Ətraf mühitin mühafizəsi hər bir vətəndaşın borcudur
Ölkə başçısı 2010-cu ili respublikada "Ekologiya ili" elan etmişdir. Bu, bütün Azərbaycan xalqını sevindirmişdir. "Ekologiya ili", "Hərəyə bir ağac əkək!" - bir-birini tamamlayan çox nəcib, xeyirxah təşəbbüsdür. Belə təşəbbüslərin sayı artdıqca ölkəmizin iqtisadi qüdrəti ilə çox mühüm tarazılıq yaranır. Bu tarazılığı qoruyub-saxlamaq, onun təbliği ilə məşğul olmaq torpağını, vətənini sevən hər bir vətəndaşın borcudur.
Son vaxtlar Prezidentimizin müraciətindən sonra mərkəzlərdə, xüsusilə Bakıda yaşıllığın üzərinə total hücum xeyli səngimişdir. Lakin bu iş axıra qədər, sistemli davam etdirilməlidir. Prezidentimiz haqlı olaraq tələb edir ki, bu proses kampaniya xarakteri almamalıdır.
Biz nöqsanları tənqid etməklə yanaşı, görülmüş işlərdən fərəhlənirik. Bəlkə də, unudulmuş, amma çox vacib qayğıya ehtiyacı olan tarlaqoruyucu zolaqlardan-meşələrdən danışmaq yerinə düşər.
Şəhərlərə, onun sakinlərinə yaşıllıq nə qədər vacibdirsə, tarlaqoruyucu meşə zolaqları tarlalarımıza, əkin sahələrimizə, meşələrimizə, nəticədə süfrəmizə də o qədər vacibdir. Mütəxəssislərin fikrincə desək, tarlaqoruyucu zolaqlar, habelə yolkənarı yaşıllıqlar böyük zəhmət tələb etdiyi kimi, həm də uzun müddət və xeyli vəsait hesabına 30-40 ilə araya-ərsəyə gəlir. Cənub bölgəsində ulu öndərimiz Heydər Əliyevin titanik fəaliyyəti hesabına yaradılmış tarlaqoruyucu və yolkənarı yaşıllıqların aqibəti bu gün bizi düşündürməlidir...
...Bəzən min bir əzab-əziyyətlə yaradılan yaşıllıqlar bir göz qırpımında məhv edilir. Əvəzində isə tikintilər peyda olur. Biz torpaqlarımızın şoranlaşmasını, qeyri-məhsuldar olmasını istəmiriksə, meşə zolaqlarını tarlaqoruyucu zolaqları qorumalıyıq.
Ulu öndər Heydər Əliyev demişdir: "...Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir: o, öz ailəsinə, özü-özünə xəyanət edir... Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız..."
Təbiətdə harmoniya pozulanda, etiraz elə birinci təbiətin özündən başlanır. Meşələr seyrəlir, bulaqların suyu çəkilir, torpaq eroziyaya uğrayır, cığırlar qırılır, ceyranlar seyrəlir, ağaclar yıxılır, quşlar perikir, göllər dayazlaşır... Bəli, dünən adi hal kimi qəbul etdiyimiz, fərqinə varmadığımız hadisələr bu gün bizi həyəcanlandırır. Təbiət qayğı tələb edir, insanlardan isti münasibət istəyir. O, bu qayğını elə insanların özünə görə istəyir, onlara qaytarmaq üçün istəyir... Ağacı, yaşıllığı, meşəsi çox olan yaşayış məntəqələrindəki insanlar həmişə sağlam olur, çox yaşayır. Yaşıllığı zəngin olan yerlərdə uzun ömürlü insanlar çox olur. Yaşıllıq çox olan yerdə ölüm az müşahidə olunur... Meşələrin ən böyük əhəmiyyəti odur ki, insanları həm soyuqdan, həm istidən, həm də küləkdən qoruyur. Ağacı çox olan kəndin məzarı az olur - deyiblər. Təbiət insanın köməyi sayəsində daha da gözəlləşir, zənginləşir. İnsanlar da təbiətin misilsiz nemətlərindən daim istifadə edirlər. Müdriklər təbiətə, yaşıllıqlara, meşələrə, bulaqlara, çaylara, dənizlərə həmişə təbabət sahəsi kimi baxmışlar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəyərli ekoloji tövsiyələri, imzaladığı sərəncamları respublikamızda ekoloji tararzlığın pozulmasının qarşısının alınması, ətraf mühitin təmiz və təbii sərvətlərimizin qorunub saxlanması kimi ümumbəşəri əhəmiyyətli işin təzahürüdür.
Yeri gəlmişkən, mən bu ilin fevral ayının 18-də Prezident İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirədə ölkə başçsısının dediyi fikirləri xatırlatmaq istəyirəm: "2010-cu il Azərbaycan tarixində nəinki "Ekologiya ili" kimi və Azərbaycan tarixinə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dönüş ili kimi də yazılacaqdır".
Ölkə əhalisinin sağlamlığı naminə deyilmiş bu fikirlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində tədbirlər keçirilmiş, qarşıdakı vəzifələr müəyyənləşdirilmişdir. Nazirliyin kollektivi yaşıllıq aksiyasına birincilər sırasında qoşulmuşdur. Bakı-Abşeronda, respublikamızın digər bölgələrində magistral şose yollarının kənarında, kənd təsərrüfatı üçün yararsız torpaq sahələrində yeni ağac və gül kolları əkilmişdir.
Ekologiya ilinə həsr olunmuş tədbirlərdən biri də Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Azərbaycan yaşıl dünya naminə" devizi altında keçirilən beynəlxalq ekologiya sərgisidir. Sentyabrın 17-də Prezident İlham Əliyev həmin sərgi ilə tanış olmuşdur. Tədbirdə məqsəd respublikamızda və xarici ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində reallaşdırılan qabaqcıl təcrübənin geniş auditoriyaya təqdim olunması təcrübə mübadiləsi aparılması və əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Sərgidə ekoloji problemlərin həlli sahəsində fəaliyyət göstərən 30-dək yerli və xarici şirkət, dövlət qurumları və qeyri hökumət təşkilatları təmsil olunmuşlar. Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Prezident cənab İlham Əliyevə sərgi barədə ətraflı məlumat verdikdən sonra qeyd etdi ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Belə ki, son 15 ildə Azərbaycanda meşələrin ərazisi xeyli artırılıb. Cari "Ekologiya ili"ndə 8 milyon 200 min ağac və kol bitkisi əkilmişdir. Bunun 1 milyon 540 mini Bakı ətrafı ərazilərin payına düşür. Eyni zamanda, 3 min metrə qədər yüksəkliklərdə yerləşən 3 avtomatlaşdırılmış meteoroloji stansiya quraşdırılıb. 2003-cü ildən bəri ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 890 min hektara çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ekoloji problemlərə həsr olunmuş müşavirədə nazir Hüseynqulu Bağırov çıxış edərək bildirdi ki, "Paytaxtda və resublikamızın bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. 2008-ci ilin əvvəlindən başlayaraq Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq yaşayış məntəqəsindən Hacıqabul rayon mərkəzinədək olan 28 kilometrlik hissəsində 172 min ağac və kol əkilmişdir. Ərazidə 35 min kubmetr olan su anbarı yaradılmış, müasir damcılı suvarma sistemi ilk dəfə yaşıllaşdırma proqramlarında istifadə edilmişdir.
Zığ - Heydər Əliyev adına Beynəlxalq hava limanı yolunun ətrafında 144 hektar ərazidə 140 mindən çox ting əkilmişdir. Günəşli yamacında 52 hektar ərazidə 69 min üzüm tingləri və ümumi yaşıllığı yaradaraq landşaftı nəcibləşdirən başqa bitkilər əkilmişdir.
Son iki ayda Bakı, Sumqayıt şəhərlərinin ərazilərində və yarımadanın digər sahələrində 204 min Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən olmaqla Bakı və Sumqayıt icra hakimiyyəti orqanlarının iştirakı ilə 573 min ağac və kol əkilmişdir.
Ekoloq-jurnalist kimi ölkənin hər bir guşəsini gəzdikcə bir daha yəqin etdim ki, ölkə rəhbərinin xoşməramlı missiyası bütün vətəndaşlar tərəfindən razılıq hissi ilə qarşılanır. Əlbəttə, Yer kürəsinin cənnət guşəsi adlanan, yaşıl örpəyə bürünən yaşıllıqlar diyarı Lənkəranda canlanma daha artıq hiss edilir və duyulur. Əlbəttə, belə ekoloji tədbirlər təbii ki, vətəndaşların xoş ovqatına yeni bir ovqat qatır.
Bəs Lənkəranda "Ekologiya ili" ilə əlaqədar ötən aylarda hansı işlər görülmüşdür? Qeyd edək ki, lənkəranlılar təbiətin verdiklər təbii gözəlliklərlə kifayətlənmir, öz xeyirxah əməlləri ilə təbiətin nemətlərini daha da artırmağa səy göstərirlər. Axı, hər bir lənkəranlı yaşadığı kəndini, qəsəbəsini, şəhərini abad və yaşıl görmək istəyir. Dərk edir ki, yaşıllıq üçün təkcə təbii gözəlliklərlə arxayınlaşmaq olmaz. Axı, Lənkəran al-əlvan nəhəng bir xalıya bənzəyir. Bu xalının təkrarsız naxışlarına təkcə biz deyil, eyni zamanda, gələn qonaqlar, xüsusilə turistlər də baxmalı, xoş təəssüratlarını bir-biri ilə bölüşməlidirlər. Çünki Lənkəran respublikada turizmin inkişafı üçün ən yaxşı imkanlara malik rayondur.
Təbiətin qoynunda yaradılan istirahət mərkəzləri buraya axın-axın gələn qonaqların, xarici tursitlərin diqqətini daha çox cəlb edir. Təbii ki, rayonun ekoloji problemləri də çoxdur. Kəndlərin əksəriyyəti qazlaşdırılmadığından insanlar tərəfindən təbii sərvətlərimiz talanlara məruz qalır. Meşələrdə seyrəkliklər yaranır. Dünyanın heç bir yerində təsadüf olunmayan təbiətin nadir ağac və bitkiləri, heyvanat aləmi, bir sözlə təbiətin flora və faunası kasadlaşır. Təbiətə təzyiqlər artdıqca, nəticədə ekoloji tarazlıq pozulur, təbiətdə erroziya, daşqınlar, torpaq sürüşmələri, qasırğalar, nəzərə çarpacaq dərəcədə iqlim dəyişikləri baş verir. Əslində bu, təbiətin insan təcavüzünə cavabıdır. Keçən il payız daşqınları buna əyani sübutdur. Doğrudur, qonşu Masallı rayonunun Lənkəranla həmsərhəd kəndləri daşqına məruz qaldı. Sel-su evlərin altına girib böyük ziyan vurdu. Torpaq sürüşməsi, şiddətli küləklər də öz təsirini göstərdi. Lakin Lənkəranda aparılan bir sıra qabaqlayıcı tədbirlər nəticəsində kəndlərimiz təbii fəlakətdən xilas oldu. Girdəni kəndi Lənkəran şəhərinin lap yaxınlığındadır. Həmin kəndin şəhərə bitişik zonasında yeni yaşayış massivləri salınır. Hər ilin payız-qış aylarında sel-su nəticəsində evlər, yaşayış massivləri su altında qalır. Vəziyyətdən çıxış yolu tapıldı. Yaşayış massivinin yaxınlığından keçən "Ləkər" körpüsü əsaslı təmir olundu. Meşələrin və ovalıqların sel-suyu körpünün altından keçərək Xəzər dənizinə maneəsiz axır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin "Ekologiya ili" elan olunması barədə sərəncamı ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da kütləvi ağacəkmə kampaniyası keçirilmişdir. Aksiya zamanı şəhərin Beynəlxalq Hava Limanı, yeni meyvə-tərəvəz zavodu, çay fabriki ərazilərində, Heydər Əliyev prospekti, orta ümumtəhsil məktəbləri qarşısında və magistral yolların kənarlarında minlərlə ağac və gül kolları əkilib.
Lənkəran "Meloservis" idarəsinin, Lənkəran Şəhər Polis idarəsinin kollektivləri, ümumtəhsil məktəblərinin şagirdləri, Lənkəran Dövlət Universitetinin müəllim və professor heyəti, tələbələri bu ümumdövlət əhəmiyyətli tədbirdə fəallıq göstərirlər. LDU-nun müəllim-professor heyəti, tələbələri yeni korpusun həyətində Lənkəran təbiətinin simvoluna çevrilmiş Dəmirağacı Parkı salmışlar. Parkda yüzlərlə dəmirağacı və digər ağaclar əkilmişdir.
Bir sözlə, kənd və qəsəbələrimizdə də "Ekologiya ili" ilə bağlı bir canlanma müşahidə olunur. Bu tədbirdə Liman Şəhər bələdiyyəsinin, Gərmətük qəsəbə bələdiyyəsinin, Göyşaban kənd icra nümayəndəliyinin, Separadi, Şağlaser, Vilvan kənd bələdiyyə və icra nümayəndəliklərinin işçiləri daha çox fərqlənirlər.
Hər il sentyabrın son həftəsi Beynəlxalq Dəniz Günü kimi qeyd olunur. Builki Dəniz Günü ölkəmizdə cənab Prezident tərəfindən elan olunmuş "Ekologiya ili"nə təsadüf edir. Elə buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı müxtəlif tədbirlər keçirir. Tədbirin əsas məqsədi dənizin sahillərini təmiz saxlamaq, ictimaiyyətin diqqətini dənizin bioresurslarını qorumaya və buradakı canlı aləmin inkişafına əngəl törədən maneələri aradan qaldırmağa yönəltməkdən ibarətdir. Bu baxımdan Xəzərin sahillərində iməcilik keçirmək mühüm əhəmiyyət kəsb edir. İməcilikdə ictimaiyyətin nümayəndələri, bələdiyyələr, icra nümayəndələri, Lənkəran Dövlət Universitetinin tələbə və müəllim heyəti, Lənkəran Şəhər Bələdiyyəsi iştirak edir. İməcilik zamanı Xəzər ətraf mühitin çirkab və tullantılardan mühafizə olunur, dənizin sahilləri zibillikdən, tullantılardan təmizlənir, dənizə axıdılan çirkab suların qarşısı alınır.
Təbiətimizin bir hissəsi - Azərbaycanın dilbər guşələrindən olan gözəl Qarabağımız, Topxana meşəmiz, Cıdır düzümüz, İsa bulağımız, Xarı bülbülümüz... erməni faşistləri tərəfindən məhv edilir. Sularımız, çaylarımız, torpaqlarımız mənfur qonşularımız tərəfindən zibillənir, zəhərlənir, ekoloji tullantıların girdabına çevrilir. Bunları başa düşmək olur, onlar bizim düşmənlərimizdir. Təbiətin, insanlığın düşmənləridir. İşğal olunmş ərazilərimizdə ekoloji genosid davam edir. Bu da uzun sürməyəcək. Tezliklə əzəli və əbədi torpaqlarımız özümüzə qaytarılacaq. Ölkəmizdə elan olunacaq növbəti ekologiya ilində işğal altında olan ərazilərdə genosidə məruz qalmış təbiətimiz bərpa olunacaq. Meşələrimizi talan edən, bulaqlarımızı korlayan, torpaqlarımızı erroziyaya uğradan, yaşıllıqları məhv edən qədim tariximizin canlı şahidləri olan təbiət abidələrimizi yerlə yeksan edən ermənilər tarixin ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar....
{nl}
Bəxtiyar HÜSEYNOV, Ekoloq-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.