin ilk vaxtlarında hakimiyyəti ələ almış naşı, dövlət idarəçiliyində təcrübəsi olmayanların səbatsızlığı nəticəsində xalqın qanı bahasına qazanılmış müstəqillik məhv olmaq həddinə çatmışdı. Nəhayət, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev xalqın iradəsi və təkidli xahişi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə gəldi. Bu, dövlətin, dövlətçiliyin, müstəqilliyin, xalqın xilası idi, çünki Böyük Xilaskar qayıtmışdı.
Dövlətin uzunömürlü, güclü dövlətçiliyə malik olması üçün əsas şərtlərdən biri də onun demokratik dəyərlərə, prinsiplərə əsaslanmasıdır. Ümummilli lider dövlət quruculuğunda həyata keçirdiyi tədbirlərdə bu prinsipləri əsas tutaraq Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və əbədi olmasını gerçəkləşdirdi. Ulu öndər qətiyyətlə bəyan etmişdi: "Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda, günahsıza cəza veriləndə". Odur ki, ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsi üçün ciddi hüquqi islahatlar aparılmağa başlanıldı. Hüquqi, demokratik, dünyəvi dövlət qurmaq üçün müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi prioritet vəzifələrdən idi. 1995-ci ildə bu vəzifə layiqincə yerinə yetirildi. Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası dünya standartlarına uyğun şəkildə işlənib hazırlandı. Həmin ərəfədə beynəlxalq təşkilatlar, nüfuzlu hüquq ekspertləri Azərbaycan Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə hüquqi dövlət, açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yarandığını təsdiq etdilər. Konstitusiynın qəbulu ilə Azərbaycanda hakimiyyət bölgüsünün hüquqi əsasları bəyan olundu və bu işin həyata keçirilməsinə başlanıldı.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu keçirildi. Həmin gün həm də Azərbaycan parlamentinə çoxpartiyalılıq əsasında və tam demokratik şəraitdə keçirilmiş ilk seçkilər günü kimi tarixə düşdü. Məhkəmə hakimiyyətinin tam müstəqilliyi bərqərar olundu, onun ali instansiyası - Konstitusiya Məhkəməsi təsis edildi və formalaşdı. Üçpilləli məhkəmə sisteminin yaradılması, yeni hakim korpusu üçün, obyektiv və şəffaf seçki sisteminin formalaşması, söz, fikir, mətbuat azadlıqlarının qanun çərçivəsində qorunması, yerli özünüidarə orqanlarının seçilməsi, vətəndaşların dövlətin idarə olunmasında fəal iştirakının təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Beynəlxalq təşkilatlar da Azərbaycanda getdikcə formalaşan məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırıldığını yüksək dəyərləndirir, bu yolda ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi zəruri tədbirləri dəstəkləyirdi.
Türk dünyasının böyük öndəri Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri çoxdur. Onlardan biri də ölüm hökmünün ləğv olunmasıdır. Ümummilli lider yenidən hakimiyyətə gəldikdən bir il sonra - 1994-cü ildə ölüm hökmünün icrasını dayandırdı. 1998-ci ildə isə ölüm cəzası ləğv edildi. Şərqdə ilk dəfə Azərbaycanda qəbul edilən bu əhəmiyyətli, vacib qərar ulu öndər Heydər Əliyevin insan hüquq və azadlığının qorunması istiqamətində qətiyyətli addım kimi dəyərləndirilir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da Azərbaycanda insan hüquq və azadlıqlarının dövlətin diqqət mərkəzində saxlanılmasından razılıqlarını bildirmişlər.
Dövlətin cəza siyasətində humanizm prinsipləri ümummilli lider Heydər Əliyev siyasi xəttinin əsas istiqamətlərindən biri idi. Bu sahədə həyata keçirilən islahatların mühüm tərkib hissəsini insan hüquq və azadlıqlarının qorunması təşkil edirdi. Ulu öndər bu məqsədlə 1994-cü ildə Azərbaycanda əfv institutunu bərpa etdi və hakimiyyətdə olduğu dövrdə üç mindən artıq məhkum barəsində 32 əfv fərmanı imzaladı. Heydər Əliyevin təşəbbüsü ilə 7 amnistiya aktı qəbul edildi. Bu qərarlar 78 min nəfərə şamiledildi. Sonradan bu siyasət ulu öndərin siyasi kursunun ən layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilmişdir. Ümummilli lider dövlətin cəza siyasətində yalnız islaholmaya, məhkumların cəmiyyətə mənəvi və fiziki cəhətdən sağlam qayıtmasına xidmət etməsinə üstünlük verirdi. Odur ki, əfv və amnistiya qaydasında məhkumların cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi ilə kifayətlənmirdi. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir, müvafiq qanunlar qəbul edilirdi. Heydər Əliyevin 1998-ci il 22 fevral tarixli "İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair" fərmanı və "İnsan hüquq və azadlıqlarının qorunmasına dair Dövlət Proqramı"nın təsdiq olunması barədə 1998-ci il 18 iyun tarixli sərəncamı Konstitusiyamızda müəyyən olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin etdi.
Sivil cəmiyyətin ayrılmaz tərkib hissələrindən biri də müstəqil məhkəmə hakimiyyətidir. Ulu öndər bunu əsas tutaraq məhkəmə-hüquq islahatı konsepsiyasının hazırlanmasını və həyata keçirilməsini daim diqqətdə saxlayırdı. Hakimlərin demokratik prinsiplərə, şəffaf, aydın prosedur əsasında, beynəlxalq standartlara uyğun, aşkarlıq şəraitində seçilməsi, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması 1998-ci il dekabrın 1-də Heydər Əliyevin imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Qanunun tətbiqi və "Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilir. Bu gün Azərbaycanda beynəlxalq standartlara uyğunlaşdırılmış müstəqil məhkəmə sisteminin formalaşması ulu öndərin gərgin əməyinin nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin demokratik və hüquqi dövlət quruculuğu xətti, daxili və xarici siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi xətt Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, ölkəmizin Avropaya və dünya birliyinə iqteqrasiyasına təkan verir.

{nl}

Əliəjdər ƏLƏKBƏROV, Cəlilabad Rayon Məhkəməsinin sədri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında