Şəhid jurnalist, Milli Qəhrəman Alı Mustafayevin anım mərasimi

Azərbaycan Mətbuat Şurasında şəhid jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anım mərasimi keçirilib.
Şuranın Ahıl Jurnalistlər Məclisinin təşkil etdiyi tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. O, A.Mustafayevin sağlığında professional jurnalistikamızda özünə layiqli yer tutduğunu, zəhmətkeşliyi və istedadı ilə fərqləndiyini vurğulayaraq diqqəti qələm sahibinin keçdiyi mənalı ömür yoluna, ədəbi və bədii yaradıcılığına yönəldib. Mərasimdə bildirilib ki, Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Əmək faəliyyətinə Bakı Elektrik Maşınqayırma Zavodunda başlayıb. 1976-1981-ci illərdə bu müəssisənin göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək orada işləyib. O, ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb.
Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.
Alı Mustafayev çox da uzun olmayan ömür yolunda ciddi uğurlar və populyarlıq qazanmışdı. Onun televiziya jurnalistikası sahəsindəki novatorluq axtarışları ötən əsrin 70-80-ci illərində maraqla qarşılanırdı. Qarabağ müharibəsi başlayan gündən Alı Mustafayev qaynar nöqtələrdə tez-tez görünür, efirdə erməni vəhşiliklərini ifşa edirdi. Onun qəhrəmanlıq taleyi də məhz Qarabağ ilə bağlı oldu.
Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı və əməkdar jurnalisti fəxri adları verildi.
Anım mərasimində Alı Mustafayevin tələbə və iş yoldaşlarından Məzahir Süleymanzadə, Tahir Aydınoğlu, İlqar Həsənov, Sakit Ocaqlı, Akif Cabbarlı, Akif Qurbanov, Araz Qurbanov, qocaman qələm sahibi Ələsgər Cabbarov həyatdan vaxtsız getmiş jurnalist barədə xatirələrini danışıb, onunla fəxr etdiklərini bildiriblər.
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov bildirib ki, Alı Mustafayev, Salatın Əsgərova kimi jurnalistlər Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin önündə gediblər, şəhidlik zirvəsinə yüksəlməklə misilsiz örnəyə çevriliblər.
Alı Mustafayevin tələbəlik dostu Qənimət Səfərov şəhid jurnalistin cəfakeşliyindən danışaraq onun dostluğa sədaqətinin, ailəcanlığının da yeni nəsillərə nümunə olduğunu vurğulayıb. MŞ İdarə Heyətinin üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında dəfələrlə sıx təmasda olduğu şəhid jurnalistin mehribanlıq, işgüzarlıq keyfiyyətlərini yada salıb.
Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə xanım çıxış edərək xoş sözlərə və anım mərasiminin təşkilinə görə təşəkkürünü bildirib.{nl}

Əlipənah BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında