Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Eynulla Fətullayevin işi ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 2010-cu il oktyabrın 4-də qüvvəyə minmiş 2010-cu il 22 aprel tarixli qərarı əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 2010-cu il noyabrın 11-də məhkumun haqqında iki iş üzrə qəbul edilmiş qərarlar barəsində dərc edilən məqalələrdə və onun müdafiəçisi vəkil E.Sadıqovun verdiyi müsahibələrdə bilə-bilə yanlış, ictimaiyyətdə düzgün olmayan təsəvvür yaratmağa yönəldilən məlumatlar öz əksini tapmışdır. Bir sıra qəzetlərdə dərc olunmuş yazılarda Plenumun E.Fətullayevin barəsində qəbul etdiyi 2010-cu il 11 noyabr tarixli qərarla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzalarının müddətlərinin guya artırılması, bununla da məhkumun vəziyyətinin ağırlaşdırılması, digər tərəfdən isə Avropa Məhkəməsinin qərarına əməl edilməyərək onun əsassız olaraq həbsdə saxlanılması göstərilmişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi ilk növbədə bildirir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, həm kassasiya instansiyası məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun hər hansı bir məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın artırılması və ya onun vəziyyətinin başqa cür ağırlaşdırılması haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur. Ali Məhkəmə və onun Plenumu baxdığı bütün işlər üzrə qanunun aliliyi prinsipini rəhbər tutaraq bu tələblərə daim əməl edir, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanuni, obyektiv və ədalətli qərarların qəbul edilməsinə nail olur.
E.Fətullayevin barəsində Plenum tərəfindən qəbul edilmiş 2010-cu il 11 noyabr tarixli qərarlarla bağlı qeyd edilməlidir ki, birinci qərarla məhkumun haqqında xüsusi ittiham qaydasında iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə həmin işin icraatına xitam verilmişdir. Eyni tarixli ikinci qərarla E.Fətullayevin barəsindəki kassasiya kollegiyasının qərarı yalnız iki ittiham üzrə (Azərbaycan Respublikası CM-in 214.1-ci və 283.2.2-ci maddələri ilə) hissəvi ləğv edilmiş və bu hissələrdə cinayət işinin icraatına xitam verilmişdir. Həmin iş üzrə E.Fətullayev, həmçinin vergidən yayınma cinayətini törətdiyinə görə də 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu cinayəti o, Yasamal Rayon Məhkəməsinin 2006-cı il 26 sentyabr tarixli hökmü ilə (həmin hökmlə E.Fətullayevə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir) tətbiq olunmuş şərti məhkumetmə dövründə törətdiyinə görə, Plenum hökmlərin məcmusu qaydasında cəzaların təyin edilməsini tənzimləyən cinayət qanunu normalarına əsaslanaraq (CM-in 67.1-ci maddəsi) məhkumun haqqında birinci hökmlə və sonuncu hökmlə təyin edilmiş cəzaları qismən birləşdirməklə onun üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlamışdır. Bu cəzanı tam çəkdiyini, habelə xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini nəzərə alaraq Plenum baxılmış işlər üzrə E.Fətullayevin həbsdən azad edilməsini qərara almışdır.
Göründüyü kimi, E.Fətullayevin barəsindəki cinayət işi üzrə Plenumun qəbul etdiyi 2010-cu il 11 noyabr tarixli qərar Avropa Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında müəyyən edilmiş tələblərə tam uyğun olmuş və həmin qərarla məhkuma istər vergidən yayınma cinayətinə görə, istərsə də hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların müddətləri nəinki artırılmamış, əksinə qəti cəzanın müddəti azaldılmış, bununla da məhkumun vəziyyəti yüngülləşdirilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən E.Fətullayevin barəsində qəbul edilmiş qərarlar Avropa Şurası Nazirlər Komitəsinin 2010-cu il 3 dekabr tarixli iclasında müzakirə olunmuş və həmin qərarlardan Komitənin məmnun qalması haqqında qərar qəbul edilmişdir.
E.Fətullayevin həbsdə saxlanılması onun cəzaçəkmə müəssisəsində törətdiyi başqa cinayətlə əlaqədar olmuş və həmin cinayətlə bağlı yalnız birinci instansiya məhkəməsi tərəfindən baxılmış iş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müzakirə predmeti olmamışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında