Müasir Azərbaycan tarixinin ən kədərli günlərindən biri olan 2003-cü ilin 12 dekabrından bizi yeddi il ayırır. Zaman bizi uzaq Klivlenddən kədərli xəbəri aldığımız gündən uzaqlaşdırdıqca, ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, qüdrətini və müdrikliyini, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlərin əzəmətini daha dərindən dərk edirik. Dərk edirik ki, bu dahi insanın liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə dünya üçün həlledici rol oynamışdır.
Dahi liderin siyasi portretinin mühüm cəhətlərindən söhbət açan akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: "Müasir dövrdə Azərbaycanda da, bütün postsovet məkanında da, hətta deyərdik ki, bütün dünyada da gedən prosesləri Heydər Əliyevin fəaliyyət dairəsindən kənarda təsəvvür etmək mümkün deyildir".
Bəli, bu, həqiqətən belə idi. Azərbaycanın dünyaya bəxş etdiyi bu nadir şəxsiyyətin, xarizmatik liderin fikri ilə bütün dünya hesablaşırdı. O, təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda, həm Qərbdə, həm də Şərqdə heyrətamiz nüfuz qazanmışdı. ABŞ-ın sabiq Prezidenti Corc Buş "Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm", Rusiya Federasiyasının Baş naziri Vladimir Putin isə "Mübaliğəsiz demək olar ki, Heydər Əliyev siyasət nəhəngi idi" - deməkdə tamamilə haqlıdırlar.
Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü Heydər Əliyevin - müasir müstəqil Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlıdır. Çağdaş tariximizə "Heydər Əliyev epoxası" kimi daxil olmuş həmin dövrdə Azərbaycan böyük uğurlara imza atmışdır. Bu 30 ildə Heydər Əliyev Azərbaycanın ən tənəzzüllü dövrlərində hakimiyyətə gəlmiş və ölkəni inkişaf yoluna çıxarmışdır. Yaxın tariximizdə ulu öndər iki dəfə siyasətdə və dövlət idarəçiliyində səriştəsizliyə, geriliyə, anarxiyaya qətiyyətlə son qoymuşdur. Heydər Əliyev birinci dəfə də, ikinci dəfə də eyni şəraitdə, ictimai münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, cəmiyyətdə hərc-mərcliyin yarandığı dövrdə ölkəyə rəhbərlik etmiş, onu inkişaf relsləri üzərinə çıxarmışdır. O, öz xalqına, öz ölkəsinə xidmət etməyi özünün ən ali vəzifəsi hesab edirdi. O, həqiqətən tarixin qurucusudur, o, ölkəni qurmuş, dövləti yaratmış və möhkəmlətmişdir.
Sovet hakimiyyəti illərində Heydər Əliyev bütövlükdə sənayeni, neft və maşınqayırma komplekslərini modernləşdirmiş, texnoloji baxımdan yeni istehsal sahələri yaratmış, aqrar sahəni sürətlə inkişaf etdirmiş, yeni kadr potensialını formalaşdırmışdır və bununla da, müasir müstəqil Azərbaycan Respublikasının bünövrəsini qoymuşdur. Məhz Azərbaycanın gələcəyinə hesablanmış bu işlər müstəqilliyimiz üçün baza rolunu oynamışdır. Heydər Əliyev gələcəyi görməklə, onu proqnozlaşdırmaqla yanaşı, öz məqsədlərini ardıcıl olaraq, sarsılmaz bir əzmkarlıqla həyata keçirirdi. Onun ən ülvi arzusu isə Azərbaycanı azad, müstəqil, firavan, dünya birliyində layiqli yerlərdə görmək idi.
Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləyərkən o, doğma Azərbaycanda baş verən prosesləri bir an belə nəzərdən qaçırmırdı. O vaxt Moskvada topladığı təcrübə Heydər Əliyevin artıq müstəqil Azərbaycanda həyata keçirməyə başladığı nəhəng layihələrin - TRASEKA strateji nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri konsepsiyasının yaradılması üçün əsas olmuşdur.
Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın başının üstünü qara buludlar aldığı, ölkənin məhv olmaq təhlükəsi yarandığı dövrdə Heydər Əliyev xalqın təkidli tələbi və öz qəlbinin səsi ilə hakimiyyətə qayıtmış, gündəlikdə duran başlıca məsələləri - dövlətçiliyin məhv olmaqdan xilas edilməsi, müstəqilliyin möhkəmləndirilməsi, demokratik dövlət quruculuğu, cəbhədə atəşkəs rejiminə nail olunması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması məsələlərini qətiyyətlə həll etmişdir. Dahi lider bu vəzifələri həsəd aparılası bir ardıcıllıqla yerinə yetirirdi.
Ulu öndər Azərbaycanın mükəmməl xarici siyasət konsepsiyasını işləyib hazırlamışdır. Ölkəmizin xarici tərəfdaşları açıq etiraf edirlər ki, Heydər Əliyev dövlətin xarici siyasət konsepsiyasını - Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü rolunu möhkəmləndirən, ölkənin modernləşməsinin əsasını qoyan konsepsiyanı son dərəcə tarazlaşdırılmış şəkildə quraraq, onu beynəlxalq inkişafın qlobal meyilləri ilə əlaqələndirmişdir. Müstəqil Azərbaycanda modernləşmə prosesi 1994-cü ildə aparıcı beynəlxalq neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından başlanmışdır. Bu müqavilə milli iqtisadiyyatın inkişafına güclü təkan vermiş, onu keyfiyyətcə yeni çalarlarla zənginləşdirmişdir. Qısa müddətdə 22 beynəlxalq neft sazişinin imzalanmasına nail olan Heydər Əliyev bu layihələrin təkcə Azərbaycan və region üçün deyil, bütün Avropa üçün real və zərauri olmasına dünyanın maliyyə elitasını inandıra bilmişdi. O, cəbhədə qan tökülməsinə son qoymaqla, ölkədə möhkəm siyasi sabitlik yaratmaqla müstəqil Azərbaycan dövlətinin arxitekturasını qurmuş, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur.
Xalqımızın qədim dəyərlərinin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, tarixinin özümüzə qaytarılması xidmətləri məhz Heydər Əliyevə məxsusdur. Xilaskar liderin hakimiyyətə qayıdışı respublikamızda elmin və mədəniyyətin, ictimai və dövlət həyatının ən müxtəlif sahələrinin çiçəklənməsi ilə əlamətdar olmuşdur. Onun qayğı və diqqəti sayəsində yüzlərlə görkəmli elm və mədəniyyət xadimi, yaradıcı ziyalıların nümayəndələri öz istedad və qabiliyyətlərini inkişaf etdirmək və təkmilləşdirmək, öz potensiallarını maksimum üzə çıxarmaq imkanı əldə etmişlər. Heydər Əliyev elmi xalqın mənəvi həyatının ən mühüm elementi hesab edirdi. O bilirdi ki, vaxtında tətbiq edilmiş elmi-texniki nailiyyətlər və kəşflər dövlətə çox böyük fayda gətirir, iqtisadi və sosial həyat sahələrinin inkişafı üçün güclü stimula çevrilir. Buna görə o, qabaqcıl texnologiyaların tətbiqinə, elmin və istehsalın modernləşdirilməsinə, onların arasında əlaqələrin möhkəmləndirilməsinə həmişə tükənməz qayğı göstərirdi.
Ümummilli lider yüksəkixtisaslı kadr hazırlığına çox böyük əhəmiyyət verirdi. Hələ sovet dövründə yüzlərlə istedadlı gənc o vaxtkı böyük ölkənin ən qabaqcıl tədris müəssisələrinə təhsil almağa və təcrübə keçməyə göndərilirdi ki, respublikaya qayıdandan sonra əldə etdikləri bilikləri Vətənimizin naminə tətbiq etsinlər. O istəyirdi ki, Azərbaycan elmi müasir ideyaların, səmərəli axtarışların, elmi tədqiqatların güclü generatoruna çevrilsin.
İnformasiya blokadasının yarılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da ulu öndərin xidmətləri danılmazdır. O, hər dəfə xarici ölkələrə səfərə gedəndə Dağlıq Qarabağın tarixən Azərbaycana mənsub olmasını sübut edən müxtəlif qədim və müasir xəritələri özü ilə aparır, bu və ya digər ölkənin hər bir dövlət xadimi ilə söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini və nəticələrini açıqlayır, jurnalistlər üçün bir növ ustad dərsləri keçir, hadisələri necə işıqlandırmağı, yazılarda hansı məqamlara xüsusi diqqət yetirməyi izah edirdi.
O, Azərbaycançılıq ideologiyasını yaratmışdır. Məhz bu ideologiya sayəsində biz milli ideya, milli mənlik şüuru, millətin mədəniyyəti və digər mühüm anlayışları yeni tərzdə dərk etməyə başladıq. Xalqımızın vahid qüvvə kimi birləşməsində ulu öndərin xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan xalqına qarşı soyqırımı, onun deportasiyalara məruz qalması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıran məhz Heydər Əliyev olmuşdur. Bir sözlə, ümummilli lider Heydər Əliyevin əzmkarlığı sayəsində Azərbaycan haqqında tarixi həqiqətlərin bərpa edilməsi üçün çox böyük elmi tədqiqat işləri aparılmış və bunun nəticələri göz qabağındadır. Tam əminliklə demək olar ki, XX əsrin ikinci yarısında və XXI əsrin əvvəlində Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyevin adı ilə ayrılmaz surətdə bağlıdır.
O, zamanın və taleyin mütləq mənada ehtiyac duyduğu, tarixin yeni mərhələsində, yeni sosial-siyasi və iqtisadi şəraitdə özünün çox böyük fitri lider potensialını reallaşdıra bilmiş bir şəxsiyyət idi. Bu, hər kəsə nəsib olmur və XX yüzillikdə ondan başqa heç kəsə nəsib olmamışdır.
Dünya şöhrətli siyasi və dövlət xadimindən - atasından estafeti qəbul etmiş Prezident İlham Əliyev bu gün ölkəni total modernləşmə, tərəqqi və firavanlığa doğru aparır. Heydər Əliyevin siyasi kursuna, demokratiya və müstəqillik ideyalarına sadiq olan İlham Əliyev ölkəmizin milli maraqlarını, ümummilli liderin yaratdığı Azərbaycançılıq ideologiyasını ən yüksək səviyyədə müdafiə edir.
Elitar təfəkkürə malik olan Prezident cəmiyyətin bütün təbəqələrinin inamını qazanaraq sübut etmişdir ki, İlham Əliyev hakimiyyəti bütün Azərbaycan xalqının hakimiyyətidir. Azərbaycan Prezidentinin gördüyü işlər onun siyasi yetkinliyinə, nəinki ölkə miqyasında hadisələrin, həm də bütövlükdə geosiyasi prosesin inkişafının mümkün istiqamətlərini öncədən görməsinə dəlalət edir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilmiş, söz və nüfuz sahibi olmuşdur. İndi Azərbaycanın razılığı və iştirakı olmadan regionda heç bir layihəni reallaşdırmaq mümkün deyildir.
Hazırda Azərbaycan, sözün əsl mənasında, başdan-başa quruculuq meydanına çevrilmişdir. Azərbaycan dinamik inkişaf yolu ilə möhtəşəm zəfərlərə doğru irəliləyir. Bütün bu zəfərlərin qanunauyğun yekunu isə çiçəklənən, qüdrətli Azərbaycandır - həqiqətən millətin xilaskarı olmuş, böyük Heydər Əliyevin arzuladığı Azərbaycandır.
{nl}
Aslan ASLANOV AzərTAc-ın baş direktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.