İnformasiya Texnologiyaları İnstitutunda Koreya Milli Araşdırmalar Fondunun nümayəndələri ilə görüş olmuşdur

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Koreya Milli Araşdırmalar Fondunun nümayəndələri Ceonqo Park və Cunkyu Park ilə görüş olmuşdur.
İTİ-dən bildirmişlər ki, görüşdə ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyən institutun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Rasim Əliquliyev Koreyanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində dünyanın aparıcı ölkələrindən biri olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bu sahədə əlaqələrin möhkəmləndirilməsi, Koreya təcrübəsinin öyrənilməsi, mütərəqqi biliklərə malik, kreativ gənc kadrların hazırlanması və digər məsələlərin həyata keçirilməsi Azərbaycanda elmi-texniki sahədə yürüdülən siyasətin başlıca məqsədlərindən biridir.
Azərbaycan ilə Koreya arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirən alim İKT sahəsində də birgə layihələrin həyata keçirildiyini və bu layihələrdə AMEA-nın müvafiq institutlarının, o cümlədən İTİ-nin yaxından iştirak etdiyini bildirmişdir. Direktor fond tərəfindən İTİ-yə ezam olunan mütəxəssislərin elmi seminarlarda, xarici əlaqələrin genişləndirilməsində fəal iştirak etdiklərini diqqətə çatdırmışdır.
Ceonqo Park Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin Koreya Respublikasının diqqət mərkəzində olduğunu, ölkəmizin informasiya texnologiyaları siyasətinin yüksək qiymətləndirildiyini bildirmişdir. Koreyanın Azərbaycan ilə İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndiyini və bunun hər iki ölkə üçün faydalı olduğunu söyləmişdir.
C.Park təmsilçisi olduğu Koreya Milli Araşdırmalalar Fondunun humanitar və sosial, təbiət elmləri üzrə, eyni zamanda, fundamental texnoloji tədqiqatları həyata keçirmək üçün maliyyə dəstəyi göstərdiyini bildirmişdir. Fondun "Fundamental texnologiya", "Nüvə enerjisi üzrə əməkdaşlıq", "İqlim dəyişikliyi problemlərinin həlli" və s. kimi bir çox mühüm proqramları həyata keçirdiyini vurğulayan qonaq "Texno Sülh Korpusu" (Techno Peace Corps) proqramının digər ölkələrlə əməkdaşlıq əlaqələrini qurmaqla elmi və texnoloji inkişafın bərqərar olmasına xidmət etdiyini bildirmişdir. Qonaq indiyədək TPC proqramı çərçivəsində 11 ölkənin 22 müəssisə və təşkilatlarına 100-dən artıq alim və mütəxəssisin ezam edildiyini vurğulamışdır.
Tədbirdə, həmçinin əldə edilən elmi nəticələr, biometrik texnologiyalar sahəsində elmi tədqiqatların və kommersiya sistemlərinin gələcək inkişaf meyilləri, birgə əməkdaşlıq üçün gənc tədqiqatçıların Koreyanın aparıcı elmi-tədqiqat mərkəzlərinə ezam edilməsinə dair qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, gələcək perspektivlər müzakirə edilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında