Şriftin ölçüsü:
04.12.2010 00:18 | Oxunma sayı: 409
{nl}
Dekabrın 3-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov mətbuat konfransı keçirmişdir.
Qərib Məmmədov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin uğurlu nəticələri göz önündədir. Ölkəmizin inkişafında iqtisadi və siyasi əhəmiyyət kəsb edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq, torpaq islahatı prosesi, işin növbəti mərhələləri və digər işlərlə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qanunvericiliklə ona verilmiş səlahiyyətləri çərçivəsində 2010-cu ildə təxirəsalınmaz tədbirləri davam etdirmişdir.
Komitə sədri vurğulamışdır ki, aqrar islahatların birinci mərhələsi artıq başa çatmışdır. Bu, o deməkdir ki, ölkədə mövcud olan 2042 təsərrüfat ləğv olunmuş, onların torpaqları və əmlakı vətəndaşlara paylanmışdır. İndiyədək 3,5 milyon nəfər və yaxud 874 min ailə torpaq sahibi olmuşdur. 41 təsərrüfatda qismən islahat aparılmışdır. Onların bir hissəsi vətəndaşlara verilmiş, bir hissəsi isə elit toxumçuluq, cins mal-qaranı qoruyub saxlamaq və s. məqsədlə dövlət mülkiyyətində saxlanmışdır. Əvvəllər bir mülkiyyət forması var idi. İslahatlar aparılandan sonra üç mülkiyyət forması - dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları yaradıldı. Torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq ölkənin 8 milyon 641 min 506 hektar vahid torpaq fondunun 2 milyon 32 min 744 hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə aiddir. 1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin, 1999-cu ildən 2009-cu ilədək yeni hüquqi status almış bələdiyyələrin torpaqları zəruri yerquruluşu xəritələri tərtib edilməklə özlərinə təhvil verilmişdir. 2009-cu ildə yeni qanunvericiliyə müvafiq olaraq, bələdiyyələrin birləşməsi nəticəsində yenidən formalaşmış 1718 bələdiyyənin torpaqları əvvəlki bələdiyyələrdən təhvil-təslim olmuşdur. Bələdiyyələrin xəritələrinin hazırlanması məqsədi ilə zəruri olan və qanunvericilikdə nəzərdə tutulmuş bildiriş və aktların nümunələri qısa müddətdə hazırlanmış, Komitənin 2010-cu il 7 iyun tarixli kollegiya iclasında baxılaraq təsdiq edilmişdir.
Komitə sədri qeyd etmişdir ki, 2010-cu ildə Bakı şəhərində vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və s.) torpaqların onların mülkiyyətinə verilməsi məqsədilə 7 min 700 vətəndaşa aid torpağın əvvəlki illərdə kompleks qaydada hazırlanmış sənədlərində son tamamlama işləri aparılmış, 12 min 631 vətəndaşa aid torpağın sənədləri isə fərdi qaydada hazırlanmışdır.
Diqqətə çatdırılmışdır ki, Komitə tərəfindən 2010-cu ildə respublikanın mövcud 4 min 593 ərazi vahidlərindən (rayon, şəhər, qəsəbə və kənd) 296 ərazi vahidinin (bundan 107-si Naxçıvan MR üzrə) və 1959 inzibati ərazi dairəsindən 154 inzibati ərazi dairəsinin (bundan 36-sı Naxçıvan MR üzrə) ərazi sərhədləri arxiv sənədləri əsasında və naturada (yerdə) dəqiqləşdirilərək yerquruluşu qaydasında xəritələşdirilmiş və kompleks qaydada sənədlər dövlət reyestrinin aparılması məqsədilə Milli Məclisə təqdim edilmişdir.
Bildirilmişdir ki, "Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri" normativ-hüquqi sənədinə əsasən, bildiriş və aktların nümunəvi formasının təsdiqlənməsi Komitəyə həvalə edilmişdir. Həmin sənəd nümunələri, eləcə də Qaydalarda nəzərdə tutulmuş digər sənədlərin layihələrinə Komitənin bu ilin oktyabrın 19-da keçirilmiş kollegiya iclasında baxılaraq təsdiq edilmişdir. 2013-cü ilin yanvarın 1-dək bələdiyyələrin xəritələrinin hazırlanıb başa çatdırılması Komitəyə tapşırılmışdır. Bu işlərə Komitə tərəfindən dövlət büdcəsi vəsaiti hesabına 2011-ci ilin yanvarın 1-dən başlanılması planlaşdırılmışdır.
Ötən dövr ərzində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar üzrə 7 min 104 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilmişdir. Bundan 4 min 39 hal xəbərdarlıq (bildiriş), edilməklə aradan qaldırılmış, 3 min 65 inzibati xəta halı ilə bağlı protokol tərtib edilmişdir. 110258 manat cərimə kəsilmişdir. Həmin inzibati xəta hallarının 82-si vəzifəli, 310-u hüquqi və 6687-i isə fiziki şəxslər tərəfindən törədilmişdir.
Natiq məlumat vermişdir ki, 2010-cu ilin 6 ayında Binəqədi rayonunun ərazisində 1800 ha və Xəzər rayonunun ərazisində isə 2200 ha neftlə çirklənmiş, lay suları altında qalmış, məişət və istehsalat tullantıları ilə çirklənmiş ərazidə topoqrafik planaalma işləri aparılmışdır. 2009-cu ildə Komitənin təşkilatçılığı ilə 903 torpaq müsabiqəsi və 111 torpaq hərracı, 2010-cu ilin ötən dövründə 1454 torpaq müsabiqəsi və 118 torpaq hərracı həyata keçirilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq Komitə tərəfindən mühüm işlər görülmüşdür. Azərbaycan və Rusiya tərəfdən delimitasiya sənədləri ratifikasiya olunduqdan sonra dövlət sərhədinin demarkasiyası (nişanların bərkidilməsi) mərhələsinə başlanacaqdır. Bu işləri 2011-ci ilin ikinci yarısında başlamaq mümkündür. İndiyədək sərhədin təxminən 290 kilometri Azərbaycan və Gürcüstan tərəfin dövlət komissiyaları tərəfindən razılaşdırılmışdır. Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin uzunluğu 480 kilometr təşkil edir.
Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı, Azərbaycanda torpaq kadastr sisteminin təkmilləşdirilməsi və digər layihələrlə bağlı mühüm işlər həyata keçirilmişdir.
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.