Əməlləri, ideyaları ilə insanlığa xoşbəxtlik bəxş edən Heydər Əliyev artıq yeddi ildir iki, qəlblərə, ürəklərə köçüb. Bu illər ərzində dünyanın müxtəlif yerlərində ulu öndərimizin əzəmətli abidələri ucaldılır, adına meydanlar yaradılır, parklar salınır.
Bu günlər ölkəmizdə, eləcə də dünya dövlətlərində ümummilli liderimiz Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilməsi Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün tükənməz qürur mənbəyidir. Bəli, öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Böyük Azərbaycanlı bir daha anılır, əziz xatirəsi yad edilir.
Xalqın sevimlisi olmaq, milli ideala çevrilmək insanın fiziki əməyi, mənəvi zəhməti, şəxsi nümunəsi ilə hasilə gələn bir bəxşişdir, Tanrı nişanəsidir.
Ulu öndərimizin həyat və fəaliyyəti barədə çoxlu kitablar yazılmış, məqalələr dərc olunmuş, filmlər çəkilmişdir.Amma bütün bunlar Heydər Əliyev dühasını tam əhatə edə bilmir.Çünki yarım əsrə yaxın bir zaman kəsiyində dahi şəxsiyyət Heydər Əliyevin iqtisadiyyat, elm, mədəniyyət, təhsil, səhiyyə, bütövlükdə həyatın bütün sahələrində qurub-yaratdıqları, dərin düşüncəli ideyaları yalnız dünənki və bugünkü nəsillərə deyil, həm də neçə-neçə gələcək nəsillərə hesablanmışdır.
Mübaliğəsiz deyə bilərəm ki, nə qədər ki, Azərbaycan xalqı var, müstəqil Azərbaycan dövləti var, onun ümummilli lideri Heydər Əliyev də ürəklərdə daim yaşayacaqdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoymuşdur.
O, tarixin ən çətin sınaq dönəmində mühüm işləri görmüşdür. Burada fəxrlə söyləyə bilərik: Tarix Heydər Əliyevi yaratdı, Heydər Əliyev Tarix yazdı.
Bu gün biz Heydər Əliyevi ümummilli lider, ulu öndər, dahi şəxsiyyət adlandırırıq.Amma mənimlə razılaşarsınız ki, Azərbaycan xalqı üçün etdiyi böyük xidmətlərin və daşıdığı ilahi missiyanın qarşılığında hədsiz ehtiram hissi ilə layiq görüldüyü bu epitetlər də Heydər Əliyevin əzəmətini və möhtəşəmliyini tam əks etdirmir.
"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram" - deyən ulu öndər məhz güçlü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək, xalqımızı səfərbər etməyə, öz arxasınca aparmağa və müstəqil dövlətçiliyimizi dinamik inkişaf yoluna çıxarmağa qadir olduğunu sübut etmişdir. O, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmadır, dönməzdir" - deməklə gələcək nəsillərə tarixi çağrış etmişdir.
Əsas məsələ müstəqilliyi dönməz prosesə çevirmək, bu ağacın yetişdirdiyi şirin meyvədən hər bir azərbaycanlının bəhrələnməsini mümkün etmək, vətəndaşı olduğu ölkə üçün qürur mənbəyinə çevirməkdir. Ulu öndərimiz bunu böyük məharətlə bacardı.Böyük keçmişi olan bir türk dövlətinin çağdaş tarixinə öz möhürünü basdı.
Azərbaycanı yeni dünyanın - Qərb demokratik dəyərlərinin və Şərq əxlaq qaydalarının hakim olduğu bir dünyanın ən öncül, qüdrətli və perspektivli dövlətindən birinə çevirdi.
Dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər onun şəxsində qibtəediləcək kamilliklə əks olunmuşdu: dəmir iradə və fitri idarəetmə istedadı, yaradıcılıq və quruculuq, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və güclü məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, ən nəhayət, dövlətçilik və Azərbaycançılıq.
Bu tarixə nəzər saldıqca bir həqiqəti bütün varlığımızla dərk edir, Heydər Əliyev dühasının milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini daha aydın görürük. Heydər Əliyev çağdaş və gələcək tariximizdə təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi deyil, eyni zamanda həm də yaratdığı dövləti böyük əzmlə hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanıb. Mən deyərdim Heydər Əliyev Yaradanın sevimlisi, yaranmışların şərəflisi olmuş və olaraq qalır.
"Mən həyatımın heç bir səhifəsindən imtina etməmişəm" - deyən ümummilli lider bütün həyatı boyu qəti və aydın şəkildə müəyyənləşdirilmiş yüksək prinsipləri və amalları, mənəvi dəyərləri rəhbər tutmuşdur. Bütövlük, tamlıq, ardıcıllıq, ədalətlilik, prinsipiallıq onun xarakterinin mühüm cəhətləri idi. Ümummilli liderimiz Heydər Əliyev həyatının bütün mərhələlərində öz ali məqsədini - mənsub olduğu xalqa və cəmiyyətə sadiq, vicdanlı və əzmkar xidmət prinsiplərini rəhbər tutmuş və bu yoldan heç zaman dönməmişdir.
Ulu öndərin "Ağıl olan yerdə zora ehtiyac yoxdur" müdirik kəlamı cəmiyyətimizin gündəlik həyatında, daxili və xarici siyasətində əsas normaya çevrilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük rəhbər haqqında dediyi bu qiymətli sözləri bir daha diqqətə çatdırmaq istərdim: "Heydər Əliyev 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider olmuşdur". Ulu öndər insanların qayğı və problemləri ilə yaşamağa, onların hiss və düşüncələrini dəyərləndirməyə xüsusi diqqət yetirirdi. O, insanların qəlbindən keçən fikir və duyğularını baxışlarından oxumağı, məsafədən duymağı bacarırdı.
Bu gün həyatın bütün sahələrində sürətli tərəqqi yolu ilə inamla və möhtəşəm nailiyyətlərlə irəliləyən müasir Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin genişmiqyaslı və yorulmaz fəaliyyəti nəticəsində qısa zaman kəsiyində böyük inkişaf mərhələsi keçmiş, əldə etdiyi sosial-iqtisadi uğurlarla dünya miqyasında lider mövqeyə yüksəlmişdir. Qazanılmış uğurlar və bugünkü Azərbaycan reallıqları ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının nə dərəcədə mükəmməl olduğunu, böyük müvəffəqiyyətlə reallaşdırdığını parlaq şəkildə sübuta yetirmişdir.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi hər bir Azərbaycanlının qəlbində əbədi yaşayacaqdır. Ruhun şad olsun, ulu öndər.
{nl}
İlqar ABBASOV, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.