Lerik qışa hazırdırmı?

Dağlıq bölgədə bu məqsədlə bütün lazımi tədbirlər görülür
Bu yerlərin sərt iqlimi var. Bəzən bir gündə dörd fəsil sifətini göstərir. Dağların dolanbac yolları gözəllikləri də sərgiləyir, təhlükəli də olur.
Təxminən on beş il öncə qışda Lerikə güclü qar yağmışdı. Nə illah elədiksə, maşınımız rayon mərkəzinə aparan axırıncı aşırımı çıxa bilmədi. Təcrübəsi şübhə doğurmayan sürücümüz lap özündən çıxmışdı, dönüb geri qayıtmağı da ar bilirdi. Nəhayət, bütün cəhdlərinin əbəs olduğunu görüb tərsliyini buraxdı. Bir də Lerikə iki həftədən sonra gedib çıxa bildik... Bir dəfə də güclü qar səbəbindən Lerikdən aşağı enə bilməmişdik. Orada məcburən iki-üç gün də qalıb dincələsi olmuşduq. Belə havalarda dağlar diyarı dünyadan tamamilə ayrılır.
Bunları yada salmaqda məqsədim odur ki, qışın necə keçəcəyindən asılı olmayaraq, Lerikdə bu fəslə hər zaman ciddi hazırlıq görülür. Bu, artıq bir ənənəyə çevrilib. Hər kəs yaxşı bilir ki, təbiət səhlənkarlığı bağışlamır. Doğrudur, indi Lerikə gedən yollar xeyli rahatdır, amma qayğılar təkcə yol-rizlə bitmir ki! Bunun ərzaq tədarükü, işıq, su, qaz, odun kimi çoxlu çətinlikləri var. Gərək vaxtında hamısının öhdəsindən gələ biləsən. Yoxsa...
Lerikə budəfəki səfərimdə ilk növbədə qışa hazırlığın vəziyyəti ilə maraqlandım. Öyrəndim ki, Lənkəran-Lerik magistralı boyunca yüzdən yuxarı ağac dirək yeniləri ilə əvəz edilib, məftil və kabellər dartılaraq səliqəyə salınıb. Çayrud elektron ATS-indən Veri kəndi istiqamətində olan birləşdirici xətlərin zədələnmiş dayaqları dəyişdirilib. Ümumi uzunluğu beş kilometrədək olan rabitə xətləri qaydaya salınıb. Şəhərdəki kabel-kanalizasiya quyularının qapaqları hündürə qaldırılıb. Peyk rabitəsi ilə telefonlaşdırılan beş kənddə mini-elektron ATS-lər istifadəyə verilib. Ötən ilin yanvarında rayonda əsən güclü küləklərin vurduğu ziyanın nəticələri tamamilə aradan qaldırılıb. Elektrik dirəklərindən asılmış olan bütün rabitə xətləri ayrılıb və yeni rabitə dirəklərinə köçürülüb.
Beş kəndin poçt şöbəsində daxili imkanlar hesabına cari təmir işləri aparılıb. "Azərpoçt" MMC-nin İnvestisiya Fondundan ayrılan vəsait hesabına isə iki kənddə milli üslubda tikilmiş yeni poçt binaları istismara hazırlanır. Eyni zamanda, Çayrud poçt filialında vətəndaşlara bank-maliyyə xidmətlərinin göstərilməsinə hazırlıq işləri görülür ki, bu da əhalinin rahatlığını təmin edəcək. Ümumiyyətlə, ilin sonuna qədər 20 poçt şöbəsi tərəfindən rayon əhalisinə bank-maliyyə və kommersiya xidmətlərinin göstərilməsinə başlanacaq. Uzunluğu 344 kilometr olan poçt mübadiləsi marşrutunda əvvəllər cəmi bir avtomaşın işləyirdi. İndi isə "Azərpoçt" tərəfindən daha bir maşın ayrılıb ki, bu da intensivliyi təmin edir. Qış mövsümü ilə əlaqədar olaraq iş yerlərinin qızdırılması üçün yanacaq tədarük olunub.
Yüksək gərginlikli elektrik şəbəkəsinin hava xətləri və yarımstansiyalarında 520 min manatlıqdan artıq əsaslı və cari təmir aparılıb. Əsasən işlər rayon mərkəzini, Hamarat və Telavar hava xətlərinin keçdiyi əraziləri əhatə edib. Lerik şəhərində və Mastayıl kəndində elektrik xətləri və dirəklər dəyişdirilib. Vizəzəmin xətti bərpa olunub. Bir sıra yaşayış məntəqəsində əhaliyə bütün gün ərzində işığın verilməsi təmin edilib. Amma bu sahədə görüləsi işlər də az deyil.
Şəhərin su təchizatını təmin etmək məqsədilə mövcud kəmərlərdən əlavə olaraq 15 kilometrədək şəhərdaxili və 28 kilometrlik məhəllədaxili xətlər şəbəkəsi var. Hazırda içməli suyun Lerik şəhəri daxilində paylanması və nəqlində olan problemlər həll edilir. Dövlət Proqramına uyğun olaraq şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı Dünya Bankının xəttilə rayonda işlərə başlanıb. Hələlik layihə hazırlayan mütəxəssislər başlanacaq tikintini 2012-ci ilə kimi sona çatdırmağı nəzərdə tuturlar.
Lerik şəhəri tam qazlaşdırılıb. Üç il öncə qaz xətti çəkilmiş Ordahal kəndinin şəbəkəyə qoşulması üçün iş aparılır. Amma digər bir çox kəndə qaz çəkilmədiyindən əhali yanacaq kimi meşələrin nadir sərvəti olan ağaclardan istifadə etməli olur. Sevindirici haldır ki, çoxsaylı müraciətlərdən sonra Cəngəmiran, Perzəküçə, Anbu, Blaband, Lüləkəran kəndlərinə, habelə Lənkəran xəttinə qoşulmaqla Piran kəndinə və "Relax" turizm istirahət mərkəzinə də qaz xətlərinin çəkilişinə başlanıb.
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən bu il vətəndaşlara 180 kubmetr, qapalı müəssisələrə 500 kubmetr və büdcədən maliyyələşən təşkilatlara (məktəblər, xəstəxanalar, uşaq bağçası) 2355 kubmetr odun satılıb. Müəssisə tərəfindən meşə zolaqlarının artırılması üçün 92 min ədəd ting yetişdirilib.
Aqrar sahənin də qışlamaya hazırlığı üzrə tədbirlər həyata keçirilir. Rayonda gələn ilin məhsulu üçün 1681 hektar sahədə dənli bitkilər, o cümlədən 1539 hektarda buğda əkilib ki, bu da ötən ildəkindən çoxdur. Məhsul istehsalçıları üçün Beyləqan və Masallı rayonlarından 130 hektarlıq yüksək reproduksiyalı toxum fondu alınıb. Kənd Təsərrüfatı Nazirliyindən isə həşaratlara qarşı dərman maddələri alınaraq rayona gətirilib. Rayonda növbəli əkin aparıldığından şum altına kalium və superfosfat gübrələri verilməyib. Bəzi ərazilərdə əkin zamanı üzvi gübrələrdən istifadə olunub. Mal-qara arasında heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. Profilaktiki tədbirlər və peyvəndləmə işləri vaxtında aparılıb.
Ekologiya ili ilə əlaqədar rayonda ağac əkini davam edir. Payız mövsümündə ayrı-ayrı ərazilərdə və yol kənarlarında 3600-dən artıq müxtəlif ağac əkilib. Yeni əkinlərə qulluq lazımi səviyyədə aparılsa, rayonun yaşıl zolaqları xeyli artacaq. Yeri gəlmişkən, yazda rayonda 22 nəfərlik kollektivi olan yaşıllaşdırma idarəsi yaradılıb. Bu idarə 30 hektradan artıq yaşıllıq sahəsinə, 9 min kvadratmetrlik qazona, minlərlə ağac və bəzək koluna qulluq göstərir. Əhali də yaşıllıqları qorumalı, mal-qaranı bu sahələrə buraxmamalıdır.
Son vaxtlar Lerikdə aparılan böyük tikinti-quruculuq işləri şəhərin görkəmini xeyli dəyişib. Bu sahədə kommunal xidməti işçilərinin əməyi az deyil. Şəhərin təmizliyi və işıqlandırılması ilə 52 nəfərlik kollektiv məşğuldur. Ayrı-ayrı küçələrə yüz ədəd zibil qutusu qoyulub. Əhalinin sayı artdığından vaxtilə şəhərə yaxın ərazidə tikilmiş məişət tullantıları sahəsi xeyli kənara köçürülüb, oraya asfalt yol çəkilib. Ticarət obyektləri tərəfindən şəhərin çirkləndirilməsinin qarşısını almaqdan ötrü kommunal xidmət müəssisəsi ilə onların müqavilə bağlaması təmin edilsə, təmizliyə daha çox riayət olunar. Elə mənzil istismar müəssisəsi də kommunal binaların dam örtüklərinin dəyişdirilməsi, tullantıların daşınması kimi işlərə diqqəti artırmalıdır.
Yeri gəlmişkən, son illərdə Lerikdə müasir tələblərə cavab verən neçə-neçə yeni məktəb binası tikilib, bir çox təhsil ocağı əsaslı təmir edilib. Bu məktəblərdə qızdırıcı sistemlər quraşdırılıb. Amma yanacağa görə ayrılan vəsait cüzi olduğundan böyük çətinliklər yaranır, bəzən də dərs prosesi pozulur.
Payızın əvvəllərində leysan xarakterli yağışların yağması şəhərdə və magistral avtomobil yolunda müəyyən problemlər yaratmışdı. Müvafiq təşkilatlar bunu nəzərə almalı, su axarlarının təmizlənməsi, yol kənarlarına tökülmüş daş və çınqılların yığışdırılması işlərini başa çatdırmalıdır. Təbiətin həmin "xəbərdarlığı"ndan sonrakı müddətdə havaların mülayim keçməsi də imkan verib ki, qışa hazırlığın əyər-əskikləri aradan qaldırılsın. Lerik rayon rəhbərliyi bu fürsətdən maksimum səmərəli istifadə edilməsinə, nəzərdə tutulan bütün tədbirlərin lazımınca yerinə yetirilməsinə nəzarəti gücləndirib.
İnanmaq istərdik ki, dağlar diyarı Lerik bu qışın da sınaqlarından layiqincə çıxacaq.{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında