Sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasında ulu öndər Heydər Əliyevə borclu olan Baş Prokurorluğun kollektivi ümummilli liderin ideyalarına sadiqdir

Dekabrın 10-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.
Mərasimdə məruzə ilə çıxış edən baş prokuror vəzifəsini icra edən Rüstəm Usubov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövrdə müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur.
"Azərbaycan tarixinin Heydər Əliyev dövrü" kimi qiymətləndirilən bu zaman kəsiyində ulu öndər tərəfindən görülən böyük işlərin, Xilaskar və Qurucu kimi həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq xoşbəxtliyini əldə etmiş, öz layiqli və hərtərəfli təminatlı gələcəyinin bütün əsaslarını yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyini qazanmışdır.
Xüsusi vurğulanmışdır ki, müdrik Heydər Əliyevin dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilməsi və gələcəyə istiqamətləndirilmiş məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə demokratik yenidənqurma proseslərinin daha da inkişaf etdirilməsinə, xalqın maddi-sosial vəziyyətinin yüksələn xətlə yaxşılaşdırılmasına, hərtərəfli iqtisadi tərəqqiyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi istiqamətində irəliləyişlərə nail olunmuşdur.
Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü məhkəmə-hüquq islahatları aparılmış, memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşdırılması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün mükəmməl qanunvericilik təminatının yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar kimi vətəndaş cəmiyyətinin formalaşdırılması ilə nəticələnmişdir.
Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından olan prokurorluq orqanları demokratik məzmunda yenidən formalaşmasına görə, ilk növbədə, ümummilli lider Heydər Əliyevə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.
2003-cü ildən etibarən Azərbaycanın prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Milli prokurorluğun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən daha geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır.
Rüstəm Usubov qeyd etmişdir ki, Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlətimizin başçısı kimi fəaliyyəti onun bariz göstəricisidir ki, Heydər Əliyev ideyaları yaşayır, onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsini və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda, hər bir bölgənin sosial-iqtisadi inkişafına nail olunmuş, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, ümumbəşəri dəyərlərə sadiqliyini sübut edən Azərbaycanda yeni məzmunlu mütərəqqi islahatlar daha da dərinləşdirilmişdir. Dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən müstəqil Azərbaycan regionun aparıcı dövləti statusunu özündə saxlamış, enerji layihələrinin reallaşdırılması istiqamətində nəhəng işlər görülmüşdür.
Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini təmin etməklə əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə nəticələnmişdir. Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyev proqram məzmunlu nitqində demişdir ki, iqtisadi sahədə aparılan düşünülmüş siyasət qlobal maliyyə böhranı şəraitində Azərbaycanın uğurlu iqtisadi inkişafını, ümumi daxili məhsulun əhəmiyyətli artımını təmin etmiş, nəzərdə tutulmuş bütün proqramlar müvəffəqiyyətlə icra edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmin edilmişdir ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasında ulu öndərimiz Heydər Əliyevə borclu olan Baş Prokurorluğun kollektivi ümummilli liderin ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.
Mərasimin sonunda ulu öndərin xatirəsinə həsr olunmuş "Heydər Əliyev fenomeni" filmi nümayiş etdirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında