Heydər Əliyev hər bir insanın qəlbində özünə abidə ucaldıb

Ulu öndərimiz Heydər Əliyev elə böyük, elə qüdrətli şəxsiyyət idi ki, hələ sağlığında onun əzəmətli heykəli xalqının - hər bir azərbaycanlının qəlbində ucalmışdı. Sağlığında insanların sonsuz sevgisini qazanan, əbədiyyətə qovuşandan sonra isə xatirəsi daima böyük hörmət və ehtiramla, minnətdarlıqla yad edilən bu dahi şəxsiyyət bütün ömrü boyu doğma Azərbaycanını dünyada tanıtmaq, şöhrətləndirmək amalı ilə yaşadı. Fəaliyyəti dövründə çox çətinliklərlə, problemlərlə üzləşdi, onların aradan qaldırılması üçün gecəli-gündüzlü səy göstərdi. Tanrı onu sanki tikib-qurmaq, yaratmaq, insanların rifahını yaxşılaşdırmaq üçün bu dünyaya gətirmişdi...
Mən ölkə Prezidenti cənab İlham Əliyevin - "Heydər Əliyev müasir Azərbaycanın memarıdır" fikrini hər dəfə xatırlayanda düşünürəm: Görəsən, Heydər Əliyev olmasaydı XX əsrdə xalqımızın taleyi necə olacaqdı?!. Azərbaycan XXI əsrin qovşağına necə gəlib çıxacaqdı?..
Bu sualların cavabı mənim üçün aydındır və düşüncələrimi oxucularla da bölüşmək istərdim. Ulu öndər 1982-ci ildə Moskvaya, SSRİ rəhbərliyinə inkişaf etmiş, sosial-iqtisadi cəhətdən bütün sovet respublikalarını qabaqlamış bir ölkə qoyub getmişdi... Moskvadan Bakıya qayıdanda, yenidən, ikinci dəfə Azərbaycana rəhbərliyə başlayanda isə həmin o sovet dönəmindəki Azərbaycandan, necə deyərlər, əsər-əlamət qalmamışdı: səriştəsiz, bacarıqsız rəhbərlərin əlinə düşən respublika tənəzzülə uğramış, uzun illər ərzində tikilib-qurulan istehsalat sahələri dağılmış, təsərrüfat subyektləri yararsız hala düşmüşdü. Əhalinin sosial durumu pisləşmişdi. Erməni təcavüzü, daxildə separatçılıq meyilləri o həddə çatmışdı ki, Azərbaycanın bir dövlət kimi xəritədən silinmək təhlükəsi var idi...
...Yenidən bir az əvvəl qeyd etdiyim sualların cavabına qayıdıram. Bəli, ulu öndərimizin bayaq söylədiyim o qarışıq zəmanədə - ötən əsrin 90-cı illərində millətinə liderlik etməsi Tanrının Azərbaycana, Azərbaycan xalqına ən böyük töhfəsi, ərməğanı idi. Səmimi fikrimdir: Bu qismətdən məhrum olsaydıq, nələr baş verəcəkdi, nələr olacaqdı, onu bir Allah bilir...
Heydər Əliyev yenidən Azərbaycana rəhbərliyə gələndə Azərbaycan adlı bir gəmi dəryada batmaq təhlükəsi ilə üz-üzəydi. Ölkəni bu təhlükədən, bu faciədən qurtarmaq, xilas etmək o qədər də asan məsələ deyildi. Ulu öndər də bunu etiraf edirdi: "...Bu, ağır bir yükdür, lakin biz bu yükü çiyinlərimizə almışıq və onu aparmalıyıq...".
O dövrdə Azərbaycanda acınacaqlı bir şərait yaranmışdı - iqtidar ölkəni düşdüyü ağır siyasi və iqtisadi durumdan xilas etmək gücündə deyildi. Cəmiyyətdə anarxiya və xaos, vətəndaş itaətsizliyi hökm sürürdü. Sosial-iqtisadi sahədə böhran gündən-günə dərinləşirdi, xalqın həyat şəraiti pisləşirdi, istehsal sahələri iflic vəziyyətə düşürdü... Belə bir taleyüklü məqamda - 1990-cı ilin yayında ulu öndərimiz Moskvadan Bakıya döndü. Lakin burada bir qrup nankor şəxsin hücumuna məruz qaldı və çıxış yolunu ata-baba yurdu Naxçıvana getməkdə gördü. Muxtar respublikada xalq sevgisi ilə qarşılaşan ulu öndərimiz üç il ərzində bu qədim diyarın problemləri ilə məşğul oldu, onun erməni işğalçılarından müdafiəsini və yaşamasını təmin etdi. Azərbaycanla əlaqəsi kəsilmiş, mühasirədə olan Naxçıvan məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti ilə aclıq, soyuq, işğal təhlükəsindən sovuşdu.
Ümummilli liderimiz Naxçıvanda yaşadığı illərdə fəal siyasətdən kənarda qalmadı. 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçildi. Bir il sonra isə əhalinin təkidli xahişi ilə muxtar respublika Ali Məclisinə rəhbərliyə başladı. Bununla da, Naxçıvanı həm sosial-iqtisadi fəlakətdən qurtarmaq, həm də erməni təcavüzündən qorumaq üçün taleyüklü bir xilaskarlıq missiyasını öz üzərinə götürdü.
Ulu öndərimiz, yuxarıda xatırlatdığım kimi, muxtar respublikanın rəhbəri olduğu üç il ərzində Naxçıvanı gözləyən dəhşətli bəlaların qarşısını aldı. Amma paytaxtda, Azərbaycanın rayonlarında anarxiya, vətəndaş itaətsizliyi davam edirdi, torpaqlarımız erməni işğalçılarının tapdağına çevrilirdi...
Azərbaycan xalqı bunu hiss edir və dahi öndərə sevgisini hər zaman büruzə verirdi, ən ağır çağlarda ona üz tuturdu. Respublikamızın təlatümlü günlərində, 1992-ci ilin oktyabrında Azərbaycan ziyalılarının bir qrupu tərəfindən ümummilli lider Heydər Əliyevə ünvanlanan müraciət də o zaman dahi şəxsiyyətə ümidgah kimi baxıldığını aydın göstərirdi:
"Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi böhran keçirir. Bunun da əsas səbəbi respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır... Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd fəaliyyət göstərməklə əslində iflic vəziyyətinə düşmüşdür. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişata nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur"...
Bu müraciət həmin dövrün böhranlarının, təhlükəli anlarının səbəblərini çox gözəl izah edir. Eyni zamanda, xalqın Heydər Əliyevə olan sonsuz sevgisindən xəbər verir.
Azərbaycan tarixinin Heydər Əliyev dövrü Vətənini və millətini təhlükələrdən qurtararaq ardıcıl inkişaf yoluna çıxaran nəhəng şəxsiyyətin zamanın fövqünə yüksəlməsinə parlaq bir nümunədir. Heydər Əliyev xalqımızın dövlətçilik ənənələrini davam etdirərək daha da zənginləşdirmiş, uzaqgörənliyi və müdrikliyi, cəsarəti və fədakarlığı sayəsində müstəqil Azərbaycan dövlətini qoruyub saxlamışdır. İftixarla deyə bilərəm ki, müstəqil Azərbaycan dövləti onun dühasının şah əsəri, indiki və gələcək nəsillərə zəmanətdir.
Heydər Əliyev millətini hədsiz məhəbbətlə sevən, dünyanın harasında yaşamasından asılı olmayaraq, onları bir, həmrəy görmək istəyən Böyük Azərbaycanlı idi. Bütün ölkələrə səfərləri zamanı işinin gərgin olmasına baxmayaraq, həmin ölkədə yaşayan həmvətənlərimizlə görüşüb onların problemləri ilə maraqlanır, Azərbaycan ətrafında sıx birləşməyə çağırırdı. Milli diasporun formalaşması, inkişafı da bu böyük insanın adı ilə bağlıdır. O, dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə nail olmaq üçün vahid milli ideologiya, azərbaycançılıq ideologiyasını işləyib hazırladı. 2001-ci ildə Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirilməklə həmin ideologiya həyata vəsiqə aldı. Təsadüfi deyildir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı bu dahi şəxsiyyəti özünün əzəli və əbədi Prezidenti sayır.
Dahi Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş fəaliyyəti ilə bağlıdır. Bu münaqişənin mahiyyətini beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaqdan ötrü ulu öndər hansı əziyyətə qatlaşmadı?! Nə qədər maneələr dəf etdi! Nəhayət, problemin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə aradan qaldırılmasının ideya müəllifinə çevrildi.
Ulu öndər çox haqlı olaraq ordumuzun gücləndirilməsini, müasirləşdirilməsini olduqca vacib sayırdı. Odur ki, qısa zaman kəsiyində bu istiqamətdə tədbirlər görülməyə başlandı. Bu baxımdan NATO ilə əlaqələrin qurulmasına xüsusi önəm verən məqsədyönlü fəaliyyətə başladı. Heydər Əliyev həmin ilin mayında Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet ölkələri ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) sazişini imzaladı. Beləliklə, hazırda ölkəmizlə NATO arasındakı möhkəm əlaqələrin bünövrəsi məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi bir milyondan çox soydaşımızı evsiz-eşiksiz qoymuş, Azərbaycan iqtisadiyyatına olduqca ağır zərbə vurmuşdur. Lakin bütün bu məhrumiyyətlərə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və gerçəkləşdirilmiş iqtisadi islahatlar və yeni neft strategiyası artıq konkret nəticələrini verməyə başlamışdır. Bu islahatlar ölkədə makroiqtisadi sabitliyə və iqtisadi yüksəlişə, o cümlədən sahibkarlığın inkişafına şərait yaratmışdır.
Fərəhli haldır ki, bu gün milli liderimizin yolunu onun siyasi məktəbinin yetirməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. 2003-cü il oktyabrın 15-də tarixi seçim edən Azərbaycan xalqı sabitliyə, tərəqqiyə və sivilizasiyalı dünya inteqrasiyasının güclənməsinə tərəfdar olduğunu, demokratik prinsiplərə sadiqliyini bir daha təsdiqlədi. Bu seçimlə ölkəmizi böyük tərəqqiyə aparan yolun - Heydər Əliyev yolunun davam etdirilməsinin əsası qoyuldu. Bu gün cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətini onun memarı və qurucusu olan Heydər Əliyevin müəyyən etdiyi yolla inamla gələcəyə doğru aparır.
Sonda bir məsələni də vurğulamağı özümə borc bilirəm. Mən neçə ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. Rəhbərlik etdiyim MMC-nin kollektivi aqrar sahənin əkinçilik, heyvandarlıq sahələrində böyük uğurlar əldə edir. Göstəricilərimiz ildən-ilə yaxşılaşır. Bunu ulu öndərimizin ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilməsi, sahibkarlığa, özəl bölməyə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirirəm.{nl}

Vaqif AĞAYEV, Yardımlı rayonundakı "Röyal" MMC-nin sədri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında