Naxçıvanda, Nuh peyğəmbərin cismi uyuyan və ruhu hopan müqəddəs diyarda ayağım torpağa dəycək şəfalı dağların saf nəfəsi ciyərlərimə axır, insan əliylə yaradılan gözəllik gözlərimə dolur, öz yurdunu dərin məhəbbətlə sevən insanların isti baxışları Günəşin al şəfəqinə qarışıb qəlbimi isidir. Cismim də, ruhum da dincəlir, o saat bir qəribə yüngüllük hiss edirəm. Məni gözəl başa düşən köhnə tanışlarla görüşüb şirin-şirin söhbət edəndə, təzə müsahiblər tapanda daha özümü daşıdığım ideyaları gərəksiz saymıram, alternativi olmayan sağlam həyat tərzinin gec-tez qalib gələcəyinə inamım artır, yazıb-yaratmaq həvəsim güclənir. Xoş ovqatla geri dönürəm. Naxçıvanda aldığım müsbət enerji mənə uzun müddət bəs edir.
Başqa yerdə deyil, məhz Naxçıvanda olanda görürəm ki, çəkdiyim zəhmət hədər getmir : yazdığım kitabları, məqalələri oxuyan, verdiyim məsləhətlərə əməl edən, özünü davasız-dərmansız sağaldan sağlam düşüncəli insanlar çoxdur və onların sayı ildən-ilə artır.Özü də onların arasında yüksək vəzifəli adamlar, kollektiv rəhbərləri, məmurlar kifayət qədərdir. Belə "möcüzəyə" başqa yerdə rast gəlməmişəm. Bu "möcüzə" ona görə məhz Naxçıvanda baş verir ki, sağlam həyat tərzi (və xoşbəxtlik!) uğrunda mübarizəyə Muxtar Respublikanın Ali Məclisi bilavasitə rəhbərlik edir. Məni çiçəklənən Naxçıvana çəkən cazibə qüvvəsi də məhz budur.
{nl}
Nuh yurdu Naxçıvan
Kürəyində güclü havadarın əli olan xəstə xislətli ermənilərin qarşısında QEYRƏT QALASI kimi dayanan və ağır blokada şəraitində əsl xarüqələr yaradan Naxçıvanı tez-tez ziyarət edən təkcə mən deyiləm, bu unikal diyara gələn xarici qonaqların sayı sürətlə artır. Özü də Naxçıvan təkcə yazarların deyil, tədqiqatçı alimlərin də diqqətini özünə çəkir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla cansağlığı mövzusunda söhbət edərkən müsahibim xatırladı ki, Amerikadakı Norvest Universitetinin professoru, Beynəlxalq Yardım Təşkilatının regional icraçı rəhbəri Marti Martinçito Fillips və xanımı Qabrielo Naxçıvanı gəzib vətənə qayıdandan sonra mətbuatda maraqlı yazılar dərc etmişlər."Şərq qapısı" qəzeti "Allah yudu Naxçıvan" adlı həmin məqaləni çevirib oxuculara təqdim etmişdir. Sədr həmin yazını oxumağı tövsiyə etdi. Məqaləni dərin iftixar hissi keçirmədən oxumaq qeyri-mümkündür. Oxucuların diqqətini onun əsas məqamlarına cəkmək istəyirəm:
" Şərq mənəviyyatı və əxlaqını elmi əsaslarla öyrənib dərk edənlər tərəddüdsüz qərar verə bilərlər ki, dünyada "sivilizasiya beşiyinin" fundamental başlanğıc nöqtəsi Şərqdir. Bizim istək və arzumuzdan asılı olmayaraq, bir çox peyğəmbərlər indiki Naxçıvan adlanan yurdun ilk insan məskəni olduğunu qeyd etmişlər. Sonrakı dövrlərdə Şərq ticarət yolunun (İpək yolu) məhz Naxçıvandan keçməsi, Ordubadda ipəkçilik ənənəsinin formalaşması tarixin yaddaş salnaməsinə çevrilmiş, heç kimin inkar edə bilməyəcəyi bir məntiqi həqiqəti üzə çıxarmışdır".
"Naxçıvan" sözünün mənası ilə bağlı söylənən elmi mülahizələrə münasibət bildirən bu tədqiqatçı cütlük onun Nuh peyğəmbərlə sıx bağlı olması fikiri üzərində təkidlə dayanmışlar: "Beləki bu torpağın hər qarışı Nuh əlamətlərini bu gün də qoruyub saxlayır. Hər bir sağlam düşüncəli insan Nuh - Naxçıvan əlaqəsinə subyektiv prizmadan baxmamalı, bu obyektiv gerçəkliyi elmi araşdırmalarla genişləndirməlidir. Çünki bu gerçəklik Naxçıvanın dağlarında, bugünkü sakinlərin qədim tarixində, gündəlik həyat tərzində yaşamış və bu gün də yaşayır. Nuh peyğəmbər bu torpağa özü ilə unikal əxlaq üslubunu, müvafiq yaşam modelini gətirmiş, formalaşdırmış və gələcək nəsillərə örnək ola biləcək səviyyəyə çatdırmışdır ".
Məzarı Naxçıvanda uyuyan Nuh peyğəmbəri "Allahın ən yaxın dostu və bəndəsi", "həqiqət cəngavəri" adlandıran, onun yüksək əxlaqından və mənəviyyatından söz açan amerikalı müəlliflər Naxçıvan mədəniyyəti və qonaqpərvərliyi ilə Nuh əxlaqı arasında sıx məntiqi əlaqə görürlər : "Bu mənada, Nuhdan qaynaqlanan Şərq mədəniyyəti, Şərq qonaqpərvərliyi ən real nümunə kimi göstərilə bilər. Nuh fəlsəfəsinə, Nuh baxışına görə, dünyada yerlə göyün qovuşduğu yalnız bir məkan var. Bu məkan məhz Naxçıvandır. Belə olmasaydı, Nuh peyğəmbər dünya mədəniyyətinə və dünya tarixi yaddaşına Nuh möhürünü Naxçıvanda yox, digər bir bölgədə vurmuş olardı".
Amerikalı tədqiqatçılar bir qədər sonra böyük təəssüf hissi ilə qeyd edirlər : "Nuhun Naxçıvanla bağlı olması barədə təkzibolunmaz bir çox faktlar elm aləminə məlum olsa da, onun tarixi və mənəviyyat xəzinəsinin ən dərin qatları tam öyrənilməmişdir. Bu gün Naxçıvan tarixini, mədəniyyətini, arxeologiyasını öyrənməklə Nuh irsinin zənginliyini öyrənmək olar. Baxmayaraq ki, dünyanın bir sıra yerlərində Nuh izinə düşənlər və yaxud bu təşəbbüsdə bulunanlar var, amma ən inandırıcı, elmi baxımdan, ən obyektiv tədqiqat nəticələri məhz Naxçıvanla bağlıdır. Belə ki, hər bir naxçıvanlı, hər hansı ucqar kəndin sadə bir sakini Nuhla bağlı bir çox əhvalatlar danışar və saysız-hesabsız yer adlarının Nuhun şərəfinə olduğunu əsaslandıra bilər. Əgər belə bir sorğu digər Nuh axtaranlar ölkəsində aparılsa, şübhəsiz, heç bir xalq versiyası üzə çıxmayacaq".
Hər bir azərbaycanlının qəlbinə fərəh dolduran, ruhunu təzələyən Novruz bayramı haqqında vəchlə söz açan amerikalı qonaqlar yazırlar ki, baharın gəlişini, yaz əkin-biçinini, illik ruzinin əsasının qoyulmasını belə fərəhlə, belə təntənə ilə bayram edən "xalq daha sivildir, daha qədimdir, obrazlı desək, Allahın Şah Əsəridir". Bu fikiri davam etdirən müəlliflər Naxçıvan camaatı haqqında bunları deyib:
"Bu yurdda yaşayan insanların fəaliyyəti birbaşa haqq-ədalət və müqəddəslik, paklıq üzərində köklənmişdir. İnanmırıq ki, Allahın Yerə yaxınlığı, onun insanlara bağlılığı hardasa Naxçıvandakı qədər yaxın və dərin olsun. Naxçıvan tarixi - dünya tarixinin müqəddəslik və paklıq rəmzidir.Biz Naxçıvanda çox şey - qonaqpərvərlik, səmimiyyət, böyüyə hörmət, ən başlıcası isə, ailəyə və torpağa bağlılıq keyfiyyətlərini öyrəndik. Naxçıvanda həyat daha gözəldir, daha ümidverici və daha təminatlıdır ".
Nuh peyğəmbərin Naxçıvan torpağında uyumasına dəlalət edən bir səmavi işarə məhz amerikalı tədqiqatçıların öz şəxsi həyatında baş vermişdir . Naxçıvana sonsuz kimi gələn Marti- Qabrielo cütlüyü məqalənin sonunda böyük fərəh hissi ilə yazırlar : " Bir də onu deməyi özümüzə borc bilirik ki, biz övlad həsrətimizə müqəddəs Naxçıvan torpağında son qoyduq.
Övlad hissinin müqəddəsliyini biz bu müqəddəs torpaqda hiss etdik. Harada olmağımızdan asılı olmayaraq, biz Naxçıvanla bağlı təəssüratlarımızı dünyaya yayacağıq. Biz dünyanın heç bir yerində, hətta, doğma vətənimiz Argentina və Amerikada da Naxçıvandakı qədər dərindən, sinədolusu nəfəs almamışıq.Təmiz və müalicəvi əhəmiyyətli havası olan Naxçıvanda, dünyada analoqu olmayan mineral və termal su mənbələri var. Cənnət adlandırılan məkan bizim Yer planetində məhz Naxçıvandır"...
Allahın bizə böyük səxavətlə bəxş etdiyi cənnətdən necə istifadə edirik?
{nl}
Sağlamlığın elmi təməli
Naxçıvan şəhərinin lap mərkəzində, ulu öndərimiz Heydər Əliyevin adını daşıyan geniş xiyabanın sağ-solunda düzülən möhtəşəm binalardan düz beşi Milli Elmlər Akademiyası Naxçıvan şöbəsinə məxsusdur. Onlar son illərdə tikilib yerli alimlərin ixtiyarına verilib. Bu quru fakt MR rəhbərlərinin, xüsusilə də Ali Məclisin sədri Vasif Talıbovun elmə verdiyi önəmin və alimlərə göstərdiyi qayğnın yalnız bir təzahürüdür.Naxçıvanda elm də, alim də xüsusi diqqət mərkəzindədir. İnsafən, alimlər də dövlət qarşısında borclu qalmırlar. Muxtar Respublikanın elm ocaqlarında bu gün qızğın iş gedir və gözəl nailiyyətlər əldə olunur.
Məni, cansağlığı problemlələri ilə məşğul olan bir ziyalı kimi, ən çox sevindirən budur ki, Naxçıvanda aparılan elmi işlərin kökündə insana qayğı durub, elmin qarşısına insanların cansağlığını qorumaq və maddi-rifahını yüksəltmək, kamil vətəndaş yetişdirməyə qadir olan mükəmməl ailə modeli yaratmaq kimi nəcib bir vəzifə qoyulub. Bu nəcib işin mərkəzində isə təməli 2002-ci ildə qoyulan Bioresurslar İnstitunun kollektivi və ona ilk gündən rəhbərlik edən Tariyel Talıbov durur.
Qələm əhli üçün maraqlı müsahib olan Tariyel müəllim 1973-cü ildə ADU-nun biologiya fakultəsini bitirib, böyük zəhmət tələb edən elmi araşdırmalar apararaq namizədlik, sonra da doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan MEA-nın müxbir üzvü, Beynəlxalq Təbiəti Müdafiə Cəmiyyətinin Qafqaz ekoregionu üzrə eksperti, Naxçıvan Ali Məclisinin deputatı, Naxçıvan TV-nin "Təbiət" verilişinin aparıcısıdır.
Alimin namizədlik dissertasiyası yazmaq üçün ərik bitkisini seçməsinin maraqlı tarixçəsi var. Bu gün Azərbaycan xalq mahnısı "Sarı gəlini", milli xörəyimiz dolmanı, qədim musiqi alətimiz düdüyü, milli xalçalarımızı həyasızlıqla özünə çıxan xəstəxislətli ermənilər, sən demə, 70-ci illərdə əriyi dünya elminə "erməni meyvəsi" kimi tanıtmağa cəhd edirmişlər. "Elmi əsas" da bu olub ki, beynəlxalq elm aləmində ərik "armeniaka" adlandırılır. Təkcə bioloq kimi deyil, həm də dilçi kimi geniş tədqiqatlar aparan gənc alim T.Talıbov təkzibolunmaz faktlarla sübut edib ki, qədim yunan sözü olan "armeniaka"nın vətənsiz erməni dığasına dəxli yoxdur. Bu xəstə millət özünü "hay", yaşadığı torpağı isə "Haystan" adlandırır. "Erməni" adını isə onlara biz türklər vermişik. Tarixçilər bilirlər ki, bu "məzlum" milləti bir vaxtlar Mesopotamiyadan (İkiçayarası) qovublar. Beləliklə də, gənc bioloq o vaxt erməniləri yerində oturda bilib.
Elmə göstərilən dövlət qayğısından dərin razılıq hissi ilə danışan professor T.Talıbov bildirdi ki, başçılıq etdiyi institut məhz hərtərəfli qayğının sayəsində sürətli inkişaf yolu keçə bilib. 2002-ci ildə 3 elmlər namizədi və 1 elmlər doktoru ilə fəaliyyətə başlayan kollektiv son 3 ildə 15 elmlər namizədi və 1 nəfər elmlər doktoru yetişdirib.Bu cavan elm ocağı nəzəriyyə ilə praktikanın üzvi vəhdətini yaradıb. Həyatda təsdiqini tapan elmi mülahizələr, sınaqdan keçirilən nəzəriyyələr dərhal materiallaşdırılır və əhalinin istifadəsinə verilir. Hər həftə dağları, yal-yamacı qarış-qarış gəzən ekspedisiya qrupu tapdığı şəfalı bitkiləri təkcə kitablara salmaqla, herbari qutusuna yığmaqla kifayətlənmir, onları dərhal, şəhərin mərkəzində qərar tutan yaşıl aptekə təhvil verir. Kimyəvi preparatların, xüsusən də indiki saxta dərmanların insana vurduğu zərəri dərk edən əhali yaşıl apteki ümid yeri hesab edir, özünü dağ çiçəklərinin köməyi ilə müalicə edir.
İlk baxışda çılpaq görünən Naxçıvan torpağı və dağları başdan-başa şəfalı otlarla, çiçəklərlə, yabanı meyvə ağacları və kolları ilə örtülüb. Naxçıvanda yetişən ərik, şaftalı, üzüm, tut, alma, armud, limon və alçanın, çaytikanı, ziriş, itburnu, yemşən və digər yabanı meyvələrin, eləcə də bostan bitkilərinin və tərəvəzin dadı bütün Azərbaycana bəllidir. Onların hamısı vitaminlərlə, üzvi duzlarla və digər faydalı elementlərlə zəngindir, hər biri güclü şəfa mənbəyidir. Naxçıvan başdan-başa bütöv bir "yaşıl aptekdir", burda kimyəvi dərmandan istifadə etməyə ehtiyac yoxdur!
Qeyd etmək çox xoşdur ki, Naxçıvanda "bir yeri düzəldib yüz yeri dağıdan" zəhərli dərmanları sıxışdırıb məişətdən çıxartmaq meyli get-gedə güclənir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin sayı da artır, təsir dairəsi də, təsir gücü də. Tariyel müəllim rəhbərlik etdiyi instituta göstərilən yüksək dövlət qayğısını məhz bununla izah etdi. MR rəhbərliyi alimlər qarşısında məsələni belə qoyub: Necə şərait lazımdırsa, sizə yaradaq, siz də yerli flora və faunanı dərindən öyrənin, bioresursları üzə çıxardıb tam gücü ilə işlədin. Faydalı ərzaq növləri yaradın, şəfalı otları və çiçəkləri camaata tanıdın, insanların sağlamlığını qorumaq işinə öz layiqli töhfənizi verin.
- Bu gün Muxtar Respublikada elmi araşdırmalara böyük ehtiyac var. Ulu öndərimiz Heydər Əliyev böyük narahatlıqla deyirdi ki, sovet dövründə Naxçıvanın təbiəti çox az öyrənilib. Bu vacib işi yalın əllə görmək mümkün deyil.
- Təzə kompyuterin qabağında oturub nadir çiçəklərin şəklini bizə həvəslə göstərən ağ saçlı alim söhbətini davam etdirir : - Bizdə texniki təminat çox yaxşıdır. Elmi işçilərimizin 80 faizdən çoxu kompyuterlə təmin olunub, hamısı da yüksək sürətli internetə qoşulub. Müasir elmin son nailiyyətlərindən olan teleskop bizə imkan verir ki, 5 kilometrlik məsafədə olan obyekt üzərində müşahidə aparaq, 1 kilometrlik məsafədə isə onun şəkilini çəkək. Son model "Panasonic", "Nikon" və "Canon" rəqəmsal fotoaparatları, "Sony" vidiokameraları, rəngli kompüterlər və printerlər, müasir tipli herbari şkafları işimizi xeyli yüngülləşdirib. Qabaqlar təcrübə sahələrində işləri, əsasən, əllə görürdük. İndi bizə "T-80" markalı traktor, otbiçən aqreqat, qoşqu aləti, kotan veriblər. Nəbatət bağında qazılan artezian quyusu su problemini həll edib. Torpaq sarıdan da korluğumuz yoxdur. İnstitutun sərancamına 68 hektar torpaq verilib, bunun 13 hektardan artığı nəbatət bağının payına düşür, 50 hektar sahə genefond təcrübəsi aparmaq üçün ayrılıb. Elm ocağına ayrılan geniş ərazi böyük işlər görməyə imkan verib.
Bütün varlığı ilə bitki səltənətinə bağlanan Tariyel müəllim vaxtının çoxunu öz əlilə saldığı nəbatət bağında, sevə-sevə bəslədiyi fidanların arasında keçirir. Burada Naxçıvan kontinental iqlimə məxsus ən nadir bitki növlərinə rast gəlmək olar. Mən qara rəngli itburnu növünü ilk dəfə burada gördüm. Onu tapan bioloq bu nadir növə böyük şairimizin adını verib: - "Nizami qızılgülü". Güclü antioksidant olan qara itburnu C vitamini ilə zəngindir və gözəl müalicəvi əhəmiyyətə malikdir. İnstitut təkcə bu nadir növü deyil, kökü kəsilməkdə olan digər bitkiləri də çoxaldıb əkir.
Direktor Şərur rayonunun dağlıq ərazisində bitən yabanı sünbülləri bizə göstərib dedi ki, qanunla qorunan çöl heyvanları, eləcə də ev heyvanları sürətlə çoxaldığı üçün yabanı dənli bitkilərin sahəsi get-gedə azalır: Bunun qarşısını almaq məqsədilə sünbülləri yığıb yerə səpirik, alınan taxılı yenidən təbiətin özünə qaytarırıq. Alim bildirdi ki, bərpa ilə bərabər, geniş seleksiya işləri də aparırıq. Artıq ilk nəticələr var : institutun yetişdirdiyi çox məhsuldar noxud və arpa sortları Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komitəsinə təhvil verilib.
Bioresurslar İnstitutunun apardığı faydalı işin bir qolu təbiəti dərindən öyrənmək, bitkiləri qorumaq və çoxaltmaqdırsa, digər qol nadir flora növləri haqqında məlumatı dünyanın elm aləminə təqdim etməkdir. Tariyel müəllimin rəhbərlik etdiyi kollektiv, böyük zəhmət çəkib, Naxçıvanın təbiətinə dair 2 cildlik "Qırmızı kitab" hazırlamış, Muxtar Respublika ensiklopediyasının təbiət bölməsini zəngin materialla təmin etmişdir. Ali Məclisin vəsaiti hesabına çap olunmuş bu dəyərli əsərlər qədim diyarın flora və faunasını dünyaya tanıtmaq baxımından çox qiymətlidir. Heç təsadüfi deyil ki, son illər Naxçıvana maraq göstərən biloloqların sayı get-gedə artır.Tariyel müəllim dedi:
- İnişil Fransadan, bildir də Amerikadan genetik plazma məsələləri ilə məşğul olan tədqiqatçılar bura gəlmişdi. Məqsəd Naxçıvanda bitki viruslarının vəziyyətini araşdırmaq idi. Özləri ilə bərabər çubuqlar və meyvələr apardılar. Hər iki ölkədən mənim elektron saytıma sevindirici məlumatlar daxil oldu. Yazırdılar ki, biz bir çox ölkələrdən nümunələr götürmüşdük, onların arasında ən təmiz bitki sizdədir. Bizə tövsiyə edirdilər ki, süfrədə öz məhsullarınızdan istifadə edin, bağları virusdan qoruyun, qoymayın ölkəyə qıraqdan viruslu bitki daxil olsun.
Naxçıvanlılar belə də edirlər. MR-da ekoloji cəhətdən təmiz meyvələr, tərəvəz, bostan məhsulları yetişdirmək, bununla da əhalinin sağlamlığını qorumaq istiqamətində aparılan işlərin vüsəti get-gedə genişlənir və həyata keçirilən tədbirlər gözəl səmərə verir. Çünki bu həyat əhəmiyyətli işin arxasında Ali Məclis möhkəm durub.
{nl}
Ərşad ƏZİMZADƏ, yazıçı-jurnalist, "Ana vətən" Natural Gigiyena Mərkəzinin rəhbəri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.