Şriftin ölçüsü:
05.12.2010 01:18 | Oxunma sayı: 675
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə hər il dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı kimi qeyd edilir. Bayramın təsis olunması ölkə rəhbərliyinin prioritet verdiyi bu sahədə çalışanların məsuliyyət hissini daha da artırmış, onların yeni-yeni uğurlar qazanmasına güclü təkan vermişdir.
Bayramı layiqincə qarşılayan Neftçala Rayon Telekommunikasiya Qovşağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qabaqcıl müəssisələrindən sayılır. Bu qovşaq hələ ötən ilin 3-cü rübündən tam elektron sistemə keçib, 8732 nömrə montaj tutumuna malikdir. Bu ilin əvvəlindən ötən müddətdə Neftçalada internet istifadəçilərinin sayı 1200 abunəçiyə çatıb. Üçüncü rüb ərzində əvvəlki ilin müvafiq dövrünə nisbətən 7800 abunəçiyə müvafiq servis təşkil edilib. Bu dövrdə 398105 manatlıq gəlir əldə edilib. Doqquz ayda əhaliyə 348290 manatlıq, yəni ötən ilin həmin dövründəkindən təxminən 29000 manatlıq artıq xidmət göstərilib. Qovşaq tərəfindən evlərə telefon çəkilişinin sayı da xeyli artıb.
Telekommunikasiya Qovşağının rəisi Zülfəli Muradovla tanışlığımızın beş illik tarixi var. O zaman təcrübəli rabitəçinin başçılıq etdiyi kollektiv ilin yekunlarına görə respublika üzrə ən yüksək göstəriciyə nail olmuşdu. Həmin uğura görə Neftçala rabitəçiləri pul mükafatına, Zülfəli Muradov isə nazirliyin qızıl qol saatına layiq görülmüşdü. Kollektiv həmçinin "Layiqli iş yeri-təhlükəsiz əmək" devizi ilə respublika baxış-müsabiqəsində ən yüksək nəticə qazanaraq AHİK-in diplomunu almışdı. Həmin vaxt mən bu barədə qəzetimiz üçün yazı hazırladım. Sonrakı illərdə Neftçala rabitəçiləri qələbələrin sayını daha da artırdılar.
Rəis builki peşə bayramı ərəfəsində də kollektivin yüksək ovqatda olduğunu vurğulayaraq dedi:
- Uğurlardan biri bu il 24 portluq DSLAM avadanlığının yerinə 96 portluq yeni, müasir standartlara cavab verə biləcək avadanlığın quraşdırılması olub. Bunun 52 ədədi artıq çəkilərək əhalinin istifadəsinə verilib. Həmin avadanlıq vasitəsilə istənilən internet sürətini əldə etmək mümkündür. Eyni zamanda təhsil şəbəkəsini müasir texnologiyaya uyğunlaşdırmaq üçün elektron ATS binasında həmin sistemin mərkəzləşmiş qaydada idarəsini reallaşdıran avadanlıq quraşdırılıb. Ayrı-ayrı məktəblərdə informasiya və kommunikasiya sistemi mərkəzləşdirilib. Bundan başqa, "Sinan" MMC tərəfindən poçt sisteminin maliyyə-bank sisteminə inteqrasiya olunması ilə bağlı olaraq yeni texnoloji avadanlıq quraşdırılıb və məlumat-hesablama mərkəzinə qoşulması təmin edilib. Həmçinin elektrik şəbəkə sisteminin müasir informasiya ötürücülüyünü artırmaq məqsədilə terminal sistem avadanlığı quraşdırılaraq mərkəzlə bağlantı yaradılıb. Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsində genişzolaqlı internet sistemi qurulub və mərkəzlə əlaqəsi təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yerli mərkəzin arasında müasir əlaqə avadanlığı işə salınıb. Əhalinin qeydiyyatı və nikah şöbəsində də mərkəzləşmiş informasiyanın cəmlənməsi üçün avadanlıq qoyulub və genişzolaqlı internet xətti ilə təmin edilib. Yod-brom zavodunda sürəti 1024 meqabayta çatan geniş zolaqlı avadanlıq Mirqurbanlı elektron ATS-i üzərindən çəkilməklə işə salınıb. Artıq "Data-Plyus" 96 portluq avadanlıqdan 78 port çəkilərək əhalinin istifadəsinə verilib.
Qovşaqda "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında qanundan irəli gələn pasportlaşma işi tam başa çatıb. Bununla bərabər, Qədimkənd kəndində 32, Bankə qəsəbəsində 48, Xıllı qəsəbəsində 16 abonent xətti artırılıb və əhali üçün telefonlar çəkilib. Həsənabadda 112, Qaçaqkənddə 61, ümumiyyətlə isə üç ayda 365 ədəd telefon çəkilib.
Zülfəli Muradov daha sonra bildirdi ki, son aylarda Dövlət Proqramına uyğun olaraq Salyan-Neftçala fiber optik kabel xəttinin çəkilişi davam etdirilib. Rayonun giriş-çıxış rabitə kanallarının sayının artırılması üzrə də işlər həyata keçirilir.Bundan başqa, magistral yolkənarı hava rabitə xətlərində təmir-bərpa işləri görülüb. Nişangahlar basdırılıb və rənglənib.
Bütün bunlar rayonda rabitə xidmətinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.