Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Milli Məclisə seçkilərin nəticələrini təsdiq etməsi aylardan bəri hazırlıq gördüyümüz, ölkənin bütün siyasi qüvvələrinin və çoxsaylı bitərəflərin qatıldığı, dünyanın aparıcı beynəlxalq təşkilatlarının təmsilçilərinin müşahidəsi ilə keçirilmiş səsvermənin ədalətli, şəffaf, Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu bir daha sübut etdi.
Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 29-da keçirilən iclasının yekun qərarına əsasən 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2010-cu il 22 noyabr tarixli protokolu Azərbaycan Respublikası Mərkəzi Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun hesab edilmişdir. Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2010-cu il noyabrın 7-də keçirilmiş 125 seçki dairəsi üzrə seçkilərin nəticəsi təsdiq olunmuşdur. Plenumun qərarı heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Həm Mərkəzi Seçki Komissiyasının, həm də Konstitusiya Məhkəməsinin qərarları seçkinin nəticələrini təsdiq etməklə yanaşı səsverməni müşahidə etmiş minlərlə yerli, yüzlərlə əcnəbi müşahidəçinin verdiyi ilkin rəyləri də təsdiqləmiş oldu. Çünki Azərbaycan Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün atılmış addımlardan başlayaraq noyabrın 22-də MSK-nın 7 noyabr seçkiləri ilə bağlı sonuncu iclasına qədər bütün proseslərdə beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizin müvafiq qurumlarının yanında olmuşlar. Seçkinin dünya təcrübəsi səviyyəsində, xalqın iradəsinin ifadə olunması çərçivəsində keçirilməsini tələb edən Prezident İlham Əliyevin MSK-nın qarşısında qoyduğu əsas vəzifələrdən biri də xarici ekspertlərlə birlikdə işləmək idi. Zaman sübut etdi ki, dövlət başçımızın həmin tövsiyələrinə əməl edilməsi Azərbaycana beynəlxalq aləmdə nüfuz qazandırır. ATƏT, Avropa Şurası, həmin beynəlxalq təşkilatların müxtəlif qurumları, ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı səfirliklərin təmsilçiləri, müstəqil ekspertlər, hətta, beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatlarının nümayəndələri birmənalı şəkildə qeyd etdilər ki, Azərbaycanda 2005-ci ilin yayından etibarən başlanan seçki praktikasının təkmilləşdirilməsi prosesi özünün ən yüksək nəticələrindən birini də noyabrın 7-də verdi.
Yeni əsrin ilk onilliyində ikinci dəfə formalaşdırdığımız parlament noyabrın 29-da özünün ilk iclasını keçirdi. Əslində noyabrın 29-u bizim üçün bir neçə cəhətdən əlamətdar oldu. Konstitusiya Məhkəməsi Plenumu seçkinin nəticələrini təsdiq etdi, parlamentin yeni tərkibdə ilk iclası keçirildi, ilk iclasda dövlət başçısı iştirak etdi, Milli Məclisin rəhbərliyi və komitə sədrləri seçildi və nəhayət, Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyev seçkidə böyük çoxluq qazanmış əsas parlament partiyasının Milli Məclisə deputat seçilmiş üzvləri ilə görüşdü. ATƏT-in Astana sammiti ərəfəsində bütün bu faktların qeydə alınması Azərbaycan üçün çox böyük imic formalaşdırır. Çünki Ermənistan Respublikası istənilən seçkidən sonra çalxalandığı halda (hətta, qonşu ölkədəki sonuncu parlament seçkiləri o qədər zorakılıqla müşahidə edilmişdi ki, az qala bu ölkəni AŞPA-da səsvermə hüququndan məhrum edəcəkdilər) Azərbaycanda keçirilmiş bütün seçkilər region ölkələri üçün nümunə sayılacaq şəkildə sakit, ədalətli və şəffaf səsvermə kimi qəbul edilir. Bu isə xalqın mədəni səviyyəsindən və dövlətin bütün siyasi tədbirləri sivil şəkildə keçirmək üçün qətiyyət nümayiş etdirməsindən qaynaqlanır.
Bu məqamları Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında nitq söyləyən Prezident İlham Əliyev də xüsusilə vurğuladı: "Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır. Ölkəmizdə demokratik proseslər müsbət istiqamətdə inkişaf edir... Ölkədə siyasi sistemin formalaşdırılması işində çox vacib addımlar atılıbdır."
Dövlət başçısı parlamentin yeni tərkibdə keçirilən ilk iclasındakı nitqində ölkə həyatının bütün sahələrinə toxundu, əldə edilmiş nailiyyətləri yada saldı və qarşıda duran vəzifələrin nədən ibarət olduğunu bir daha deputatların nəzərinə çatdırdı. Ancaq dövlət başçımızın Milli Məclisin tribunasından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması barədə söylədikləri ATƏT-in Astana sammiti ərəfəsində dünya ictimaiyyətinə ünvanlanan konkret müraciət idi: "Biz onu da bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil, siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi maraqlar da bu məsələ ilə məşğul olan tərəfləri sövq etməlidir ki, məsələ tezliklə həllini tapsın. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə böyük təhlükədir. Bu, real təhlükədir. Bu münaqişə dondurulmuş münaqişə deyildir". Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməzsə, o zaman Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək hüququndan istifadə edərək istənilən variantı məqbul sayacaq və həmin addımların ağır nəticələrini region ölkələri ilə bərabər Qafqazda siyasi-iqtisadi marağı olan ölkələrin hamısı görəcəkdir.
Milli Məclisin yeni tərkibdə çağırılan ilk iclasında deputatlar parlamentin rəhbərliyini və komitə sədrlərini seçdilər. Həm Milli Məclis sədrinin, həm də onun müavinləri vəzifəsinə üçüncü çağırış Milli Məclisə rəhbərlik etmiş şəxslərin seçilməsi tamamilə gözlənilən idi. Çünki ölkə ictimaiyyəti 2005-ci ilin noyabrında seçilmiş parlamentin siyasi fəaliyyətindən və qanunvericilik təcrübəsindən tamamilə razı idi. Xalqın səsi ilə seçilmiş deputatlar həmin şəxsləri yenə də rəhbərliyə seçərkən bir çox məqamları nəzərə almışdılar. Onlardan bəzilərini yada salaq: "2005-ci ildən ötən dövrdə parlament səmərəli fəaliyyət göstərmişdir. Milli Məclisin 150 iclası keçirilmiş, ümumən, 1115 akt, 956 qanun və 159 qərar qəbul edilmişdir. Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın genişlənməsinə, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə, əhalinin sosial müdafiəsinə xidmət edən hüquqi bazanı daha da möhkəmləndirmiş və təkmilləşdirmişdir. Ötən dövr ərazində deputat Mehriban xanım Əliyevanın təqdim etdiyi layihələr əsasında 2 amnistiya aktı qəbul olunmuşdur ki, bu aktlar bütövlükdə 18 min insana şamil edilmişdir. Son beş ildə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan Parlamenti 70-dən çox ölkəyə 800-dən artıq səfər təşkil etmiş, 60-dan çox xarici dövlətin və beynəlxalq təşkilatların 550-yə yaxın nümayəndə heyətini qəbul etmişdir. Ümumiyyətlə, parlament rəhbərliyinin fəaliyyəti həm dövləti, həm də xalqı qane etdiyinə görə deputatlar prinsipiallıq nümayiş etdirərək Milli Məclis rəhbərliyinə əvvəlki şəxslərin seçilməsinə səs vermişlər.
Noyabrın 29-da reallaşdırılan növbəti siyasi hadisə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşməsi idi. Öz siyasi həmfikirlərini yeni uğur münasibəti ilə təbrik edən dövlət başçısı 1992-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı yolu yada salmış, milli dövlətçilik və azərbaycançılıq naminə həyata keçirilən işlərdə bu siyasi təşkilatın böyük xidməti olduğunu söyləmişdir. Dövlət başçımız sonda partiyanın və cəmiyyətin sabahına böyük ümidlər bəslədiyini dilə gətirmişdir: "Mən ümid edirəm ki, növbəti beş ildə yeni Milli Məclis və əlbəttə, onun aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkəmizin gələcək inkişafına töhfəsini verəcək, ölkəmizin dayanıqlı, uzunmüddətli inkişafını, Azərbaycan xalqının maraqlarını tam şəkildə təmin edəcəkdir".
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.