Şriftin ölçüsü:
11.12.2010 00:25 | Oxunma sayı: 497
Səbail rayonu ictimaiyyəti nümayəndələrinin Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən anım mərasimində ümummilli lider Heydər Əlievin ölməz xatirəsi dərin ehtiramla yad edildi, ulu öndərin Azərbaycan dövlətçiliyi tarixində misilsiz xidmətlərindən geniş söz açıldı.
Mərasim görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin zəngin və mənalı həyatından, xalqının tərəqqisinə həsr olunmuş mübarizəsindən bəhs edən sənədli filmlə başladı. Sonra Səbail məktəblisinin ifasında ulu öndərin xatirəsinə ithaf olunmuş "Canlı tarix itirdik" şeiri səsləndi.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin ömür yolunun əsas məqamlarına işıq salan məruzə ilə çıxış etdi. Natiq bildirdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ilə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.
Ümummilli lider Heydər Əliyev müstəqil dövlət qurdu, onun sabitliyini təmin etdi, milli-mənəvi dəyərlərə qayıdışın, milli özünüdərkin əsasını qoydu. O, Azərbaycanın adını öz adı ilə birlikdə bəşəriyyətə tanıtdı. Azərbaycan bayrağını dünyada ucaltdı, yeni bir Azərbaycan yaratdı. Buna görə də Heydər Əliyev ifadəsi siyasi şüurlarda, gündəlik həyatımızda "Azərbaycan" sözünün sinoniminə çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də xalqın etimadına əsaslanaraq, ən böyük dəstəyi xalqdan almışdır. Heydər Əliyevin dahi lider kimi fəaliyyəti öz mahiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxırdı. Ulu öndərimiz cismən indi aramızda olmasa da, mənən hər zaman bizimlədir. Əbədi mayak kimi gələcəyə yol göstərən bu nura doğru getmək, ondan güc almaq bizim müqəddəs vəzifəmizdir.
Mərasimdə daha sonra bildirildi ki, Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə o, Azərbaycanı hər bir sahədə SSRİ məkanında birincilər sırasına çıxarmaq vəzifəsini qarşısına məqsəd qoymuşdu. O, buna nail oldu. İkinci dəfə hakimiyyətə qayıdanda Azərbaycanın müstəqilliyini xilas etmək, gənc müstəqil dövlətin ictimai-siyasi həyatında yaranmış xaosu aradan qaldırmaq, sabit və dinamik inkişafa xidmət etmək kimi məsuliyyətli missiyanı həyata keçirmək istəyirdi. O, buna da nail oldu.
Asif Əsgərov sonda vurğuladı ki, Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək. Bu gün ulu öndərimizin ölməz ideyalarını Prezident İlham Əliyev uğurla davam etdirir, milli maraqlarımızın qorunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir. Ötən müddət ərzində dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Anım mərasimində Səbail məktəbliləri ulu öndərə həsr olunmuş bədii kompozisiya nümayiş etdirdilər. Xalq artistləri Azər Zeynalov və Ağadadaş Ağayev, əməkdar artist İlqar Muradov ümummilli lider Heydər Əliyevin xatirəsinə sonsuz sevgi ifadə edən mahnılar səsləndirdilər.
Anım mərasimində Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, Milli Məclis üzvləri Fəttah Heydərov, Bəxtiyar Əliyev və Qənirə Paşayeva iştirak edirdilər.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.