Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini heç zaman unutmayacaq!

Heydər Əliyev ideyalarının davamı və ölməzlik

{nl}

Ümummilli lider Heydər Əliyev sözün hər mənasında böyük ömür yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Heydər Əliyev ideyalarının və əməllərinin yaşamasına heç kim şübhə etməsə də, xalq onun adının ancaq tarixdə qalması və keçmiş zamanda işlənməsi ilə heç cür razılaşa bilmir. Təsadüfi deyil ki, onun adının əbədiləşdirilməsi bu gün də davam etməkdədir. İndi Azərbaycanın bütün bölgələrində, guşələrində, müəssisə və təşkilatlarda bu məqsədə xidmət edən müxtəlif tədbirlər həyata keçirilir. Heydər Əliyevə abidələr ucaldılması, şəhərlərə, kənd və qəsəbələrə, küçə və xiyabanlara, müəssisə və təşkilatlara onun adının verilməsi ilə bağlı çoxsaylı məlumatlar alırıq.
Lakin ulu öndər Heydər Əliyev ideyalarının həmişəyaşar olmasını təmin edən ən mühüm hadisələr sırasında onun nəzəri-ideoloji irsinin öyrənilməsi, ideyalarının tədqiqi və təbliği ilə bağlı ictimai təşkilatların və elmi-tədqiqat müəssisələrinin fəaliyyəti, Heydər Əliyev Fondunun beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər, bu məqsədə xidmət edən araşdırma və tədris mərkəzləri, universitetlər, akademiyalar və s. xüsusi yer tutur. Heydər Əliyev Fondunun çoxsahəli fəaliyyəti onun ideyalarını təkcə sözdə yox, həm də işdə yaşatmağın bariz nümunəsidir. Fərəhlə qeyd edilməlidir ki, təhsilin maddi-texniki bazasını gücləndirmək və yeni məktəb bınaları tikmək haqqında Heydər Əliyevin imzaladığı son sərəncamlardan biri fond tərəfindən əzmlə yerinə yetirilməkdədir.
Heydər Əliyev irsinin qorunması və yayılması, onun ideyalarının təbliği istiqamətində həyata keçirilən çoxçeşidli tədbirlər obyektiv əsaslara malikdir və onların reallaşdırılması heç də təkcə Heydər Əliyev şəxsiyyətinə münasibətlə bağlı deyil. Bu tədbirlər gənc nəslin dövlətçilik duyğularının inkişaf etdirilməsi baxımından da çox önəmlidir. Əsasən şair kultunun geniş yayıldığı bir ölkədə böyük dövlət xadimlərinə sevgi ənənəsi həm də milli mentalitetdə birtərəfliliyin aradan qaldırılmasına xidmət edə bilər. Bu baxımdan, Heydər Əliyev şəxsiyyətinin, onun həyat və fəaliyyətinin işıqlandırılması, onun ideyalarının ictimai şüurun strukturuna daxil edilməsi olduqca böyük əhəmiyyətə malikdir. Təsadüfü deyildir ki, bütün həyatı ilə dövlətçiliyə xidmət edən Heydər Əliyevin beynəlxalq rezonans alan təntənəli dəfn mərasimi də, xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər də dövlətçiliyə, onun daha da möhkəmləndirilməsinə xidmət etmiş oldu.
Bu gün biz tam əsasla deyə bilərik ki, Heydər Əliyevin ölməzliyi artıq təmin olunmuş, isbata yetirilmişdir. Onun ideyaları indi də fəaliyyətdədir. Ölkəmizdəki bütün quruculuq işləri məhz bu ideyaların həyata keçirilməsi istiqamətində gedir. Bütün Azərbaycan xalqı Heydər Əliyevin qəlblərdə, işlərdə, əməllərdə yaşaması və əbədiyyətə qovuşması üçün əlindən gələni edir. Lakin Heydər Əliyev əbədiyyəti hələ sağlığında qazanmışdı. Onun ölməzliyi fəaliyyətinin ideya təməlindədir.
Böyük dövlət xadimi Heydər Əliyev sadəcə fəhmə və təcrübəyə əsaslanmamış, bir sıra fundamental məsələlərlə bağlı fəaliyyətin metodologiyasını da işləyib hazırlamışdır. Məsələn, demokratikləşdirmə və təşkilatlanma proseslərinin nisbətində tarazlığın vacibliyi prinsipini irəli sürmüş və Azərbaycanda dövlət quruculuğu prosesində bu tarazlığın pozulmasına heç vaxt yol verməmişdir. Azərbaycanda dövlət müstəqilliyini və onun qorunub-saxlanmasını hər hansı bir dəyərdən yüksək tutan Heydər Əliyev demokratikləşməni də bu ali məqsəd çərçivəsində, onun təminatlarından biri kimi qəbul edirdi. Azərbaycanın müstəqilliyi Heydər Əliyevin bütün fəaliyyətinin və çıxışlarının ana xətti idi.
Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini artıq təmin olunmuş, dönməz proses kimi qiymətləndirirdi. Lakin buna belə əminliklə qarantiya vermək üçün nə kimi tədbirlər görülmüşdü? Son dövrlərin tarixi göstərir ki, bu məqsədlə onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyət aparılmış, bunun da mərkəzində dövlət təhlükəsizlik sisteminin yaradılması durmuşdur. Dövlət təhlükəsizliyi geniş mənada başa düşüldükdə heç də xüsusi xidmət sahəsi olmayıb, bütün fəaliyyət sahələrində milli maraqlara söykənən müstəqil dövlət siyasətinin həyata keçirilməsinə təminatdır.
Əlbəttə, dövlət təhlükəsizlik sisteminin yaradılmasında əsas istiqamətlərdən biri ordu quruculuğudur. Heydər Əliyev bu sahəyə həmişə böyük önəm vermişdir: "Silahlı qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir", "Azərbaycan Respublikasının milli ordusu respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək" üçündür. Lakin milli təhlükəsizlik təkcə ordu və polislə təmin edilə bilməz. Heydər Əliyev dövlət müstəqilliyinin qorunmasını siyasi, iqtisadi və mədəni-mənəvi istiqamətlərdəki fəaliyyətlərin də başlıca məqsədi hesab edirdi.
Milli iqtisadiyyatımızın möhkəmləndirilməsi, onun müasir şəraitdə labüd olan azad rəqabət və bazar münasibətləri əsasında yenidən qurulması prosesi ilk dövrlərdə ağrılı keçsə də, artıq öz bəhrələrini vermək üzrədir. İqtisadiyyatın inkişaf yolu düzgün seçildikdə, iqtisadi münasibətlər sisteminin xarakteri düzgün müəyyənləşdirildikdə iqtisadi təhlükəsizlik üçün də təminat yaranmış olur. Bir şərtlə ki, xarici ölkələrlə iqtisadi münasibətlər yaradılarkən, cari və perspektiv milli maraqlar nəzərə alınmış olsun.
Bəli, biz milli-iqtisadi potensialdan daha səmərəli istifadə etmək üçün Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin qoyulmasından imtina etmirik, əksinə, müasir şəraitdə buna üstünlük veririk: "Bizim iqtisadi siyasətimiz məlumdur və o, Azərbaycanda bazar iqtisadiyyatı yolu ilə getmək və bu yol ilə Azərbaycan iqtisadiyyatın dünya iqtisadiyyatına sıx surətdə bağlamaq məqsədi daşıyır". Lakin, bütün bu əlaqələr zamanı heç vaxt unudulmur ki, "bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur". Ulu öndər göstərirdi ki, bu sərvətlər "Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır".
Milli-iqtisadi təhlükəsizlik təkcə xarici iqtisadi əlaqələrdə milli maraqların nəzərə alınması ilə məhdudlaşmır. Daxildə iqtisadi islahatların sosial yönümə üstünlük verməklə aparılması, şəxsi maraqlarla dövlət maraqlarının uzlaşdırılması da mühüm şərtdir. Burada biz zahirən paradoksal görünə biləcək bir cəhətlə qarşılaşırıq. Dövlət təhlükəsizlik sistemi ilk baxışda fərdlərin yox, məhz dövlətin iqtisadi maraqlarından çıxış etməyi nəzərdə tutur. Lakin Heydər Əliyevin həyata keçirdiyi siyasət "xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" prinsipinə əsaslanır. Dövlət müstəqilliyinin dönməzliyi də məhz o zaman təmin edilmiş olur ki, dövlətin maraqları ümummilli maraqlarla üst-üstə düşmüş olsun.
Heydər Əliyevin irəli sürdüyü və bir konsepsiya halına saldığı ideyalardan biri məhz "müstəqillik" anlayışı ilə bağlıdır. Bu konsepsiyaya görə, müstəqillik heç də bəzilərinin başa düşdüyü kimi, ancaq siyasi müstəqillikdən, sərhədlərin toxunulmazlığından ibarət deyil. Bura həm də iqtisadi müstəqillik, milli maraqlara xidmət etmək müstəqilliyi daxildir. Elə ölkələr vardır ki, hüquqi və siyasi baxımdan suverenliyi elan olunsa da, real müstəqillikdən uzaqdır. Buna çox misallar gətirmək olar. Amma ən yaxın olan digər MDB ölkələridir, Gürcüstandır, Ermənistandır, Tacikistandır və s.
Bir qarış belə torpağını itirməmiş, əksinə, qonşu dövlətin ərazisini də zəbt etmiş Ermənistan sözün həqiqi mənasında müstəqillik əldə edə bilməmişdir. Ərazisində başqa bir dövlətin qoşunları yerləşdirilmiş, sərhədləri başqalarının nəzarəti altında olan Ermənistan hələ də Moskvanın siyasi təsirindən xilas ola bilməmişdir və öz milli maraqlarına uyğun addımlar atmaq imkanından məhrumdur. Elə Azərbaycanla müharibə vəziyyəti də onun milli iqtisadi maraqlarına ziddir. Bu ölkə iqtisadi cəhətdən özünü dolandırmaq iqtidarında olmayıb, xarici yardımlardan asılı vəziyyətdədir. Məhz hərbi bazaya və siyasi alətə çevrildiyi və təhlükəsizliyə təminat verə bilmədiyindən İpək Yolunun bərpası, iri miqyaslı neft-qaz kəmərlərinin çəkilişi və s. bu kimi beynəlxalq layihələrdə də iştirak edə bilmir.
Belə misallar çox göstərmək olar. Ancaq əsas məsələ budur ki, Azərbaycan qısa bir zamanda siyasi müstəqilliklə yanaşı, həm iqtisadi, həm də mədəni-mənəvi müstəqillik əldə etmiş və bu istiqamətdəki proseslərin dönməzliyini də təmin edə bilmişdir. Lakin bu məqsədə aparan yol heç də asan olmamışdır. Bunun üçün o dövrün xüsusiyyətlərindən irəli gələn bütün təfərrüatlar ölçülüb-biçilməli və mümkün olan ən düzgün qərarlar qəbul edilməli idi.
Təsadüfü deyildir ki, Heydər Əliyevin ideyaları həmişə konkret ictimai-siyasi şəraitlə sıx surətdə bağlı olmuşdur. Onun Azərbaycanda dövlət quruculuğuna başladığı şərait isə qısaca desək "keçid dövrü" kimi səciyyələndirilə bilər. O vaxt Azərbaycan eyni vaxtda dörd istiqamətdə keçid dövrünü yaşayırdı:
Birincisi, böyük imperiyadan ayrıldıqdan sonra nisbi müstəqil dövlətçilikdən tam müstəqil dövlətçiliyə keçid - müstəqilləşmə və bərabərhüquqlu tərəf kimi dövlətlərarası münasibətlər sisteminə daxil olma prosesi;
İkincisi, bir ictimai-iqtisadi sistemdən yeni ictimai-iqtisadi sistemə, dövlət mülkiyyətindən xüsusi mülkiyyətə, sosialist iqtisadi münasibətlərindən bazar iqtisadiyyatına keçid;
Üçüncüsü, milli və dini dəyərlərə qayıdış prosesi, kommunist ideologiyasından və kosmopolit mənəviyyatdan milli mənəviyyata, ateist dünyagörüşündən həqiqi vicdan azadlığına keçid;
Dördüncüsü, bir siyasi rejimdən yeni siyasi rejimə, totalitar cəmiyyətdən demokratik cəmiyyətə, senzuradan söz azadlığına, vahid partiya və ideologiyadan çoxpartiyalılığa, plüralizmə keçid.
Belə bir mürəkkəb şəraitdə düzgün yol seçmək, həqiqətən, çətin idi. Cəmiyyətin özü yeni quruluşa, həqiqi demokratik proseslərə hazır deyildi. Demokratikləşmə isə, əslində, müstəqillik yolunun ən mühüm atributlarından biri idi. Çünki zəmanə özü bunu tələb edirdi. Müstəqilliyin yolu ümumbəşəri dəyərlərə qovuşmaqdan, siyasi plüralizmdən, söz və fikir azadlığından, demokratikləşmədən keçirdi. Milli-mənəvi dəyərlərin taleyi də xeyli dərəcədə onların bu ümumbəşəri dəyərlərə, müasir dövlətçilik tələblərinə uyğunlaşa bilmək şansından asılı idi.
O dövrdə milli istiqlaliyyət, imperiya buxovlarından azad olmaq, milli köklərə qayıtmaq istiqamətindəki fəaliyyət üçün daha böyük potensıal var idi və bu istiqamətdə daha böyük əzm nümayiş etdirilirdi. Çünki hələ sovet dövründə də əsasən əxlaq, adət-ənənə, dini şüur, bədii ədəbiyyat və incəsənət vasitəsilə xalqın milli özünəməxsusluğu qorunub saxlanırdı. Milli ruh hələ yaşayırdı.
Siyasi və ideoloji müstəvidəki buxovlar aradan götürüldükdən sonra milli-mənəvi dəyərlərin milli-siyasi təşkilatlanma prosesi ilə vəhdəti üçün real zəmin yarandı. Düzdür, burada da çətinliklər var idi. Əhalinin bir qisminin, xüsusən, "rusdilli" əhaliyə aid olanların milli mədəniyyətə bələdliyi, milli köklərlə bağlılığı çox aşağı səviyyədə olduğundan və onların həyat tərzi və hətta şəxsi, ictimai əlaqələri də daha çox Rusiya ilə bağlı olduğundan milliləşmə prosesinə bir müqavimət var idi. Digər tərəfdən Moskva ilə iqtisadi və sosial-mədəni əlaqələrin hələ də saxlanması və ya saxlanmasına zərurət imperiyapərəst qüvvələrin, Kremlin sadiq nökərlərinin mövqeyini möhkəmləndirirdi.
Yeni iqtisadi münasibətlərə keçid də müəyyən çətinliklərlə üzləşmişdi. Neçə onilliklər ərzində insanların şüuru elə formalaşmışdır ki, dövlət mülkiyyətindən kənarda hər hansı bir mülkiyyət formasının mövcudluğuna heç cür uyğunlaşa bilmirdi. Burjuaziyaya və bütövlükdə varlı adamlara qarşı nifrət hissi ictimai şüurda özünə möhkəm yer etmişdi. Ona görə də iş adamlarının hər hansı nailiyyəti çox vaxt nəinki təkcə əhali tərəfindən, hətta dövlət orqanlarında çalışan yüksəkrütbəli məmurlar tərəfindən pis qarşılanırdı ki, bu da azad iqtisadi rəqabətin inkişafına əngəl törədirdi.
Bununla bərabər, bazar iqtisadiyyatına keçid üçün, heç olmazsa, müəyyən ənənəvi zəmin var idi. Sovet dövründə "gizli iqtisadiyyat"ın və dövlət mülkiyyətinin bətnində öz fərdi mülkiyyətini və şəxsi maraqlarını güdməyə öyrəşmiş işbaz adamların mövcudluğu, bazarlarda peşəkar alverçilərin fəaliyyəti, ümumiyyətlə, alver psixologiyasının mövcudluğu xüsusi istehsal müəssisələrinin yaradılması və biznes üçün müəyyən mənada zəmin sayıla bilərdi.
Lakin ən böyük çətinliklər demokratik cəmiyyət quruculuğuna, yeni idarəçilik sisteminə adekvat düşüncə tərzinin hələ formalaşmaması, ictimai şüurun iqtisadi bazislə müqayisədə çox aşağı səviyyədə olması ilə bağlı idi. Hələ şüurlar dəyişməmiş azadlıq dərəcəsinin artması anarxiya meylləri ilə nəticələnə bilərdi və həqiqətən, belə oldu. Azadlıqdan sui-istifadə meylləri geniş miqyas aldı. Vətəndaş cəmiyyəti əvəzinə, vətəndaş itaətsizliyi və çoxhakimiyyətlilik formalaşdı.
Azərbaycan SSR SSRİ-dən ayrılaraq müstəqilliyə qədəm qoyduqda onun qarşısında çox ciddi bir alternativ dururdu. Elə bil ki, ölkəmiz bir-birinə əks olan iki qütbdən birini seçməli idi: birincisi, sistemin dağılmasına baxmayaraq, yenə də mərkəzdən ikiəlli yapışıb ondan nicat gözləmək, hər hansı müstəqil addım atmaqdan çəkinmək, köhnə buxovları saxlamaq təşəbbüsü; ikincisi, keçmişdən qalan hər nə varsa, onda imperiya nişanəsi görmək, hər şeyi dağıdaraq sıfırdan başlamaq təşəbbüsü. Nə qədər təəssüflənməli olsaq da, Azərbaycan ilk dövlətçilik illərində bu ifrat birtərəfli meyllərin hər ikisini "sınaqdan keçirməli" olmuşdur.
Azərbaycanın müstəqil bir ölkə kimi ayağa qalxmasına, özünü dərk etməsinə, özünəməxsus inkişaf modeli hazırlayıb həyata keçirməsinə mane olan, iqtisadi, mədəni-mənəvi həyatın müstəqillik şəraitində öz məcrasına düşməsini ləngidən səbəblərdən biri müharibə idisə, digəri cəmiyyətdəki bu qütbləşmə, hər iki qütbü təmsil edən qüvvələrin hakimiyyət iddiaları idi. Bu iddialar müstəqilliyin ilk illərində ölkəmizə böyük ziyanlar vurdu. O vaxt rəhbərlikdə olan qüvvələrlə xalq hərəkatını təmsil edən, milli qeyrət və vətəndaşlıq mövqeyində olan qüvvələr qarşı-qarşıya dururdu. Birincilərdə vətəndaşlıq mövqeyi, ikincilərdə dövlətçilik təcrübəsi çatışmırdı. Həm böyük dünyagörüşü, rəhbərlik təcrübəsi olan, həm də xalqın həqiqi milli mənafeyini müdafiə etmək əzmində olan yeganə sinkretik qüvvə nə iqtidar, nə də müxalifət tərəfindən yaxına buraxılmırdı.
Xoşbəxtlikdən, bu taleyüklü yolayrıcında, son məqamda xalq öz sözünü deyə bildi. O vaxt ölkəmizdə keçmiş SSRİ-nin dövlət quruculuğu təcrübəsinə hamıdan yaxşı bələd olan, onun üstünlüklərini və çatışmazlıqlarını ən yüksək pillədən görmüş və eyni zamanda, Azərbaycanın milli və regional spesifikasını, potensial imkanlarını və onların realizə yollarını hamıdan yaxşı bilən bir adamın rəhbərlik etməsi keçid dövrünün əsasən uğurla başa vurulmasına şərait yaratdı.
İndi İlham Əliyev müstəqil dövlətçilik tariximizin yeni mərhələsində Azərbaycanı məhz Heydər Əliyev ideyaları əsasında idarə etməklə, həm də bu ideyaları müasir dövrün tələblərinə uyğun surətdə inkişaf etdirir.
Ümumiyyətlə, müstəqilliyin taleyi üç əsas amildən asılıdır: dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi, mədəni-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi. Bu amillərin üçü də əsasdır. Lakin onları necə sıraya düzməkdən, onların yerini və rolunu düzgün qiymətləndirməkdən çox şey asılıdır. Bu amillərdən hansının məqsəd, hansının vasitə, hansının təməl olduğunu aydınlaşdırmadan düzgün strateji fəaliyyət proqramı müəyyənləşdirmək mümkün deyil. Əgər Heydər Əliyevin çıxışları və əsərləri ilə diqqətlə tanış olsaq, görərik ki, onun ən böyük nailiyyət saydığı Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsi idi.
Lakin dövlət quruculuğu Heydər Əliyevin fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyildi. Dövlətin möhkəmləndirilməsi ona görə bir nömrəli vəzifədir ki, o bizim müstəqil iqtisadi siyasətimizin və milli mənəviyyatımızın təminatçısı, qarantı ola bilsin: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz". İqtisadiyyatın inkişafı, adamların rifah halının yaxşılaşdırılması həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: "Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə" edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq".
Heydər Əliyev fikrini bununla bitirmir və məsələyə tam dialektik bir mövqedən yanaşmaqla, sosial-iqtisadi proqramların həyata keçirilməsinin də öz növbəsində, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, mədəni-mənəvi həyatın təşəkkülü üçün bir şərt olduğunu qeyd edirdi. İqtisadiyyat son məqsəd kimi yox, şərt kimi, təməl kimi, vasitə kimi götürülürdü. Siyasi və mədəni-mənəvi aspektdəki nailiyyətlərin də çox vaxt iqtisadi təmələ söykəndiyi vurğulanırdı: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. "
Bəli, iqtisadiyyatın inkişafı da dövlətin möhkəmləndirilməsi kimi olduqca vacib şərtdir. Lakin nə iqtisadiyyat, adamların güzəranı, rifah halı, nə də dövlət quruculuğu müstəqillik yolunun son məqsədi, mənzil başı ola bilməz. Əgər xalq dövlət qurur, iqtisadiyyatı inkişaf etdirir, sərhədləri möhkəmləndirirsə və bu sərhədlər daxilində özünə yad bir mənəviyyat saxlayırsa, bu hələ müstəqillik deyil. Mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən xalq azad xalq sayıla bilməz.
Ulu öndər Heydər Əliyevin əsərlərini oxuyub dərindən təhlil edərkən bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır.
Mənəviyyatın qorunması üçün ən mühüm şərtlərdən biri iqtisadiyyatın inkişaf etdirilməsidir. İqtisadi tərəqqini təmin etmək üçün isə dövlətçiliyin möhkəmləndirilməsi lazımdır. Möhkəm dövlətçilik təməli isə ancaq ictimai-iqtisadi sabitlik şəraitində, beynəlxalq nüfuzun yüksəldilməsi və beynəlxalq ictimai-iqtisadi əlaqələr sisteminə daxil olmaq sayəsində mümkündür. Heydər Əliyev nədən başlayıb nəyə doğru getmək lazım olduğunu çox gözəl bilirdi. Onun bu biliklərinə indi də böyük ehtiyac vardır.
Bu gün müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində zəruri olan ilk addımlar artıq atılmışdır. Azərbaycanda ictimai-siyasi sabitlik əldə edilmişdir, əmin-amanlıq atmosferi hökm sürür, əhalinin fiziki və mənəvi toxunulmazlığı təmin edilmişdir. İqtisadi baxımdan dövlət mülkiyyətinə və planlı təsərrüfata əsaslanan sosialist ictimai-iqtisadi münasibətlərindən daha çox dərəcədə xüsusi mülkiyyətə və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına keçid prosesi tamamlanmışdır. Bütün bu uğurların qazanılmasında Heydər Əliyev ideyalarının və bu gün ölkəmizdə uğurla həyata keçirilən siyasi kursun möhkəm təməllərə əsaslanmasının böyük əhəmiyyəti vardır.
Ümummilli lider Heydər Əliyevin yeni tariximizdə xidmətləri çoxdur, qazandığı uğurları, qələbələri saymaqla qurtarmaq olmur. Bu gün biz onun daha bir xidmətindən, ölüm üzərindəki qələbəsindən, ölməzliyindən danışırıq. E.Renanın dediyi kimi, ölməzlik əbədi bir işi həyata keçirməkdən ibarətdir. Milli dəyərləri siyasi dəyərlərlə ortaq məxrəcə gətirmək, onları kobud dövlətçilik meyarları əsasında birləşdirmək və bununla da dövlət müstəqilliyimizin dönməzliyini, əbədiliyini təmin etmək sayəsində Heydər Əliyev, əslində, öz şəxsi ölməzliyinə, əbədiyyətinə də imza atmışdır. Zaman keçdikcə, Heydər Əliyevin artıq gerçəkləşmiş olan bu qələbəsini də daha aydın və daha dərindən mənimsəyirik.
Heydər Əliyevin həyat və fəaliyyəti xalqın siyasi varlığı ilə, dövlətlə, dövlətçiliklə o dərəcədə sıx surətdə bağlı idi ki, onun ideyaları ictimai-iqtisadi həyatın, dövlət quruculuğunun bütün sahələrinə dərindən nüfuz etmişdi. Siyasi liderlik milli liderlik keyfiyyətlərinin bir şəxsdə birləşməsi bəşər tarixində çox nadir hallarda rast gələn haldır. Heydər Əliyev bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Həm böyük rəhbər, komandan, siyasət qrossmeysteri, həm böyük natiq, filosof, ideoloji lider, həm də iqtisadi və mədəni-mənəvi quruculuq sahələrində əvəzsiz iz qoymuş bu dahi şəxsiyyətin ideyaları da tarixin yaddaşına həmişəlik həkk olunmuşdur. Hikmətli fikirləri hələ sağlığındaykən dillərdə əzbər olmuş, böyük filosofların aforizmləri ilə bir sırada yer tutmuş, bir çox xarici dillərdə nəşr olunmuşdur. Heydər Əliyevin həm nəzəri, həm də praktik ideyaları bu gün də aktuallığını itirməmiş və bir sıra əməli fəaliyyət sahələrində tətbiq olunmaqdadır. Onun bir siyasi rəhbər və lider kimi oynadığı misilsiz rol hamıya məlumdur. Lakin bu gün onun yeri bir fikir sahibi kimi də görünməkdədir.
Böyük şəxsiyyətlər ictimai-siyasi arenadan çəkildikdə, adətən, böyük boşluq yaranır və cəmiyyət uzun müddət özünə gələ bilmir. 1982-ci ildə Heydər Əliyev Siyasi Büroya üzv seçilərək SSRİ-nin rəhbərlərindən biri kimi Moskvaya köçəndə də belə bir boşluq yaranmışdı. Onun yeri özünü açıq-aşkar göstərirdi. Lakin o illərdə Azərbaycan rəhbərliyi Kremldən Heydər Əliyevin himayəsini hiss etdiyindən (bu himayə, əslində, çox böyük bir qüvvə idi və o vaxtkı rəhbərlik bundan məharətlə istifadə edə bilsəydi, daha böyük işlər görmək olardı) yaranmış boşluq özünü çox da kəskin büruzə vermədi. Bu himayə kəsildikdən sonra respublika rəhbərliyinin gücsüzlüyü özünü daha çox göstərməyə başladı. Çünki bu komanda, əslində, başsız qalmışdı.
Müstəqillik dövründə isə Heydər Əliyev özünəməxsus uzaqgörənliklə qurub-yaratdığı dövləti və böyük iqtisadi-siyasi layihələri nə vaxtsa başsız qoymamaq üçün vaxtında tədbirlər gördü və mütəşəkkil bir partiya yaratdı ki, onun da sıralarından Heydər Əliyev kursunu, onun ideyalarını və hətta dəst-xəttini ləyaqətlə davam etdirə biləcək yeni siyasi lider yetişdi. Təsadüfü deyil ki, bu gün Prezident İlham Əliyev təkcə dövlət başçısı olaraq deyil, həm də Yeni Azərbaycan Partiyasının sədri və ideoloji kursun lideri kimi Heydər Əliyevin başladığı işləri bütün aspektlərdə davam etdirir.
Müasir mərhələdə əsas məsələ tarixin kəsilməzliyini təmin etmək, uzun müddətə hesablanmış siyasi və iqtisadi quruculuq planlarının həyata keçirilməsində fasilələrə və geriləmələrə yol verməmək, Heydər Əliyev dühasından qaynaqlanan strateji inkişaf xəttini davam etdirməkdir.

{nl}

Səlahəddin XƏLİLOV, AMEA-nın müxbir üzvü
 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında