Azərbaycan xalqına və dövlətinə xidmətin dəyəri-xalqın əbədi sevgisi

Xalqın, millətin taleyində bir çox tarixi mərhələlər böyük şəxsiyyətlərin adı ilə bağlıdır. Xalq onun adı ilə tanınır, çağırışına qoşulur, səsinə səs verir və bu birlik - XALQ-ŞƏXSİYYƏT birliyi qarşısıalınmaz gücə çevrilir, qələbələr, uğurlar qazanılır, xalq intibah yoluna qədəm qoyur, neçə boy ucalıb özünü göstərir. Xalqın fəhmi hissetmə qabiliyyəti böyükdür. O, yaxşını pisdən tez seçir və seçimində yanılmır. Bəzi siyasətçilərə ağıl-zəka ilə, digərlərinə qəlbən səs verirlər. Azərbaycan xalqı özünün ümummilli liderinə, böyük öndərinə həm ağıl-zəka ilə, həm də qəlblə səs verib. Vətəninə hədsiz sadiq olan ümummilli lider özünü tamamilə və bütünlüklə Azərbaycana həsr etdi. "Azərbaycanın müstəqilliyi yolunda, lazım gələrsə, özümün də, övladlarımın da həyatını qurban verərəm" deyən və bu prinsiplə yaşayıb fəaliyyət göstərən dahi rəhbər Azərbaycanın ulduzunun dünya səmasında parlaması üçün hər şey etdi.
Mən böyük öndərin adını yeniyetmə çağlarımda eşitmişdim. Sonradan tale elə gətirdi ki, onun birbaşa rəhbərliyi altında işlədim. Dəfələrlə görüşdüm, söhbətlərimiz oldu. Milyonlardan biri kimi o böyük dövlət adamının və şəxsiyyətin nurlu siması hər zaman gözümün önündədir. Ümummilli lider haqqında hər dəfə yazanda və danışanda onunla ilk görüşüm gözlərimin önünə gəlir. Bu tarix Heydər Əliyevin Naxçıvana dönüşü gününə təsadüf edir.
Böyük öndər Heydər Əliyev 1990-cı il iyulun 22-də saat 10:35-də Naxçıvana gəldi. Onun Naxçıvana gəlişindən ailə üvzlərindən başqa heç kəsin xəbəri olmamışdı. Bununla belə, doğma Vətən torpağına qədəm basandan sonra Hüseyn Cavidin məzarını ziyarət edən Heydər Əliyevin sorağı bir anda ildırım sürətilə bütün Naxçıvana yayıldı. Artıq minlərlə adam onun görüşünə tələsirdi.
Həmin günün axşamı Naxçıvan şəhərindəki mərkəzi meydana 80 min nəfərdən çox adam toplaşdı. Hətta o dövrdə partiya nəzarətində olan mətbuat Heydər Əliyevin Naxçıvana qayıdışı ilə bağlı öz səhifələrində aşağıdakı cümlələrə yer ayırdı: "Ayağının altında onlarca qurban kəsilən Heydər Əliyevə ağır müharibə və iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar özlərinin nicatı və son ümid yeri kimi baxırdılar... Heydər Əliyev meydana xalqın görüşünə gəldi. Bu böyük şəxsiyyətlə görüşə gələnlərin, onu uzaqdan müşahidə edənlərin şadlığını təsvir etmək çətindir. Heydər Əliyevin sevinc dolu alqışlar altında etdiyi qısa çıxış xalqına sonsuz məhəbbətlə dolu böyük ürəyinin səsi idi. Beləcə, bütün ömrünü Azərbaycan xalqına xidmətdə keçirən, öz rahatlığını, dincliyini gecə-gündüz xalqın xoşbəxtliyinə sərf edən Heydər Əliyevlə onu dünyalar qədər sevən xalqı vahid bir tam kimi birləşib qovuşdu".
Mən xilaskarın Naxçıvana qayıdışından xəbər tutan birinci adamlardan idim. Naxçıvanın daxili işlər naziri Məmməd Məmmədov və mən Heydər Əliyevlə görüşə getdik. Biz qələbəliyi birtəhər keçib həyətə daxil olanda böyük şəxsiyyəti Afiyəddin Cəlilov və bir neçə ağsaqqalla söhbət edən gördük. Afiyəddin Cəlilov bizi təqdim etdi: "Məmməd Məmmədov muxtar respublikanın daxili işlər naziri, Əsgər Ələkbərov isə onun müavinidir".
Dahi şəxsiyyətlə ilk görüşüm belə oldu. Həmin gün milyonlardan biri kimi mənim də qəlbimdə sabaha bir ümid yarandı. Muxtar respublika daxili işlər nazirinin müavini kimi Böyük Öndərin təhlükəsizliyini təmin etməyə məsul olmaqdan həmişə böyük şərəf və çox böyük bir məsuliyyət duymuşam.
Tarix sübut edir ki, böyük mütəfəkkirləri, nəhəng siyasət adamlarını və dövlət xadimlərini onların müasirləri, ən azı mütləq əksəriyyət layiq olduqları mərtəbədə dərk edib qiymətləndirə bilmirlər. Bu, təbiidir. Çünki onlar cəmiyyətin və dövlət idarəçiliyinin fövqündə elə dayanırlar ki, milyonlar üçün həmin zirvə əlçatmaz olur. Bu səbəblərdən də böyük siyasət adamları zaman keçdikcə daha yaxından dərk olunmağa başlayır. İndinin özündə də ABŞ-da Corc Vaşinqtonun, Fransada Şarl de Qolun, İngiltərədə Uinston Çörçilin, Türkiyədə Atatürkün irslərinin tədqiq olunması deyilənləri təsdiq edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də məhz elə nəhənglərdəndir. Bu qiyməti ona canından artıq sevdiyi və yolunda həyatını şam kimi əritdiyi Azərbaycan xalqı verib. Bu qiyməti ona beynəlxalq aləmdə tanınan və qəbul edilən siyasətşünaslar, böyük dövlət adamları və siyasətçilər verib.
Ümummilli liderimizin böyük irsi dünən də öyrənilib, bu gün də öyrənilir, sabah da öyrəniləcək. Çünki Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün Heydər Əliyev siyasi təlimi, strategiyası və kursu alternativsizdir. Bax, bütün bunlara görə Azərbaycan dövləti və dövlətçiliyinin məhv edilməsi təhlükəsi real olduğu zaman xalqımız necə böyük müdrikliklə öz böyük oğlunu hakimiyyətə dəvət etdisə, eyni müdrikliklə də böyük öndərdən sonra onun siyasi kursunun ləyaqətli və istedadlı davamçısı cənab İlham Əliyevi 2003-cü ilin oktyabrında özünün Prezidenti və Ali Baş Komandanı seçdi.
2003-cü il dekabr ayının 12-si ölkəmiz, dövlətimiz və millətimiz üçün böyük hüzn, həm də böyük fəxarət günüdür. Çünki məhz həmin gün ömrünün son anınadək Vətənini və xalqını düşünən, onun dünəni, bu günü və sabahı ilə bağlı problemlərin narahatçılığını keçirən və həmin problemlərin həlli yollarını arayan, bütün durumlarda yeganə düzgün qərarı tapan, həyatın axarında illərlə, on illərlə öncəni görməyə qadir olan dahi insan haqq dünyasına qovuşdu. Məhz həmin gün ümummilli liderimizin xalqın əbədi sevgisinə layiq olduğunun bir daha şahidi olduq. Həmin gün bütün Azərbaycan, dünyada yaşayan bütün azərbaycanlılar və milyonlarla heydərsevər göz yaşları içərisində öz böyük Öndərini son mənzilə yola saldı. Dünyanın bir çox hökumət və dövlət rəhbərləri, tanınmış siyasətçilər və şəxsiyyətlər dünya siyasətinə öz möhürünü vurmuş bu nəhəng dövlət xadimi ilə vidalaşmaq üçün Azərbaycan paytaxtına gəlmişdilər. Ən məşhur kütləvi informasiya vasitələrinin 902 nəfər nümayəndəsi nəhəng siyasətçinin dəfn mərasimindən xəbərlər və reportajlar yaymaq üçün Bakıda qərar tutmuşdu. Bu, o demək idi ki, həmin gün bütün dünyanın informasiya məkanını Heydər Əliyev zəbt etmişdi. Bəli, onun nəhəng siyasətçi və böyük dövlət xadimi olması buna imkan verirdi. Heydər Əliyev öz vəfatı ilə də dünyanın nəzərlərini bir daha Azərbaycana çevirdi. O, özünün Öndər şəxsiyyətini və öz əli ilə qurub yaratdığı müstəqil Azərbaycan Respublikasının qüdrətini yenidən nümayiş etdirdi.
Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi ölkəmizin müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edən dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Böyük öndərin "Mən həmişə demişəm, bu gün də deyirəm, mən fəxr edirəm ki, azərbaycanlıyam" sözləri indi milyonların dilində əzbərdir. Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün millətlərin mənafeyinə xidmət edir və dövlətin inkişafının, sülh və əmin-amanlığın, sabitliyin, qarşılıqlı hörmət, sevgi və anlaşmanın təməl prinsipidir.
Ümummilli lider böyük dövlət adamı kimi böyük məsuliyyət sahibi idi. O, hər kəsə məsuliyyətli olmağı məsləhət bilir, tapşırır və örnək göstərirdi. Məsələn, Azərbaycanın ilk Milli Konstitusiya layihəsinin son müzakirəsi zamanı Heydər Əliyev çıxışını belə yekunlaşdırdı: "Şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm, hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".
Ulu öndər öyrədirdi ki, Azərbaycanın gələcək inkişafı yalnız və yalnız hüquqi dövlət quruculuğu yolundan keçir. Formul isə belədir: inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, üstəgəl Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri. Bax budur, inkişafın Azərbaycan modeli.
Ümummilli lider bütün çıxışlarında xüsusi vurğulayırdı ki, vəzifədən sui-istifadə etmək yolverilməzdir və vəzifə insanlara xüsusi üstünlüklər vermir. O deyirdi: "Vəzifə insana heç bir şey vermir. Sadəcə olaraq səlahiyyət verir. Qalan hər şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır".
Böyük öndər kadrların mənəvi təmizliyini həmişə ön plana çəkirdi. O deyirdi: "Rəhbərlik etmək, yəni adamları öyrətmək, öyrənmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun".
Böyük dövlət adamı üçün ədalət Haqqın tərəzisi idi. O deyirdi: "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz".
1994-cü il oktyabr ayının 4-ü gecəsini xatırlayın. Azərbaycan dövlətinin və dövlətçiliyinin ölüm-dirim məsələsi həll olunurdu. İllər boyu fürsət axtaran düşmən əllərini içimizə uzada bilmiş və onların fitnələrinə uyan xəyanətkarların vasitəsilə arzusuna çatmağın bir addımlığında idi. Qarşıda onlara mane ola biləcək bir qüvvə qalmışdı - Heydər Əliyev. O öz dahiyanə fəhmi ilə vəziyyəti çox düzgün və vaxtında qiymətləndirib, gücünün harda olduğunu bilib xalqa üz tutdu. Minilliklər boyu xatırlanacaq bir çıxış etdi: "Əziz həmvətənlər! Bacılar, qardaşlar! Oğlullarım, qızlarım! Vətənimizin üstünü qara buludlar alıb. Dövlətimiz, dövlətçiliyimiz təhlükə altındadır..."
O, hüznlü, kədərli, ancaq kədərli olduğu qədər də qətiyyətli və məğrur səsin doğurduğu əks-səda hələ də qulaqlarımdan getməyib. Sözlər adi sözlər idi, ancaq bu sözlərdəki həyəcan, bu sözlərdəki sadəlik və dəmir məntiq qəlblərə işləyirdi, ekran qarşısında oturan milyonlarla azərbaycanlının gözlərindən axan yaş ürəklərinə süzülürdü. Heç kəs Heydər Əliyevi bu dərəcədə kədərli və eyni zamanda, bu dərəcədə məğrur görməmişdi. Çətin günlər üçün doğulan və yaşayan insanlar ağır sınaq dəqiqələrində daha mətin, daha cəsur və daha uzaqgörən olurlar. O sərin payız axşamından indi bizi 16 il ayırır. Mən bu illər ərzində dönə-dönə özümdən soruşmuşam: prezidentin o axşamkı çıxışının gücü, təsiri nədə idi? Və həmişə eyni qənaətə gəlmişəm - bu müraciətin gücü birinci növbədə Heydər Əliyev şəxsiyyətində, bu müraciətin təsiri sözlərin sadəliyində, dərin məntiqində və xalqa inamında idi.
"Mən xalqa həmişə ümid bəsləmişəm, həmişə xalqa güvənmişəm. Xalqın nə qədər qüdrətli və müdrik olduğunu daim bilib yəqin etmişəm". Heydər Əliyev Azərbaycanın başının üstünü fəlakət aldığı bir anda xalqa müraciətlə belə deyirdi. Sözlər sanki bir əsgər kimi, süngü ilə, intizamlı addımlarla hücuma keçmişdi. Sözlər bəzən alova dönüb qarsırdı, bəzən bumbuz olub dondururdu. Sözlər gah ipək kimi yumşalır, gah da toxmaq kimi müstəqilliyimizin əleyhinə çıxanların başına çırpılırdı. Sözlər o axşam canlıdan canlıydı. Sözlər o axşam həm gülləydi, həm sipər. Həm yaralayırdı, həm yaralara məlhəm qoyurdu. Sözlər o axşam savaşa çıxmışdı. Və bu savaşda düşmənin top-tüfənginə qarşı Heydər Əliyev həqiqəti, Heydər Əliyev zəkası, Heydər Əliyev məntiqi dayanmışdı. Sözlər top-tüfəngə qalib gəlməyi bacardı və Azərbaycan xalqı növbəti dəfə Heydər Əliyev həqiqətinin qüdrətinin şahidi oldu. Heydər Əliyev sözlə fəth etmək elminin ən kamil ustası idi.
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, 1993-cü ilin iyununda ölkə rəhbərliyinə hüquq-mühafizə orqanları sahəsində yenilməz biliyə və təcrübəyə malik bir şəxsiyyət gəldi. Onun cəmiyyətdə baş verən və baş verə biləcək bütün olaylara düzgün qiymət vermək bacarığı, təcrübəsi, biliyi vardı. Məhz ona görə də cəmiyyət bütün ağrılarına baxmayaraq, baş verə biləcək çox bəlaların üstündən adladı.
Polisi Azərbaycan dövlətinin əsas sütunlarından sayan Ali Baş Komandan dövlətin bu mühüm güc strukturunun möhkəmləndirilməsi, onun Konstitusiya və qanunlarla müəyyənləşdirilmiş vəzifələrə sədaqətlə xidmət etməsi üçün lazım olan bütün tədbirləri həyata keçirdi. Böyük öndər Azərbaycan polisini konyuntur maraqlar naminə aparılan ideoloji-siyasi təxribatdan qorumaq üçün hər zaman Ali Baş Komandan nüfuzunu və qüdrətini nümayiş etdirdi. Onun rəhbərliyi ilə ölkədə aparılan hüquqi-demokratik islahatlar Azərbaycan polisinin vəzifə və səlahiyyətlərini sivil və bəşəri dəyərlərə söykənməklə kökündən dəyişdirdi. İndi Azərbaycan polisinin ən başlıca vəzifəsi insan və vətəndaş hüquqlarının müdafiəsi, ölkədə dönməz xarakter alan ictimai-siyasi sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsidir. Azərbaycan polisinin şərəfli və kəşməkeşli 92 illik yolunda ümummilli liderimizin heç zaman silinməsi mümkün olmayan izi var. Böyük liderimizin "polis əməkdaşı Vətəninə, torpağına hədsiz sədaqətli və istənilən vaxt öz vəzifəsini yerinə yetirərək həyatını belə qurban verməyə hazır olmalıdır" tapşırığı fəaliyyət prinsipimizdir. Ali Baş Komandanımız deyirdi: "Mən Azərbaycan polisinə inanır, güvənir və etibar edirəm" Azərbaycan polisi isə bu yüksək etimada həmişə layiqincə cavab verib. Bu gün də biz deyirik: "Rahat uyuyun, böyük öndər! Azərbaycan polisi həmişə olduğu kimi bu gün də, gələcəkdə də sizin müəyyənləşdirdiyiniz yolla gedəcək, dövlətinə, dövlətçiliyinə, Ali Baş Komandanına sədaqətlə xidmət edəcək. Hörmətli nazirimiz cənab Ramil Usubov başda olmaqla şəxsi heyət sevimli Vətənimizin bu günü və sabahı naminə səylərdə möhtərəm Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevin ən yaxın köməkçiləri cərgəsində olacaqdır.
Ömrünü müstəqil Azərbaycan yolunda şam kimi əridən nəhəng dövlət adamı həm də yenilməz sərkərdə idi. O, 2003-cü il aprelin 21-də Cəmşid Naxçıvanski adına hərbi liseyin 30 illik yubileyi münasibəti ilə Respublika Sarayında keçirilən təntənəli mərasim zamanı tribunada nitq söyləyərkən arterial qan təzyiqi ani olaraq kəskin surətdə aşağı düşdü. Həkimlər ona niqtini davam etdirməməyi məsləhət görməsələr də, Ali Baş Komandan yenidən öz əsgərlərinin qarşısına çıxdı, polad iradəsini bir daha nümayiş etdirdi. Belə cəsarət və qətiyyət yalnız və yalnız fövqəladə şəxsiyyətlərdə olur.
Böyük şəxsiyyətlər tarix yazırlar, tarixi yaradırlar və tarixdə qalırlar. Tarix də onların qiymətini verir. Tarix artıq Heydər Əliyevin qiymətini verib. Azərbaycan xalqına və dövlətinə xidmətin əvəzində ona tükənməz xalq sevgisi qismət olub. Lakin o da var ki, bəzən uca zirvəyə daş atmaq niyyətinə düşənlər də olur. Belələri şəksiz ki, məğlubiyyətə məhkumdur. Onlar coşğun dağ çayının süpürüb apardığı kol-kosa bənzəyir. Bu kol-koslar keçmişdə də olub, bu gün də var, gələcəkdə də olacaqlar. Bu günlərdə ölkəmizdə bir neçə il xarici "diplomat" kimi fəaliyyət göstərən Turqut Ər adlı birisi də çərənləməyə başlayıb. Təbii ki, onda türk ərənlərinə məxsus keyfiyyətlərdən bir nişanə belə yoxdur. Əks halda burada çalışdığı müddətdə "Heydər bəy böyük dövlət adamıdır!", "Heydər bəy bir dünya siyasətçisidir!", "Heydər bəy türk dünyasına örnək göstərir!" deyən və ictimai tədbirlərdə onunla görüşmək üçün ikiqat əyilib uzaqdan təzim edən (yaxına getməyə onun nə imkanı, nə qabiliyyəti, nə cəsarəti, nə də şəxsiyyəti imkan vermirdi - Ə.Ə.) bir neçə il sonra Böyük türk oğlu haqqında belə şərəfsizlik edər? Əslində istər 1994-cü ilin oktyabrında, istərsə də 1995-ci ilin martında dövlət çevrilişlərinə edilən cəhdlər zamanı Turqut kimi olan bir neçəsinin maskası yırtıldı. Onun özünün isə üzünə vurulan yamağın hansı formada olduğunu Azərbaycanın hüquq-mühafizə orqanları yaxşı bilir.
Böyük öndər hakimiyyətdə olduğu bütün dönəmlərdə ona həm "sapı özümüzdən olan baltalar", həm də düşmənlərimiz tərəfindən çox iftiralar atılıb. Lakin yel qayadan nə apara bilər ki? Zirvə zirvədir. Zirvədə qartal uçar. Bəs buqələmun nədir? Onu da qoy Turquta özü kimi olan həmfikirləri başa salsınlar. Mənsə burada bir neçə türk siyasətçisi və dövlət adamının fikirlərini xatırlatmaq istərdim.
Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleyman Dəmirəl: "Azərbaycanın yenidən qurulmasında, möhkəmlənməsində, güclənməsində, Türkiyə və dünya ilə əlaqələr yaratmasında Heydər Əliyevin əvəzsiz, unudulmaz böyük xidmətləri vardır. O, dünya miqyaslı dövlət adamıdır. Vəsiyyəti müstəqil Azərbaycanın əbədiyyətə qədər yaşamasıdır. "Türkiyə-Azərbaycan münasibətləri əbədidir. Heç bir şey onu zədələyə bilməz" sözləri onundur.
Azərbaycan müstəqil milli dövlətinin varlığı, türk dünyası üçün, Türkiyə üçün və Azərbaycan üçün möhtəşəm bir hadisədir. Bu dövlətin yenidən qurulmasında, möhkəmlənməsində, güclənməsində, Türkiyə və dünya il əlaqələr qurmasında hörmətli Heydər Əliyevin heç bir ölçüyə sığmayan, unudulmaz, böyük xidməti vardır. Zəngin təcrübəsi, bacarığı, qətiyyəti, uzaqgörənliyi, sülhsevərliyi, Azərbaycana və Azərbaycan xalqına olan sonsuz sevgisi, türk tarixinə, mədəniyyətinə və türklüyə bağlılığı və vətənsevərliyi hər cür tərifdən yüksəkdir".
Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən, "bir millət, iki dövlət ifadəsi" ona məxsusdur. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini və birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Doğan Güreş: "Heydər Əliyev türk dünyasının Atatürkü idi. Mustafa Kamal Paşa Türkiyənin xilaskarı olduğu kimi, Heydər paşa da Azərbaycanın xilaskarı idi".
Dövlət o zaman məhvə yuvarlanır ki, onun gələcək taleyi barəsində həm də fikirlər, ideyalar tükənir. Müstəqil dövlətimiz bu təhlükədən birdəfəlik xilas edilib. Çünki Azərbaycanın gələcək taleyi üçün nəinki fikirlər, ideyalar mövcuddur, həm də ümummilli lider tərəfindən işlənib hazırlanan, ölkənin intibahını sabit, iqtisadi, siyasi, sosial yüksəlişini, onun dünyaya inteqrasiyasını təmin edən strateji xətt mövcuddur. Bu strateji xətt böyük əzmkarlıq və ustalıqla, həm də müasir zəmanənin tələblərinə uyğun zənginləşdirilməklə möhtərəm dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi biz sizinlə birlikdə hər bir Azərbaycan vətəndaşının milli qüruruna çevrilən müstəqil, inkişaf edən, hüquqi-demokratik dövlət quruculuğu yolunda inamla addımlayan bir respublikanın vətəndaşlarıyıq. Məhz bütün bunlara görə Azərbaycan xalqının ümummilli lideri əbədi xalq sevgisini qazanmışdır.
Mən qeydlərimi Oljas Süleymenovun bu fikri ilə tamamlayıram: "Vaxt gələcək Şumer dövründən tutmuş zəmanəmizədək türklərin "Bilgamıs" ("Müdrik qəhrəmanlar"), Bilgə xaqan ("Müdrik xaqan"), İltəriş ("Torpaqları birləşdirən"), Atatürk... kimi dahi adlara söykənən tarixi yazılacaq. Bizim zəmanəmiz ustad titullu layiqli adlarla təmsil ediləcəkdir. Heydər Əlirza oğlu Əliyev belə ustadların ən birincilərindəndir".{nl}

Əsgər ƏLƏKBƏROV, daxili işlər nazirinin müavini, polis general-leytenantı

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında