Azərbaycanın iqtisadi qüdrəti artdıqca beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənir. Ölkəmizin Avropaya və dünya birliyinə sürətlə inteqrasiyası inkişaf etmiş dövlətlərin diqqətindən yayınmır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilən daxili və xarici siyasət Azərbaycanı regionda lider dövlətə çevirib.
Ölkəmizin sürətli inkişafı, dünya birliyində özünə layiqli yer tutması Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələri daha çox narahat etməyə başlayıb. Belə xəbis niyyətli qüvvələr Azərbaycan haqqında mənfi rəy yaratmaqdan ötrü ən çirkin vasitələrə əl atır, ölkədə çaşqınlıq yaratmaq, möhkəm təməllər üzərində qurulmuş xalq-dövlət vəhdətini pozmaq üçün böhtan və iftiralardan əl çəkmirlər. Hər dəfə Azərbaycanda hər hansı bir siyasi kampaniya keçirilən zaman pozucu qüvvələr daha da fəallaşır, xarici himayədarları qarşısında götürdükləri müəyyən öhdəlikləri yerinə yetirmək üçün iyrənc yollara əl atırlar.
Dördüncü çağırış Milli Məclisə seçkilər keçirilən ərəfədə "Azadlıq" qəzetində Turqut Ər adlı "diplomat"ın dedi-qodu ilə dolu olan "Azadlıqdan tiranlığa" adlı kitabından müəyyən hissələri oxuyanda təəccübümü gizlədə bilmədim. Özünü diplomat adlandıran, Turqut Ər ölkəmizə qarşı ermənilərdən də artıq aqressivlik nümayiş etdirib. Vaxtilə Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış və işdə yol verdiyi çoxsaylı nöqsanlara görə diplomatik fəaliyyətdən uzaqlaşdırılmış Turqut Ər Türkiyə-Azərbaycan münasibətlərinin getdikcə daha sıx tellərlə bağlanmasından sanki güclü sarsıntı keçirmiş, radikal ermənilərə xas olan azğınlıqla ölkəmizə qarşı böhtanlar, iftiralar yağdırmışdır. O, düşmənlərdən aldığı sifariş əsasında iki qardaş ölkə arasındakı əlaqələri təftiş etmək niyyətinə düşüb. Əgər bu cızmaqara toplusunu şərti olaraq kitab adlandırsaq, onun kitabında təsvir etdiyi hadisələr, verdiyi şərhlər və arayışlar xəbis niyyətini açıq şəkildə ortaya qoyur. Onun yazdıqlarını oxuyanda açıq hiss olunur ki, Turqut Ər bəsit dünyagörüşlü, dar düşüncəli bir şəxsdir. Başabəla "diplomatın" yazdıqlarından aydın olur ki, o, Azərbaycanda diplomatik fəaliyyətdən başqa hər cür işlə məşğul olub. Onun təmsil olunduğu dairələr Azərbaycanda və Türkiyədə hakimiyyətə öz əqidəsində olan naşı, savadsız, siyasi dünyagörüşü olmayan tərəfdarlarını gətirməklə həmin ölkələri öz oyuncaqları kimi idarə etmək arzusunda imiş. Lakin, ümummilli lider Heydər Əliyevin müdrikliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi, müstəqil Azərbaycan dövlətini qurmaq, möhkəmləndirmək, daha da inkişaf etdirmək istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər həmin dairələrin arzularını ürəklərində qoyub. Azərbaycanın dünya dövlətləri arasında tanınması "Xalq - Heydər" "Heydər - Xalq" birliyini daha da möhkəmləndirirdi. Ona görə də Turqut ərlər öz çirkin niyyətlərini həyata keçirə bilmədilər.
O illərin məğlubiyyətindən və rüsvayçılığından hələ də özünə gələ bilməyən T. Ər 1994-2000-ci illərdə Azərbaycanın yüksəlişinə kölgə salmaq üçün ağlasığmaz böhtanlara əl atır. Adını diplomat qoyan T.Ər öz kitabcığında təqdim etdiyi cəfəngiyatla özünü ifşa edir. Başabəla diplomat müdrik şəxsiyyət Heydər Əliyevin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs barədə saziş imzalamasının əhəmiyyətini hələ də dərk edə bilmir və sapı özümüzdən olan bəzi "baltalar"ın - radikal müxalifətin uzun illərdən bəri söylədiklərini tutuquşu kimi təkrarlayır. O, atəşkəsi yalnış olaraq Azərbaycanın məğlubiyyəti hesab edir. Halbuki, atəşkəs barədə saziş imzalanmasını dünyanın tanınmış siyasi xadimləri yüksək qiymətləndirdilər və bunu Heydər Əliyevin mühüm xidməti hesab etdilər. Siyasi xadimlərin atəşkəsə nail olunmasına yüksək qiymət vermələrinin bəzi məqamlarını Turqut Ərin diqqətinə çatdırmaq istərdim. Birincisi, atəşkəs barədə razılığa gəlinməsi günahsız insanların qətlə yetirilməsinin qarşısını aldı, sonra Azərbaycanda Milli Ordunun formalaşdırılması, dövlət quruculuğu işinin sürətləndirilməsi, Azərbaycanın sülhsevər dövlət kimi tanınmasına əlverişli şərait yaratdı. Bütün bunları duymamaq, görməmək adını diplomat qoyan adam üçün siyasi korluqdur.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə gəldikdən sonra qəbul etdiyi qərarlardan biri də qeyri-qanuni silahlı dəstələrin ləğv edilməsi oldu. AXC-Müsavat hakimiyyəti dövründə talançılıqla, qarətlə məşğul olan, ayrı-ayrı vəzifəli şəxslərə qulluq edən, onların sifarişlərini yerinə yetirən, ən dəhşətlisi isə ermənilərlə əlaqəyə girərək əsirləri, meyitləri dəyişmək adı ilə alver edən qeyri-qanuni silahlı dəstələrin ləğv edilərək vahid komandanlıq ətrafında birləşdirilməsi yeganə düzgün variant idi. Hegemonluğa və özbaşınalığa adət etmiş belə dəstələrin ləğv edilməsi hamının ürəyincə idi. Ancaq, sən demə Turqut Ər bunu istəmirmiş. Görünür həmin dəstələrin talan və qarət hesabına əldə etdikləri var-dövlətdən Turqut Ərə də pay çatırmış. Belə olmasaydı, bu gün həmin hadisələrdən yanıqlı-yanıqlı kitab yazmazdı.
Turqut Ərin cızmaqaralarını oxuduqca onun əslən türk olması adamda şübhə oyadır. Axı türk mərd, qorxmaz, hər şeyi olduğu kimi deyən qəhrəman ərdir. Onun yazdıqlarından bir məqama diqqət yetirək: "Başda dövlət televiziyası və radiosu olmaqla bütün qəzetlər prezident sarayından idarə olunurdu". Bu fikirləri səsləndirən "diplomata" "Ər" soyadı yamaq kimi görünür. Çünki məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə müstəqil mətbuata geniş meydan verildi. 1998-ci ilin avqust ayında mətbuatda senzura məhz ulu öndərin sərəncamı ilə ləğv edildi. "Kütləvi İnformasiya Vasitələri haqqında "Qanun qəbul olundu. Qəzet təsis etmək proseduru sadələşdirildi. Turqut Ərin "ölkədə dəhşətli senzura var idi" fikrini Azərbaycana qətiyyən aid etmək olmaz. Çünki Azərbaycanda senzura ləğv edilmişdi. Qəzetlərdə dərc olunan məqalələrə görə heç kim həbs olunmurdu. Əksinə, ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini təhqir edənlər məhkəmə məsuliyyətindən azad edilir, həbs olunan qəzet əməkdaşları Heydər Əliyevin sərəncamı isə əfv olunurdu. T.Ər nimdaş yaddaşını vərəqləsə, o zaman aydın olar ki, o vaxt qəzetlərin nəşriyyata olan borcları ulu öndər Heydər Əliyevin sərəncamı ilə donduruldu. Qəzet redaktorları ilə keçirdiyi görüş zamanı onların problemləri ilə tanış oldu və qarşıya çıxan maneələrin aradan qaldırılması üçün müvafiq təşkilatlara göstərişlər verdi. O dövrdə heç bir qəzet tənqidi məqalələrin dərcinə görə qapadılmayıb. Ümumiyyətlə, Azərbaycanda küitləvi informasiya vasitələrinin qapadılması hər hansı bir qanunda əks olunmayıb. T.Ərə xatırladırıq ki, Azərbaycanda qəzetlər yalnız təsisçinin öz arzusu və istəyi ilə fəaliyyətini dayandıra bilər. Ona görə də Turqut Ərin yazdıqları cəfəngiyyat, qərəz və subyektiv mülahizələrdir. Turqut Ərin böhtan və iftiraları Azərbaycan reallığı ilə daban-dabana ziddir. Bu cür mənasız bir cəfəngiyatın "Azadlıq" qəzeti tərəfindən təbliğ olunması istedadsız müğənninin şou yaratmaq istəyinə bənzəyir. Bəzi antimilli qüvvələr bununla nəyəsə nail olmaq istəyirlər. Təbii ki, heç nəyə nail ola bilməyəcəklər. Çünki tarix özü-özlüyündə hər şeyi dəqiq müəyyənləşdirir. Neçə illərdir ki, ermənilər dünya miqyasında Azərbaycan dövlətini, xalqımızı gözdən salmaq üçün olmazın böhtan və yalanlarını yayır, bizi qəddar, amansız bir millət kimi tanıtmağa çalışırlar. Turqut Ərin bu kitabı türk dünyasının əleyhinə erməni təbliğatının davamı deyilmi? Turqut Ər təkcə Azərbaycanın ümummilli lideri Heydər Əliyevə deyil, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirələ də böhtanlar yağdırır, hər iki ölkənin dostluq və qardaşlıq münasibətlərindən, qarşılıqlı əlaqələrinin getdikcə möhkəmlənməsindən təşvişə düşdüyünü gizlətmir. Bunu yalnız hər iki xalqın düşməni olan ermənilər edə bilər. Ona görə də erməni xislətli Turqut ərciklərin qərəzli cəfəngiyyatları Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz. "Qurani-Kərimdən" bir kəlamı xatırlatmaq yerinə düşərdi: "Şeytan sizə düşməndir, onu düşmən də bilin".
{nl}
Vüqar QƏDİROV, Qaçqın və məcburi köçkün gənclər təşkilatının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.