Rəqabət savaşında kim qalib gəlir?

Azərbaycan zəngin dövlətçilik tarixinə malik olsa da, təqribən 15 ildir beynəlxalq texniki-iqtisadi rəqabət yarışında iştirak edir. Doğrudur, bu yarışma konkret struktura malik deyil və hansısa öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutmur. Bununla belə, müstəqillik qazandıqdan sonra Azərbaycan da bəşəriyyətin yeni ümumdünya siyasi, iqtisadi və mədəni inteqrasiya və unifikasiya prosesi fonunda gedən qlobal rəqabət yarışına qoşulub. Bəzi mütəxəssislər bu yarışı "rəqabət müharibəsi" kimi də adlandırırlar. Bəs, bu müharibəni kimlər udur?
Ümumiyyətlə, ölkələrin rəqabət qabiliyyəti reytinqi barədə hesabat Ümumdünya İqtisadi Forum tərəfindən 1979-cu ildən etibarən tərtib edilir. Forumun mütəxəssisləri 139 ölkənin rəqabət qabiliyyəti barədə hesabatını tərtib edərkən dünyanın aparıcı alimləri tərəfindən hazırlanmış iqtisadi inkişafın müasir nəzəriyyələrinə əsaslanırlar. Bundan başqa, bazar institutlarının yetkinliyi, infrastrukturun inkişafı, makroiqtisadi sabitlik, səhiyyə və təhsilin səviyyəsi, həmçinin xammal və kapital bazarlarının səmərəliliyi və texnoloji inkişafın səviyyəsi də nəzərə alınır. Təşkilatın ekspertləri rəqabət qabiliyyətinin inkişaf indeksinin və biznesin rəqabət qabiliyyətinin indeksinin hesabatlarına istinadən ölkələrin iqtisadi reytinqini hazırlayırlar. Qeyd etmək yerinə düşərdi ki, birinci indeks inkişafın makromühitini, ikinci indeks isə inkişafın mikromühitini xarakterizə edir. Bu ilin sentyabr ayında açıqlanan hesabatda İsveçrə birinci, İsveç ikinci, Sinqapur isə üçüncü yerdə göstərildi. Əlamətdar haldır ki, Azərbaycan postsovet məkanında hətta Rusiyanı qabaqlayaraq siyahıda 57-ci yeri tutdu. Qonşu Gürcüstanın da siyahıda 90-cı yerdə qərarlaşdığını xatırlatmaq pis olmazdı.
Bəs, ölkənin rəqabət qabiliyyətli olması nə deməkdir? Rəqabət qabiliyyəti odur ki, məhsul satışında rəqiblərdən arxada qalmayasan. Aydındır ki, buna müxtəlif metodlarla çatmaq mümkündür. Məsələn, məhsulun qiymətini aşağı salmaq olar və qənaət etmək istəyən istehlakçının məhsulu məhz belə bir addım atan istehsalçıdan alacağı şübhə doğurmur. Yaxud yeni bir məhsul düşünmək olar və bütün yeni əşyaları sevən alıcı da, çox güman ki, belə yeniliyə biganə qalmayacaq. Hətta mühafizəkarlıq və ənənəyə sadiqliklə də alıcını piştaxtanın önünə cəlb etmək mümkündür. Bəzi alıcıların xoşuna bahalı məhsullar, digərlərininsə bir az keyfiyyətli və ucuz gəlir. İstehlakçıları aqressiv reklamlarla inandırmaq və ya sadəcə aldatmaq olar. Rəqibləri isə yaxşı düşünülmüş istehlak strategiyası hesabına üstələmək olar.
Bu gün əksər ölkələr öndə olmaq üçün bütün üsullardan istifadə edirlər. Məsələn, İngiltərə XVIII-XIX əsrlərdə ona görə ən rəqabət qabiliyyətli ölkə olmuşdu ki, sənaye ixtiraları sayəsində ən ucuz və keyfiyyətli məhsullar istehsal etməyi bacarırdı. Bundan başqa, o zaman Avropada dəbi məhz "Dumanlı Albion" diktə edirdi. Bir də ona görə ki, Böyük Britaniya geniş müstəmləkə şəbəkəsinə malik idi və orada da silah gücünə bütün rəqiblərini oyundan kənarlaşdırırdı.
İndisə səhnəyə başqa ölkələr çıxıb. Son 20 il Yaponiya, Cənubi Koreya və Çin dövlətin ixracat dəstəyi hesabına Qərb rəqiblərinə qarşı əməlli-başlı rəqabət müharibəsi aparırlar. Xüsusilə də Çin qərblilərə rəqabətin gücünü nümayiş etdirir. Asiyanın kiçik ölkəsi, lakin tez bir zamanda iqtisadi əjdahaya çevrilən Sinqapur süni surətdə ucuzlaşdırılan işçi qüvvəsinin və görünməmiş miqyasda xarici sərmayələrin cəlb edilməsi hesabına rəqabət aparmağı bacarır.
Ümumiyyətlə, ölkələrin rəqabətliyini müqayisə etmək çətindir. Çünki birində həyata keçirilən mübarizə metodları, digərində başqa formada tətbiq olunur. Hər hansı şirkət öz bazarında işləyir və özünün rəqabət strategiyasını reallaşdırır. Hərdən bu strategiya özünü doğruldur, hərdən də, əksinə, şirkət böyük itkilər verməklə tutduğu sektordan geri çəkilmək məcburiyyətində qalır. Məsələn, holland pendiri dünya bazarlarında uğurla rəqabət aparırsa, bu, hələ o demək deyil ki, Hollandiya ən rəqabət qabiliyyətli ölkədir. Lakin hər halda ölkələrin rəqabət qabiliyyətli olmalarını müqayisə etmək lazım gəlir. Ən azı ona görə ki, xarici sərmayədarlar hansı ölkəyə sərmayə yatırmaq perspektivlərini araşdıra bilirlər. Əgər hər hansı ölkə müəyyən qədər rəqabət qabiliyyətlidirsə, bu o deməkdir ki, onun bütün şirkətləri orta hesabla öz məhsullarını digər ölkələrin şirkətlərindən daha uğurla sata bilir. Belə olduğu təqdirdə həmin ölkəyə sərmayə qoyuluşu imkanları daha da artır.
Ən rəqabət qabiliyyətli hesab edilən ölkə odur ki, qısa müddətli perspektivdə yaxşı iqtisadi artıma sahibdir. Bu iqtisadi artımı stimullaşdıran göstəricilərə iqtisadiyyatın açıq olması, dövlət hakimiyyətinin effektliyi, maliyyə, infrastrukturu, texniki və idarəetmə səviyyəsi, əməyin keyfiyyəti və cəmiyyətdaxili münasibətlər aid edilir. Qısası, bütün işləri qaydasında olan ölkə öz məhsullarını daha yaxşı sata bilir. Sosial və iqtisadi problemləri olan ölkə isə bunu etməyi bacarmayacaq.
Bəs, nəyə görə İsveç bu il lider oldu? Bu Skandinaviya ölkəsinin iqtisadi analizi göstərir ki, onun iqtisadiyyatının rəqabət qabiliyyəti 3 komponentə söykənir. Birincisi, İsveç inkişafın əsas məsələlərinə dair cəmiyyətdə ümumi razılığın olmasıyla, azad mətbuatın mövcudluğuyla və korrupsiyanın az olmasıyla şərtlənən yüksək siyasi mədəniyyəti ilə seçilir. İkinci vacib amil geniş əhali kütləsinin sosial müdafiəsi proqramlarının miqyasından və səmərəli olmasından ibarətdir. Sonuncu faktor yüksək texnologiyalara əsaslanan və real sektora səmərəli şəkildə tətbiq etməyə imkan verən güclü innovasiya bazisi yaradılmasından ibarətdir. Yəni İsveçdə innovasiya fəaliyyətinə, elmə və təhsilə diqqət yüksək səviyyədi. Bir sözlə, geniş və şaxələnmiş sosial müdafiə sistemi, ömürlük pulsuz təhsil almaq imkanı və elmi araşdırmaların geniş maliyyələşdirilməsi istənilən innovasiya ideyalarının reallaşdırılmasına və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır. Yüksək texnologiya iqtisadiyyat da şaxələnmiş sosial sistemi maliyyələşdirməyə imkan verir.
Bu ölkəni siyahıda birinci yerdə yerləşdirməyə əsas verən amillərdən biri də İsveçin maliyyə sisteminin sabitliyidir. Xatırladaq ki, İsveç Avropa Birliyinin üzvü olsa da, avrozonaya daxil deyil. Avroskeptik olan isveçlilər sosial rifah sahəsində əldə etdikləri nailiyyətləri itirmək qorxusu altında milli valyutalarını saxlayırlar ki, bu da kronu AB valyutasında baş verən son titrəyişlərdən qoruyur.
Bu gün Sinqapur da, demək olar ki, dünyada ən rəqabət qabiliyyətli ölkələrdən biri kimi tanınır. Bu Asiya ölkəsində həyati əhəmiyyətli sahələrdə vəziyyət ideal səviyyədədir: iqtisadiyyatı bütünlüklə iş adamlarının üzünə açıqdır, dövlət aparatı o qədər də böyük deyil, amma səmərəlidir (büdcə kəsiri sıfır səviyyəsindədir və vergilər aşağıdır və hamı həvəslə ödəyir), maliyyə sistemi sağlamdır, texnologiya yenidir, bacarıqlı menecerləri var, qanunverici sistemi müqavilələrin gerçəkləşməsinə zəmanət verir, səmərəli polis sisteminə malikdir və buna görə də cəmiyyətdə sabitlik və rahatlıq hökm sürür. Honqonq, İndoneziya, Malayziya, Cənubi Koreya və Tayland barəsində də eyni sözləri demək olar.
Amerikalıları da rəqabət qabiliyyətli xalq kimi dəyərləndirmək olar. ABŞ-ın ən başlıca üstünlüyü texnologiyanın və idarəetmə ustalığının həddən artıq yüksək səviyyədə olmasındadır. Digər üstünlükləri də var: böyük olmayan sosial xərclər, yaxşı fəaliyyət göstərən əmək bazarı, yeni firma yaradılmasının asan olması, maliyyə bazarı iştirakçılarının hüquqlarının möhkəm qorunması.
ABŞ-dan sonra Böyük Britaniyanın rəqabət qabiliyyətli olmasını önə çəkirlər. Britaniyanın başlıca üstünlüyü, digər Avropa ölkələrinə nisbətən mükəmməl vergi sisteminə malik olmasıdır. İngilislərlə də amerikalılar kimi vergiləri vaxtında ödəməyə meyillidirlər. Digər Avropa ölkələrinin-Almaniya, Fransa və İtaliyanın isə çatışmayan cəhətləri yüksək vergilərin olması, dövlətin həddən artıq iqtisadiyyata qarışması və normal əmək bazarının olmamasıdır. Hər halda Ümumdünya İqtisadi Forumunun mütəxəssisləri belə düşünürlər.
Göründüyü kimi, rəqabət müharibəsi vərdiş etdiyimiz adi müharibələr kimi deyil. Adi müharibələri böyük və güclü dövlətlər, rəqabət müharibəsini isə Sinqapur kimi ölkələr udur. Bu baxımdan Azərbaycanın da bu müharibədə qalib gəlmək şansı çoxdur. Son illərdə ölkəmizdə əldə edilən sosial-iqtisadi uğurlar da belə düşünməyə əsas verir.

{nl}

Səbuhi MƏMMƏDOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında