"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişikliklər və əlavələr ediləcəkdir

Dekabrın 8-də Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilmişdir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov gündəlikdəki birinci məsələ - Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim etdiyi "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun layihəsini müzakirəyə təqdim etmişdir.
Sonra Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov layihə barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycan BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə Konvensiyası"nın Fakültativ Protokoluna qoşulmuşdur. Milli Məclis bu sənədi 2008-ci ildə təsdiq etmişdir. Fakültativ Protokolda əsas müddəalardan biri ona qoşulan ölkələrdə işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə milli preventiv mexanizmin yaradılmasıdır.
Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) müəyyən edilmişdir. Müzakirəyə təqdim olunan qanun layihəsində təklif olunan əlavə və dəyişikliklərdən biri bu səlahiyyətin ombudsmana verilməsidir. L.Hüseynov milli preventiv mexanizmin yaradılması ilə bağlı müxtəlif ölkələrin təcrübəsindən misallar gətirmiş və bildirmişdir ki, 52 ölkə Fakültativ Protokola qoşulmuş, 34 ölkədə milli preventiv mexanizm yaradılmışdır.
Konstitusiya Qanununa təklif olunan digər əlavə və dəyişiklik "İnformasiya əldə etmək haqqında" Qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsidir.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirmişdir ki, ölkəmizdə 2001-ci ildə yaradılmış ombudsman institutu ötən müddətdə fəaliyyəti ilə özünü təsdiq etmişdir. Əsas məqsəd odur ki, milli preventiv mexanizm məhsuldar fəaliyyət göstərsin. İnanırıq ki, qanun layihəsi qüvvəyə mindikdən sonra milli preventiv mexanizmin fəaliyyəti Fakültativ Protokolda nəzərdə tutulmuş müddəalara cavab verəcəkdir.
Müzakirələr zamanı deputatlar layihə ilə bağlı fikirlərini bölüşmüş, rəy və təkliflərini bildirmişlər.
Lətif Hüseynov deputatların suallarını cavablandırdıqdan sonra Konstitusiya qanununun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi ilə bağlı məlumat vermişdir. Dəyişikliklərə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, o cümlədən dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin miqdarının artırılması nəzərdə tutulmuşdur.
Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir.
Daha sonra "Təhsil haqqında" Qanunun tətbiqi ilə əlaqədar 44 qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinə müsbət münasibət bildirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında