Xoşbəxt gələcəyin möhkəm təməli qoyulmuşdur

Ulu öndər Heydər Əliyevin belə bir məşhur kəlamı var: "Azərbaycan dünyaya günəş tək doğacaq". Bu müdrik deyim böyük siyasət xadiminin uzaqgörənliyini bir daha təsdiq etdi.
Bu gün Azərbaycan, həqiqətən, beynəlxalq miqyasda tanınan, sürətlə inkişaf edən, əsl mənada islahatlar diyarına çevrilmişdir. Danılmaz həqiqət hətta düşmənlərimiz tərəfindən də etiraf edilir. Bu nailiyyətin əsasında isə çevik daxili və xarici siyasət, dövlət başçımızın düzgün, müdrik siyasi xətti dayanır.
Ulu öndər Heydər Əliyevin qalib siyasi kursunun ləyaqətli davamçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyev bu siyasi xətti inam və səriştə ilə 2003-cü ildən etibarən davam etdirir.
Siyasətçilərin, xüsusilə dövlət başçılarının fəaliyyətini önə çəkərək onu qiymətləndirmək, təhlil etmək, araşdırıb müəyyən bir nəticəyə gəlmək ilk baxışdan asan görünürsə, həqiqətin harada olduğunu demək o qədər də asan olmur. Amma görünən dağa nə bələdçi. Söz yox ki, hörmətli Prezidentimiz İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər onun respublikamızın rəhbəri kimi fəaliyyəti istər politoloqlar, istərsə də siyasi təhlilçilər tərəfindən müxtəlif aspektlərdən araşdırılıb və yüksək qiymətləndirilib. Belə bir fakt məsələyə aydınlıq gətirmək üçün kifayətdir ki, cənab Prezidentin reytinqi oponentlərindən həmişə yüksək olub. Bu fakt bir də ona görə gərəklidir ki, ötən dövr ərzində cənab Prezidentin ölkə daxilində reytinqi, beynəlxalq aləmdə isə siyasi nüfuzu ilbəil yüksəlmişdir. Elə bu yaxınlarda Buxarestdə (Rumıniya) Cənubi-Şərqin, eləcə də Rumıniyanın nüfuzlu "Balcanii Şi Europa" ("Balkanlar və Avropa") jurnalı tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ildə "İlin adamı" elan edilməsi cənab Prezidentimizin fəaliyyətinə beynəlxalq aləmdə verilən yüksək qiymətin bariz nümunəsidir.
Biz, əlbəttə, bu yazıda "respublika Prezidenti cənab İlham Əliyevin yüksək ictimai nüfuzunu şərtləndirən amillər hansılardır" sualından yan keçməklə onun bir ölkə başçısı olaraq yüksək və əzmkar fəaliyyətinin əsas arqumentləri üzərində dayanmağı daha məqbul hesab edirik. Çünki bu uzaqgörən siyasət xadiminin yüksək reytinqini şərtləndirən səbəblər toplusu o qədər zəngindir ki, həmin səbəblərin bir nəticə olaraq dəyərləndirilməsi prinsipcə heç bir mübahisə doğurmur. Yəni respublikamızın bugünkü inkişafı ölkədə siyasi mənsubiyyətindən və ictimai baxışlarından asılı olmayaraq hamı tərəfindən birmənalı olaraq etiraf edilir. Belə bir arqumenti kim təkzib edə bilər ki, məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan sosial-iqtisadi inkişaf surətinə görə Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Ölkə rəhbəri üçün rəhbərlik etdiyi xalqın onu sevməsi, ona xüsusi inam bəsləməsi başlıca şərtdir. Azərbaycan xalqı öz Prezidentini sevir, ona dərin inam bəsləyir. Bunun səbəbləri çoxdur. Əvvəla, cənab Prezident Azərbaycanı çox sürətli inkişaf yoluna çıxarmışdır. Xalqın sosial problemləri demək olar ki, həll edilmişdir. Cənab İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanda 900 mindən çox yeni iş yeri yaradılmışdır. Əməkhaqları, sosial müavinətlər, pensiyalar ilbəil yüksəlmişdir. Təhsil, səhiyyə, mədəniyyət sahələrində islahatlar uğurla davam etdirilmişdir. Bir sözlə, xalqın güzəranı günü-gündən daha da yaxşılaşdırılmışdır.
Azərbaycanın siyasi tarixinə nəzər saldıqda görürük ki, İlham Əliyev respublikanın ən gənc rəhbərlərindən biri kimi fərqlənir. Məhz həmin müstəvidə bir sıra parametrlərə fəlsəfi baxımdan yanaşdıqda başqa, daha maraqlı amillər ortaya çıxır. Belə ki, cənab İlham Əliyev müstəqil Azərbaycana rəhbərlik edir, eyni zamanda, onun rəhbər olduğu ölkə çox həssas geocoğrafi məkanda yerləşir. Belə bir ölkəyə rəhbərlik etmək isə dövlət başçısından böyük siyasi məsuliyyət, güclü erudisiya, intellekt, xarizma, bacarıq və qabiliyyət tələb edir. Digər bir vacib məsələni də diqqətdən yayındırmaq olmaz. Belə ki, cənab İlham Əliyev hakimiyyət başına bütün dünyada siyasət nəhəngi kimi tanınan ulu öndər Heydər Əliyevdən sonra gəlmişdi. Bu cür böyük şəxsiyyətdən sonra cəmiyyətdə, ölkə daxilində, həm də xaricdə siyasi nüfuz qazanmağın çox ciddi çətinlikləri var idi. İndi bunlar arxada qalıb. Ölkə Prezidentinin hakimiyyətdə olduğu ötən illərə nəzər saldıqda açıq-aşkar görünür ki, cənab İlham Əliyev ulu öndərin siyasi kursunu davam etdirməklə yanaşı, həm də respublikamızın inkişafında dinamik məqamları önə çəkərək sürətli inkişafa nail olmuşdur.
Ölkəmizdə gedən davamlı islahatlar, qəbul edilən dövlət proqramları çox az zaman çərçivəsində öz uğurlu nəticələrini vermişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı cənab Prezidentin sərəncamları ilə təsdiq olunan dövlət proqramları bölgələrimizdə əsaslı inkişaf üçün güclü stimul yaratmışdır. Əsrin əvvəli ilə müqayisədə regionlarımız tamamilə öz simasını dəyişmiş, əhalinin sosial vəziyyətində mühüm irəliləyişlər baş vermişdir. İndi hansı şəhərə, rayona nəzər yetirsək, orada çox güclü quruculuq işlərinin şahidi olarıq. Bu danılmaz faktdır ki, paytaxtımızı bölgələrlə birləşdirən avtomobil yolları Avropa standartlarına uyğun olaraq müasir səviyyədə yenidən qurulmuşdur.
Elə paytaxtımızda baş verən yenidənqurma işləri də deyilənlərə sübutdur. Bakımıza ayaq basan xarici qonaqlar təəccüb edirlər ki, az zaman çərçivəsində bu qədər yeniləşmə doğrudanmı, mümkündür? Bəli, ağlagəlməz işlər həqiqətə çevrilir. Bakımız öz görkəmini dəyişir. Yeni yollar, körpülər, göydələnlər onun simasına yeni görkəm verir. Burada yaşayan insanların həyat səviyyəsi də ilbəil yüksəlir.
Torpaqlarımızın 20 faizdən artıq bir hissəsinin düşmən tapdağı altında olması bu gün dövlətimizin başlıca problemlərindən biridir. Cənab Prezidentin çıxışlarının əksəriyyətində bu problemin həlli yolunda dövlətimizin siyasətinə xüsusi önəm verilir. "Bir qarış torpağımızı da düşmənə güzəştə getməyəcəyik" - deyən cənab Prezident bu məsələ ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərində dövlətimizin mövqeyini aydın ifadə edir. Elə bu yaxınlarda Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən ATƏT-in VII sammitində çıxışı zamanı Ermənistan rəhbərliyinin qeyri-konstruktiv yol tutaraq münaqişənin ədalətli şəkildə, beynəlxalq hüquq normalarına uyğun həll edilməsinə əngəl törətdiyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.
Qarabağ müharibəsinin törətdiyi faciələr nə qədər ağır olsa da Azərbaycan dövləti bu bəlalara ləyaqətlə sinə gərdi və dövlətimizin apardığı müdrik siyasət vəziyyətdən çıxmaq üçün imkanlar yaratdı. Bir milyondan artıq qaçqın və məcburi köçkün müvəqqəti olaraq məskunlaşdırıldı, onlar işlə, mənzillə təmin olundu. Cənab Prezidentin 2004 və 2007-ci illərdə imzaladığı sərəncamlarla təsdiq olunan dövlət proqramları məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində çox əhəmiyyətli rol oynadı. Bu gün ölkədə bir dənə də çadır şəhərciyi qalmamışdır. Həmin çadır şəhərciklərində yaşayanlar indi rahat mənzillərlə təmin olunmuşlar. Hazırda bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Azərbaycanda cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində mədəniyyət siyasəti də uğurla həyata keçirilir. Milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə diqqət ilbəil artır. Artıq Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yolunu tutmuşdur. Qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin gələcək nəsilərə ötürülməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Aşıq sənətinin, muğamın, Novruz bayramının, xalçanın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması çox uğurlu nailiyyətdir.
Milli-mənəvi dəyərlərimizin qorunması, təbliği sahəsində Heydər Əliyev Fondunun, Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri xüsusi olaraq qeyd olunmalıdır.
Son illər incəsənətin ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları bu sahədə əhəmiyyətli rol oynayır. Muzeylərimiz, kinoteatrlarımız, konsert salonları yenidən təmir olunur, dünya standartlarına uyğunlaşdırılır. Yeni istifadəyə verilən Muğam Mərkəzi, inşa edilməkdə olan Xalça muzeyi mədəniyyətimizə layiqli töhfədir.
"Azərbaycan mədəniyyəti dünyanı fəth edir", desək yanılmarıq. Vaxtaşırı dünya ölkələrinin paytaxt şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti günləri, eləcə də həmin ölkələrin Bakıda təşkil olunan mədəniyyət tədbirləri, konfranslar, festivallar, seminarlar Azərbaycanın mədəni həyatını daha da zənginləşdirir.
Təhsil sahəsində əldə olunan uğurlarla bağlı demək istərdim ki, bu sahə cənab Prezidentin daim diqqət mərkəzindədir. "Təhsil millətin gələcəyidir" - deyən ulu öndər Azərbaycanda başlanılan təhsil islahatının banisidir. Ulu öndərin hələ 1999-cu ildə imzaladığı sərəncamla təsdiq olunan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" bu gün də davamlı olaraq həyata keçirilir.
Milli təhsilimiz məzmunca yeniləşmiş, təhsilə informasiya texnologiyaları gətirilmiş, ali məktəblərdə, texniki-peşə təhsili sahəsində islahatlara rəvac verilmişdir. Ən əhəmiyyətlisi budur ki, indi ölkəmizdə məktəb tikintisi geniş vüsət almışdır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi uğurla həyata keçirilir. Ölkəmizin şəhər və rayonlarında yeni məktəblər inşa edilməklə yanaşı, köhnə məktəblər əsaslı təmir olunur, onlara yeni korpuslar tikilir. Həm də bu məktəblər müasir avadanlıqlarla, informasiya texnologiyaları ilə təmin edilir.
Sevindirici haldır ki, bu gün Azərbaycan orta ümumtəhsil məktəblərində hər 20 şagirdə bir kompyuter nisbəti həll edilmişdir. Yeni elektron dərsliklər yaradılmışdır
Elə səhiyyə sahəsində də uğurlarımız kifayət qədərdir. Ölkədə yeni regional tibb mərkəzləri tikilib istifadəyə verilir, onlar müasir tibb avadanlıqları ilə təmin olunurlar. Bu gün Azərbaycanda əhalinin sağlamlığı ilə məşğul olan tibb işçiləri arasında xarici ölkələrdə təhsil almış gənc həkimlərin sayı getdikcə artmaqdadır. Bu da ölkə başçısının Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına xüsusi önəm verməsinin nəticəsidir.
Azərbaycanda bütün sahələrdə əsaslı inkişaf var. Doğrudan da, bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, möhtərəm Prezidentimizin həyata keçirdiyi, tədbirlər həmin sahəyə nüfuz etməsin. İlham Əliyevin hakimiyyəti illəri vətənimizin ümumi inkişafının mühüm mərhələsidir. Ancaq heç şübhəsiz ki, bunlar son hədd deyil. Ölkəmizin bugünkü inkişaf tempi onu deməyə əsas verir ki, yaxın onilliklərdə Azərbaycanın inkişafında yeni mərhələ başlayacaq. Ulu öndərin dediyi kimi, qarşıda bizi dünyaya günəş kimi doğacaq xoşbəxt, firavan Azərbaycan gözləyir.{nl}

İlqar MAHMUDOV, Bakı Humanitar Kollecinin direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında