Şriftin ölçüsü:
04.12.2010 08:37 | Oxunma sayı: 403
1994-2000-ci illərdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri vəzifəsində çalışmış, qardaş ölkələrimizin münasibətlərinə zərər vuran çoxsaylı səhvlərinə görə diplomatik fəaliyyətdən uzaqlaşdırılmış Turqut Ərin ötən əsrin 90-cı illərində Türkiyə-Azərbaycan əlaqələrini təftiş etmək məqsədi ilə yazdığı "kitab" çapdan çıxmışdır.
Sağa-sola payladığı, o cümlədən "Azadlıq" radiosuna verdiyi müsahibəsində müəllif "kitab"ı yazmağının səbəbini Azərbaycana "canıyananlığı" ilə izah edir və Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illəri demokratik dövr adlandırır. Daha sonra ayrı-ayrı şəxsiyyətlərdən, o cümlədən ümummilli lider Heydər Əliyevdən yazır. Özü də hər şeyə və hər kəsə qara eynək arxasından baxır.
Əvvəlcə "demokratiya" haqqında. Maraqlıdır, Azərbaycanda xaos, anarxiya və özbaşınalığın tüğyan etdiyi illərdə hansı demokratiyadan danışmaq olar?! Həmin illər hamının yaxşı yadındadır. Ağbirçəklər hələ də o vaxtı xatırlayanda mütləq "Getsin o günlər bir daha qayıtmasın!" - deyə əlavə edirlər. Vaxtilə bu ifadə Böyük Vətən müharibəsi illərindən söz düşəndə deyilərdi. Turqut Ər Azərbaycanın regionlarını gəzdiyini deyir. Görəsən o, rayonlardakı çörək dükanlarının qarşısındakı növbəni, bu dükanlardakı borc dəftərlərini, girov qoyulmuş nişan üzüklərini görmüşdümü?! Beynəlxalq aləmdə az-çox nüfuzu olan ölkələrin siyasi tarixi sübut edir ki, xaos və anarxiyanı sabitliyə çevirmək, başıpozuqları ram etmək üçün siyasi müdrikliklə yanaşı, yenilməz, qətiyyət, dönməz iradə də lazımdır. T.Ərin qara yaxmağa çalışdığı Heydər Əliyev məhz bu keyfiyyətləri sayəsində Azərbaycanı siyasi və sosial-humanitar fəlakətlərdən qurtardı. Təəssüf ki, o zamankı prosesləri indi həmin nəşri stolüstü kitaba çevirmiş Azərbaycan müxalifəti də yaddan çıxarmışdır. Qədirbilən xalqımız isə hər şeyi yaxşı xatırlayır. Turqutun öyündüyü illərdə baş verənləri də, səriştəsiz "başbilənləri" də, Heydər Əliyev fədakarlığını da, çətin vaxtlarda Türkiyənin, o cümlədən müəllif tərəfindən bostanına daş atılan Süleyman Dəmirəlin yanımızda olmasını da.
Kitabın məqsədi aydındır: strateji regionda yerləşən, super güclərin əlində oyuncaq olmayıb müstəqil siyasət yeridən, bütün təzyiqlərə çiyin-çiyinə sinə gərən Türkiyə və Azərbaycan arasına nifaq salmaq, onları bir-birindən soyutmaq. Lakin bu, baş tutan sevda deyildir. Çünki ətlə dırnaq arasına girən iylənib çıxar. Təsadüfi deyildir ki, kitaba etiraz səsini ucaldanlar arasında Türkiyə vətəndaşları da çoxdur. Azərbaycan vətəndaşlarına gəldikdə isə, onlar Türkiyəyə güman və güvənc yeri kimi baxırlar. Qardaş dövlətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi onların haqlı olduğunu bir daha göstərir: bu gün Ermənistanla sərhədini açması üçün Türkiyə hər tərəfdən təzyiqlərə məruz qalır, amma öz mövqeyindən geri çəkilmir.
Turqut Ər kitabının tarixçilər üçün mənbə olacağını iddia edir. Lakin unudur ki, tarixçilər mənbə ilə "arzuolunmaz şəxs" kimi Azərbaycandan çıxarılmış adamın özünə bəraət qazandırmaq cəhdindən başqa bir şey olmayan cızmaqaranı yaxşı ayırd edirlər. Artıq hamıya məlumdur ki, bu kitab Azərbaycan xalqının halına acıyan və tarixini öyrənən şəxsin yox, Türkiyə-Azərbaycan əlaqələrini gərginləşdirməyə çalışan insanın xəstə təxəyyülünün nəticəsidir.
Sonda isə bir məsələni qeyd etmək istərdik. Corc Vaşinqtondan, Mustafa Kamal Atatürkdən, Şarl de Qolldan, Heydər Əliyevdən yazmaq hər kəsin işi deyildir. Bu məsələyə müsahibələrindən birində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da toxunmuşdur: "...bizim baxışlarımız belədir ki, ulu öndər Atatürk və ümummilli lider Heydər Əliyev kimi şəxslər kütləvi informasiya vasitələrinin müzakirəsinə çevrilə bilməz. Onların həyatının, fəaliyyətinin yalnız bizim milli inkişafımıza xidmət edən, birliyimizə xidmət edən, onun hansısa qaranlıq məqamlarını işıqlandıran, inkişafımızı yönəldən sahələrinə toxunmaq olar. Yoxsa, ulu öndərlərimizin həyat və fəaliyyətlərinin kiminsə uydurması əsasında müzakirəsi yolverilməzdir".
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.