Azərbaycan dövləti təbii fəlakətlərin ölkə əhalisinə vurduğu ziyanın yüksək səviyyədə aradan qaldırılmasını təmin edir

Bu məqsədlə Şəkidə kifayət qədər işlər görülüb

{nl}

...Bütun bu anlar bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına həmişə, ilk növbədə qayğı göstərir və göstərəcəkdir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

{nl}

Heç yadımdan çıxmaz. Bu ilin yaz aylarında Kür və Araz çaylarının daşması nəticəsində üçmuş və ya yararsız hala düşmüş evlərin və inzibati binaların əvəzinə tikilmiş yeni binaların açılış mərasimi keçirilirdi. Noyabr ayının 1-i idi. Prezident İlham Əliyev Sabirabad rayonundakı Mürsəlli kənd orta məktəbinin açılış mərasimində iştirak edirdi. Məktəbin direktoru Əhəd Şükürov o çətin günlərdə dövlətimizin başçısının fəlakət zonasına gəlməsini və yerli sakinlərlə birlikdə olmasını daşqınların yaratdığı problemlərin təcili surətdə aradan qaldırılmasına xüsusi təkan verdiyini söylədi: "Yalnız qüdrətli dövlətlərdə xalqını, millətini sevən rəhbərlər insanlara belə qayğı göstərirlər. Sevinirik ki, belə bir qüdrətli dövlətin vətəndaşıyıq".
Televiziya vasitəsiylə Əhəd müəllimin həmin söhbətini eşidəndə bir anlıq mənə elə gəldi ki, bu söhbətin bilavasitə şahidi olmuşam. Ancaq necə ola bilərdim? Noyabrın 1-də mən Sabirabadda yox, Zaqatalada idim. Amma... Sonra xatırladım. Məhz bu qəbildən olan ifadələri mən Şəkidə, özü də avqust ayında eşitmişdim. İyunun 14-dən 17-dək ardıcıl üç gün güclü küləklə müşayiət olunan leysan Şəkinin demək olar ki, bütün ərazisinə böyük ziyan vurmuş, şəxsi təsərrüfatlara və ictimai mülkiyyətə külli miqdarda zərər dəymişdi. Avqust ayında isə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə 3 milyon 600 min manat vəsait ayrılmışdı. O zaman suvarma sistemləri idarəsinin rəisi Fəraim Qarayev eynilə sabirabadlı Əhəd müəllim kimi böyük bir məmnunluq ifadə edərək söyləmişdi ki, ölkə əhalisinin üzləşdiyi problemlərin aradan qaldırılması üçün bu qəbildən olan addımları qüdrətli dövlətin millətini sevən rəhbəri ata bilər. Yəni, mən bu söhbəti həqiqətən eşitmişdim və noyabr ayında Şəkidə olarkən həmin məsələ ilə ətraflı tanış olmaq istədim.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova təbii fəlakətin baş verdiyi tarixdən sonra həyata keçirilmiş tədbirlər barədə danışmazdan əvvəl problemin tarixçəsini yada saldı: - Belə külək, belə yağış bizim tərəflərdə bəlkə də görünməmişdi. Leysan yağışları nəticəsində şəhərin küçələrinə, fərdi yaşayış evlərinə, həyətyanı təsərrüfatlara, sosial obyektlərə, tarixi abidələrə külli miqdarda ziyan dəymişdi. Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi komissiya dərhal yerlərdə olmuş, dəymiş ziyanların həcmi araşdırılmışdı. Nazirlər Kabinetinin avqustun 10-da imzalanan sərəncamı ilə Şəki şəhərində və rayonun kəndlərində ziyan dəymiş fərdi və ictimai yaşayış evlərinə, sosial obyektlərə, tarix və mədəniyyət abidələrinə, şəhər daxilindəki körpülərə, istinad divarlarına, su arxlarına, küçələrin asfalt və daş örtüklərinə, mühəndis xətlərinə və digər obyektlərə dəymiş ziyanın aradan qaldırılması məsələsi dövlətin nəzarətinə götürülmüşdür. Dövlət başçısı isə bu məqsədlə müvafiq sərəncam imzalamış və ziyanın aradan qaldırılmasının sürətləndirilməsi üçün xüsusi tapşırıqlar vermişdir. Bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər nə qədər çox olsa da, görüləsi işlərimiz də hələ az deyil. Şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı bu məsələni daim diqqət mərkəzində saxlayır və işin tədbirlər planı əsasında davam etdirilməsini bizdən və aidiyyatlı qurumlardan tələb edir. Başçı indi həmin təbii fəlakət nəticəsində üçmaq təhlükəsi ilə üz-üzə qalmış bir tarixi-memarlıq abidəsində aparılan bərpa işlərinin vəziyyəti ilə tanış olur. Elə indinin özündə də getsəniz orada görə bilərsiniz.
Murad Cabbarlı ilə şəhərin Mirzə Fətəli Axundov prospektindəki qədim tağlı körpü-tunelin sel nəticəsində uçmuş hissələrinin bərpa edildiyi yerdə görüşdük.
- Düzü tarixi abidələrin dağılması, onların pis vəziyyətə düşməsi adamın ürəyini ağrıdır, - deyə söhbətə başlamaq istədim.
- Düz deyirsiniz, - deyə icra hakimiyyətinin başçısı bildirir. - Özünün tarixi abidələri, ənənələri ilə hamını, xüsusilə də buraya uzaqdan, yaxından gələn qonaqları heyran edən Şəkinin mədəniyyət abidələrini qorumaq hər kəsdən bir vətəndaşlıq qeyrəti tələb edir. Budur, bu 113 metr uzunluğunda qədim tarixi-memarlıq abidəsinin xeyli hissəsi dağılmış, qalan yerləri isə uçmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İndi görürsünüz, uçmuş hissələr bərpa olunur, daşqının qopardığı divarlar, tağlar əvvəlki vəziyyətinə qaytarılır.
- Mənə icra hakimiyyətində dedilər ki, siz daim bu məsələni diqqət mərkəzində saxlayır, bərpa işlərinin vəziyyətinə şəxsən özümüz nəzarət edirsiniz.
- Başqa cür necə olmalıdır ki... Çünki bu addımları bizdən qabaq atan dövlət başçımız var. Biz cənab Prezidentdən nümunə götürərək fəaliyyətimizi qururuq. Yadınızdadırmı, aran rayonlarında daşqın olanda dövlət başçımız həm Bakıda, həm də bilavasitə fəlakət zonasında toplantılar keçirdi, zərərdidə olmuş insanların maddi və mənəvi himayədarına çevrildi. Sel, su azalandan sonra, bərpa işləri aparılanda da cənab Prezident yenə həmin rayonlara getdi. Bax, biz o nümunələri görərək bu gün burada - təmir-bərpa işləri gedən yerdə, mütəxəssislərlə birlikdəyik.
O ki qaldı dövlət başçımızın biz şəkililərə diqqətinə bu, danılmazdır. Şəki Şəhər İcra Hakimiyyətinə vəsait ayrılandan sonra gördüyünüz işlərin miqyası o qədər böyükdür ki, sizə istədiyiniz qədər faktlar və rəqəmlər təqdim edə bilərik. Bir də ki, fakt təqdim etməsək də siz özünüz Şəkini də yaxşı tanıyırsınız, şəkililəri də. Gəzin, görün, soruşun, öyrənin. İstəyirsiniz lap mənimlə birlikdə obyektlərə baş çəkək.
Gəzdik, gördük, soruşduq və öyrəndik ki, ayrılmış vəsait hesabına şəhərin Sarıtorpaq, Süleyman Eldarov, Nakam, Məşədi Əzizbəyov, Cəfər Cabbarlı, Müslüm Maqomayev, Vəli Məmmədov, Paşa Əliyev, Gənclər və başqa küçələrində fərş örtüklü yollar əsaslı şəkildə təmir edilmiş, Mirzə Fətəli Axundov küçəsinin bir hissəsində dərin örtüklü yeni yol qurulmuş, küçənin digər hissələrində yol əsaslı təmir edilmişdir. 20 Yanvar küçəsində - köhnə bazarın qarşısındakı yola, Fətəli Xan Xoyski və Bəxtiyar Məmmədov küçələrinə asfalt-beton örtük tökülərək əsaslı təmir işləri aparılmışdır.
Şəhərin Vidadi, Xanlar, Tolstoy, Rəşidbəy Əfəndiyev, M.Qasımov, Çələbixan, A.Əhmədov, G.Əsədov, Ə.Haqverdiyev, M.Hüseynzadə küçələrinin fərş daşı örtüklərinin əsaslı bərpa olunması işləri davam etdirilir. M.Həmidov, Sarabski, Ağvanlar, C.Cabbarlı, Qorki və başqa küçələrdə əsaslı təmir işləri aparılır. Ümumiyyətlə, dəymiş ziyanın aradan qaldırılması üçün şəhərin 46 küçəsində təmir-bərpa işləri görülür.
Mehdi Hüseynzadə və Əbdürrəhim bəy Haqverdiyev küçələrindən şəhərə gələn lil, daş, çınqıl və qum bu küçələrə xeyli ziyan vurmuşdu. Bu gün həmin ərazilər daşdan, torpaqdan təmizlənmiş və bu qəbildən ola biləcək halların qarşısının birdəfəlik alınması üçün 380 metr məsafədə beton su örtüklü kanal tikilmişdir. Ən çox ziyan dəyən M.Həmidov küçəsində Rəsulzadə və 20 Yanvar küçələrindən gələn sel suları cəmləşmişdi. Həmin küçədə bir ev tamamilə uçmuşdu. Bu ərazidə də gələcəkdə analoji təhlükələrin olmaması üçün su axıdıcı arx və kanallar yenidən qurulur. Əraziyə yığıla biləcək suların çaya axıdılması üçün mövcud olan kanal əsaslı şəkildə bərpa edilir. Sel sularından ziyan dəymiş 224 fərdi yaşayış evinə və tamamilə uçmuş bir evin bərpa edilməsi üçün 109 min manat maddi yardım ayrılıb. Ayrılmış vəsaitin bir hissəsi vətəndaşlara çatdırılıb, digər hissəsinin çatdırılması üçün isə sənədləşmə işləri aparılır.
Bax, belə. Bu da bir tarixdir. Şəkidən həmişə uğurlarla, nailiyyətlərlə dolu, fərəhli hadisələrlə bağlı yazılar hazırlamışıq. İndi selin, suların vurduğu ziyanın aradan qaldırılması barədə yazırıq. Ancaq burada da fəxr etməli məqamlar az deyil. Təbiətin kortəbii qüvvələrinə qarşı mübarizə aparan şəkililər dövləti, dövlət başçısını dərhal öz yanlarında gördülərsə, rayon rəhbərliyi bu işləri bir an belə nəzarətdən kənarda saxlamadısa, deməli, el bir oldu və selin vurduğu ziyan aradan qaldırıldı.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında