Böyük siyasətçilər həyatdan köçəndə müdrik insanlar haqlı olaraq deyirlər ki, "onunla bütöv bir epoxa getdi". Ancaq ümummilli lider Heydər Əliyev təkcə böyük siyasətçi deyildi. "Bu insan tarix yaradıb. O, böyük milli qəhrəmandır. O, bir çox məsələlərdə dünyanın istənilən ölkəsinin rəhbərini qabaqlayır. Heydər Əliyev təkcə Azərbaycan və azərbaycanlılar üçün deyil, həm də Rusiya üçün, bütün keçmiş Sovet İttifaqı və ucsuz-bucaqsız geniş ərazidə yaşayan bütün xalqlar üçün çox iş görüb. O, ölkəni quran, dövləti yaradan və möhkəmləndirən çox böyük dahi şəxsiyyətlərdən biridir. Ona görə bu səviyyədə olan şəxsiyyətlərə hörmət və şərəflə yanaşmaq lazımdır". Dünya kinosunun tanınmış simalarından olan Andrey Konçolovskini, bu qənaətə təbii ki, Heydər Əliyevin təkcə siyasi cizgiləri, xidmətləri gətirməşi. Çünki Heydər Əliyev bütün həyatı mübarizələrlə dolu olan, böyük xarakterə malik geniş miqyaslı misilsiz şəxsiyyət idi.
Plutarx fəlsəfi qeydlərinin birində yazırdı ki, "təkcə vəzifə insana şərəf gətirmir, insan da vəzifəyə şərəf gətirir". Heydər Əliyevin bütün mənalı ömrü sübut edir ki, harada çalışmasından asılı olmayaraq, o, vəzifəsini daim şərəfləndirmişdir. Əbəs deyil ki, hələ sovet hakimiyyəti illərində bu nadir istedad sahibinin vəzifə karyerası da həmişə azərbaycanlılar üçün qürur mənbəyi olmuşdur. Əslində, Heydər Əliyev elə bu illərdə, istər xüsusi xidmət orqanlarında işləyəndə, istər respublikaya rəhbərliyi dövründə sovet imperiyasının amansız və sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətlərilə adını tarixə yazmışdı. Məhz bu xidmətlərinə görə xalqı və Vətəni qarşısında üzü ağ olan bu dahi Azərbaycanlı müsahibələrinin birində deyirdi: "O fikirlə razı deyiləm ki, insan öz keçmişindən ayrılır. Keçmişi olmayan insan - insan deyil. Ona görə də mən öz keçmişimdən heç nəyi atmıram".
Onun hər bir addımı Vətənə, xalqa xidmətin bir nümunəsi idi. Çünki bu dahinin təyinatı bir başqa idi və Tanrı onu öz missiyasını yerinə yetirmək üçün ən sərt və amansız mübarizələrdən belə qalib çıxarır, qoruyur və irəli aparırdı. Heydər Əliyev fərqli və ali insan idi. Belə fərdləri nəzərdə tutaraq müdrik Konfutsi min illər əvvəl yazırdı: "Ali insan doğulandan hər şeyi biləndir".
Heydər Əliyev öz təyinatını dərk edib öz yolunu görürmüş kimi Allahın ona verdiyi nadir keyfiyyətləri həyatda sınağa çəkmiş və daim uğur qazanmışdır. Bu uğurlar xalqının və Vətəninin rifahına yönəldiyi üçün, onun nüfuzu gündən-günə artmışdı. Ona olan sonsuz inam və etimad onun təsir dairəsini genişləndirirdi. Hakimiyyətinin ilk illərində məhz bu keyfiyyətlər gerçəkdən onu xalqın liderinə, öndərinə çevirmişdi.
Heydər Əliyev ədalətsizliyi qəbul etmir, sədaqəti, həqiqəti yüksək dəyərləndirir, milli-mənəvi dəyərlərə ehtiramla yanaşır, onları geniş mənada qoruyur, xalqın milli şüurunun inkişafına xüsusi diqqət yetirirdi. Bu, qətiyyən millətçilik düşüncəsindən irəli gəlmirdi. Heydər Əliyev ruhunda bəşəri sevgi daşıyan bir şəxsiyyət idi. Bu bəlkə də, onun əsl azərbaycanlılara xas olan keyfiyyətlərindən biri idi və elə buna görə də keçmiş sovet respublikalarının bütün xalqları ona böyük sevgi ilə yanaşırdılar.
Heydər Əliyevin dövllətçilik, vətənpərvərlik fəlsəfəsinin təməlində böyük Vətən sevgisi dururdu. İmperiya rejiminin qadağaları bu sevginin qabağında nə qədər sədlər çəksə də, o, Heydər Əliyevin gördüyü əzəmətli işlərdə özünü göstərirdi. Məşhur klassiklərdən biri, yazıçı-filosof Viktor Hüqo yazırdı ki, "həqiqi dövlət xadimlərinin üstün keyfiyyəti ondadır ki, hər bir zərurətdən fayda götürməyi bacarsın, hətta şəraitin ən qorxunc axarını belə dövlətin xeyrinə dəyişə bilsin". Heydər Əliyev rəhbərlik etdiyi bütün işlərdə bunu ən doğru şəkildə bacarmış və həyata keçirmişdir.
Onun avtobioqrafiyasının elə bir səhifəsi yoxdur ki, orada gördüyü işlərin sadəcə vəzifə borcu deyil, daha böyük amallar naminə atılan addımlar olduğunu dərk etməyəsən. O, harada olur-olsun əzmkarlığı, rasional düşüncəsi, soyuq məntiqi və polad iradəsi sayəsində illər uzunu gizli saxladığı arzularına doğru yol açırdı. "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında - iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikirdim. Moskvada məndən soruşdular ki, bunlar sənin nəyinə lazımdır. Mən onlara demirdim nə üçün bu lazımdır... Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin". Ulu öndərin artıq müstəqillik dönəmində dilə gətirdiyi bu etiraflar heç də bütün sovet rəhbərləri üçün anlaşılmayan sirr deyildi. Sadəcə onun,artıq bir ölkəyə sığmayan nüfuzu qarşısında çoxları susmağı üstün tuturdular. Haqlı olaraq filosoflar belə şəxsiyyətlər haqqında danışarkən deyirlər ki, "böyük xarakterə malik belə insanlar öz əməlləri, fəaliyyətlərilə böyük məqsədlərə çatır, obyektiv tələblərə uyğun, ağıllı şəkildə əsaslandırılmış və sosial əhəmiyyətli idealları əldə edir və başqaları üçün mayaka çevrilirlər"
Bu siyasət nəhənginin ən ali məqsədi, böyük amalı heç şübhəsiz müstəqil, azad və demokratik Azərbaycan qurmaq olmuşdur. Məhz bu məqsəd bütün həyatı boyu onu mübarizəyə, çevik siyasi gedişlər etməyə və son nəticədə qalib gəlməyə məcbur etmişdir.
Heydər Əliyev şəxsiyyətini və siyasi fəaliyyətini, xarakterini bu gün dövlət atributu, simvolika səviyyəsinə qaldıran, onu əbədi xalq sevgisinə çatdıran Əliyevin vətənçilik təlimidir. Bu, onun mənalı həyat və fəaliyyətinin bütün mərhələlərində çox parlaq şəkildə nümayiş olunur. Onun siyasətçi kimi nüfuz dairəsi nə qədər artıbsa Azərbaycan əmin-amanlıq və rifah içində yaşayıb. Bunu məkrli erməni ideoloqları da çox dürüst bilirdilər ki, yalnız bu böyük azərbaycanlını şərəfləndirdiyi vəzifədən salıb, sonra onun xalqına və Vətəninə faciə donu biçə bilərdilər.
Belə də oldu və imperiyanın baş şəhərində - Moskvada bu böyük türkün nüfuzu Qorbaçova və onun erməni ideoloqlarına öz çirkin planlarını həyata keçirməyə mane olduğundan, onu vəzifədən uzaqlaşdırdılar. Ancaq bu dar düşüncə sahiblərinin ağlına belə gəlmirdi ki, təkcə Sovetlər Birliyi çərçivəsində deyil, bütün dünyada hələ də diqqət mərkəzində olan bu siyasət nəhəngini - Heydər Əliyevi "hesabdan silmək" çox böyük səhvdir. Əslində bu məkrli insanların anlamına görə Sovetlər Birliyinin siyasi elitasında, bəlkə də, dünya təcrübəsində, bu şəkildə "vurulan" dövlət xadiminin yenidən yüksəlişi heç də ağla gələn bir şey deyildi. Ancaq bu qısa zaman da bəs etdi ki, Azərbaycan Sovet imperiyasının əsarətindən viranə və xaraba bir ölkə kimi çıxsın. Heydər Əliyevin bütün fəaliyyəti boyu ehtiyatlandığı və narahatlığı da məhz buna görə idi.
1990-cı il 20 yanvar faciəsi baş verəndə, kimsəsizlikdən, əlacsızlıqdan nə edəcəyini bilməyən məzlum insan kütlələrini görəndə milli təfəkkürümüzdə bir fikir ildırım kimi çaxdı. Yalnız onda dərk etdik ki, Heydər Əliyevin üzərinə başlayan xaç yürüşünün məramı nədir və bu məkrli planın arxasında hansı qüvvələr durur.
Lakin haqqın və ədalətin bərpası elə də böyük vaxt istəmədi. Heydər Əliyevin məhz həmin ağır məqamlarda kövrək və məzlum xalqımızın yaralı qəlbinə bir ümid gətirən, bununla belə bütün imperiya ağalarını silkələyən sərt bəyanatı Moskvanın siyasi səmasında ildırım kimi çaxdı. Bu nə idi? Siyasətə qayıdış, yoxsa, milli oyanışa çağırış?
Zaman bu sualların cavabını özü verdi, imperiya çökdü, özünü SSRİ-nin prezidenti elan edən Qorbaçov rüsvayçılıqla siyasi səhnədən atıldı. Amma Heydər Əliyev, xalqının sevimli oğlu Bakıya, öz layiq olduğu və ömrünün sonuna qədər şərəfləndirdiyi dövlət başçısı postuna gəldi. Gəldi və ölkəsini ölüm yatağından qaldırdı. Zamanın dəyərini, dünyanın siyasi axarını, söz sahibi olan dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev öz dərin zəkası, siyasi uzaqgörənliyi və soyuq məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət adamı görüləcək bütün işlərin təməlində ictimai-siyasi sabitliyin durduğunu bildiyi üçün ilk növbədə məhz buna nail olmağa çalışırdı.
Heydər Əliyev hakimiyyətə qayıdandan dərhal sonra gənc, müstəqil ölkənin hərbi və xarici siyasət resurslarını dəqiqliyi ilə qiymətləndirib bunun əsasında ölkənin strateji inkişaf xəttini müəyyənləşdirdi. Perspektivi olmayan müharibəni dayandırdı və atəşkəs əldə olundu. Bu, təbii ki, qətiyyən Qarabağdan imtina etmək deyildi.
"Milli inqilabın" gətirdiyi xaos və anarxiya arxada qaldı, dövlət çevrilişləri xronikasına son verildi. Məhz bu dahi siyasət ustasının siyasi gedişləri Azərbaycanın strateji mövqelərinin bərpa olunmasına gətirib çıxardı. Onun qətiyyəti gənc müstəqil dövlətin parçalanmasının qarşısını aldı. O həm praqmatik, həm də realist siyasətçi idi və məhz buna görə də ölkədə islam fundamentalizminin hökmranlığına imkan vermədi. Lakin buna bütün əsaslar var idi.
Heydər Əliyev siyasətin öhdəsinə düşən vəzifələri çox gözəl bilirdi. Bilirdi ki, iqtisadi iflasa uğrayan ölkədə iqtisadi subyektlərin sərbəst fəaliyyəti üçün geniş meydan olmalıdır. O, bu meydanı açdı. Xəzər nefti uğrunda ciddi rəqabət aparan Qərb şirkətlərinin maraqlarını öz ölkəsinin siyasi və iqtisadi maraqlarına yönəldə bildi. Uğurlu neft diplomatiyası 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə yekunlaşdı.
Ümummilli liderin məhz bu müqavilədən start götürən neft strategiyası Azərbaycanı beynəlxalq enerji siyasətini müəyyənləşdirən dövlətlərin sırasına gətirdi. Bu amil, artıq kiçik, gənc, müstəqil Azərbaycan üçün böyük uğur idi.
Heydər Əliyev nəhəng qonşusu Rusiya ilə münasibətləri qaydaya saldı və bununla tarixi münasibətlərin yeni müstəvidə bərpasına nail oldu. Dünya siyasətində lider olan ABŞ-la münasibətlərə bir aydınlıq gəldi. ABŞ-Azərbaycan münasibətlərində köklü dəyişikliyin təməlində isə təkcə neft amili durmurdu. Heydər Əliyev danılmaz arqumentlərlə öz ölkəsinin regionda strateji əhəmiyyət daşıdığını isbat edə bilmişdi. Məhz Heydər Əliyevin 1997-ci ilin avqust-sentyabr aylarında ABŞ-a 12 günlük səfərindən sonra Amerika administrasiyasının ermənipərəst kursunda ciddi təftiş başladı. 907-ci düzəlişin təsiri dayandırıldı.
Bu gün Heydər Əliyev siyasətinin Azərbaycana verdiyi üstünlüklərdən biri ondan ibarətdir ki, İrəvandan fərqli olaraq Bakının həm siyasi, həm də iqtisadi cəhətdən manevr etməsi üçün böyük meydan var.
Heydər Əliyev Azərbaycanda demokratik dəyərlərin bərqərar olması üçün müstəsna xidmətlər göstərdi və milli maraqlara xidmətin iqtisadi strategiyasını hazırlayıb həyata keçirməyə başladı.
Şübhəsiz, bir yazıda bu siyasət nəhənginin gördüyü misilsiz və hüdudsuz xidmətləri sadalamaqda və onlara dəyər verməkdə çox acizlik. Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi fəlsəfəsinin təməlində azadlıq, demokratiya, azərbaycançılıq, sosial ədalət və rifah dururdu və bu fəlsəfə də onun memarı və qurucusu olduğu gerçək müstəqil Azərbaycanda öz real əksini tapdı.
Bütün bunlara baxmayaraq, Heydər Əliyev həyata realist baxışı və təbii qanunların gerçək dərki ilə də seçilirdi. O bilirdi ki, təbiətin, bəşəri bir gerçəkliyi də dünyanın insan üçün əbədi olmamasıdır. Elə bu səbəbdən də müstəqil dövlət quruculuğunun ən məsul bir dövrünə qədəm qoyan Azərbaycanı xoşbəxt gələcəyə aparacaq liderin, varisin hazırlığını da gerçəkləşdirmiş və son məqamda xalqına bəyan etmişdi. Bu Vətənə xidmətin, sevginin ən ali nümunəsi idi və Heydər Əliyev bunu özünün son müqəddəs borcu, xidməti hesab edirdi. Bu dahiyanə uzaqgörənlik də zamanın sınağından şərəflə çıxdı. Bəli, onun "axıra çatdıra bilmədiyi, taleyüklü məsələləri, planları, işləri, xalqın, millətin köməyi və dəstəyi ilə Prezident cənab İlham Əliyev həyata keçirməyə başladı və bu missiyanı artıq 7 ildir ki, çox böyük uğurla həyata keçirir.
Məşhur rus klassiki N.Qoqol yazırdı: "İnsan elə ilahi bir varlıqdır ki, heç zaman birdəfəlik onun bütün xüsusiyyətlərini sadalaya bilməzsən, nə qədər ona çox diqqət yetirsən, bir o qədər çox onda yeni xüsusiyyətlər aşkarlanar və onların təsviri sonsuza qədər uzanar". Mənə elə gəlir ki, ümummilli lider zirvəsinə yüksəlmiş Heydər Əliyev haqqında ali insan kimi hələ çox araşdırmalar, tədqiqatlar aparılacaq və hər dəfə onun dahiliyinin yeni cizgiləri üzə çıxacaq. Türkiyənin dövlət xadimi Bülənt Ecevit çox yerində və sərrast ifadə işlədir: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".
{nl}
Arzuman MURADLI, iqtisad elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.