Qəhrəmanlar unudulmur

"1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqramın təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamı əsasında müharibədə şəhid olanlar və qazilər haqqında dəyərli kitablar, oçerklər və məqalələr yazıldı. Mirzəbala Rəhimbala oğlunun və Elimxan Mehrəliyevin əlli beş şəhid həmyerlimizdən bəhs edən "Xırdalandan uzaqlarda" kitabı da geniş oxucu kütləsinin diqqətini cəlb etdi.
Məlumdur ki, Azərbaycanın oğul və qızları istər ön cəbhədə, istərsə də arxa cəbhədə yüksək vətənpərvərlik, igidlik və şücaət göstərmiş, faşizmin məhvində böyük hünər nümayiş etdirmişlər. Böyük şairimiz Səməd Vurğun demişkən:
Ölüb getməz tarixlərdən
Göstərilən böyük hünər,
O hünəri öz alnına
Ulduzlarla yazar göylər!
Əsasən azərbaycanlı döyüşçülərdən yaradılmış 223-cü, 416-cı, 402-ci, 77-ci diviziyalar və başqa hərbi birləşmələr əbədi şöhrət qazanmışlar. Atam Əbdüləli Mürsəlov II Dünya müharibəsi veteranı idi və 223-cü Qırmızı Bayraq ordenli Belqrad diviziyasının 1039-cu polkunun kəşfiyyat komandiri olmuşdu. Belqrad, Budapeşt, Vyana və Praqanın azad edilməsində iştirak etmiş, Praqanın fəxri vətəndaşı seçilmişdi.
"Xırdalandan uzaqlarda" kitabındakı sənədli oçerklər qanlı döyüşlərdə cəbhənin bütün ağırlığını öz çiyinlərində daşıyan həmyerlilərimizə həsr edilmişdir. Güllə yağışı altında, bomba və mərmi partlayışlarından çəkinməyib düşmənə müqavimət göstərən, arzularını da özləri ilə şəhidliyə qovuşdurmuş bu gənclərin vaxtsız ölümü oxucuda təəssüf doğursa da dünyanın gələcəyini faşizm taunundan xilas etdikləri üçün onların hər biri qəlbimizdə əbədiyaşarlılıq qazanmış, iftixar ünvanına çevrilmişdir.
1941 - 1945-ci illər müharibəsindən bəhs edən çoxsaylı bədii və sənədli əsərlər kimi "Xırdalandan uzaqlarda" kitabı da bir daha xatırladır ki, müharibə xalqlara hədsiz bəlalar gətirmiş, Qələbə isə misilsiz itkilər hesabına qazanılmışdır.
Şəhid xırdalanlıların xatirəsinə həsr olunmuş kitab müəlliflərin gərgin əməyinin bəhrəsidir. Əlli beş nəfər haqqında məlumat toplamaq, aylarla arxivlərdə tədqiqat aparmaq və hər birinin sağ qalmış doğmaları, qohum-əqrəbaları ilə əlaqə saxlamaq, hətta onların 70-80 il əvvəllər çəkilmiş fotoşəkillərini üzə çıxarıb bərpa etmək heç də asan deyil. Kitabdakı şəkillərdən birini atam öz albomunda göz bəbəyi kimi qoruyardı. Bu, atamın gənclik dostu Məmmədov İlyas Həsən oğlunun şəkli idi. Onun gözəl çöhrəli simasına baxanda vaxtsız ölümünə acıyar, bizim də gözlərimizdən yaş axardı. İlyasın bu kitaba düşmüş şəklini atam ölümündən bir il əvvəl onun doğmalarına qaytarmışdı.
Fəxr edirəm ki, yaxın qohumumuz, Taqanroq uğrundakı vuruşmalarda həlak olmuş Sultanov Davud Xəlil oğlu da öz hünəri ilə nəslimizin başını uca etmişdir. Onun haqqında səmimiyyətlə qələmə alınmış oçerki oxuyanda müəlliflərin Davudun valideynlərinə göndərdiyi kiçik şəklin arxasında yazdığı "Bu şəklə baxıb məni yadınızdan çıxardın" qeydinə nə qədər həssaslıqla yanaşdıqları oxucunu dərin düşüncəyə sövq edir.
"Ön söz əvəzi"ndə müəlliflər səmimiyyətlə qeyd etmişlər: "Məhz həmin xeyirxah insanların - şəhid həmyerlilərimizin doğmalarının uzun axtarışlarımıza verdikləri dəstəklə qələmə alınmış oçerklər müəlliflərin təxəyyüllərinin məhsulu deyil, canlı söhbətlər, təkzibedilməz faktlar və konkret sənədlər əsasında yaranmışdır".
"Xırdalandan uzaqlarda" kitabının işıq üzü görməsində rayonumuzun icra hakimiyyətinin başçısı Zakir Fərəcovun böyük əməyi olmuşdur. Ümumiyyətlə, onun Abşeron rayonuna icra başçısı seçildiyi gündən bu günə qədər gördüyü xeyirxah işlər hamının gözü qabağındadır. Abşeron rayonu, sürətli inkişafına görə şəhər statusu almış Xırdalan indi əsl intibah dövrünü yaşayır.
Qoy bu kitab müharibə illərində həlak olanların xatirəsinə sadiq qalmağımızın təzahürü olsun.
Biz erməni təcavüzkarları ilə döyüşlərdə də çox şəhid vermişik. Onlar öz babalarının ənənələrinə sadiq qaldıqlarını, Vətən torpağını müqəddəs saydıqlarını qanları, canları ilə sübut etmişlər.

{nl}

Sürəyya SULTANOVA, Bakı Dövlət Universitetinin dosenti

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında